Edebiyyat.az » Ədəbi tənqid » Zərintac Həsənova - Məqsədimiz yaxşılıqdırmı, yoxsa yaxşı insan olmaq?

Zərintac Həsənova - Məqsədimiz yaxşılıqdırmı, yoxsa yaxşı insan olmaq?

Zərintac Həsənova - Məqsədimiz  yaxşılıqdırmı,  yoxsa yaxşı insan olmaq?
Ədəbi tənqid
admin
Müəllif:
21:13, 30 iyul 2020
2 083
0
Zərintac Həsənova - Məqsədimiz yaxşılıqdırmı, yoxsa yaxşı insan olmaq?

       

               

 

Yaxşılıq bizim üçün bir dəyərdimi, dinimizin bir əmridirmi, uşaqlıqdan ailələrimizin bizdə formalaşdırmaq istədiyi bir xüsusiyyət, yoxsa özümüzü kimlərəsə təsdiq etmək çabamızdırmı? Daha dərindən məsələyə baxmağa çalışaq... 

Bəzi ailələrdə müəyyən yaş həddinə çatmış uşaqlara daim valideynləri tərəfindən aşılanan bir “yaxşılıq” davranışı yer alır. Ancaq, bu daha çox bir əmr, tələb, istək şəklində qarşımıza sunulur. Əsasən, cəmiyyətimizdə uşaqlara “Yaxşı insan olmasan səni sevməzlər.” , “ Həmişə çox yaxşılıq edənlər daha çox sevilir.” , “ Sən mütləq yaxşı insan olmalısan.” kimi müraciətlər edilir, tələblər formalaşdırılır. Bu cümlələr gələcəkdə cəmiyyətin bir üzvü olacaq uşağın sadəcə və sadəcə digər insanların gözündə “yaxşı” görünmək, “yaxşı insan” olaraq qiymətləndirilmək naminə yaxşılıq etməsinə səbəb olacaq. O zaman tam anlamıyla bir məqsəd güdən davranışı yaxşılıq hesab edə bilərikmi? Təbii ki, yox. Əslində, həmin uşağın məqsədi, yaxşılıq yox, kimlərinsə gözlərində “yaxşı insan” mərtəbəsinə yüksəlmək olur. Bəs yaxşı insan olmaq üçün gediləcək yol təsvir edilirmi, ümumiyyətlə, yaxşılığın nə olduğu, necə həyata  keçirilməli olduğu izah edilirmi? Bir uşağın dünyagörüşü, həyatı anlama bacarığı baxımından, bir körpə potensialı baxımından bunu izah etməyə çalışsaq, belə bir fikir də ortaya çıxa bilər: Ömründə heç yaxşılıq etməmiş insanlar “pis insan” hesab olunmalıdır. Bəs o uşaq düşünə bilərmi ki, bəlkə o insanın həyatında heç yaxşılıq etmək imkanı olmayıb və ya bunun üçün heç bir şərait formalaşdırılmayıb, yaxud da həmin insan həyatı boyu yaxşılığın nə olduğunu dərk edə bilməyib,çünki ona ya heç yaxşılıq edən olmayıb, ya da bunu izah edən birisi yoxdur. Ümumiyyətlə, yaxşılıq etmək nədir? Bu fikir bir insana cəmiyyətə atıldığı ilk günlərdən doğru izah edilməlidir. Yaxşılıq bir məqsəd yox, bir davranış xüsusiyyəti olmalıdır insan üçün.

İndi isə “yaxşılıq etmək” və “yaxşı insan olmaq” anlayışlarına diqqət yetirsək, belə bir fikir ortaya çıxa bilər ki, “yaxşılıq edən insanlar” hər daim yaxşı və mehriban insanlardır. Bu fikir də yanlışdır. Çünki bəzi insanlar yaxşılıq anlayışından, bir qədər saf və mərhəmətli insanların yaxşılıq deyə qiymətləndirdiyi davranışlardan çıxış edərək öz məqsədlərinə nail olmaq istəyir. Hansı ki bu məqsədlər ziyanverici məqsədlər hesab olunur cəmiyyət üçün. Belə bir örnək də verə bilərik ki, həyatı boyu digər insanların “pis insan” olaraq dəyərləndirdiyi bir insan da, təbii olaraq, təsadüfi yaxşılıqlar edə bilər. Onda belə çıxır ki, bircə yaxşılıq belə həmin o pis insanın “yaxşı insan” olmasına kifayət edir?  Bəzi insanlar üçün isə yaxşılıqlar etmək  “yaxşı insan olmaq” üçün, bu məqsədə çatmaq üçün bir yoldur. Mən bunu da yanlış hesab edirəm. Çünki “yaxşılıq etmək” də, “yaxşı insan olmaq” da bir məqsəd olmamalıdır. Məqsədə gedən yol da olmamalıdır. İnsanın məqsədi ,ilk növbədə, doğrusu və yanlışı ilə insan olmağı bacarmaq olmalıdır. Yaxşılığın mahiyyətini, dəyərini dərk edə bilmək, əslində, insanın heç vaxt tamamilə “yaxşı insan” ola bilməyəcəyi fikrini izah edir. Biz bir yaradılış-insan olaraq, yaxşılarımızla, pislərimizlə, doğru və səhvlərimizlə həm özümüzə, həm də digər canlılara faydalı ola bilməyi öyrənməliyik.

Yaxşılıq edərək və ya yaxşı insan olmağa çalışaraq, nə Yaradanın, nə də onun yaratdıqlarının gözündə yüksəlmək istəmək bir məqsədimiz və ya arzumuz olmamalıdır. Yaradan öz yaratdığını, inkar edilməməlidir ki, görür və bilir də. Bəs biz özümüzü bilirikmi?! Bizim özümüzü tanımadan, edəcəyimiz yaxşılıqların və etdiyimiz yaxşılıqların mahiyyətinə enmədən digər insanların baxış mövqeyini təsəvvür etməyimiz, buna ehtiyacımızın olduğu necə də yanlışdır! Heç düşünmüsünüzmü ki: Mən yaxşılığı ,bəlkə də, özümü heç başqalarına yox, ilk öncə, özümü özümə sübut etmək üçün edirəm. Və ya mənim üçün yaxşılıq bir təqdir edilmək, tətmin edilmək arzusudur. Bu işdə bir zövq görmürəm və duymuram.. - Əminəm ki, bu düşüncə özümüzü daha yaxşı tanımağımıza, yaxşılığa və xeyirxahlığa verdiyimiz qiymətin daha yaxşı anlaşılmasına kömək edəcək.

Heç şübhəsiz, çox insan yaxşılıq etməyi diləyərkən,   kiməsə pislik etdiyini sonradan başa düşmüşdür. Mən yaxşılıq etmək istərkən niyə o insana zərərim dəydi? düşüncəsi hər insanın həyatında, bəlkə də, ən azı bir dəfə olmuşdur. Yaxşılığın daha bir əhəmiyyəti bu nöqtədə diqqətimizi cəlb edir. Bəzi zamanlar insanlar sizdən yaxşılıq istədiklərini dilinə gətirməlidir. Və ya onu da bir insan olaraq düşünməliyik ki, bizim “yaxşılıq kimi” qiymətləndirdiyimiz hər hansı bir hərəkət bir digər insan üçün “pislik” anlayışına daxildir. Ümumi nəzər yetirsək, əslində, biz çox vaxt insanlara onlar istəmədiyi, tələb etmədiyi bir halda yaxşılıqlar etməyə çalışarkən ziyan vermiş oluruq.(bunu biz istəməsək belə..) Deməli, biz ardı-ardına yaxşılıqlar edərək yox, buna ehtiyacı olan insanların bizdən yardım istədiklərini dilinə gətirmələri üçün uyğun şərait yaratdıqda yaxşı insan oluruq. Bu halda alan da məmnun olur, verən də. Yardımı edən də, yardımdan bəhrələnən də.

Məqsədimiz yaxşı insan olmaq yox, yaxşı cəmiyyət qurmaq olmalıdır. Öz kimliyimizi, təfəkkürümüzü o dərəcədə inkişaf etdirməliyik ki, yaxşılıq, xeyirxahlıq bir tətmin edilmə, təqdir edilmə arzusu olmasın. Və ya dinimiz nöqteyi-nəzərindən yanaşsaq, savab ardınca qaçmaq, daha çox savab yığıb cənnətə düşmək xəyalı olmasın. Əgər bu məqsədlərlə ilərləsək, biz nə yaxşı insan oluruq, nə də yaxşılıq etmiş oluruq. Çünki burada bizi cəlb edən yenə Öz mövqeyimizdir. Halbuki yaxşılığın əsl məğzi özümüzü yox, digər insanları düşünmək, onun dərdini anlaya bilməkdir.

Ölkəm üçün, bütün dünya üçün xeyirxahlığın bir ego tətmin etmə vasitəsi, təqdir edilmə arzusu, sevilmək arzusu olmadığı, bəşəriyyətə, dünyaya və yaradılışa verilmiş bir ərməğan, faydalı ola bilmək arzusu, yaxşılıq etməklə bərabər, mənəvi olaraq bizi kamilləşməyə aparan bir çox duyğunu və xüsusiyyəti qazanacağımız insanlar toplusu istəyir və hər birimizin öyrənmə həvəsi, özünü tanımaq istəyi və arzusuyla, özünü cəmiyyətinə və ölkəsinə borclu hesab edən vətəndaşlar görməyi diləyirəm.

                                                                                                               

(Bakı Dövlət Universiteti, Sosial elmlər və psixologiya fakültəsinin tələbəsi)

 

 

Ctrl
Enter
ohv tapdınız?
Ctrl+Enter sıxıb bizə bildirin
Müzakirə (0)