Edebiyyat.az » Ədəbi tənqid » A.P.Çexovun epidemiya zamanı həkimin ağır işi haqqında S.Suvorinə yazdığı məktubu

A.P.Çexovun epidemiya zamanı həkimin ağır işi haqqında S.Suvorinə yazdığı məktubu

A.P.Çexovun epidemiya zamanı həkimin ağır işi haqqında S.Suvorinə yazdığı məktubu
Ədəbi tənqid
admin
Müəllif:
00:27, 07 avqust 2020
1 179
0
A.P.Çexovun epidemiya zamanı həkimin ağır işi haqqında S.Suvorinə yazdığı məktubu




16 avqust 1892-ci il.
Melixovo
Məni doğrasanız da daha yazmayacam. Mən Abbasiyada, Morits stansiyasında ən azı on dəfə yazdım. Bu günə qədər siz mənə bir dəfə də olsa, düz-əməlli ünvan göndərmədiniz və bu səbədən yazdığım məktublar sizə çatmadı. Mənim vəba haqqında yazdığım geniş mühazirələr, təlimatlar it-bata düşdü... Təəssüf edirəm. Ən çox buna təəssüflənirəm ki, bir sıra müəssisələr haqqında vəba xəstəliyi ilə bağlı yazdığım məktublardan sonra siz əyləncəli, füruzəvi Biaritsadan mənə yazırsız ki, xidmətlərimə qibtə edirsiniz...
Qoy Allah sizi bağışlasın!
Mən sağ və salamatam. Burada yay gözəl keçirdi: quru, isti, torpağın bol nemətləri, lakin bu gözəllikdən aldığım zövqü iyul ayının əvvəlində vəba epidemiyası barədə aldığım dəhşətli xəbərlər korladı. Nə zaman ki, Siz yazdığınız məktublarda məni gah Vyanaya, gah da Abbasiyaya dəvət edəndə, o vaxt mən Serpuxov yerli idarəçiliyində sahə həkimi idim. Artıq vəbanı yaxalamışdım, hər yerdə yeni məntəqələr təşkil edirdim. İndi mənim sahəmdə 25 kənd, 4 fabrik və bir kilsə var. Səhərlər xəstələri qəbul edir, sonra da sahələri gəzirəm. Peçeneqlərlə söhbətlər aparır, xəstələri müalicə edirəm. Çalışıram ki, yerli idarəçiliyin başçıları yeni məntəqələr açmaq üçün vəsait ayırsınlar, amma pul vermirlər. Əlacsız qalıb, imkanlı adamlara, ona-buna yalvarırm ki, yardım etsinlər. Əməlli-başlı peşəkar dilənçi olmuşam. Adamlarla ünsiyyət yaratmaq qabiliyyətimi işə salır, dilənçilərə məxsus yalvarışla, ürək yumşaldan ifadələrdən  istifadə edib istədiyimə müəyyən qədər nail oluram. Artıq, mənim sahəmdə vəba ilə yoluxan xəstələr üçün hər cür şəraiti olan 2 barak (taxtadan tikilmiş bina), əlavə olaraq, babat şəraiti olan 5 barak, bir də iki ayaqyolu var. Mən, hətta yerli idarəçiliyi dezinfeksiya xərclərindən azad etmişəm. Fabrik sahiblərindən 25 kəndin hamısına əhəng və sulfat duzu almağa nail olmuşam. Bir sözlə, gərək A.P.Kolomnin fəxr etsin ki, mənim təhsil aldığım gimnaziyada o da oxuyub...
Ruhum yorğundur. Darıxıram. Özünə məxsus olmamaq, yalnız pis şeylər haqqında fikirlər adamı üzür. Küçə itlərinin hürməsi də gecələr yatmağa qoymur... Hər dəfə qapı döyüləndə diksinirəm:  görəsən, məni aparmağa gəliblər? Bax, bu cür gərginlik içindəyəm. Zəhlətökən yabını minib kəndbəkənd gəzmək, yalnız epidemiya barədə düşünmək əzablı işdir. Bununla bərabər, xidmət göstərdiyin xəstənin yanında heç nə olmamış kimi özünü göstərmək, soyuqqanlı görkəm almaq çox çətindir... Bəli, mənim ağam, biz belə  şəraitdə yaşamalı oluruq...
Deyim ki, Moskvada, eləcə də Moskva qəzasında vəbanın yayılmasını hər gün, hər saat gözləmək olar. Gedişat göstərir ki, epidemiya artıq Moskva sərhədlərində özünü göstərməkdədir. Aparılan işlər kifayət deyil, təcili təsirli tədbirlər görülməlidir...
Burada ziyalılar canla-başla çalışırlar. Pullarını, mallarını əsirgəmirlər. Bəzən Buronin, ya da Jitell onların üstünə çımxıranda mən utanıram. Xüsusilə, Nijnidəki həkimlər çox mədəni, qəhrəman insanlardır. Onlar möcüzələr yaradırlar. Təəssüf ki, həkim deyilsiz, burada yaradılan möcüzəni yalnız həkimlər tam anlaya bilər. Bax, bunu elə-belə dedim...
Vəbadan müalicə üsulları həkimdən səbr və təmkin tələb edir. Hər xəstəyə 10 saatdan çox vaxt tələb olunur. İndi mən fikirləşirəm ki, Kantaninin təcrübəsindən istifadə edim. Amma bərk ehtiyatlanıram... Belə ki, mənim bir xəstəyə sərf edəcəyim vaxt ərzində onlarca insan epidemiyaya yoluxub ölə bilər. Feldşeri nəzərə almasaq, 25 kəndin yeganə həkimiyəm, axı. 5 adamdan çox epidemiyaya yoluxanda gərginlik keçirirəm, haldan düşənə qədər işləməli oluram. Hər bir ölüm olanda özümü günahkar hesab edirəm...
Odur ki, indi ədəbiyyat haqqında fikirləşməyin yeri deyil. Heç nə yazmıram, bu barədə heç fikirləşmirəm də...
Dolanışığa gəldikdə, cibimdə bir qəpık də yoxdur, gözləyirəm nə vaxt çovdarı döyüb satacaqlar. O vaxta kimi göbələklə, bir də “Ayı” ilə keçinəcəm. Yeri gəlmişkən, onu da deyim ki, mən heç vaxt belə yoxsul olmamışdım. Belə getsə, iki ildən sonra mənim illik xərcim mini keçməz...
Nə vaxt qəzetlərdə oxusanız ki, epidemiya sona çatıb, o zamandan mən yenə də yazmağa başlayacam. Hələ məni yazıçı hesab etməyin...
Bir əldə iki qarpız tutmaq olmaz!
A.P.Çexov
Tərcümə etdi:  ZAKİR  ABBAS
Mənbə: Edebiyyatqazeti.az
Ctrl
Enter
ohv tapdınız?
Ctrl+Enter sıxıb bizə bildirin
Müzakirə (0)