Edebiyyat.az » Ədəbi tənqid » VAQİF OSMANOV - HEKAYƏLƏR QATARININ DÖRD VAQONU.

VAQİF OSMANOV - HEKAYƏLƏR QATARININ DÖRD VAQONU.

VAQİF   OSMANOV - HEKAYƏLƏR  QATARININ  DÖRD VAQONU.
Ədəbi tənqid
admin
Müəllif:
11:53, 24 fevral 2021
5 270
0
VAQİF OSMANOV - HEKAYƏLƏR QATARININ DÖRD VAQONU.
 




 İnsan ömrünü sürət qatarına bənzətmişəm həmişə, hər ili də bir vaqondu...

Ömür bəlkə də durna qatarıdı, bəs niyə nizamı, düzəni yoxdu?..

“Dünya bir pəncərədir” deyənlər ömür qatarının boz-bulanıq pəncərəsindən gördüklərini nəzərdə tutublar bəlkə də...

Qatarın pəncərəsindən gördüklərimiz həmişə xoş ovqat yaratmasa da həyatın özüdür...

İnsan ömrü də qatardı. Ancaq hərdən öz yolundan çıxır...

“Qatar” həm də haraydı - insan olmağa, insanlığı qorumağa, tənhaların imdadına çatmağa çağırışdı. Vulkan kimi püskürən, bütün pisliklərə qənim insanlıq harayı. Bu dəfə hayqıran möcüzəli musiqi diliylə...

Kənan Hacının “Quşlar üçün karusel” kitabındakı hekayələr bir içim sərin su kimi yanan ürəyi, çatlamış dodaqları yerindən oynadan lakonik, ancaq nəhəng mətləblərdən xəbər verən həyat etüdləridir. Nizamla səfə düzülüb üzü bahara gedən, üzü bahara gələn durna qatarına bənzəyən hekayələrin personajlarının ömründə bütün fəsillərin ətri duyulur - payızın da, qışın da. Həmişə durna qatarındakıların səsində, ünündə bir nisğil hiss etmişəm. Axı doğma yerlərdən ayrılırlar. Həm gələndə, həm də gedəndə. Kənan bəyin kiçik hekayələri həyat manifestidir - tənhaların yanında olmaq!

Kim Abşeronun, özünəməxsus simasını, etnoqrafik cizgilərini, adət-ənənələrini “mühafizəkar”lıqla qoruyan (əslində qloballaşan dövrdə bu asan iş deyil) Bakı kəndlərinin ab-havası ilə nəfəs almaq, dalğaların qayalarla “Cəngi”sindən cuşa gəlmək, qağayıların  qayğısız “gülüş”lərinə həsəd aparmaq, ləpələrin sevgi pıçıltılarından duyğulanmaq, Ayın dənizdə çimməsini seyr etmək istəyirsə “Quşlar üçün karusel”ə “əyləşsin”. Bu “karusel”də yazılanlar insanı sevindirən və qəmləndirən ədəbi və əbədi ömür səhifələridir (yaxşıların ömrü əbədi olur).

İbrahim Selin bu hekayələri Abşeronun, Bakı kəndlərinin barometrinə bənzətməsi maraqlı və doğrudur. Bu ekzotik yaşayış məntəqələrinin dənizli, ləpəli, şirəsi qumları şirinləşdirən əncirli, şanılı, həzin mehi ürək sərinlədən gülafrəngili, ovdanlı, bağların sərhədlərini ütüləyib bir-birinə birləşdirən xəzrili, gilavarlı simasının təbiiliyi, insanların səmimiliyi Kənan bəyin  hekayələrinin sinəsinə hopub. Bir də Bakı və Abşeron kəndlərini qatarsız (“elektriçka”) təsəvvür edə bilmirəm. “İndi deyəcəksiniz, nə qədər qatardan, vaqondan yazmaq olar?” yazır Kənan Hacı və davam edir:

“Elə bil həyatı büsbütün elektriçkalarda keçib, özü də biletsiz sərnişin kimi daim səksəkə içində indicə boynunun ardından yapışıb çölə tullayacaqlarından qorxa-qorxa yaşayıb. Əsla belə düşünməyin, çünki hamımız dünya adlı bir qatarın sərnişinləriyik, düzdür, bu fikri məndən əvvəl bu və ya digər formada deyənlər olub. Dünyanı pəncərəyə, qapıya, küpəgirən qarıya, daha nə bilim nəyə bənzədiblər, ancaq qatar ən uğurlu bənzətmədir – dünya həqiqətən qatardır. O qatarın taqqıltısı bütün həyatım boyu məni müşayiət edib və indi də edir. İndi bu yazını yazarkən də qulaqlarımda onun uğultusu aramsız olaraq səslənməkdədir”.
Bu dəfə mən də Kənan bəyin qatar hekayələrinin - hekayələr qatarının “biletsiz sərnişini” olmağı qərara aldım. Qatarın sahibi Kənan bəy olduğundan məni yolun yarısında düşürəcəyinə inanmadığımdan öz yerimi rahatlayıb qatarın pəncərəsindən gördüklərimi bölüşmək istədim. Bakı kəndlərinin ürəyinin ritmini, döyüntülərini “saymağa”, sakinlərinin “hərarətini ölçməyə” başladım. Nəinki insanların, yastı damlı sadə evlərin, həm də qızıl qumlu, şəfaverici “sahilləri yalayan dalğaların”, uzun illər taleyin sınaqları və təbiətin rüzgarları - xəzrisi, gilavarı dırnaq boyda bir parçasını belə qopara bilməyən “sahildə dayanan qara-boz qayalar”ın (Vaqif Səmədoğlu) mətinliyində milli kolorit gördüm. Bu “mühafizəkar” milli kolorit, kökə, adət-ənənəyə möhkəm bağlılıq o qədər özünəməxsus qələmə alınıb ki, mən də özümü sıldırım qayanın üstündə, ayaqlarımı qıdıqlayan ləpəli sahildə, doğma insanların əhatəsində hiss etdim. Kənan bəy sözüylə məni Buzovnanın hər küçəsi, dalanı ilə tanış etdi.

Yadımda ikən onu da yazım ki, kitabda Kənan bəyin quşlar üçün quraşdırdığı karuseli tapmadım. Yəqin ki, mülayim gilavar, dəli xəzri lap uzaqlara aparıb o karuseli - qayğısız uşaqlıq və gənclik çağlarımıza, analı-atalı dünyamıza, Kənan bəyin Buzovnalı, mənim Balakənli günlərimizə. İndi oralarda taleyimizin küləkləri boş-boşuna yellətməkdədir o karuseli. Ey uşaqlıq, ey gənclik, səni də yellər apardı, illər apardı...

Kənan Hacının hekayələr qatarında nələr baş verir, o qatarın sərnişinləri kimlərdir və onlar nələr düşünür?

1–Cİ VAQON: “QARI NƏNƏNİN BAXTSIZ GÖZƏL HAQQINDA NAĞILI”

Əvvəldən onu vurğulayım ki, Kənan Hacının “süjet xətti alt qatında gizlənən” hekayələrinin qəhrəmanlarının əksəriyyətinin “ömür” adlanan günləri ağ-qaradır, yəni ala-bula. “Tənhalığın faciəsi” bu bu qəhrəmanların hülqumundan ikiəlli yapışıb, əllərini boşaltmaq fikri də yoxdu. Elə bil kimsə bu insanları əbədi lənətləyib: “günün qara gəlsin!”. Tale və Tanrı bu insanların üzünə gülməyi tamam unudub. ”Hər axşam qapını açınca tənhalıq ac pişik kimi üstlərinə tullanıb” bu yığvalsızların. “Doğuluş və Ölüm adlı iki həqiqətin arasında tənhalıqla çarpışan bu insanların” nə vaxtsa ürəkdən qəhqəhə çəkib güldüyünü, hətta gülümsədiyini desələr, inanmaram. Bu inamı mənə müəllif aşılayıb, mənim günahım deyil ki, o insanları sevindirə bilmirəm. Bəs kimin günahıdır - taleyinmi, Kənan Hacınınmı? Bilmirəm. Onu bilirəm ki, Kənan Hacı ancaq həqiqəti yazır...

Tənhalıqla qaydasız döyüşdə “heydən-həkət”dən düşmüş baxtı qara qarı “nənəlik yaşını çoxdan keçsə də qarı dünyadan sonsuz köçməmək” üçün ömrünün arxada qalan boz-bulanıq günlərini həvəslə qurban verərdi. Tanrı onun alın yazısını qara qələmlə yazmışdı, işıqlı bir söz qıymamışdı. 

“Sönük gözləri yol çəkən, bədəni içindən havası uçmuş şar kimi büzüşən, elə hey baxtın üzünə tüpürdükcə tüpürcəyi quruyan, çiçəyini çoxdan tökmüş, meyvə gətirməmiş budaqları qurumuş, tərpənəndə sümükləri şaqqıldayan, tayları qucaqlarında nəticə, kötücə oynatdıqları halda baxtsız gözəl” qarı nənə hələ də özünün - “həmin o yığvalsız sonanın xəyalı ilə günlərini yola verirdi”...

Hətta ən kiçik, bəlkə də bizə əhəmiyyətsiz, mənasız görünən təsadüfi sürpriz - cavan oğlanın qarıdan əl çəkməyən konduktora verdiyi gediş haqqı “baxtsız gözəl”in içində tənhalığın qəddar düşməni işıq yaradır.(Nədənsə Kənan Hacının hətta həyatın  burulğanlarında ölüm-dirim mübarizəsi aparan obrazlarla dolu əsərlərində ən çətin anda belə uzaqdan Süleyman Abdullanın ölçüsü miqdarında -“həb boyda”  işıq görmüşəm). Qarı siqaretini yandırmaq üçün ciblərini eşələyən cavan oğlana içində bir çöp qalan “ibişkə”ni verır: ona borclu qalmır. “Öydə lampanı bunnan yandırıram” deməyinin mənası odur ki, evi işıqsız qalmağa razıdır, təki xeyirxahlıq etsin.

-Ay  nənə, bunun içində bir çöp qalıb, bəs özün neyniyəssən?
-Eeeh, ay bala, ibişkəm, nöyütüm olmayan gecələrdə ürəyimin çırağını yandırıb otururam.

“Baxtsiz gözəl”in ürəyinin işığına heyrət etdim. Aman Tanrım, ürəklərdən işığı əsirgəmə! İnsanlığın, tənhalığın bundan faciəli durumu varmı görəsən?!

Qatardan düşəndə yastı damlı evini, həyətini göstərib, oğlana “baxtsız gözəl”in “haçan yadına düşsəm, bir nənəyə baş çəkərsən” dəvəti qonaqpərvərlik idimi, təşəkkürmü, yoxsa tənhalıqdan canını qurtarmaq istəyi?

Oğlanın vaqonun pəncərəsindən “Məni gözlə, ay nənə! Mütləq yanına gələcəyəm!” qışqırığı qarı nənənin ürəyinin işığını yandıran ilahi “ibişkə çöp”üydü. Bu səs qarı nənənin qulağından heç vaxt getməyəcəkdi, onu hər gün yastı daxmasından perrona səsləyəcəkdi...

O, tənha idimi? Yox o, daha tənha deyildi. “Ümid qarı nənənin üzünü yaza doğru çevirmişdi”.

“Ogündən qarının boz kölgəsi dəmiryolu stansiyasının həndəvərindən əskik olmadı. Şəhərdən kəndə, kənddən şəhərə şütüyən qatarlar özüylə qarının ümidini aparıb gətirirdilər... Qarının yer üzündə o ümiddən savayı bir kimsəsi yox idi”.

“Batsız gözəl” qarı nənə artıq baxtsız, sonsuz deyildi, “mütləq gələcəyəm!” vədini verən “oğlu”nu gözləyirdi. Gəldimi, gələcəkmi, onun “oğlu”. Gələcək! Buna Kənan Hacı da, mən də inanıram...

2 - Cİ  VAQON:  “QATAR”

Kənan Hacının bəzi cümlələri məşhur müdriklərin aforizmlərindən geri qalmır. Bu fikrimin məsuliyyətini anlayıram və sözümün üstündə dururam. “Qatar” hekayəsinin birinci abzasını nümunə kimi nöqtəsinə, vergülünə toxunmadan bu yazıya köçürürəm. Bu “gül kimi”, (daha doğrusu “yağ kimi”) üç cümləni şərh etmək adıya “yağsızlaşdırmaq”, ətrini, dadını qaçırmaq insafsızlıq olardı. Guya mənim “çeynənmiş” şərhim Kənan Hacının təxəyyülündən, təhkiyəsindən daha “ləziz” olacaqdı? İnanmıram.

“Əzizbəyov”da (indiki “Koroğlu” -V.O.) silkələnib dayanan qatar bir andaca perrona süpürgə çəkdi. Adamları həzm-rabedən keçirib toxdadı və yenidən irəli dartındı. Yolları udduqca şaqqıldayan dişləri gecənin qara bağrına əməlli-başlı vahimə saldı”.

Sonuncu vaqonda oturub, “qatar nənni kimi yırğalandıqca, beyni çalxalandıqca” dağı arana, aranı dağa, zirvəni dərəyə sürüyən həməsrimiz və həmvətənimiz “fikirlərinin kəfini yığırdı, fikirlər qaynayıb buğlana-buğlana təpəsindən çıxıb tükənməyincə ona rahatlıq verməyəcəyini” bilirdi. Fikir verdinizmi, bir cümlənin yarısı Kənan Hacınındır, onun fikirlərinə istinad etdim. “Qatar” hekayəsi barədə yazdıqlarım fikirlərdə belə “qidalanmalar” çox olacaq.

“O” səhər işə gedəndə “əyni başı istahadan çıxmış, zibillik içində eşələnən sifəti mis rənginə çalan” Qafar müəllim öz adını eşidəndə  daban - basaraq aradan çıxdı. Ondan iki müdhiş nişanə qaldı - “qıcqırmış çaxır və başgicəllədə qoxu” və  bir də perronda quruyub qalan mənası anlaşılmaz qəhqəhə.

“O”, yəni hekayənin qəhrəmanı vaqonda oturub “yenə beynində sür-sümük qaynadırdı, ya gözündən içəri ötürdüyü anları beyin vannasına salıb fotoşəkil kimi aşkarlayırdı”. Möhtəşəmdir “dırnaq” arasında seçmə etdiyim bənzətmələr.

“O”, hara gedirdi? Özü də bilmirdi. Qatar hər stansiyada dayanmırdı. Görəsən hara çatmışdı? Düşsün, düşməsin? “Nəsə ağır bir şey bədəninin şəhdini-şirəsini çəkə-çəkə sinəsinə sürünürdü”.

Deyəsən, o qatar “O”nu “gedər-gəlməz” stansiyasına aparırdı. “Dərk elədi ki, xilas ola bilməyəcək. İndi fərqinə vardı ki, “ölüm yamanca Qafar müəllimə oxşayır”. Qafar müəllim birdən-birə hara yox oldu? Həyatin dibinəmi? Həyatın üfunətli dibi ilə perrondakı zibil qutularının fərqi nə idi? Kimdir günahkar? Laqeyd cəmiyyətmi, mühitmi, bizmi, “şam kimi əriyib tükənə-tükənə ətrafını işıqlandıran” (Mustafa Kamal Atatürk) Qafar müəllimlərmi? Qafar müəllimin günahı nəydi?..

3 – CÜ  VAQON:  “ƏTİR”

“Gur işıq seli ilə zülmətin bağrını yaran qatar aramsız fit səsləriylə sükutu qabağına salıb qovduqca qovurdu”. Tənhalar üçün səs də bir simsardı. Bir anlıq da olsa onu tənhalıqdan ayırır. Bu səs həm də işıqdı. Qatarın bu həyatın özü olduğuna tam inandım. Gecəsi, gündüzü, zülməti, işığı, sükutu, fit səsiylə.

Qatar həyatın mini bazarıdı - tumsatanlar, “1001 xırdavat” filiallarına bənzəyən baqqallar, konduktorun “puff” eləyib əlini yellədiyi həyatın dibinə atılmışların - “pencəyin altından şələ-küləsi tökülmüş gödəkcə, ayaqqabılarının üstündən corab geyib” ömrünü heç nəyə satanların alış-veriş yeri.

Həm də “üz-gözündən məsumluq yağan, heç gəlinə bənzəməyən, tutaş kirpikləri titrəyən gəlinlərlə, son dəbdə zövqlə geyinən, nazlı-qəmzəli gözlərindəki məlahət, gülüşündəki incəlik, işvə-nazından qızlar bulağından təzə su içmiş fidana oxşayan” xanımlarla  üzbəüz əyləşib şirin xəyallara daldığımız, hisslərimizi coşduran ətirli xatirələr dünyası. Nə xoşbəxt ki, bu “bazar”da kimsə heç vaxt burnundan getməyən tanış ətri tapır. Vaqonu ətirləndirən, təravətləndirənlər tənhalığın pəncəsində ilişib qalanları  uzaqlarda qalan, itkin düşən sevginin tanış ətrinə bələyirlər:

“... O qız saatlarla ayna qabağında durub uzun, ipək saçlarına daraq çəkməkdən zövq alırdı, saçlarını burub müxtəlif formalara salırdı, saçlarına ütü çəkirdi -hamar, yatımlı olsun və o qız  bax, həmin ətirdən vururdu saçlarına. Eynən həmin qoxu idi. Sonuncu dəfə sevgililər günündə qızın çox sevdiyi o ətiri Tarqovıdakı mağazaların birindən almışdı”.

Məstedici ətir tənha “O”nu o günlərlə baş-başa qoymuşdu. Ogünlər kimi bu anlar da xoşbəxt idi. Ötəri xoşbəxtliklərin dadı damaqda əbədi qalsa da özü əlçatmazdı. Yalquzaq kimi dişlərini qıcayıb bəyaz gözlərini bərəldən, şikarını görüb ağzı sulanan tənhalıq bu andakı xoşbəxtliyə, vaqonu qoynuna alan ətir qoxusuna yaxın düşməyə özündə cəsarət tapmırdı. 

“O” “vaxta yalvarırdı ki, vaxt getməsin, elə-belə donub qalsın, yalvarırdı, ona görə ki, istəmirdi bu ətir çəkilib getsin. Ətirin qoxusu əbədilik uçub getmiş sevdalı günlərindən gəlirdi, ömrün o bir parça ağ işığından süzülürdü”...

Nəinki əbədi, ötəri xoşbəxtlik də necə şirinmiş. Bizimlə birgə olanda, qəlbimizdə məskən salanda qədrini bilməmişik...

Ancaq bu xoş ovqatı yaradan, “O”na bir göz qırpımı vüsal yaşadan “qadın hər şeydən xəbərsizdi...” 

“Ətir” hekayəsi məni elə ovsunladı ki, müəllifin adını heç olmasa, bir dəfə qeyd etməyi unutdum. Kənan Hacınındır... 

4 – CÜ  VAQON:  “DOŞABSATAN”

Qatarlarda sərnişinlərin iç dünyasını tanımaq çətin deyil. Üzbəüz, yan-yana yol getdiklərimizin baxışından, ağzından çıxan bir cümlədən kimliyi bilinir, astarı üzə çıxır. Üzə çıxan astar da insan xislətinin indikatorudur, yad aləmə çıxandayaxşını, pisi dəqiq göstərir, sahibinin qəlbinin gözəlliyini, yaxud paxırını. Söz ustadı Ramiz Rövşənin təbirincə desək, “dostları çıxardım astar üzünə, nə yaxşı ki, dönük çıxan olmadı”. Hər kəs öz ömrünü yaşayır, dönük çıxmayan da, çıxan da...

Qatarlarda da özünə, sözünə,yan-yörəsinə, məsləkinə, dostluğa sadiqlər də sərnişin olur, dönükərdən də bu dünya xali deyil...

İnsanlığın sınaq meydanı saysız-hesabsızdı. Qatarlar da  hamını öz ölçü-biçisində göstərən yol getmək, iş, təsadüfi vəyaxud təyin edilmiş görüş, hətta istirahət yeridir. “Elektriçka”larda ayrıca kabinet, kreslo, katibə, seyf, rəngbərəng telefonlar, par-par parıldayan mebellər yoxdur ki, sərnişinlər məmurlar kimi mənəvi eybəcərliklərini ört-basdır edə bilsinlər. Eh, mən nəgeridəqalmışammış. Elə bil Norveçdə, İsveçdə yaşayıram. Səhv eləmirəmsə, Norveçin Baş Naziri axşam işdən çıxandan sonra şəhərətrafındakı sadə evinə ictimai nəqliyyatla gedir...

Bizdə məmurun “elektriçka”da nə ölümü? Bu bizim “mentalitet”imizə necə sığsın?..

Kənan Hacının “qatar”ında növbəti rastlaşdığım və sizi də tanış etmək istədiyim “O” doşabsatandır - “bu vaqondan o biri vaqona yel kimi ötüb keçən doşabsatan”... 

“Aylarla quruca çörəyə çatmayan maaş gözləyən, bir balaca tüklənən kimi qudurub səsi “Cənnət bağı”ndan gələn”, indi qəpiyə güllə atan “O” neyləsin, doşab, tummu satsın? (Doşab, tumsatanı mən də,  müəllif də qınamırıq, aşağılamırıq, halal zəhmətlə, əziyyətlə çörəkpulu qazanmaq, eyib deyil, baş ucalığıdır). Ancaq hekayədə başqa bir qəbuledilməz nüansa fikir verək.

“Lənətə gəlmiş doşabsatan “O”nun yadına nələri saldı,  qonşuluğında yaşayan Əbdülrzanın dediklərini:

“Alə, belə yaşamaq olar,alə?! Gəl səni avtobus sürən bir dostumun yanında işə düzəldim, konduktorluq eləginən”.

Doşabsatanın dedikləri “O”nun əsəblərini qıdıqladı:

“... On beş il oxuyub baş-beynimi xarab eləmişəm ki, axırda bütün günü “Qazel”in pəncərəsindən başımı çıxarıb dana kimi böyürüm?! Qonşum hirsləndiyimi görüb bir müddət key kimi üzümə baxdı və sonra qayıtdı ki, indi day özün bil...”

“O”nun səs tellərinin üstündə kəndirbazlıq eləyən bu iblis – “əcinnəyə oxşayan doşabsatan” işini görüb əkilsə də, əlini əlinə vurub çəkdiyi qəhqəhələr” hələ də vaqonun içindəydi. “O”nu hirsləndirən doşabsatanın ondan - “aylarla maaş dalınca sürünəndən daha yaxşl yaşaması, hər gün doşabını satıb pulunu cibinə qoyub evində arın-arxayın, rahat yatmasıydı”.

“O” yuxu görmürdü... Bəkə də yuxuydu:.. Amma heç yuxuya bənzəmirdi...

...”Bu qatarın kəlləsindən tüstü çıxmırdı, doşab fışqırırdı, adamlar çeynənmiş saqqız kimi skamyalara yapışmışdılar. Qatar qusduqca qusurdu, mədəsinə, bağırsaqlarına yapışıb qalmış adamları isə heç cür nə yuxarı, nə də aşağı ifraz edə bilmirdi”...

                                                                        ***

 Qatarın dörd vaqonunda gördüklərim və görmədiklərim hər gün qarşımıza çıxan, yanından laqeydcəsinə ötüb keçdiyimiz gerçək həyat kadrlarıdır. Vaqonda  bəzən ətir, bəzən də üfunət qoxulu anlar yaşayırıq.  Heyf ki, həyatın acıları şirinlərindən çoxdu. Həyat kəmşirindi...

Ömürdü də, kiminə elə verilib, kiminə elə-belə. Kənan Hacının hekayələr qatarlarındakılara - qatar hekayələrindəkilərə elə-belə verilib, nə verilibsə alayarımçıq...

Kənan Hacısa öz missiyasından dönən deyil, bu dəfə də qatarın içində və qabağında işıq yandırıb, “oğlumu gözləyirəm” ümidli “üzü yaza” qarının, “Qafar müəllim adında  ölümün nəfəsini sinəsində”hiss edən “O”nun, ondan qaçan sevginin ətrinə tamarzı qalan ikinci “O”nun, “yeddi arxa dönənini müxtəsərcə qatıb-qatışdırandan sonra hirsi azca soyuyub gecənin qaranlığında mənzil başına yetmək üçün azı üç-dörd kilometr yolu piyada dəf etməli olan, on beş il oxuyan”, amma doşabsatandan yaxşı yaşaya bilməyən üçüncü “O”nun ürəyindən süzülən işığıgördüm...

O ümid işığıydı...

VAQİF  OSMANOV.
Yanvar  2021.


Ctrl
Enter
ohv tapdınız?
Ctrl+Enter sıxıb bizə bildirin
Müzakirə (0)