Edebiyyat.az » Ədəbi tənqid » VAQİF OSMANOV - GƏLƏCƏYİMİZƏ QALAN ACI MİRAS.

VAQİF OSMANOV - GƏLƏCƏYİMİZƏ QALAN ACI MİRAS.

VAQİF  OSMANOV  - GƏLƏCƏYİMİZƏ QALAN ACI MİRAS.
Ədəbi tənqid
admin
Müəllif:
23:23, 14 sentyabr 2021
1 328
0
VAQİF OSMANOV - GƏLƏCƏYİMİZƏ QALAN ACI MİRAS.



 Gənc, özünə, imzasına qəddar, ədəbi erudisiyalı, yazmaqda xəsis və bir az da tənbəl Elvin Rizvangilin “Atam, oğlum və mən” hekayəsini oxuyub qurtaranda könlümdən həmişə məni kövrəldən “Şərikli çörək” filmindəki mahnını oxumaq keçdi. Əminəm ki, Oqtay Ağayevin dinləyicini uzaqlara aparan lirik musiqinin  müşayəti ilə ecazkar səslə oxuduğu “Sən, ey uşaqlıq” mahnısı bütün həssas insanları duyğulandırır və duyğulandıracaq. Heyf ki, səs və avaz sarıdan çox kasadam. Ancaq mahnını ürəyimdə oxudum, heç kim eşitmədi, bircə özümdən başqa. Ürəyimin səsini həmişə dinləyirəm. Bu yazını da mənə ürəyimin səsi diqtə etdi, mən də qələmə aldım. Elvin özü də etiraf edir ki, hekayədəki hadisələr elə o filmdəkinə çox bənzəyir.

Bəşər övladı özünü anlayandan atalar və oğullar estafeti yaranıb. Elvin bu uzun estafetə üçüncü nəsli - nəvələri də qatıb bir yanğılı, ürəkgöynədən “trio” yaradıb. Hər nəslin dərd-sərini ayrıca qabardıb, 30 il əvvəlin acılarına bu günümüzün qaygı və nigaranlıqlarını əlavə edib real həyat mənzərəli bir kiçik hekayə yazıb. Həcmi kiçik, mətləbləri nəhəng hekayə...

Başlayaq atalar və oğullardan:

“Biz uşaqlıq nədi bilmədik. Yeni-yeni uşaqlığımızın dadını çıxarırdıq ki, atalarımızı Qarabağa göndərdilər. Çoxumuzun atası oradan geri qayıtmadı. Çoxumuzun atası qayıdanda bədəninin iki orqanından biri yox idi. Bəzilərinin ataları bayrağa bükülü uzunsov taxta yeşikdə gəldi. Müharibə bizə ölümün nə olduğunu beş yaşımızda başa saldı. Başqa ölkələrdə bizim yaşda uşaqlar ölümün mənasını dərk etməyəndə, biz ölümün nə olduğunu tam təfərrüatı ilə bilirdik... Atamız Qarabağdan qayıdanda bütün zavod və fabriklər bağlandı. Atalarımız işsiz qaldı. Parklarda oynamalı yaşımızda parklarda şirəli su satdıq. Karusel maşınları sürməli vaxtımızda “moyka”larda maşın yuduq. Avtobuslarda konduktor işlədik”...

Elvin düşündürücü məqama toxunur. Silahlarını bizə tuşlayan, başımıza tökən tamahkar silah alveçiləri, xarab olmuş ərzağını bizə satıb zəhərləyən bədxah qonşular “mərhəmət” sahibi oldular, bizə “yazığı” gəlib yardım göndərdilər. Düşmənə silah ötürən mollalar bizə xurma göndərdilər. Avropalı uşaqların nimdaş, dəbdən düşmüş paltarlarını sevinə-sevinə geyindik, qaçqınların payını satıb villalar ucaldan “qayğıkeş əmi”lərə ürəkdən sağ ol dedik. Həyatın kinayəsini Elvin yəqin ki, kövrələ-kövrələ yazıb...

Və yaddaşımızda heç vaxt köhnəlməyən, unudulmayan 28-30 il əvvəlki çörək növbələrindən çağdaş yeniyetmə nəslə danışsaq, bizi Piri baba, yaxud gopçu Pirim bilərlər, hətta dərrakəmizə şübhə edərlər.

Bir ayağını itirmiş I Qarabağ savaşının qazisinin “Şərikli çörək” filmindəki Vaqif kimi kartını (yox, pulunu, I Qarabağ savaşında insanlara kart da qıymadılar) itirən hekayənin qəhrəmanına arxa-dayaq durması, ona növbəsiz iki çörək alıb evə göndərməsi yeni “Şərikli çörək” filminin bu günkü ssenarisidir - daha ürəkgöynədən, daha ağrılı. Bu ssenarini Elvin yazıb, həm də ideyasını verib. Əslində ideya işin azı 90 faizidir, filmi kim çəkəcək, bilmirəm. Pul, maddi sərvət, kapital şahlıq edən zəmanədə belə “gəlir”siz sahəyə sərmayə yatıran çətin tapılar...

Və babalardan, atalardan nəvə və nəticələrinə qalan acı miras:

“Əziz oğlum, indi sən heç nədən xəbərsiz beşiyində yatırsan. Sabah sənin bayramındı. Ancaq mən Qarabağa gedirəm. Bəlkə mən də qayıtmayacağam. Bəlkə taleyimiz eyni olacaq. Sən də parkda oynamalı yaşında parkda su satacaqsan. Bir yeraltı keçiddə popkorn satacaqsan. Bir deputat vergi ödəmədiyin üçün parlamentdə sənə etiraz edəcək. Bəlkə məni qınayacaqsan. Ancaq mənim gözəl gözəl oğlum, sənin övladlarının bunu yaşamaması üçün mən getməliyəm. Ümid edirəm ki, taleyimiz bir olmayacaq. Siz bütöv Azərbaycanın vətəndaşı olacaqsınız. Gəlməsəm, anan sənə əmanət”.

Ustad Məmməd İsmayıl “Ümiddən asılan qılınclar” şeirində hörüklərinin birini ağ, birini qara bağlayıb müharibədəki ömür-gün yoldaşının namusunu qoruyan, oğlunu üzüağ böyüdən ananın mükəmməl obrazını yaradıb:

Ümiddən asılan qılınc kimiydik -
Analar qınından sıyırıb bizi
Qoymuşdu bəxtiylə öz arasında.
Bu yerlə, bu göylə, bu dünya ilə,
Eşqiylə, əhdiylə öz arasında.

Tanrı, bizi nadan və bədxah düşmənlərimizlə yanaşı, nankor millət vəkillərindən qoru! “Müharibə” adlı qanlı qara kabusu övladlarımıza, nəvə, nəticə, kötücələrimizə miras qoyub getməyək. Qisas qiyamətə qalmasın!

Unutmayaq ki, “bizim gələcəyimiz indi gördüyümüz işlərdən asılıdır” (Mahatma Qandi).
                                                     
                                                                                                                                                                                                          14. 09. 2021.
Ctrl
Enter
ohv tapdınız?
Ctrl+Enter sıxıb bizə bildirin
Müzakirə (0)