Edebiyyat.az » Ədəbi tənqid » Viktor Hüqonun "Səfillər"in tərcüməçisinə yazdığı məktub

Viktor Hüqonun "Səfillər"in tərcüməçisinə yazdığı məktub

Viktor Hüqonun "Səfillər"in tərcüməçisinə yazdığı məktub
Ədəbi tənqid
admin
Müəllif:
18:55, 26 dekabr 2022
1 195
0
Viktor Hüqonun "Səfillər"in tərcüməçisinə yazdığı məktub



“Səfillər”in italyanca tərcüməsini Milanda nəşr edən cənab Daelliyə məktub

Otvil-Hauz

18 oktyabr 1862-ci il

 

Cənab, siz mənə: “Səfillər” bütün dünya xalqları üçün yazılmışdır” – deməkdə haqlısınız.

Bu kitabı hamı oxuyacaqmı, bunu bilmirəm, ancaq mən onu hamı üçün yazmışam. Bu, eyni dərəcədə, həm İngiltərəyə, həm də İspaniyaya, həm İtaliyaya, həm də Fransaya, həm Almaniyaya, həm də İrlandiyaya, həm köləsi olan respublikalara, həm də təhkimli kəndlisi olan dövlətlərə aiddir.

İctimai problemlər üçün dövlət sərhədi yoxdur. Dünya xəritəsində olan göy, ya qırmızı sərhəd xətləri insan cəmiyyətinin yaraları üçün, bütün Yer kürəsini bürüyən bu dərin yaralar üçün maneə ola bilməz. O yerdə ki, kişi cahildir, ümidsizlik içindədir, o yerdə ki, qadın özünü bir parça çörəyə satır, o yerdə ki, uşaq məlumat verən kitabdan, onu isidən ailədən məhrum olduğu üçün əzab çəkir, mənim “Səfillər”im: “Açın, biz sizə gəlmişik!” sözləri ilə qapıları döyür.

Bizim dövrümüzdə, mədəniyyətin tənəzzülü hələ də davam etdiyi bir dövrdə səfilə insan deyilir; bu insan dünyanın hər yerində dəhşətli əzab çəkir, yer üzünün bütün dillərində şikayət edir.

Sizin İtaliya da bizim Fransa kimi, bədxahlıqdan az mühafizə olunur. Sizin gözəl İtaliyanın simasında hədsiz-hesabsız iztirabın damğası vardır. Daima yoxsulluğun kəskin forması olan quldurluq sizin dağlarda özünə yuva tikməmişmi? Monastırlar irinli yara kimi çox az ölkəni İtaliya kimi əldən salmışdır; mən bu monastırları dərindən tədqiq etməyə çalışdım. Qoy Roma, Milan, Neapol, Palermo, Turin, Florensiya, Syenna, Piza, Mantuya, Bolonya, Ferrara, Genuya, Venesiya sizin olsun, qoy sizin qəhrəmanlıqla dolu tarixiniz, əzəmətli xarabalıqlarınız, gözəl abidələriniz, qəşəng şəhərləriniz olsun – siz də bizim kimi bədbəxtsiniz. Sizin gözəl geyiminiz parazitlə doludur. Heç şübhə yox ki, İtaliyanın günəşi insanı məftun edir, lakin heyhat! – Göyün göz qamaşdıran parlaq maviliyi insanın əynindəki cır-cındıra dözür.


Sizin də ölkədə bizim ölkə kimi mövhumat, xürafat, zorakılıq, fanatizm, nadanlıq, ürf-adətlərin xidmətində duran təqlidçi qanun vardır. Siz duyğunuza keçmişin dadını qarışdırmadan nə hal-hazırı, nə də gələcəyi duya bilirsiniz. Sizdə nadan rahib, vəhşi lassaroni yaşayır. Bizim qarşımızda eyni ictimai məsələlər durmuşdur. Bizdə acından bir qədər az, qızdırmadan bir qədər çox ölürlər; sizin ictimai səhhətiniz bizimkindən bir az yaxşıdır; İngiltərədə protestantizm maskası altında olan zülmət İtaliyada katoliszm maskası taxır; başqa-başqa ad altında olsa da, vescovo (keşiş – italyanca) eynən bishop (keşiş – ingiliscə) mənasındadır, orada da, burada da qatı zülmətdir. Tövratı pis izah etmək, ya İncili pis başa düşmək – ikisi də bir şeydir.

 

Yenə də davam etdirməkmi? Bu kədərli paralelizmi daha dolğun göstərmək lazımdırmı? Sizdə yoxsul yoxdurmu? – Aşağı baxın. Sizdə tüfeyli yoxdurmu? – Yuxarı baxın. Belə təəccüb ediləcək  bir müvazinətdə duran bu iyrənc tərəzinin yoxsulluq və tüfeylilikdən ibarət olan gözləri sizin qarşınızda enib-qalxmazmı?

Hanı sizin məktəb müəllimləri ordunuz? – Mədəniyyətin qəbul etdiyi yeganə ordu budur! Hanı sizin hamı üçün pulsuz və məcburi olan məktəbləriniz? Dantenin, Mikelancelonun vətənində hamı oxumağı, yazmağı bacarırmı? Siz öz kazarmalarınızı məktəbə döndərdinizmi? Sizin nəhəng hərbi büdcəniz və gülünc görünəcək dərəcədə az olan maarif büdcəniz bizimkilərə bənzəmirmi? Çox asanlıqla əsgər kütlüyünə çevrilən kor-koranə itaətkarlıq sizə də aid deyilmi? Sizdə İtaliya namusunun canlı mücəssəməsi olan Haribaldiyə güllə atmaq əmrini vermək dərəcəsinə gəlib çatan militarizm yoxdurmu? Sizin ictimai qayda-qanunu, necə varsa, elə də götürüb yoxlayaq, cinayət işlədiyi yerdə onun üstünü alaq: qadınla uşağı mənə göstərin. Ancaq bu iki zəif məxluqa göstərilən qayğının dərəcəsinə görə mədəniyyətin səviyyəsi haqqında fikir söyləmək olar. Fahişəlik məsələsi Neapolda da Parisdəki kimi kəskin şəkildə dururmu? Sizin qanunlarınız tərəfindən müəyyən edilən həqiqət ölçüsü və sizin divanxanalar tərəfindən bərpa edilən ədalət ölçüsü nə haldadır? Bəlkə də, gözəl bir təsadüf nəticəsi olaraq camaat qarşısında ittiham etmək, qanunun hökmü ilə rüsvay etmək, “katorqa”, “edam kürsüsü”, “cəllad”, “ölüm cəzası” kimi məşum sözlərin mənası sizə məlum deyildir? İtalyanlar, sizdə də Bekkaria ölmüşdür, amma Farinaççi hələ də yaşamaqdadır!

 

Sizin dövlət quruluşunuzun əsaslarını götürək. Sizdə elə bir hökumət varmı ki, o, əxlaqla siyasətin eyniyyətini anlaya bilsin? Bu məsələdə siz “ancaq qəhrəmanlar əfv olunmağa layiqdirlər” fikrinə gəlib çıxa bilmisiniz! Buna bənzər bir şey də Fransada olmuşdur. Gəlin bir az iztirablarımızı nəzərdə keçirək, qoy bizim hər birimiz öz yükünü gətirsin – bu cəhətdən siz də bizim kimi varlısınız. İki məlamət – keşişlərin elan etdiyi ictimai ittihamnamə sizin də üzərinizdə hökm sürürmü? Ey böyük İtaliya xalqı, sən hər cəhətdən böyük Fransa xalqına bənzəyirsən! Əfsus ki, qardaşlar, siz də bizim kimi “səfilsiniz!”

Həm bizi, həm də sizi bürüyən zülmət içində uzaqlarda parıldayan cənnət qapılarını siz bizdən aydın görmüsünüz. Lakin keşişlər yanılırlar: bu müqəddəs qapılar bizim arxamızda deyil, önümüzdədir.

Sözümə yekun vururam. Bu “Səfillər” kitabı bizim kimi sizin üçün də eyni dərəcədə güzgü rolunu oynaya bilər. Bəzi adamlar, bəzi kastalar bu kitaba qarşı çıxırlar, mən onları başa düşürəm. Axı güzgü həqiqəti göstərir, buna görə də onlar bu güzgüyə ədavət bəsləyirlər, lakin bu ədavət güzgünün faydalı olmasına mane olmur.

Mənə gəlincə, mən öz ölkəmə dərin məhəbbət bəslədiyimdən bu kitabı Fransanın qayğısına qaldığım qədər başqa xalqların da qayğısına qalaraq, hamı üçün yazmışam. Mən tutduğum yol ilə irəlilədikcə daha artıq vətənpərvər olduğumu, bütün bəşəriyyəti daha artıq sevdiyimi hiss edirəm.

Dövrümüzün qayəsi və fransız inqilabının inikası qanunu bu məsələdə özünü göstərir. Mədəniyyətin get-gedə daha artıq yayılmasına cavab vermək üçün kitab bundan sonra ancaq fransız, italyan, alman, ingilis kitabı deyil, Avropanın, hətta bütün bəşəriyyətin kitabı olmalıdır.

İncəsənətin məntiqi də, hər şeyi qabaqcadan müəyyən edən kompozisiyanın bəzi zəruri xüsusiyyətləri də, hətta zövqə və dilə olan tələbin özü də buradan meydana gəlir; zövqə və dilə olan tələb vaxtilə çox məhdud idi, lakin indi bu tələb bütün başqa şeylərə müvafiq olaraq artmalıdır.

Fransada bəzi tənqidçilər məni “fransız zövqü” deyilən şeyin çərçivəsindən kənara çıxdığım üçün məzəmmət edirlər, bu, mənim çox xoşuma gəldi, mən istərdim ki, bu tərifə layiq olum.

Xülasə, mən bacardığımı eləyirəm, mən bütün insanların dərdinə qalıram, onların əzablarını yüngülləşdirməyə çalışıram. Lakin tək mənim gücüm bunun üçün kifayət deyil, mən hamıya müraciət edib deyirəm: “Mənə kömək eləyin!”


Budur, cənab, sizin məktubunuz bu sözləri söyləməyə məni vadar etdi; mənim sözlərim həm sizə, həm də sizin bütün ölkənizə aiddir. Mənim bir çox məsələdən belə təkidlə bəhs etməyimə sizin məktubunuzdakı bir cümlə bais oldu. O cümlə budur: “Elə italyanlar var ki – belələri çoxdur – deyirlər: “Səfillər” fransız kitabıdır. O, bizə aid deyil. Qoy, fransızlar onu bir tarix kimi oxusunlar, amma bizim üçün o, romandır”. Əfsus! Bu sözü mən bir də təkrar edirəm: biz italyan da olsaq, fransız da olsaq, insanların duyduğu ehtiyac bizim hamımıza aiddir. O zamandan ki, tarix yazır, fəlsəfə düşünür, o vaxtdan ehtiyac insan övladının libası olmuşdur. Nəhayət, bu cındır paltarı İnsanın əynindən çıxarıb atmaq, İnsanın – Xalqın çılpaq bədəninə keçmişin uğursuz cır-cındırı əvəzinə, gələcəyin al şəfəqindən tikilmiş bəzəkli bayram paltarını geyindirmək vaxtı çatmışdır.

Cənab, əgər siz elə hesab edirsiniz ki, bu məktub bəzilərini maarifləndirə bilər, adət şəklini almış bəzi yanlış fikirləri dağıda bilər, mən onun nəşr olunmasına etiraz etmirəm.

Sizə bəslədiyim böyük hörməti qəbul edin.

Ctrl
Enter
ohv tapdınız?
Ctrl+Enter sıxıb bizə bildirin
Müzakirə (0)