İlahə Səfərzadə - Ədəbiyyatda qadın xarakteri və düşməndən qisas motivləri
İntiqam və vəhşət kimi hərəkətləri təsəvvürə gətirəndə adətən, insanların xəyal gücü bunları edənin kişi olduğunu düşünməyə vadar edir. Amma bu fiqurları kişi yerinə qadın seçdiyimiz zaman ayrı bir ab-hava yaranır. Bir qadının qəzəbini nümayiş etdirmə tərzi və psixologiyası kişidən fərqlənir və bu fərq ədəbiyyatın da mövzularından biri kimi oxucuların marağına səbəb olur. Qadın xarakterlərdə qəzəb çox vaxt məyusluq, ağrı və gücsüzlük hisslərinin əksi olaraq meydana çıxır. Onların intiqamı daxili münaqişələrini və yaşadıqları həyata münasibəti müəyyən edən mübarizə üsulu kimi fəaliyyət göstərir. Ədəbiyyatda intiqam və şiddətə meylli qadın xarakterlərin psixologiyası gender normalarını və ədalətsizlikləri vurğulayan təhlil və tənqid tələb edir.
Bu baxımdan müasir dövr yazıçılarımızdan biri Akşin Xəyal və İngiltərə yazıçısı Somerset Moemin əsərlərinin müqayisəli təhlilinə baxa bilərik. Bu əsərlərin oxşar cəhətləri ondan ibarətdir ki, ikisi də müharibə mövzusunda yazılmış və hər ikisində düşmən təcavüzü nəticəsində hamilə qalan qadın obrazları var. Müharibə, nifrət, qürur, ağrı-acı, yoxsulluq, gərginlik və təcavüzün əsas mövzu olduğu bu əsərlərdə düşmənindən doğulan uşağa münasibət və intiqam ön plandadır.
Amma onların düşməndən qisası müəyyən mənada oxşar olsa da, digər tərəfdən bir-birindən fərqlidir. Bu fərqi yaradan səbəbləri müəyyən etmək üçün hər iki yazıçının əsərinin qısa təhlilinə nəzər salaq.
Akşin Xəyal “Mənim erməni oğlum”
Hadisələr Qarabağ müharibəsi zamanı baş verir və gənc qızın ətrafında cərəyan edir. Düşmənlər onun yurdunu işğal etdikdən sonra ailəsini amansızlıqla qətlə yetirir, özünü isə əsir alıb müxtəlif işkəncə və təcavüzlərə məruz qoyurlar. Bir müddət sonra qız əsirlikdən xilas olmağı bacarır, amma o, əsirlik vaxtı düşmən əsgərindən hamilə qaldığını öyrənir. Cəmiyyətin bu qıza olan münasibəti tamam dəyişmişdi. Qohum-əqrəbası ona mənəvi təzyiqlər edir, alçaltmağa çalışırdılar. O, yaşadığı həyatda özünü mənəvi cəhətdən tamamilə tək hiss etməyə, cəmiyyətdən təcrid olunmağa başlamışdı. Bu duyğuların təsiri və ana olmaq instinktinin ona verdiyi güclə belə bir mühitdə uşağı dünyaya gətirməyə qərar verir. Ətrafdan ona olan təhqirlərə məhəl qoymadan övladını sevir, onu qoruyur. Ancaq bu təzyiqlər artdıqca və pul qazanmaq, övladına baxmaq daha da çətinləşdikcə artıq ölkədə yaşamaq onun üçün imkansız vəziyyətə gətirib çıxarır. Bu səbəbdən o, işləyib övladını böyüdə bilmək üçün Gürcüstana üz tutur. Orada bir yaşlı qadın ona uşağa baxmaqda kömək edir, o isə işləyib bu kiçik ailəni dolandırır. Orada bir gün təsadüfən valideynlərini qətlə yetirib özünə də təcavüz edən düşmən əsgərini uzaqdan görüb onu tanıyır. Həmin gün o, intiqam planı hazırlayır və buna nail olur. Öz düşmənini xüsusi amansızlıqla qətlə yetirdikdən sonra ürəyi az da olsa rahatlıq tapsa da indi artıq Gürcüstanda cinayət şübhəlisi kimi axtarılmağa başlamışdı. Buna görə oradakı işini yarımçıq qoyub müdirinin köməyi ilə yenidən Azərbaycana gəlməyi bacarır. Amma cəmiyyətin ona olan münasibəti yenə də dəyişməmişdi. Bir neçə nəfərdən başqa hamı ona nifrət edir, övladını və özünü lazımsız, ikrah doğuran insanlar kimi görür, hər an, hər yerdə onları cəmiyyətdən təcrid etməyə, alçaltmağa çalışırdılar. Bütün bunlara dözə bilməyən qız övladını və özünü Kür çayına ataraq boğulub ölür.
Somerset Moem “Qisas”
Əsərdə hadisələr İkinci Dünya müharibəsi zamanı Almaniya tərəfindən işğal edilmiş Fransanın Suasson şəhərində baş verir. Alman əsgəri Hans sərxoş halda Suasson şəhəri yaxınlığında yerləşən ferma sahibinin qızı Annetə zorla sahib olur. Qadın hamilə qalır və bunu bilən Hansın qəlbində ona və bətnində daşıdığı körpəsinə qarşı məhrəm duyğular yaranmağa başlayır. O, tez-tez gəlib Annetin vəziyyəti ilə maraqlanır, hər dəfə gələndə ona hədiyyələr gətirir. Annetin narazılığına baxmayaraq, o, bu qadınla evlənmək istəyir. Ferma sahibi və onun həyat yoldaşı onların evlənməsinə razı olsa da, Annetin Hansa olan nifrəti nəticəsində bu mümkün olmur.
“Əvvəllər heç ağlıma da gəlməzdi, yatsam yuxuma da girməzdi ki, adam adama bu dərəcə nifrət edə bilər. Mən sənə nifrət edirəm!” (“Qisas”)
Lakin Hans ümidini üzmür və davamlı olaraq onunla və doğulmamış körpəsi ilə maraqlanır. O, tez-tez uşağının xəyalını qurur, Annetlə birgə onu böyüdəcəkləri günləri səbrsizliklə gözləyir. Qadın isə bətnində böyüyən bu varlığa övladı kimi deyil, sadəcə düşməninin bir hissəsi kimi baxır və bu ona qarşı ikrah və qəzəb hissindən başqa bütün duyğulardan məhrumdur. Zaman keçdikcə Hansa olan nifrət hissi Anneti qisas planı düşünməyə vadar edir və o, hisslərinin əsiri olmuş vəziyyətdə dünyaya yeni gələn körpəni boğaraq öldürür.
Göründüyü kimi, hər iki obraz sonda öz övladını boğularaq ölməyə vadar edir. Akşin Xəyalın “Mənim erməni oğlum” əsərinin baş qəhrəmanı Elnurənin bətnindəki uşağı dünyaya gətirmək arzusuna baxmayaraq, bu vəziyyət ətrafındakı mühit, cəmiyyət üçün heç də ürəkaçan deyildi. Ancaq o, qarşılaşacağı bütün tənqid və təhqirləri gözə alaraq bunu edirdi. Yəni, əslində yazıçı bir növ öz qəhrəmanına haqq qazandırır. Müəllifin tənqid hədəfi Elnurə deyil, onu əhatə edən mühitdir. Əsər hər nə qədər düşmənə nifrət təbliğ etsə də (biz bunu əsəri oxuyarkən müəllifin düşmənlərin etdikləri vəhşilikləri açıqca yazmasında görürük) eyni zamanda öz övladını dünyaya gətirib böyütmək istəyən anaya haqq qazandırır, insanların şəxsi seçimlərinə müdaxilə etməməyin doğru olduğunu vurğulamağa çalışır. Belə demək mümkünsə, baş qəhrəmanını zamanın və məkanın fövqündə görür.
Bəs doğrudan da, əgər mövzu müharibədir, dünyaya gələcək körpə də düşmənə məxsus olub millətimizə təcavüz etmiş bir xalqın qanını daşıyırsa, o zaman da fərdi seçim daha önəmli ola bilərmi?
Hər iki əsərdə hansı qəhrəmanın daha doğru hərəkət elədiyini öz ədalət tərəzimizdə ölçməyə çalışsaq da əksəriyyət hallarda bu, ya heç birinə haqq verməməklə, ya da ikisinə də haqq verməklə nəticələnir. Daha doğru yanaşma və dəyərləndirmə üçün bu iki qadının yaşadığı hadisələrə və mühitə də nəzər salmaq, hansı ruhi sarsıntılar keçirdiyini bilmək lazımdır. Somerset Moemin qəhrəmanı Annet yenə də özünün alışdığı mühitdə yaşayır, ata-anası sağdır, onu sevir və dəstək olurlar. Onun həyatında dəyişən nüans ondan ibarətdir ki, düşmən əsgəri tərəfindən təcavüzə məruz qalmışdır və bu səbəbdən də bətnindəki körpəyə nifrət edir. Düşməninin də öz körpəsini sevməsi və ona sahib çıxma istəyi Annetin intiqam atəşini daha da alovlandırır.
Akşin Xəyalın “Mənim erməni oğlum” əsərinin qəhrəmanı Elnurə isə yurdundan qovulmuş, bir müddət əsirlik həyatı yaşadığı üçün cəmiyyətdən təcrid olunmuş, sevgidən tamamilə məhrum qalmış obrazdır. Dünyaya övlad - özündən bir parça gətirmək yeni bir həyatın başlanğıcı, yeni ümidlər, həyata yenidən bağlanma funksiyasını daşıyır. Kədərli və məhv olmuş bir həyata dözmək üçün Elnurənin belə bir səbəbə ehtiyacı vardı. Müəllif fərdin şəxsi arzusunu xalqın ümumi mənafeyindən daha üstün tutaraq Elnurənin tərəfindən çıxış edir. Heç kəsin bu dünyada heç nədən qarantilənmədiyini, hər an hamının başına belə hadisələr gələ biləcəyini göz önündə tutaraq xalqı təşkil edən fərdləri əslində, bir növ empatiya qabiliyyətini gücləndirməyə sövq edir.
Qadın üçün uşaq dünyaya gətirmək həm də onun “mən”lik duyğusunu gücləndirir, onun yenidən doğulmağına, varlığının mənasını daha yaxşı anlamağına səbəb olur. Bu baxımdan hər iki əsərin qəhrəmanı şüuraltı olaraq övladını dünyaya gətirməyi seçir. Çünki hər ikisi təcavüzə uğramış və ikisinin də şəxsiyyət, mənlik duyğusu bu istismarın nəticəsi olaraq xətər görmüşdü. Onlar bu münasibətdə qorxu, utanc kimi duyğuların təsirinə məruz qalaraq özlərini cansız bir nəsnə kimi hiss etmişdilər. Hər iki yazıçının məqsədi müharibənin fəsadlarını, ağrı-acısını göstərməkdən əlavə bu qadınların təcavüzə məruz qalaraq istəmədiyi halda öz bədənlərini itirməklərinin onların həyatını, kimliyini, şəxsiyyət duyğusunu məhv edən bir faciə olaraq oxucuya təqdim etməkdir.
Virciniya Vulf yazırdı: “Müharibənin izləri sadəcə cəbhələrdə deyil, qadınların qəlblərində və zehinlərində də dərin yaralar açdı. Və onlar hər gün bu yaralarla yaşamağı öyrəndilər.”
İki fərqli vaxt və məkanda yazılmış əsərlərdə müharibə zamanı düşmən tərəfindən təcavüzə məruz qalmış qadınların hər ikisi demək olar ki, eyni psixologiya və düşüncə tərzində olsalar da onları əhatə edən mühit eyni olmadığı üçün hərəsinin intiqamı fərqli oldu. Birininki düşmənindən, digərininki düşməndən, cəmiyyətdən və özündən…