AZAD QARADƏRƏLİ - MEYXANA, YAXUD ÇAYXANA ƏDƏBİYYATI
esse
Meyxana günün sualıdır?
Olsun, olmasın?
Sənətdir, sənət deyil?
Saytlarda buna bənzər suallarla yazıçılara müraciət ediblər. Mən də bir az ağlı kəsən biri olaraq bu məsələyə özü münasibətimi bildirmək qərarına gəldim. Baxmayaraq ki, indi heç hənanın yeri deyi, yəni bizim dərdimiz meyxana deyil, amma neynəmək olar? Biz haçan öz dərd-sərimizlə məşqul olduq ki? Həmişə bizim dərdimizlə başqaları məşqul olmadımı? Bakılılar demiş, məsəlçün, 15 respublikadan tək bircəciyini göstərin ki, onun rəhbərləri daim ya erməni, ya gürcü, ya yəhudi, ya da rus olub? Yoxdur beləsi. Bizdə olub bu ancaq...
Gör hardan hara gəldim, sən allah!?
Hə, meyxanadan danışırdım axı..
Biz tərəflərdə meyxana, meyxanaçı olmayıb. Heç aşıq da olmayıb. Amma şairlər olub, özü də elə-beləsi yox ha, həm əruzda, həm hecada yazanları...
60-cı illər idi. Mən də 7-8-də oxuyan başıqırxıq bir uşaq. Bir qohumumuz Bakıda peşə məktəbində oxuyurdu və təhsilini alıb bənnalıq elminə yiyələnəndən sonra özüynən çoxlu kitablar və vallar gətirmişdi. O vallardan birini bir gün mən patefona qoyub oxutdum, eşitdiyim musiqi və səsdən ürəyim getdi: qəribə musiqi və çırtıq sədaları altında bir kişi bizim qonşu Sattar dayının bariton səsi ilə oxuyurdu:
Futbol əsər eyləyib hər millətə,
Milyonlarca xeyir verib dövlətə,
Baleşşiklər başlayıblar söhbətə,
On bir metri də düz vurmayıblar qola,
Mən hemmeşe balet ederəm futbola,
Balet ederəm, ğələt edərəm futbola...
Təzə sözlər vardı burda mənimçün: “baleşşiklər”, “balet eləmək”, bir də qəribə deyiliş tərzi, “hemmeşe”, “ğelet elemek” və sair.
Axşam o gənc bənna işdən evə dönəndə kəsdim qabağın, yalvardım ki, bu sirri mənə açsın: o oxuyan kimdir, nə oxuyur, niyə adamlar çırtıq çalırdılar?
Gülüb dedi ki, bu, meyxanadır. Oxuyana da meyxanaçı deyirlər. Belə şeylər ancaq Bakıda olur.
Və bir dəfə də dedi ki, əsl meyxanaçı Əliağa Vahid imiş, onu da Sovet höküməti qoymayıb deməyə. Meyxana onnan sonra qalıb pis günə...
Və xeyli sonra Baharlı qohumlarımızın birinin toyuna Bakıdan bir meyxanaçı da gəlmişdi. Az qala toyun yarısını o meyxanaçı oxudu. Nə məsələ idisə, kəndin bütün adamlarının xasiyyətini bilirmiş kimi söz qoşurdu, adamlar da buna əhsən deyib əl çalır, pul tökürdülər.
Və Bakıya gəlib ali məktəbə qəbul olunandan sonra ilk maraqlandığım şeylərdən biri bu meyxana məsələsi oldu. Ona görə yox ki, məndə uşaqlıq travması qalmışdı bu meyxanaya aid – bilmək istədiyimin heç yüzdə birinə cavab almamışdım deyə - həm də ona görə ki, ortada Nizami Rəmzi kimi bir ustad meyxanaçı vardı və qəfil o, avtoqəzada öldü, meyxanasevərlər yasa batdılar. Deyilənə görə, Vahiddən sonra meyxanaya yeni nəfəs gətirən bu adamla əsl meyxana da öldü...
Və altdan-altdan onu da danışırdılar ki, Nizami öz əcəli ilə ölməyib, yəni bu avtoqəza elə-belə olmayıb, onu meyxananaya yeni nəfəs, yeni rənglər əlavə etdiyinə görə rəqibi Ağasəlim Çıldağ öldürtdürüb...
Belə...
Və tarixdən bir yarpaq: Herodot “Tarix” kitabında bizim yerlər haqqında, eləcə də massaget tayfaları barədə yazırdı ki, massagetlər qəribə səslər çıxardan daşlara qaval kimi çalaraq qafiyəli şəkildə bir-birinə sözlər deyər, sanki deyişərmişlər...
Əcaba, bu massagetlər indiki maştağalılar olmasın ki? Əcaba, bu qəribə səs çıxardan o daş bizim Qobustandakı məşhur qavaldaş olmasın ki? Əcaba, bu qafiyəli deyişmə bizim bu xanəxərab meyxana olmasın ki?
Bu kimi sualların cavabını buraxaq tədqiqatçılara və gələk mətləb üstünə.
Meyxana folklordur, özü də şəhər folkloru.
Və bu folklorun bir məziyyəti də o idi ki, sarayların ədəbiyyatı olan qəzəlin, qəsidənin xalq içində yayılan tərs üzü olub. Qəzəldə, mədhiyyədə hökmdar təriflənəndə, meyxanada gizli-gizli tənqid olunub. Qəzəlin sonuncu mogikanı, meyxananın isə məlum olan ilk və son külngvuranı Əliağa Vahid bunun ən yaxşı nümunəsini iki misrada verib:
Gərək şair olan azadə vü laqeyd, məst olsun,
Nə karı, əhli-aləm həqpərəst, ya bütpərəst olsun...
Nizami Rəmzi isə belə deyirdi:
Dünya yaranandan bəri qəmxanələr olmuş,
Qəm-qüssəni unutmağa meyxanələr olmuş.
Nəfsin boğan insan üçün hər yerdə şərəf var,
Boğmaq da nəfsi çox çətindi, kələf var,
Haqqı qoruyub haqqı sevən haqqa tərəfdar,
Dərd əhlidi, mərdanədi, mərdanələr olmuş...
Bir də ki, meyxana yeraltı ədəbiyyatdır. Üzdə deyilməz meyxana. Yoxsa bunu necə deyəsən üzdə:
Əvvəlindən salan olsaydı əgər başa bizi,
Cəhlimiz salmaz idi bunca dağa-daşa bizi,
Azacıq elmimiz olsaydı ğyər əsrə görə,
Boyun əydirməzdi qonşuya, yoldaşa bizi,
Nə hünər var, nə biligimiz, nə də dövləti-mal,
İtə atsan da yeməz, hiss eləməz laşa bizi.
Şübhəsizdir tüpürər surəti idbarımıza,
Göstərən olsa bu ziba ilə nəqqaşa bizi.
Üzü dönsün görüm o ağuya dönmüş çörəyin,
Yaxşı möhtac elədi qəhbəyə, oğraşa bizi.
Qədeş, meyxanaçının meyxanası olar, çayxanası olmaz. Bizim meyxanaçıların son atasının çayxanası hələ də durur, özü sağ olmasa da. Adı çayxana olsa da, geniş bir restorandır...
Hə, çayxana demişkən...
Əsl ədəbiyyat və əsil ədəbiyyatdan doğan siyasət meyxanalarda rüşeyim bağlayar, çayxanalarda doğulardı. Azneftdəki çayxana Azərbaycan ədəbiyyatının və sonralarsa siyasətinin meydanı olmamdımı?
Nə yazıq ki, indi çayxanalar yox, toyxanalar və tumançaq qadınları, arvadsifət gədələri təbliğ edən efir-üfürlər var...
Çayxanalarsa daha çayxana deyil, bahalı çay dəsgahı, sulu qəlyan, yaxud nəşəxorlar məskənidir.
Meyxana vaxtilə ciddi sənət olubsa da, indi lağlağı sənətinə, söyüş yarmarkasına dönüb. Elə musiqimiz, sazımız da xalq musiqisindən məmur musiqisinə dönüb.
Heç son illərdə xatalı sözlər oxuduğuna görə həbs olunan, millətin sözünü deyən, vətən dərdi çəkməkdən ürəyi partlayan sənətçi gördünüzmü?!
Görməzsiniz! Çünki o xalq da yoxdur, o xalqın sənəti də.
Şuşanı itirib “Şuşanın dağları” oxuyan xalq ciddi xalq sayılmaz, hələ onun musiqisi heç sayılmaz!
...S.A 1.(Söz Ardı)
Mən də mətnlərimdə meyxanaya yer vermişəm. Daha doğrusu, meyxana özü gəlib girib ora. “Cəbinin üçüncü dəfə kəsilməsi” hekayəmdə (“Burda yer fırlanmırdı” kitabı) bir razyezin – kiçik dəmiryol stansiyası – yubkası “razyezli” qızlarından bəhs edən oğlanlar Bakıya gedib qayıdandan sonra belə meyxana qoşurlar:
Gözü qıyqacı bu razyezin qızları,
Dilləri acı bu razyezin qızları...
“Kibrit çöpü” hekayəmdə isə baş qəhrəman Bakıdan qayıdan kimi çırtıq çala-şala meyxana deyir:
Alasan rus qızını üst-başını çist eliyə,
Alasan erməni qızı özünü sənə dost eliyə,
Alasan azəri qızı şirin canına qəsd eilyə...
S.A.2
Meyxana sözü mey sözündən törəyib, bu şəksizdir. Amma nə yazıq ki, bu gün o mey deyil, meyit qoxusu verir. Allah bütün ölənlərə rəhmət eləsin...
14.11.2019