Edebiyyat.az » Proza » Aydın Talıbzadə - Meyxana

Aydın Talıbzadə - Meyxana

Aydın Talıbzadə - Meyxana
Proza
nemət
Müəllif:
17:46, 10 aprel 2019
1 884
0
Aydın Talıbzadə - Meyxana



(sosial-kulturoloji araşdırma cəhdi)

"Mey ağızda qürub eləyir: zühuru yanaqlardadır”.
Dəqiqi

"Fəthi-meyxanə üçün oxuyalım fatihələr,
Ola kim, üzümüzə açıla bir bağlı qapu”.
Füzuli

"Gəl ənəlhəq sirrini meyxanədə meydən eşit”.
Nəsimi

Bugün Azərbaycanın tele və radio məkanına intensiv şəkildə meyxana "əkilir”. Sabah kim nə biçəcək, heç kəs deyə bilməz. Amma fakt bu ki, çoxluq meyxanaya aludə. Çağdaş Azərbaycanda meyxanaçı olmaq gəlirli və prestijli bir şey. Hərçənd efirdən eşidilən meyxanaların böyük əksəriyyəti söz palçığı: dadsız-duzsuz gəvəzəlik, çərənçilik, çənə-boğaz döymək və yorucu, bezdirici təkrarlar. Millətsə bundan xoşhallanır və meyxana diringələri altında XXI əsrə vəsiqə alır. "Telefonumuz mobilnidü, əsası sesdü, qərdeşim”. Yəni SMS-lər də, maşallah-namxuda, sel-su kimi yağdırılır ekrana. REP Azərbaycanda "ayaq açır”, ancaq "yerimir”; meyxana isə "od qoparır”. Çünki real pullarla (toyxana biznesilə) bağlıdır və çevikcəsinə manevrlər eləyib gerçəkliyə uyğunlaşa bilir, boynuna "qalstuk taxıb” rəsmiləşir, cılızlaşır, gözü qırpıq, sözü sırtıq olur. REP intellektuallaşır, meyxana bəsitləşir. Azərbaycan camaatı da yavaş-yavaş bəsit meyxana kimi bəsit düşüncə ilə yaşamağa vərdiş eləyir. Səhər meyxana, günorta meyxana, axşam meyxana, toyda, bayramda meyxana. Odur, mən bəzi mətləbləri çözüb xırdalamaq istərdim ki, əsl meyxana nədir.

***
"Ver badə, mürüvvət eylə, saqi” ki, mən də bu yazımı zövq əhlinə ünvanlaya bilim.

***

MEYXANƏ (meyxana) fars dilindən tərcümədə "mey evi” anlamına gəlir. Şərab dükanına, qəlyanaltıya da "meyxanə” deyərlər. Burada gözəl şərablardan dadıb ləziz xörəklər yemək, dincəlmək, musiqi dinləmək, mütrib rəqslərinə tamaşa eləmək, nağılçıya qulaq asmaq, xor-xor qəlyanın  tüstüsünə uymaq, fəlsəfi söhbətlərdə bulunmaq mümkün. Ortaçağ müsəlman mədəniyyətində kef, əyləncə simvolu meyxanədir.

XIX yüzilin son rübündən isə müsəlman şəhərlərində iqtisadi proseslərlə ilişikli mey evlərinin sayı artır. Bu mey evləri müsəlman məmləkətlərində haradasa karvansara əvəzidir, onun mikromodelidir. Azərbaycan da bu siyahıdan istisna edilmir. Hərçənd Şərq mədəniyyətinin mistik-fəlsəfi süsləmələri kontekstindən tədricən çıxarılan meyxanalar (meyxanələr) XX yüzil Azərbaycanında adi, rusbabı qəlyanaltılara çevrilir. Sonucda meyxanə zamanın gərdişinə, tələbinə güzəştə gedib dönür sadə, ucuz qida məntəqəsinə: aşxana, yeməkxana, cızbızxana və ya xaşxana kimi "ixtisalaşıb” enir beşmərtəbəli evlərin zirzəmisinə. MEY arağa dəyişdirilir. Meyxanənin yaraşığı sayılan xalça-palaz müşəmbə süfrəli dördkünc düşərgə stolları ilə, mütəkkələr isə dəmirayaqlı taxta kətillərlə əvəzlənir.

Buranın müştəriləri, adətən, yeyib-içməyi xoşlayan ustalardır, alverçilərdir, peşəkar əyyaşlardır, kasıb ziyalılardır, məhəllə təəssübü çəkən başıkepkalı cayıllardır, teatr sənətçiləridir, bir də qeybət qırmağa həris taksi şoferləri. Elita meyxanəni özünə yaraşdırmır və əksinə.

XX yüzilin meyxanəsi, yəni qəlyanaltısı, uğuldayan arı pətəyindən yalnız radionun mütəmadi dəyişən verilişlərinin səs ahəngiylə fərqlənirdi. Keçən əsrin 20-ci illərindən bəri günboyu "mızıldayan” balaca radiolar Bakı meyxanələrinin vacib bir atributu olur. Dünyanı özünəxas bir şəkildə anlamaq, çözmək, strukturlaşdırmaq və dekonstruksiya eləmək üçün radio meyxanələrə lazımdır. Belə ki, meyxanə (meyxana) şəhərin aktiv ünsiyyət bölgəsidir. Hər hansı bir yeni informasiya xalq arasına məhz meyxanədən "sızır”, yayılır.

Meyxanə XX əsr Bakısında açıq söhbətlər və diskussiya klubu idi, qədeşlərin, taksi şoferlərinin, ustaların apardığı siyasi icmal klubu idi. Burada heç bir mövzu senzuraya məruz qalmırdı. Çünki kefli meyxanə əhlini sovet gerçəkliyində rəsmi dövlət orqanları və hökumət təşkilatları ciddi qəbul eləmirdi.

Meyxanə XX əsr Azərbaycan gerçəkliyində xalqın meydan həyatının kiçik modelidir. Burada bol-bol yeyib-içməklə yanaşı ağzına gələni danışa bilərsən; söyüş söyməyə də icazə verilir, and içməyə də, şeir deməyə də, hər cür qəbildən olan lətifələr söyləməyə də. XX yüzildə meyxanə darısqal otağa sığışmış meydandır. Bu əsrdə meyxanələr şəbəkəsində nağılçının, xanəndənin yerini MEYXANA ustası tutur.

Qadınları meyxanələrə buraxmazdılar. Çünki Azərbaycanda mövcud meyxanələrin hamısı kişilərə məxsus idi. Ona görə meyxanə küncündə bədahətən deyilən şeir (hazırlıqsız, düşünülmədən, improvizə şəklində söylənilən hər şeir bədihədir və ya bədyədir) yalnız və yalnız kişilərdən ötrü olub. Odur ki, meyxana müəllifləri də həmişə kişilərdir. MEYXANA söz xiridarlarının meyxanə kontekstində araqla "ünsiyyət”indən yaranan şifahi ədəbiyyat nümunəsidir. MEYXANA ağız ədəbiyyatıdır, yazıya köçdümü, çap olundumu, ucuczlaşır, miskinləşir, mənasını tamam itirmiş olur. Nədən ki, bədihə (bədyə) hazırcavab bir nəfərin solo improvizəsidir. Meyxana isə iki şəxsin (və ya daha artıq) bədihəsinin nəticəsi kimi meydana gəlir. Bədihə meyxana deyil: meyxanada bədihə elementi var. Ağ vərəqlər üzərində isə meyxana yoxdur: çünki meyxananı yaradan atmosfer yazıda öz əksini tapa bilmir.

MEYXANA XX yüzil Bakı meyxanələrinin folklorudur, Abşeron kəndlərinin toyxana folklorudur, kefli kişilərin, şəhər qədeşlərinin məhəllə folklorudur. Bu folklorda XX əsrə kasıblar, məhbuslar, cayıllar, ustalar, quşbazlar, əyyaşlar güzgü tutur, "vedrə bağlayır”. Meyxana tarixə, gerçəkliyə, gündəlik olaylara, mədəniyyət faktlarına, ictimai-siyasi hadisələrə, tribunadan, səhnədən, ekrandan görünən şəxsiyyətlərə xüsusi lotuyana baxım bucağıdır, xalqın meydan həyatına xas qavrayış tərzinin qafiyəli şeir formasında ifadəsidir. Şərq bazarlarının poeziyasıdır meyxana.

Meyxananın yaranmasında və gəlişməsində mərsiyələrin, nouhələrin rolu danılmazdır. Mərsiyə ağı mərasiminin bir növ qəmli meyxanəsidir, və əksinə: meyxana toy məclisinin şadyana mərsiyəsidir. Hərçənd meyxana aktiv şeir dialoqudur, tərəfmüqabilini söz vasitəsilə yormaq, dolamaq, urvatdan salmaq sənətidir.

Mən biləni yer üzünün heç bir xalqı meyxana söyləmir. Onun vətəni Abşerondur. Bugünsə meyxana tamam yeni bir halətdədir, az qala rəsmi statusdadır və müasir güzərana tam adekvatdır. Azərbaycan ədəbiyyatının meyxana irsinə gəldikdə isə deyilməlidir ki, bu irs XX əsr Bakısının portretinə, Bakı əhlinin portretinə, dövrün, zəmanənin rəsmi portretinə və tarixinə əlavə akvarel ştrixlər, ötəri cizgilər, gözlənilməz yozmalar kimi, Bakı haqqında rəsmi mədəniyyətdə fiksə edilmiş şeirlərə, mahnılara özünəməxsus bir kontrapunkt kimi qiymətlidir.

Meyxana Orta çağlardan XX yüzilə əprimiş, sozalmış, fağırlaşmış bir görkəmdə gəlib çıxan meyxanələrin (mey evlərinin) qoca dünya ilə kişiyana zarafatıdır.

MEYXANA qəzəlin astar üzüdür, başqa yöndən yanaşsaq, qəzələ karikaturadır, onun nisbətən cavanyana, asan, lakin kobud, köntey və aqressiv, "dalaşqan” variantıdır; bir çox təzahürlərində isə həcvdir, hədyandır; kimə istəsən öcəşər, nəyi desən lağa qoyar, qorxmaz, çəkinməz, boynunu büküb dayanmaz. Çünki meyxana ustad sənətkarlardan savayı avtoritet tanımır. Odur ki, Azərbaycanda meyxana təkcə ədəbi deyil, həm də sosial hadisədir.

Qəzəl muğamata söykənir, meyxana diringəyə. Biri janrın zadəganıdır, digəri - cüvəllağısı.
Sonucda isə sual yenə əvvəlkidir: MEYXANA Azərbaycanda nə idi? Sosial və mənəvi basqılara qarşı yönəlmiş sərxoş etirazın hap-gopu, qədeşyana ədabazlığı; meyi əvəzləmiş arağın məzəli hikkəsi, dissidentliyi və tənqidi; keflənib yumşalmış qəzəbin lotuyana romantikası; avaz, çırtma və nağara diringəsiylə "rəndələnən” əruz; toyxanaların bir torba pulla vəznlənmiş zarafatı; dünyanın və həyat olaylarının seksual-fantasmaqorik təsviri; qafiyələnmiş söyüş və təhqir çələngi; ideal primitivliyin sevinci; içkidən "dumanlanıb” valaylanan mübarizə, mərdlik, höcət; müştüklü "Kazbek”in tüstüsü arasından görükən padşahlıq iddiası; bekar və qədeş məhəllə uşaqlarının "misralanmış” cığallığı, müasirliyin Kosa və Keçəl deyişməsi; Çənbərəkənd cayıllarının qeyri-rəsmi "himni”; meydanın söz pəhləvanlarının spirt qoxuyan sadəlövh fəlsəfəsi və təkəbbürlü istehzası; qəzəlin topal qardaşı; şəhər teatrının atmaca dialoqlar üzərində qurulmuş ucuz variantı; əruzun XX əsr gerçəkliyində yaşamaq cəhdi.

Bəs indi meyxana kimindi və nəmənədi? Meyxana məşq edənindir; çünki əvvəldən axıracan qəlpdi, qəlibdi. Kim daha çox əzbərlədi, meyxana onundur: yəni çevir tatı, vur tatı. Meyxana bugün ekrana möhtacdır; ona görə dili qısadır. Nədən ki, rəsmiləşmək istəyir, şou-biznesə qatılmaq istəyir, varlanmaq istəyir, gündəmdə qalmaq istəyir. Belə getsə, çox az bir müddətdə hər üç azərbaycanlıdan ikisi meyxana ustadı kimi tanınacaq. İndi Azərbaycanda o qədər meyxanaçı var ki, rahatcana bir meyxana kolleci açmaq mümkündür... Mən bir çox məqamlarda görürəm ki, bugün camaatın özünüidentifikasıyası (özünütanıması, özünübilməsi) teatrda yox, meyxanada (və ya aşıq məclislərində) baş verir. Meyxana kütləviləşir (milli mədəniyyətdə isə klassik musiqinin, təsvir sənətinin, operanın, baletin, teatrın mövcudluq çərçivəsi daralır): və hətta belə də demək olar ki, kütləviləşib müasir Azərbaycan ədəbiyyatını "yeyir”. Niyəsini xırdalamaqdan ötrü mən gərək başqa bir məqalə yazım. Bəlkə meyxana muğama və qəzələ (milli sənət genotipinə) bir refleksiya olduğu üçün bu belədir? Və bəlkə də ona görə ki, meyxana susqun çoxluğun qan yaddaşındadır? Və bəlkə də ol səbəbdəndir ki, birinci: meyxana xalqın anladığı dildə danışır; ikincisi: meyxanada xalq danışır.

XXI əsrin əvvəlində meyxananın "intibahı” dövrün, zəmanənin ən təzadlı paradokslarından biridir. Bu barədə düşünməyinə dəyər, cənablar! Çoxluq yazıçını, şairi, ziyalını yox, meyxanaçını tanıyır, meyxanaçını seçir və deməli, ona inanır... Ola bilərmi ki, bu, Azərbaycanda gedən urbanizasiya prosesinə passionarlığın bir reaksiyası kimi qeydə alınsın? Ola bilərmi ki, meyxana dünyanı məhəlli aspektdə qavramaq tərzi, öz məhəlləndə xoşbəxt olmaq tərzi kimi yozulsun? Hər halda qəribə və təəccüblüdür: bir yanda İnternet, bir yanda meyxana; bir yanda rəqəmsal sənət, bir yanda... yenə meyxana; bir yanda super bulvar, super fontanlar, bir yanda... yenə meyxana... Bu milli özünüdərkin, milli təfəkkürün, milli ruhun, milli mədəniyyətin XXI əsrdə pozitividir, yoxsa neqativi? Birmənalı cavabım yoxdur. Fakt bu ki, meyxana artıq ictimai sosial, ruhsal və kulturoloji hadisə statusunda bütün Azərbaycanı iri addımlarla dolaşır.
Ctrl
Enter
ohv tapdınız?
Ctrl+Enter sıxıb bizə bildirin
Müzakirə (0)