Edebiyyat.az » Ədəbi tənqid » AZAD QARADƏRƏLİ - VAXTINDA ÖLMƏK

AZAD QARADƏRƏLİ - VAXTINDA ÖLMƏK

AZAD QARADƏRƏLİ - VAXTINDA ÖLMƏK
Ədəbi tənqid
nemət
Müəllif:
22:26, 04 fevral 2020
1 277
0
AZAD QARADƏRƏLİ - VAXTINDA ÖLMƏK

 

                                                

 

                               



 (Çox incə mətləb barədə yoğun bir esse)

 

            Vaxtı gələndə ölmək bir şərafətdir. Vaxtında bu dünyaya gəlməyi bacardığın kimi, vaxtı çatanda heç kimi işə salmadan, halal qazancla kəfən pulunu, yer pulunu (bu indi evdən baha gəlir), ehsan pulunu tədarük edirsən, sonra vəsiyyətini söyləyir, yaxud yazırsan və ayaqlarını uzadıb ölürsən...  Bakıxanovun ölümü haqda əslən Şamaxıdan olan, Şəkidə katib işləmiş bir kişinin babasından eşitdiyi xatirələr vardı, oxudum valeh oldum. Deyir, yolda – söhbət həcc səfərindən gedir -  Abasqulu Ağa mənə dedi ki, bax, mən ziyarətimi bitirən kimi öləcəyəm. Mənim dəfn, kəfən xərcim-filan da hazırdır. Bu işi sənə etibar edirəm... Necə demişdisə, elə də olub. O da insafən bunları yerinə yetirib necə varsa.

            Yazıçı Hemenquey hiss eliyəndə ki tükənib, ov tüfəngini ələ aldı və part, bir güllə ilə şərəflə getdi dünyadan. 

            ...Babam 90-nı haqlamışdı. Hərdən deyirdi ki, allah, mənə az ağrı, hasand (belə deyirdi) ölüm ver. Mən də uşaqdım, qanmırdım, soruşurdum ki, baba, öləndə adamın harasısa ağrıyır? Deyirdi, bala, onu bilmirəm, amma bunu bilirəm ki, kişi gərək vaxtında ölə. Mənimki çox çəkdi, bezdim bu həyatdan. Kişinin gərək qəddi əyilməyə, dili topuq çalmaya, ürəyi təpərdən düşməyə... Bir də mən xəstə olmaq istəmirəm. İstəyirəm ki, gecə yatım, səhər durmayım...

            Babam rahat öldü. Vəsiyyətini elədi, son dəfə sevdiyi beçə çığırtmasını yedi, son kərə ortadan qırıb odladığı  siqaretini də çəkdi və “pəh” deyib, dünyadan köçdü...

            ...Ekonun ölüm haqda maraqlı fikirləri var. Ustad yazıçı yazırdı:”Bilmirəm, dediyim nə dərəcədə orijinal məsələdir, amma insan cəmiyyətini düşündürən ən böyük problemlərdən biri də ölümlə necə üzləşməkdir.” Əslində Eko bu fikrə birdən-birə gəlməyib. Ona Kritone adlı şagirdi “insan özünü ölümə  necə hazırlamalıdır” sualını verəndə ustad deyib:”... çalış əmin olasan ki, sənin tərk etməkdə olduğun bu diyar (altı milyard insan) sarsaqlardan ibarətdir.”

            ...Biz tərəfdə bir baməzə kişi olur. Hər şeyi lağa qoyub gülməkdən zövq alarmış. Hətta ölümü də. Özünəməxsus “kruq”u hər dəfə “filankəs də öldü” deyəndə müdrik görkəm alıb ”... ölənlər filan şeyimə ki...” - adıynan deyərmiş arsız oğlu arsız – və uğunub gedərmiş. Dostları da əlacsız qalıb qoşularmışlar bu bicəngəyə. Belə-belə, bir gün bu arsız düşür yatağa. Ölüm mələyi kəsdirir yastığının kənarın. Dostlar yığışırlar başına və atmaca atır biri:”Ölənlər filan şeyimə” deyərdin, indi necəsən?.. 

            Kişi yenə müdrik görkəm alır və deyir:”İndi də qalanlar filan şeyimə ki...”

            Gülür və dostları da soquq-soyuq gülüşürlər. Hətta deyilənə görə ölüm mələyi də çaşbaş qalır...

            Bir yazı oxudum bu günlərdə və gülmək tutdu məni. Adam deyir ki, əgər məsləhət olsa, yenə namizədliyimi verəcəyəm. Ay adam, sənin yaşın 90-na gedir, hələ də kimdənsə məsləhət gözləyirsən?!

            Və bir başqası ölkə başçısına müraciət edib ki, mənim başım xarab olub, yaramıram, xahiş edirəm yerimə qızımı deputat təyin edin...

            Və daha bir başqası, yaxud başqaları özlərinin Sabunçudakı deputatlıq yerlərinə nəvələrini təyin etdirmək istəyirlər...

            Azərbaycanda ölümsüzlük iksirimi tapılıb, əcaba? 

            Əlbəttə, bu “ölümsüzlük” kəlməsini bunların düşüncəsi ilə yazıram. Bunun adı olsa-olsa həyasızlıqdır... Bu vəfasız dünyanın hər üzünə tüpürənlərin fəlsəfəsi budur: ye, iç, kef elə, xalqı, ölkəni filan şeyinə də alma və imkan düşdükcə öz yerinə öz nəslindən olanları hazırla ki, indən sonra da onlar sənin yolsuzluğunu davam etdirsinlər...

            ...Və bu möhtəşəm sətirlər. ”Ölümsüzlük. Göte bu sözdən qorxmurdu. Məşhur “Poeziya və həqiqət” sərlövhəsi ilə verilən “Mənim həyatımdan” kitabında o, on iki yaşı olarkən Leypsik tetrında acgözlüklə baxdığı pərdə haqda yazır... “birbaşa məbədin pillələri ilə yüngül gödəkcə geyinmiş axsaq adam gedirdi, onun kürəkləri görünürdü və xüsusi nə iləsə fərqlənmirdi. Bu adam heç şübhəsiz Şekspir idi: zərrəcə də nümunə göstərməyin qayğısına qalmadan, sələfləri və xələfləri olmadano öz yolu ilə ölməzliyə doğru gedirdi...” (M,Kundera “Ölümsüzlük”)

            Cənablar, başınızı qaldırın, bəlkə doymusunuz? İllərdir gəmirdiyiniz sümüyü bir kənara qoyun, fikirləşin. Bəlkə vaxtdır? Sonra iy basar aləmi? Ya basıb bəlkə?

            Sonra qəbrinizin başında bu kəlməni vird edəcəklər vallahi:”Allah rəhmət eləsin, bir yelli gündə...”

            S,A,(Söz ardı)

            Ekonun şagirdi ilə son sözləşməsi:

           “Bu dediklərimdən sonra Kritone mənə dedi: “Müəllim, tələsik qərar vermək istəməzdim, amma daxilimdə bir şübhə baş qaldırdı ki, siz sarsaqsınız”. “Görürsən” , dedim, “artıq doğru yoldasan.”

            
             

Ctrl
Enter
ohv tapdınız?
Ctrl+Enter sıxıb bizə bildirin
Müzakirə (0)