Edebiyyat.az » Film » Nəcəf Əsgərzadə - Müharibənin üstüörtülü gerçəkləri

Nəcəf Əsgərzadə - Müharibənin üstüörtülü gerçəkləri

Nəcəf Əsgərzadə - Müharibənin üstüörtülü gerçəkləri
Film
Necef Esgerzade
Müəllif:
23:19, 10 may 2019
1 674
0

Müharibə filmlərini çəkmək insandan böyük bir hünər, güc və cəsarət tələb edir. Çünki yaradacağın işin nəticəsini əvvəlcədən gözə alıb, tənqidlərə, sıxışdırılmalara hazır olmalısan. Əgər bunu bacarmayacaqsansa, ən yaxşısı işə heç başlamamaqdır.                                                                                                             

Bu vaxta qədər müxtəlif ölkələr tərəfindən istehsal edilən müharibə filmlərini izləmişəm və vaxtaşırı izləməyə də davam edirəm. Hər müharibə filmini izlədikdən sonra ağlıma sadəcə bir sual gəlir. Kimdir günahkar?                                                                                                         

 “Müharibə günahları”(Casualties of War) filmi Amerika ilə Vyetnam müharibəsi zamanı baş vermiş gerçək hadisələrə söykənən bir ekran işidir. Bu hadisə ilk öncə Daniel Lang tərəfindən kitab şəkildə çap olunmuş, sonradan David Rabe və Brian de Palmanın iş birliyi nəticəsində ekranlaşdırıla bilmişdi.                                                                                                                                                                           

  Vyetnamda düşərgə qurmuş Amerikan əsgərlərinin get-gedə müharibənin ağırlığı altında psixologiyaları pozulur. Vyetnam gizli qüvvələrinin rəqibə endirdiyi tutarlı zərbələr əsgərləri dəliyə döndərir. Bu zərbələr altında hər gün döyüş təlimi keçməyə məcbur olan əsgərlər digər tərəfdən qadınsızlıqdan əziyyət çəkməyə məcbur olurlar. Buna görə də tez-tez hərbi hissədən ayrılıb kəndə fahişələrin yanına baş çəkən əsgərlər müharibənin ağır rejimini bir anlıq olsa da unuda bilirlər. Amma bir gün baş verən hadisə hər şeyi dəyişir. Günorta vaxtı bir komandanı təşkil edən əsgərlər tələyə salınır və əsgərlərdən biri ağır yaralanıb həlak olur. Bu hadisədən sonra ağır zərbə alan əsgərlər axşam kəndə düşüb bugünki baş verənləri unutmaq istəyirlər. Amma bu istəkləri baş tutmur. Onları hərbi hissədən ayrılmağa qoymurlar. Naəlac qalan əsgərlər geriyə öz çadırlarına dönürlər. Çadırda öz aralarında pıçıldaşan əsgərlər səhər sübhdən kəndə düşüb bir qızı özləriylə götürəcəklərini qərarlaşdırırlar. Əsgərlərdən biri bunun zarafat olduğunu düşünür. Səhərə yaxın hərbi hissədən komandalar şəkildə bir-bir ayrılan əsgərlər ölkə boyu müəyyən intervallara uyğun olaraq yürüşə çıxırlar. Dünənki qərara əsasən beş nəfərdən təşkil olunmuş komanda kənddə düşür. Bir evə basqın edib qızlardan birini zorla qaçırırlar. Eriksson dünənki söhbətlərin zarafat olmadığı anlayır. Yolboyu qız ilə addımlayan əsgərlərin ağlında sadəcə bir fikir dolaşır. Bu fikirdən xəbəri olan Eriksson ilk öncə onlara mane olmağa çalışır. Hətta komandaya təzə qoşulan əsgər təklikdə Erikssonla danışıb onunla ortaq fikirdə olduğunu deyir. Amma sonra digər komanda üzvlərin tərəfinə keçib Erikssonu tək buraxır. Əsgər yoldaşları Erikssonu təhqir edib onun kişi kimi hərəkət etməsinin lazım olduğunu deyirlər. Eriksson tutduğu yoldan bir addım geri atmaq istəmir. Amma qızın da təcavüzə uğramasına əngəl ola bilmir. Həqiqətini ağıra qədər müdafiə etməyə qorxur. Çünki qızı onların əlindən qurtarması üçün yoldaşlarını öldürməkdən  başqa çarəsi qalmayan Eiksson bunu hərbi düşərgəyə dönəcəyi zaman necə açıqlayacağını bilmir. Vyetnamlı qızı qurtarmaq üçün əsgər yoldaşlarını öldürsə hərbi hissədə onu bir qəhrəman deyil, düşmən sayacaqlar. Digər tərəfdən isə özünün öldürülməsindən qorxan Eriksson susmağa məcbur olur. Əsgərlərin etdiyi bu hərəkət böyük suç olduğundan qızı öldürməyə çalışırlar. Eriksson nə qədər cəhd göstərsə də qızın ölməsinə mane ola bilmir. Bu ölüm onun yaddaşında ömür boyu siilnməz izlər buraxır. Bəs bundan sonra Eriksson nə edir? O artıq susmaq istəmir. Həqiqətini sonunacan müdafiə etməyə çalışır. İlk öncə onun bu işdən əl çəkməsini istəyirlər. Amma Eriksson bir addım da geri çəkilmir. Hətta yoldaşları onu öldürməyə çalışırlar. Amma bu işdə uğursuzluğa düçar olurlar. Sonda Eriksson öz istəyinə çatır. Təcavüz hadisəsini gerçəkləşdirən əsgərlər hərbi məhkəmə tərəfindən cəzalanıb həbsxanaya yollanırlar. Eriksson azda olsa vicdanını rahatlada bilir. Amma özü də anlayır ki, oda əsgər yoldaşları qədər bu işdə günahkardır. Və bu günahla ömür boyu yaşamağa məcburdur.                                                 

Brian de Palma bu filmdən uzun illər sonra yenidən müharibənin üstülü həqiqətləri haqqında film çəkməyi başarmışdı. “Redacted”(Üstüörtülü Həqiqət) filmində rejissor kamerasını bu dəfə  Amerika və İraq arasında baş verən müharibəyə tutmuşdu. Müəyyən qədər alışılmış film strukturdan imtina edən Palma filmi bəlgəsəl formasında çəkməyə üstünlük vermişdi. Burada da əsgərlərin psixologiyası, müharibənin üzə çıxmamış həqiqətləri rejissor tərəfindən gün üzünə çıxarılır.                                  

Samara şəhərində düşərgə yaradan əsgərlər şəhərə gələn-gedən arabaları, insanları gündəlik olaraq yoxlayırlar. Uşaqlar tərəfindən onlara verilən heç bir şeyi götürməyən əsgərlər daimi olaraq zərbə altında qalırlar. Buradakı sakinlər haqqında nifrətlə danışan əsgərlər artıq öldürmək üçün yaradılmış robotdan fərqlənmirlər. Şəhərə giriş hissəsində yaradılan yoxlanış məntəqəsində 24 ay içərisində əsgərlər tərəfindən iki min iraqlı vətəndaş öldürülür və bunlardan sadəcə altmışı üsyançılar olur.             

Hamilə qadını xəstənaya çatdırmaq istəyən qardaşı əsgərlərin dayanma əmrinə riayət etmir. Atəş açılır. Qadın ağır yaralanır. Xəstənaya çatdırılsa da onun həyatını xilas edə bilmirlər. Hərbi hissədə olanların əksəriyyəti Angel Salazar tərəfindən kameraya köçürülür. Bu ölüm hadisəsindən sonra hərbi hissədə çəkiliş aparan Angel( angel ingiliscə mələk deməkdir. Paradoksaldır deyilmi?!) əsgərləri bir-bir mühakimə edir. Atəş açan əsgər özündə günah görmür. Qadının və onun uşağının ölümü ona heç bir təsir göstərmir. Çarpayıda oturan yoldaşı isə bunun düzgün olmadığı deyir. İki əsgərin fikir ayrılığı bu səhnədə bizə üzdə deyilə bilməyən həqiqətləri açıqlayır. Tez-tez həm İraq, həm Amerika telekanalları Samara şəhərindən reportajlar hazırlayır. Hər kanal cərəyan edən hadisələrə öz baxış bucağından yanaşır. Özlərinə sərf edəcək həqiqətləri gizlətməyə çalışırlar. Burada da digər filmdə olduğu kimi dostunu itirən əsgərlər bunun əvəzini sadə xalqdan çıxmağa çalışırlar. Gecə bir evə basqın edən əsgərlər bir qızı tutub ona təcavüz edirlər. Təcavüz burada üstüörtülü göstərilir. Angel kaskası üzərində yerləşdiyi kiçik kamera vasitəsiylə əsgərlərin vəhşiliklərini gözlər önünə sərir. Komanda yoldaşlarından Angel və digər bir əsgər qıza təcavüz etməsə də həqiqəti qorxduqları üçün gizlədirlər. Sonradan Angel üsyançılar tərəfindən qaçırılır. Yayılan videoda başı kəsilir. Rejissor bu səhnəni olduğu kimi göstərir. Bundan sonra digər əsgər həqiqəti açmağa məcbur olur. Təcavüz olayına qarışan iki əsgər hərbi məhkəmə tərəfindən sorğuya çəkilir. Onların həbs olunub-olunmaması tamaşaşıya göstərilmir.                                    

Son səhnələrinin birində artıq evən dönən əsgərdən dostları müharibədən bir xatirəni danışmağı xahiş edirlər. Bu zaman onun gözləri dolur. Əfqanıstana gedəndə hər şeyin normal olduğunu, amma Samara şəhərinə gəldikdə müharibənin əsl üzünü gördüyünü anladır. Brian de Palma bu səhnədən həmən sonra şəkillərdən ibarət bir video oynadır. Və videoda qətlə yetirilmiş uşaqları, qadınları, kişiləri gördükcə insanın ürəyini parçalanır. 

Ctrl
Enter
ohv tapdınız?
Ctrl+Enter sıxıb bizə bildirin
Müzakirə (0)