Edebiyyat.az » Film » “Leviathan” (2014), Andrey Zvyagintsev

“Leviathan” (2014), Andrey Zvyagintsev

“Leviathan” (2014), Andrey Zvyagintsev
Film
Necef Esgerzade
Müəllif:
12:53, 29 sentyabr 2019
1 533
0
Ən yaxşı xarici film nominasiyasında Qızıl Qlobusa layiq görülmüş və Oskara olan iddiasını ortaya qoyan “Leviafan” filmi Andrey Zvyaginsev’in 11 il öncəki “Qayıdış” filmindən sonra ən parlaq işi hesab oluna bilər. Bundan əvvəlki filmlərin məzmununda böyük paya sahib olmuş rus yazar Oleq Neqin‘in imzasının olduğu ssenari musəviliyə aid Eyyub peyğəmbərin kitabına və 34 yaşında vəfat etmiş alman romantizminin nümayəndəsi Haynrix fon Klayst‘ın “Maykl Kolhas” novellasının motivlərinə əsaslanır. Rejissorun alışdığımız foto-səhnələri arxa plana alaraq daha çox təhkiyəyə fokuslanması diqqətdən qaçmasa da, Barens dənizi sahillərinin təbiətilə filmin süjet xətti arasındakı əlaqə, operatorluq işilə Zvyaginsev’in ənənəvi üslubuna çağırışdır. Amerikan bəstəkar Filip Qlass‘ın minimalist elementlərlə zəngin musiqisi fonunda dəyişən kadrlar lokallıq maneəsini aşan universal kontekstə malikdir. Rejissor tərəfindən simvolik mesajlarla ümumilikdə sistem tənqidinə həsr olunmuş film sosial realizmin uğurlu çıxışı olaraq düşünülə bilər. Rusiya Dövlət Mədəniyyət Nazirliyinin dəstəyilə çəkilmiş “Leviafan”ın ölkədəki bürokratik tərkibli ictimai problemləri qabartması ilə ironik tərəfini belə kəşf edə biləcəyimiz və “sənət sənət üçündür” mottosunu qıran film, bizlərə sənətkarın cəmiyyət qarşısındakı məsuliyyətini xatırladır.
Filmdə mərkəz profil paytaxtdan kənarda məskunlaşmış avtomexanik Nikolaydır. Əvvəlki həyat yoldaşından olan oğlu Roma və onun ögey anası Liliya ilə birlikdə yaşayan Nikolayın torpaq sahəsinə göz dikmiş şəhər meri Vadim Madyanov mənfi obraz kimi qeydə alına bilər. Öz vəzifəsindən sui-istifadə cinayətini hüquq çərçivəsinə sığışdırmağa çalışan Madyanova maneə ola biləcək yeganə şəxs isə Nikolayın əsgərlik dostu, Moskvadan olan vəkil Dimitridir. Hadisələrin gedişatında izləyiciyə tanış olan ailədaxili münasibətlərdən ictimai məsələlərə, gizli sevgi hekayəsindən metafizik suallara qədər çox şey aşkar olunur. Bəs filmin leytmotivi ilə onun ərsəyə gəlməsindəki mənbələr arasında hansı əlaqələri görməli və onları necə başa düşməliyik?..
Əvvəla filmi iki hissəyə bölməklə başlayaq. Filmin ilk hissəsi kimi Nikolayın torpaqları uğrunda iqtidara qarşı mübarizəsini götürək. İkinci hissə isə hadisələrin dramatik məcradakı inkişafının dini abu-havalı “məntiqi” sonluqları olsun. Bundan əlavə filmin adının hər iki hissə üçün açar rolu oynamasını da unutmamalıyıq.

***
İngilis filosof və siyasi mütəfəkkir Tomas Hobbs (1588-1679) özünün “Leviafan” adlı əsəri ilə dövlət məfhumuna bağlı sonrakı dövrlərin hakimiyyət analizinə əvəzolunmaz töhfə vermişdir. ‘Leviafan’ Tövratda adı keçən canavarın adıdır ki, Hobbs onu dövlətin obrazlı təsviri kimi işlətmişdir. Dövrün materialist baxışlarını mənimsəmiş filosof, monarxiyanın parlementli idarə sistemi ilə əvəzlənməsinə qarşı çıxanlardan olsa da, intellektual partlayış vasitəsilə tanrımərkəzli və Aristotelçi nəzəriyyələrin kənara atılmasında tam bir inqilabçı rolunu ortaya qoymuşdur. Güc iqtidarının bir yerdə cəmlənməsi yolu ilə yaradılacaq cəmiyyətdəki insanların rifahının, ən əsas da təhlükəsizliyinin təminatına inanan Hobbs’un monarxiyanı üstün görməsi heç də təəccüblü deyil. Hələ dövlət mövcud olmamışdan qabaq insanların “hər kəsin hər kəsə qarşı müharibəsi” şəraitində yaşadığını deyən Hobbs, vəziyyətin fərdlərin qarşılıqlı razılaşması – ‘ictimai müqavilə’ ilə sabit formaya gətirildiyini, hüquqi əsaslı dövlətin – cəmiyyətin yaradıldığını qeyd edir. İnstinktiv hərəkətlərin (bir növ anarxizm) qayda-qanunla əvəzlənməsi və kütlənin bir qrupa özlərinin rasional mənfəətlərindən imtina edərək hüquq üstünlüyü tanıması nəticəsində avtoritar və idarəedici dövlət yaranmışdır.

“Əvvəllər bizim haqq və azadlıqlarımızı qorumaq üçün formalaşdırılan dövlət zaman keçdikcə böyüdü. Fərdi qorumaq üçün yaradılmış dövlət, fərd üzərində tiranlığa çevrildi. İnsanlar “xoşməramlı dövlət”i təmsil edən krallar, imperatorlar, sultanların təzyiqi və zülmü altında əzildilər. Yaşamaq və mülkiyyət haqları, şəxsi azadlıqları heçə sayıldı…” 
“Leviafan” kitabından olan bu alıntı ilə filmin ilk hissəsi üçün müəyyən nəticə çıxartmaq olar. Şəhər meri Vadim Madyanovun bütün gücü əlində birləşdirməsi Nikolayın ona qarşı olan mübarizəsini heçə endirir. Doğrudur, Nikolayın vəkil dostu vasitəsilə məsələni hüquqi müstəviyə qaldırmaq cəhdlərinin şahidi oluruq. Ancaq hər daim uğursuzluqla nəticələnən bu cəhdlər, fərdin qarşısıalınmaz iqtidar qarşısındakı yaşadığı çətinlikləri bir daha sübut edir. “The guardian” qəzetinə olan müsahibəsində yaşadığı ölkə barədə “minalı ərazi” ifadəsini işlədən Zvyaginsevin sadəlövh məqsədi kimi bürokratiya timsalında ‘diqqəti lokal problemlərə yönəltməsi’ni düşünmək olar. Halbuki əvvəldə də qeyd etdiyimiz kimi göstərilən bəşəri səciyyə daşıyır, təkcə Rusiyada baş vermir. Filmin bir neçə epizodunda Nikolayın barışmaz mövqeyinə baxmayaraq həyat yoldaşı Liliyanın daha çox vəziyyətə adaptasiya olmaq istəyi, ərini ənənəvi yollara çağırışı, birlik nümayiş etdirməməsi fransız yeni dalğasının şedevrlərindən olan “Kişi qadın” (1966, Jan Lyük Qodar) filmini xatırladır. Qəhrəmanımıza mənəvi zərbə kimi dəyərləndirilə biləcək bu kadrlar, hər vəziyyətdə faktlara inandığını bildirən vəkil Dimitrinin sıradan çıxması ilə sanki kafkaesk vəziyyətə konformist alternativ təklif edir.

***
Mexanik kimi tanışlarının istismarına məruz qalan Nikolayın ‘məğlubiyyət’i olaraq nəzərə ala biləcəyimiz ilk hissədən sonra film yeni bir nöqtəyə köklənir. Dimitri ilə olan münasibətindən sonra Roma tərəfindən qınaq obyektinə çevrilən Liliyanın buna dözməyərək özünə qəsd etməsilə başlayan hadisələr Nikolayın ekzistensial boşluğa yuvarlanması ilə kuliminasiyaya çatır. İçki butulkasını əlindən yerə qoymayan Nikolayın baş verənlərə tutarlı bir cavab tapmaması (xüsusilə dini zəmində), rahiblə olan nəticəsiz dialoq onu Tanrıya qarşı üsyankar edir ki, bu da bizi məsələyə rejissorun çatdırmaq istədikləri ilə səsləşən başqa bir perspektivdə baxmağa məcbur edir…

“Leviafanı çəngəllə çəkə bilərsənmi?
 Dilini kəndirlə bağlaya bilərsənmi?”


Tanrının Eyyuba qəzəbinin ‘Leviafan’ olan hissəsi məhz bu cümlələrlə başlayır. Yaradıcıya sitayişin ən bariz nümunələrindən olan müqəddəs “Eyyub kitabı” (“Book of Job”) doğru bir şəxs kimi həyatını yaşayan Eyyubun şeytan vasitəsilə sınanmasını təsvir edir. Kitab Eyyub və 3 dostunun baş verənlərə olan münasibətlərini 3 hissədə birləşdirir və dəfələrlə müzakirə olunan ‘ədalətli Tanrı’ – yaxşılığı mükafatlandıran və pislikləri cəzalandıran – mövzusunun ilklərindəndir. Yaxşı insan və imanı bütün olaraq bəhs edilən Eyyubun müxtəlif fəlakətlərə düçar olması arxasındakı absurdluğu başa düşməyə çalışan dostlarının yanaşmaları vəziyyətin rasional izahında yetərli olmur. Baş verənlərə haqq qazandıra bilməyən Eyyubun Tanrıya üsyanı isə ilahi qüvvənin qəzəbli sözlərilə cavablandırılır. Tanrının müdrikliyini qəbul edən Eyyubun əvvəlkindən də varlı şəkildə həyatına davam etməsilə kitab sonlanır. Tanrının nitqindəki Leviafanla bağlı olan 70 misralıq hissə isə insanların yaradıcı qarşısındakı acizliyini göstərmək üçündür…

***
Film ərzində Leviafan canavarının peyda olduğu səhnələr olduqca azdır. İntihardan öncə dənizə baxan Liliya səhnəsində bir anlıq dalğaların qoynunda hərəkət edən bu metafizik varlığı müşahidə edirik ki, bu da günahkarın cəzalandırılmasına işarə ola bilər. Bundan başqa oğul Romanın evi tərk edərək sahilə gəldiyi kadrda görünən skelet fiquru – hansıki Leviafana məxsus olduğunu düşünmək olar – filmdə məsumluğun mücəssiməsi kimi uşağa işarədir.
Filmin sonunda torpaq sahəsini ələ keçirən mer Madyanovun evi uçurtduraraq yerində kilsə tikdirməsi Hobbsun Leviafanını bir növ “gerçəy”ə çevirmiş olur. İlk nəşrinin üz qapağında rəssam Abraham Boss tərəfindən təsvir edilən Leviafanın bir əlində kral taxt-tacı (yəni dövlət), digər əlində kilsəyə işarə edən əsa tutması, filmin sonluğu ilə bağlı heç də təsadüf effekti yaratmır…
***

                      
Mənbə: fotosintez.wordpress.com
                                               
Ctrl
Enter
ohv tapdınız?
Ctrl+Enter sıxıb bizə bildirin
Müzakirə (0)