Rauf Ra - Alleqorik kompozisiyalar
Palitra
Rauf Ra - Alleqorik kompozisiyalar
Quruluş, məkan və qrup dinamiklərinə toxunaraq, rəsm və fotoqrafiya arasındakı sərhədi pozan alleqorik kompozisiyalar yaratmaq və ya qısaca - müasir fotoqrafiya.
Rəsm və fotoqrafiya arasında olan qırıq xətlərdən ibarət sərhəd gözə çarpmayan simmetrik balansın yaranmasının şərti iştirakçısına çevrilir. Müasir fotoqrafiya, eləcə də heç də uzaq olmayan zamanın gələcək üçün klassikləşmiş fotoqrafiya ustaları bu sərhədi pozaraq fotoqrafiyanı rəsmin sənət daxilindəki futurist missiyasına gətirə biliblər.
Fotoqrafiyada bədii obrazın sənədli və şəkilli olması fotoqrafın bədii obrazının spesifikliyinə çevrilərək, bədii fotoqrafiyanı tamamlayıb fotoqrafiyanı məişətdən sənətə ötürür.
Azərbaycanda fotoqrafiyanı sərhədsiz alleqorik kompozisiyalara, obrazlı dinamizmə və ən əsası məişət hadisəsindən sənət prosesinə ötürən fotoqraflardan biri də Əli Rzadır.
“Classic color” 2020.
Əlinin çəkdiyi fotolardakı rənglərdən ibarət sujetşəkilli rəng kompozisiyalarında xəttlərlə işləmə bacarağı müasir fotoqrafiyanın modernist çağını nümayiş etdirir. El Salahinin rəsm haqqında söylədikləri kimi:
“Xətsiz bir rəsm olmaz, sonunda bütün şəkillər xətlərə endirilə bilər.”
Eyniylə, 19-cu əsrin sonlarında rəssamlıqda yaranan kluozonizm və bütünlükdə kluozonizmdən çox az fərqlənən sintetizm cərəyanı həm El Salahinin fikirlərinin, həm də ümümilikdə xətlərin foto və rəsmlərdə nə qədər vacib amil olduğunu təsdiqləyir.
“Classic color” 2020.
Kluazonizmdə rəssam rəsmini qapalı xətlər ilə çəkir, aralarında fərqli rənglər qoyur, müqayisə bir rəngdən önə çarpan digər bir rəngi yaradır, beləliklə rəsmi rəngləndirir və rəng rəngi çəkir…
Əlinin çəkdiyi rəng kompozisiya fotolarında isə, fotoqrafik rəng çəkilməsi baş verir. Digər adı ilə desək, rənglər tamamlanıb xüsusi monokrom hadisəsinə çevrilir.
“Parelel” 2020
Parelelləşdirmə fotolarında təbii və düzülməmiş geometrik ünsürlərdən istifadə etmək İngilis incəsənətindən gələn və kifayət qədər də gedilmiş yoldur. Təbiətin yaratdığı simmetriyalardan asimmetrik məsafəli parelelləşdirmələr aparıb təbiəti “olduğu kimi”dən müxtəlif şəkillərə salmaq, digər tərəfdən də onu “yabanı”laşdırmaqdan uzaq tutmaq məqsədi daşıyan bu fotolar daxilində dilemma olan pitoresk mənzərəsi yaradır. Bu parelel tərəfləri həm bütünləşdirmək cəhdidir, həm də ayırmaq.
“Parelel” 2020
Həndəsə fiqurları başqa bir şeyi simvollaşdırmır və təsvir etmir, bizə heç bir duyğu və ya məlumat vermir. Bu paralelləşdirmə hər iki görüntünün birləşməsinin gözlənilməz təsirlər yaratdığı rəng və məkan araşdırmasıdır: hərəkət, sükunət, dərinlik.
“Bakı metrosu” 2019.
Fotoqrafın Bakı metrosunda çəkdiyi bu foto, fikrimcə, fotoqrafın çəkdiyi ən gözəl fotolardan biri, bəlkə də birincisidir. Tək bir kadr daxilində müxtəlif anlamlarda anlaşıla bilən fraqmentlərlə dolu bir sujet: görüş ustalığı, “aqqlyutinasiya” adlanan, real həyatda bir-biri ilə birləşməyən müxtəlif keyfiyyətli, xassələri, hissələri birləşdirilərək yeni bir sürətin yaradılması, tipik şəraitdə üzə çıxan və şəxsiyyətin bu şəraitə olan münasibəti ilə müəyyən olunan spesifik psixoloji xüsusiyyətlərinin məcmusu – xarakter anlayışı və ümumilikdə usta fotoqraflıqla hazırlanan psixoloji insan heykəli.
Master-klass!
Mövzuya uyğun linklər: