Edebiyyat.az » Ədəbi tənqid » Azad Müzəffərli - Dərd Qayası

Azad Müzəffərli - Dərd Qayası

Azad Müzəffərli - Dərd Qayası
Ədəbi tənqid
admin
Müəllif:
11:03, 10 sentyabr 2020
1 422
0
Azad Müzəffərli - Dərd Qayası






         (Əbülfət Mədətoğlunun “ancaq O” kitabı ilə bağlı düşüncələr)

         “COVİD-19” adlı kabusun bizləri ev dustağına çevirdiyi indiki dövrdə ələlxüsus da qələm əhli daha çox kitablara üz tutur. Həmin baxımdan dostum, tanınmış şair-puplisist, Əməkdar jurnalist Əbülfət Mədətoğlunun bu günlərdə mənə hədiyyə etdiyi, “Adiloğlu” nəşriyyatında yenicə çapdan çıxan  “ancaq O” adlı kitabı da lap yerinə düşdü. O, bu dəfə də oxucuları ilə görüşünə əsasən “Bir qadına” silsiləsindən say-seçmə seirləri ilə gəlib. “Yeni səs” saytının baş redaktoru Fəridə xanım Rəhimli Əbülfət Mədətoğlunun növbəti kitabının redaktorudur. Onun kitaba ön söz əvəzi yazdıqları oxucuları xəyallar dünyasına səsləyir: “ancaq O” yaşanmış, yaşanan və yaşanacaq duyğuların özü və pıçıltılarıdır... “...ancaq O”-nu oxuyun!.. Yaşadıqlarınızı yenidən yaşayın, yaşayacaqlarınızın xəyalını qurun...düşünün...  Doğrudan da elə kitabın girişindəki, Əbülfətin sevgisinin himni təsiri bağışlayan “ancaq O” şeiri səni xəyalllar dünyasına qanadlandırır...

                   Dan üzüm, aylı gecəm

                   Onsuz heç kiməm, heçəm!

                   Bir də doğulub seçsəm –

                   Ancaq O!

                 

                   Haqqın yerdə zərrəsi

                   Ruhun şehli – tər səsi!

                   Ürəyimin pərdəsi –

                   Ancaq O!

        Əbülfət Mədətoğlunun istənilən kitabını əlinə götürməyinlə poetik ovqata köklənməyin bir olur. Onun şeirlərinin bədii-estetik dəyəri ölçüyəgəlməzdir. Anındaca gözlərin önündə kədər dəryasının mahir qəvvası canlanır. Şeirlərdəki dərindən də dərin emosional qat maqnit kimi səni çəkir. Poetik həzinliklə  – lal nəğmələrlə baş-başa qalırsan. Onun şeirləri həm kllasik dövrün, həm də bu günündür...

                   Bağçamdakı güllərin

                   Ləçəklərin də saydım...

                   Çiçək kimi qızların

                   Göyçəklərin də saydım –

                   İlk sənin adın oldu...

       Əbülfət Mədətoğlu yaradıcılığının özəlliyi ondadır ki, qələm əhlindən kimsənin çığırına gözaltı belə nəzər yetirməz, eləcə də, kimsə də onun ləpirlərinin izinə belə düşə bilməz. Şeirlərindən bəllidir; dünyadan adi insani istəklərdən savayı fövqəladə heç nə ummaz. O, pıçıltılarını, etiraflarını, iç dünyasında yaşadıqlarını gündəlik bölüşən yeganə şairdir. Əbülfət müəllim Dərd Qayasıdır, bu qayadan ovulan qum dənələri nəzmə çəkdikləridir, bu nəsnələr təkrarsızdır. O, dərdlə əzəldən qolboyundur. Onun şeirləri gah dağlardan boylanır, gah da buludlardan ələnir...

                  Mən seçmədim, özü tapdı, bəyəndi

                  Ürəyimin düz əyninə gəldi dərd...

                  Göbəyini mənlə kəsdi həsrətin –

                  Nübarın da elə özü dərdi, dərd!

       Azərbaycan dilinin şəhdi-şirəsi Əbülfət Mədətoğlunun şeirlərinin mayasındadır. Onun qələmə aldıqlarını oxuduqca doğma dilini daha dərindən bağrına basırsan. Bu dilin imkanlarının sərhədsizliyi ilə üzbəsurət olursan. O, elat “dili”nin də mahir bilicisidir. Əslində, bu şeirlər Azərbaycan türkcəsinin dolğunluğuna şəkk gətirənlərə danılmaz cavabdır. Şairin sözlə davranış məharəti həsəd doğurur. Ən əsası, onun öz ana dilinə sevgisinin “O”na bəslədiyindən qətiyyən əksik olmadığına şəkki-şübhən qalmır...

                  Yorulmuşam kədəri

                  Əynimdə daşımaqdan...

                  O da bezibdi məni –

                  Çiynində daşımaqdan...

 

                  Biz, dil tapa bilmədən

                  Bir ömürə şərikik...

                  Eyni naxış – ilmədən

                  Qoşalaşıb gəlirik...

   

       Əbülfət Mədətoğlunun şeirləri fəlsəfi çəkisi ilə də diqqəti çəkir. Onun yazılarında kəlamlar sıralanıb. Dədə Qorqud ruhu cövlan edir onun yaradıcılığında. Dərsliklərə salınası xeyli şeiri var, həm bədii dəyərinə, həm də doğma dilimizi maksimum ehtiva etdiyinə görə...

                    Mən səhəri göy üzündə açmışam

                    Ulduzları saya-saya baxışla...

                      Hörüyünə bir bənövşə taxmışam –

                      Yuxudaydın... oyatmadım... bağışla...

        Şair yurd həsrətinə də sinə gərməkdə dözümü “O”ndan alır. Həqiqətən tarixə düşəcək bir sevgidir Əbülfət Mədətoğlunun məhəbbəti. Ömürün müdriklik çağında da  seçiminə bir daha haqq qazandırır. Səhəri dirigözlü açanda da duası “O”nadır. Qibləsi sevgidir. Dan üzü onun  üçün sevgi ilə sökülür. Günəşin al şəfəqləri onun eşqinin cığırlarıdır. Məhəbbətdə Füzuli sevdasından xeyir-dua alan Əbülfət Mədətoğlu artıq özü də bu yöndə əzəmətli yol salıb. Sinəsi sevgi gündəliyidir. Onun eşqi öləzimək nədi, əksinə, getdikcə daha da gurlaşır. Bu eşq tonqalının alovunun dilimləri şahə qalxır. Bu, bahar tonqalıdır, sevgi ətirli. Əbülfət Mədətoğlunun eşqi bahardan savayı fəsil tanımır. Bax, onun sözdən don geyinən sevgisinin əzəməti, bənzərsizliyi bundadır. Qələmə aldıqlarının ətri tükənməzdir, təravəti də bir an belə əksilməz. Bizə Əbülfət Mədətoğlu kimi söz xiridarını, sevgi timsalını yetirən həm də “O”dur.  Şair pıqqa-pıqq qaynayan eşq tiyanında ucsuz-bucaqsız okean təkin o baş-bu başa sözlə avar çəkməkdədir...

                      Ruh ki, kükrədi, coşdu

                      Əzabları da xoşdu!

                      Cənnət gerçəksə, boşdu –

                      SEVGİSİZ!

        Qələmi bircə gün belə əldən qoymayan, mürəkkəb əvəzi sevgisinə tuşlayan Əbülfət Mədətoğlunun yazdıqları qətiyyən kəsərdən düşmür bu qədər məhsuldarlığın qarşılığında. Şair sözlə artıq “O”nun timsalında daha bir nadir sevgi əfsanəsinin heykəlini ucaldıb. O, öz yaradıcılığı ilə çoxdan sübut edib ki, sevgidən yoğrulan Tanrı fəlsəfəsinin xiridarlarından biridir. Əbülfət Mədətoğlu sözdən elə sevgi xalıları toxuyur ki, onların naxışları təkcə Qarabağ mahalını ehtiva etmir, əslində bütün, lap bütöv Azərbaycana məxsusdur. Bu qələm əhlinin yaradıcılığı səmimiyyət bulağıdır, qətiyyən lillənməz. Onun şeirlərinin əksəriyyəti bir gecədə göyərir, poeziyasının sirri-sehrinə düşməmək mümkün deyil...

                       Varlığına səcdə varsa,

                       Səcdəgah Allah, həm yarsa...

                       Məni bu sevgi aparsa –

                       Nə gözəl!..

        Əbülfət Mədətoğlunun yurd həsrətli şeirləri də təkrarsızdır, anbaan yaşantıların bədii biçimdə görüntüləridir. Həmin qəbildən şeirləri əksər hallarda  həmkarlarınkını kölgədə qoyur. Bu, reallıqdır. Təsəvvür edin, milyonu ötən qaçqını, məcburi köçkünü olan bir məmləkətdə kimsə bu şeirlərə biganə qala bilməz. O cümlədən qaçqınların, məcburi köçkünlərin özləri belə şairin yurd həsrətinin dərinliyinə və yüksək əyarına heyrətdə qalırlar...

                         Əriyir ömrüm, yaşım da,

                         Əriyir dağım, daşım da!

                         Papağım düşmən başında –

                         Bakıda papaq gəzirəm!..

         Doğma yurdu bağrına basmaqdan yorulmur. Onun yurd həsrəti dərindən də dərindir. Bu da təsadüfi deyil, onu yaxından tanıyan dost kimi əvvəlki yazılarımın birində bu barədə demişdim. Axı, Əbülfət Mədətoğlunun indiki yurd həsrəti əvvəlki nəsillərinin Qərbi Azərbaycanla  bağlı nisgilinin üstə qərar tutub. Şairin əsli Naxçıvan və indi yağı düşmənin özünə “Vətən” elədiyi ellərimizə qədər gedib çatır.  Onun yurd həsrətinin şiddəti həm də bu reallıqdan qaynaqlanır...

                        Gör necə duman var, gör necə çən var

                        Ruhumun oxşarı – gör neçə tən var...

                        Tay deyə bilmirəm ana, Vətən var –

                        Gedə bilmirəmsə, mən necə deyim?..

      Ömrünü yüyənsiz, yəhərsiz illərə bənzədən, bu ömrün yalmanına heç cür yata bilmədiyini hayqıran şair ruhuna dağları birər-birər hopdurub. Xatirələrin ətrindən doymaq bilməyən, düşüncələrin çətirinə sığınan Əbülfət Mədətoğlunun doğmaca kəndini bağrına basmadığı gecə-gündüz yoxdur. Sinninin bu çağında da şair hələ də kənd uşağıdır. Vaxtilə dəcəlliyin dadını doyunca çıxarıb, mal-qara da, davar da otarıb, quzu səsləyib. Şəlalə altında yuyunub, ağacların ən hündür budaqlarına yüyürə-yüyürə çıxıb. Böyüklərin qarşısında elimizin adət-ənənəsinə uyğun daim müntəzir olub, bu hələ də canında-qanında olduğundan lap elə bu yaşında da belədir...

                       Dizim torpaq yalayıb

                       Dırnaqlarım şum edib...

                       Dərdlər məni üyüdüb –

                       Qaya idim – qum edib...

       Şair yurd həsrəti ilə sevgini tərəzidə elə taraz yerləşdirir ki, məəttəl qalırsan. O, fəzilətlər labrintində var-gəl eləməkdən yoruldum demək bilmir. Təbi Tanrıdandır. O, “SÖZ” ün ocağını gündəlik körükləyən şairlərdəndir. Gün ərzində “SÖZ”lə qurşaq tutmaqdan yoruldum demək bilmir. Onun əsasən üç-dörd bəndlik şeirlərinin xeylisində bir poemanın yükü var...

                      Hər an azalsa da səbir, dözüm də

                     Cənnət bu dünyadı – Sənlə, gözümdə!

                     Elə gizlətmişəm Səni özümdə -

                     Təkcə Allah görür, bir də ki, ruhum!

           Əbülfət Mədətoğlu eşqini köksündə dünyaya göz açdığı, daxili dünyasına sinirdiyi dağlardan əxz eləyib. Ona görə də o, sevgiyə daim başlı qarlı uca zirvələrdən boylandığından onun məhəbbəti pakdır, safdır, müqəddəsdir və müstəsnadır!!! 

                     Açıq qapı, ya pəncərə...kim döyər

                     Kim sevgini Əbülfəttək, de, öyər?!

                     Səni belə niyə sevdim, kim deyər? –

                     Bunu özüm sirr bilirəm hələ də!..

       Həyat yoluna sevgisi gur işıq saldığından illərin də onun yaddaçından nəyisə silməyə gücü çatmır. Xatirələrini alovlandırdığı tonqala kösöv əvəzi tolazlayan şair bəzən ürəyini adicə bir məktuba da bükmək qüdrətində olur. Bu, nadir insanların, qələm əhlinin çəkə biləcəyi yükdür...

                      Bir məktub

                      yazmaq istəyirəm

                      özü də kağızsız...

                      qələmsiz...

                      Və

                      həm də sözsüz...

                      kəlamsız...

                     Onu alan kimi

                     oxuyacağını

                     bilirəm,

                     hətta,

                     oxuyub kövrələcəyinə də

                     içimdə,

                     bax elə indidən –

                     sevinirəm...

                     Çünki,

                     o məktuba

                     ürəyimi bükəcəyəm!..

                     Və...

                     qəfil gəldi ağlıma

                      bu sual –

                      indi,

                      de görüm mənə,

                      bəs, o məktubu sənə

                      necə göndərəcəm?!

     Əbülfət Mədətoğlunun ruhu daim Göylərdə cövlan elədiyindən Yerə sığmayan şair olsa da, təvazökarlığı əskilməz, döşünə döymək onluq deyil. Dağların vüqarından dərib qürurunu. Onun yaradıcılığında süniliyə, pafosa qətiyyən yer yoxdur. Şeirlərinin əksəriyyəti pıçıltılarından qaynaqlanır. Yaxından tanıyanlar bilir, o, susanda da danışır, qulaq kəsilə bilsən pıçıltılarını mütləq duyacaqsan. Şeirlərinin əksəriyyəti gecələr doğulur. Dərdləri ilə pıçıldaşmaq şakəridir. O, Tanrıdan dərs alan kəslərdəndir...

                     Heç nə yaza bilmədim,

                     göynədi vərəq – sinə...

                     Unutdum... və getmədim –

                     Tanrının son dərsinə...

         İnanın, mənə elə gəlir ki, Füzuli sağ olsaydı, Əbülfət Mədətoğlunun şəxsində mütləq indiki dövrün Məcnununu sözlə heykəlləşdirərdi. Bəlkə də, ustad şair artıq bunu ruhu ilə qələmə alıb, nə bilmək olar?! Həmin Məcnunun Leylisi isə Əbülfətlikdir, onun yaratdığıdır! Eşqin etalonu səviyyəsinə yüksələn Füzuli də, məncə, bununla birmənalı razılaşardı...

                    Tellərin uzanan yolum

                    Burulub qayıdır sənə...

                    Hər yandan Məcnun bu könlüm

                    Vurulub qayıdır sənə -

                    Dəlisi olduğum Qadın!

        Ədalət naminə, onu da deməliyik ki, Əbülfət Mədətoğlunun say-seçmə şeirlərinin kölgəsində qalan poetik nümunələri də var. O, əksər şeirlərini “ütüləmədən” nəzmə çəkir. Di gəl, bu anlaşılandır. Ən azı yurd həsrəti, hələ də yağı düşmənin tapdağında olan torpaqlarımızın ağrı-acısından qovrulan şairin gündəlik olaraq qələmə sarılması başa düşüləndir. Bu, mahiyyətcə məhsuldarlığa dəlalət etmir. Sadəcə, o, qismən də olsa, bu yolla ovunur, ümidini körükləyir. Ucsuz-bucaqsız eşq dəryasındakı yaşantıları da ona aman vermir. Danılmaz reallıq isə odur ki, ədəbi tənqid Əbülfət Mədətoğluna münasibətdə hələ də səsini qısır. Təəssüf ki, Azərbaycan ədəbi səltənətinin azmanlarından, ustad yazıçı Elçinin “Əbülfət poeziyasının bədii-estetik səviyyəsi ədəbi prosesin faktına çevrilməyə layiqdir!” kəlamı da ədəbi tənqidçiləri qədərincə yerindən dəbərtməyə yetmədi. İnşallah!!!

       Əbülfət, qardaş, sənə bolluca səbir, ən azı yurd həsrətinə son qoyulmasını və Tuğda da qələm çalmağını arzulayıram!

                                            

Ctrl
Enter
ohv tapdınız?
Ctrl+Enter sıxıb bizə bildirin
Müzakirə (0)