Edebiyyat.az » Palitra » Gennadi Brijatyukun şərqli ruhu

Gennadi Brijatyukun şərqli ruhu

Gennadi Brijatyukun şərqli ruhu
Palitra
Necef Esgerzade
Müəllif:
12:09, 13 fevral 2020
2 871
0

Rəssamlıq məkanında hamı ona sadəcə «Gena” deyər, elə bu adla da soraqlayardılar. Vəzifəli adamlara müraciətdə „Siz”siz ötüşməyən bizlərin Tanrı kimi ucalığa “Sən” deməsində gizlənən sirrin səbəbini Gennadini „Gena”laşdırmağımızda tapdıq. Əslində, Genanın özünə də ona çox quru və rəsmi görünə biləcək “Siz”dənsə, səmimiyyətə və doğmalığa bələnmiş sadəcə „Gena” deyə çağırılması daha xoş idi. Təzadlarla dolu ömrünün gecəsini-gündüzünü emalatxanasında keçirən və bütün varlığını sənətə həsr edən, rənglərlə “nəfəs” alan rəssam təbii ki, „Siz”sizliyə öyrəşmişdi. Gennadi Brijatyuk
O, nə Van Qoq kimi qardaş pulu hesabına yaradıcılıq axtarışlarını davam etdirmiş, nə də Pirosmani kimi bir qarın yeməyə əsərlərini dukan-qəlyanaltı sahiblərinə satmışdı. Çox vaxt emalatxanasında əsərlərin azlığı və yaxud ümumiyyətlə, yoxluğu da müştərilərin buna imkan vermədiklərinin, tamamlanmış əsərlərini dərhal, “isti-isti” almaları ilə bağlı idi...
Rəsmi sənədləri əsas götürməli olsaq, onda söhbətin Nizami yurdunda dünyaya göz açmış tanınmış rəssam Gennadi Demyanoviç Brijatyukdan (1935-2008) getdiyini deməliyik. Məşhur „Əzimzadə məktəbi”ndə (1953-1958) oxuduğu beş il ərzində hamı onun elə də asanlıqla tələffüz olunmayan familiyasını pis-yaxşı dilə gətirməyə adət etsə də, məktəbin direktor müavini Ağabala müəllim əvvəldən axıra kimi yarıciddi –  Təhsilsonrası yarım əsr ərzində – yaradıcılığa başladığı 1958-ci ildən həyata “Əlvida” dediyi 2008-ci ilə kimi də Gennadi Brijatyuk Ağabala müəllimin arzuladığı „davranış çərçivəsi”nin əsiri olmadı. Yaşadığı cəmiyyətdə heç kim ona təsir göstərə bilmədi… Başqa sözlə desək, əvvəldən axıra kimi yazılmış həyat və sənət qanunlarını pozdu və sonda da Azərbaycan təsviri sənətində çox dərin iz qoyub getdi. Bu gün çoxlarına sönmüş kimi görünən bu “mənəvi ocaq” isə əsl „Brijatyuk dünyası”nın dəyərini bilən bir çoxları üçün həm onun sağlığında, həm də sonradan bədii axtarışlarında yolgöstərici oldu. Çağdaş rəngkarlığımızın tanınmış simalarından çoxunun gerçəkliyə, milli bədii-estetik dəyərlərə və rəng plastikasına münasibətlərində “Brijatyuk  ruhu” görünməkdədir. Əsərlərinə Azərbaycan Milli İncəsənət Muzeyində yer tapılmasa da, onun çağdaş rəssamlığımızın milli ruhda inkişafına böyük təsiri oldu...
»Gennadi Brijatyuk sənəti”nin gücü nədəydi? Niyə SSRİ-nin böyük şəhərlərində məşhur sovet rəssamlarından dərs alıb Bakıya dönən gənclər başqalarına yox, ona meylli idilər? Onun yalnız məşhur "Əzimzadə məktəbi”ndə aldığı təhsillə Azərbaycan rəssamlıq məkanında sözün əsl mənasında «at oynatması”nın səbəbi nə idi? İstər kefli, istərsə də ayıq vaxtlarında eyni şövqlə və sənətkarlıqla rəngi – rəngə calaması bir çoxlarını sözün əsl mənasında çaşdırmışdı. Bəziləri onun hansı içkiyə daha çox üstünlük verdiklərində nəticə görüb, emalatxanalarında „Genasayağı” süfrə düzəltsələr də, kətanı onun kimi ram edə bilməmişdilər. Sona qədər də bir gündə bəzən iki – üç tablo işləyən Genadakı mənəvi gücün qaynağını tapa bilmədilər, çünki, əksəriyyəti rəssam yox, şəkil çəkən idilər. Obrazlı dillə desək, onun başmağını geysələr də, yerişini yeriyə bilmədilər. Çünki, Gena bütün mənalarda başqa cür idi, təkrar olunmazdı...
Gennadi Brijatyukun əsərləri
 Doğrudan da Gennadi Brijatyukun Azərbaycan rəngkarlığında elədiyi “rəng sehrbazlığına” şərh vermək çox çətin məsələdir. Yaradıcılığı boyu əsərlərində özünün dünyaya gerçəkçi – realist baxışının klassik tutumu ilə yanaşı, miniatürsayağı ümumiləşdirmələr sərgiləyən və ən nəhayət, onu əhatələyən məkana mücərrədçi gözü ilə baxan Gennadi Brijatyukun estetik saxlancından duyulası milli – şərqli ruhu „süzülməkdə” idi. Özündə müsəlman-şərqli dəyərlərinin olduğuna heç vaxt şübhəsi olmayan müxtəlif yaşlı azərbaycanlı rəssamların ifadə edə bilmədiklərini bir xristian balasının çox rahatlıqla həyata keçirməsini nə ilə izah etmək olar?  Əsərlərinin rəngarəngliyi duyulan “estetik xəritəsi”nin rəngi və ruhu təbii ki, Azərbaycanda gördüyü mənəvi dəyərlərdən, udduğu havadan və içdiyi sudan şirələnmişdi. Bu qədər milli və mütərəqqi görünən Gennadi Brijatyukun gəncəli çılğınlığında, abşeronlu zəhmətkeşliyində, şirvanlı şairliyində də bütün həyat və yaradıcılığı Azərbaycanla bağlı olan sənətkarın burada gördüklərinə dərin hörmət və ehtiramının təsiri vardı…
 
Azərbaycan rəssamlığında mövcudluğu bütün mənalarda müasirləri üçün çox maraqlı olan yaradıcılarından biri də Gennadi Brijyatyuk olmuşdur, desək, yanılmarıq. Zamanında haqqında həmkarları arasında Səttar, Mircavad, Əşrəf və digərləri kimi ən müxtəlif məzmunlu əhvalatlar dolaşan Genanın portret cizgiləri duyulası dərəcədə təzadlı, bəlkə də gözlənilməzdir. Onunla ünsiyyətdə olan çoxsaylı insanlardan topladığımız bu „cizgi məcmusu”nda nələr yoxdur?  Eşitdiklərimizin qarşılığında gözümüz önündə rəssamın həm nəzakətli və mülayim, incə və ziyalı, mehriban və ünsiyyətli, dinməz və ədəbli, eləcə də iradəsiz və üzüyola, özünəinamlı və təkəbbürlü, dikbaş və iddialı və kefcil  obrazı yaranır...
 Bir adam üçün bəlkə də çox görünə biləcək bu portret cizgilərinin bir varlıqda cəmləşməsi qənaətimizcə, onun mənəvi tutumunun mürəkkəbliyi ilə bağlı ola bilərdi. Onu da unutmayaq ki, bunların hamısı bir yox, çox müxtəlif adamların subyektiv qənaətləridir. Bu səbəbdən onu bu gün insan və rəssam kimi səciyyələndirmək, hansısa hökmü vermək elə də asan məsələ deyil. Bununla belə, eşitdiklərimiz və topladıqlarımız bizə müəyyən qədər onun obrazının müxtəlif çalarlarını təqdim etməyə imkan verdi. Gəldiyimiz ilk və bəlkə də ən başlıca qənaət odur ki, o,  doğrudan da dünyaya rəssam, özü də məhz belə bir rəssam olmaq üçün gəlmişdi...
Gennadi Brijatyukun yaratdığı çoxsaylı əsərlərin bədii məziyyətlərini dəyərləndirməli olsaq, onda onun müxtəlif janrları əhatə edən əsərlərində əksər mütərəqqi “izm”lərlə səsləşən xüsusiyyətləri görə bilərik. Onun əsərlərini, o cümlədən də mənzərələrinin Azərbaycan rəngkarlığı üçün yenilik – hadisə kimi qəbul olunmasını şərtləndirən başlıca amil isə heç şübhəsiz həm də onun fərqli məkan konsepsiyasını yaratması ilə bağlıdır. İnkar etmək olmaz ki, onu özünəməxsus bədii qənaətə gətirib çıxaran nəticə, həm də dünya rəssamlığında ona qədər mənzərəyə olan münasibətin yaradıcılıqla analiz edilib, özününküləşdirilməsi ilə əlaqədardır.
İnsan psixologiyası ilə rəngin birbaşa əlaqəsini yaratmağa çalışan Gennadi Brijatyukun portretlərində rəng çox vaxt rəmzi əhəmiyyət daşıyırdı, rəssam başlıca olaraq yaşantılarını ifadə edirdi. Çoxsaylı insan hisslərini rəngkarlıq dilinə çevirmək, onu daha ekspressiv, gah da zərif – duyğulandırıcı tutumda ifadə etmək onun əsas məqsədi idi. Onun üçün görünənlər də onların dəqiq əksini yaratmaq üçün yox, özünü ifadə etmək üçün gərəkdi. Bu onun bədii proqramı idi. Bunun təzahürünü onun ən müxtəlif janrlı əsərlərinin, o cümlədən də, portretlərinin timsalında görmək olar…
Gennadi Brijatyukun sayca o qədər də çox olmayan süjetli kompozisiyaları haradasa klassik tələblər çərçivəsinə sığışmayandırlar. Başqa sözlə desək, o, bunları bir çox rəssamlarda olduğu kimi süjetli tablo tutumu daşımaq üçün yox, duyğularını ifadə etmək üçün çəkmişdir. Odur ki, onların bəzilərini istisna etsək, qalanlarında müxtəlif janrlara da aid edilə biləcək bədii məqamlar çoxdur. Kompozisiyaların ən müxtəlif mövzuları əhatə etməsi isə, bilavasitə G.Brijatyukun dünya və onun əbədiliyi birmənalı olan etik-estetik dəyərlərinə özünəməxsus münasibətinin nəticəsidir...
Gennadi Brijatyuk gələcəyin rəssamı olmağa və buna müvafiq əsərlər yaratmağa çalışırdı. Çəkdikləri də iç dünyasından qaynaqlananlar idi. Onun Azərbaycan təsviri sənətində hadisə sayıla biləcək yeni rəngkarlığı da təkcə rənglə yox, həm də fədakarlıq, tez-tez paralanan ürək yaşantıları hesabına yaranırdı. Elə onun rəngkarlığındakı ruhi gərginlik də rəssamın onun hər şeyi yaradıcılıq naminə qurban  verməyə gətirib çıxarmasının nəticəsi idi. 
 
Azərbaycan incəsənətinə verdiyi əvəzsiz töhfələrin yalnız 57 yaşında – onun sənətini sevənlərin Rəssamlar İttifaqının rəhbərliyinə gəlişindən sonra dəyərləndirilməsi (ona 1992-ci ildə „Azərbaycan Respublikasının əməkdar rəssamı” fəxri adı vermişdilər) də onun yox, bunu vaxtında etməyənlərin günahı idi...
Ona ayrılmış yetmiş üç illik ömür payının bu gün görünənləri zamanında istənilən qayğını göstərə bilmədiyi bir – neçə övladı və sayını dəqiq bilmədiyimiz əsərləridir. Onların da çox az bir qismi Azərbaycan muzeylərində, əksəriyyəti isə yerli və xarici ölkələrdəki (Böyük Britaniya, Fransa, Türkiyə, Rusiya, İtaliya, Almaniya, ABŞ və s.) nüfuzlu şəxsi kolleksiyalardadır.
Qənaətimizcə,  yaradıcılığını zamanla bədii mükaliməyə həsr edən rəssam bütün ömrü boyu zahirən tək görünməsə də, əslində  mənəvi-psixoloji baxımdan çox yalqız idi. Məşhur “Xalq birləşəndə, yaradıcı adamlar təklənəndə güclü olurlar” deyiminə tapınsaq, onda Gennadi Brijatyukun da həmişə təkliklə baş-başa qaldığını söyləyə bilərik. Elə yaratdığı bənzərsiz sənət dünyası da bu TƏKLİYİN nəticəsidir...
 
Müəllif: Ziyadxan Əliyev Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktor
Mənbə: artkaspi.az

Ctrl
Enter
ohv tapdınız?
Ctrl+Enter sıxıb bizə bildirin
Müzakirə (0)