Edebiyyat.az » Proza » Nemət Mətin - Gizlənqaç

Nemət Mətin - Gizlənqaç

Nemət Mətin - Gizlənqaç
Proza
nemət
Müəllif:
21:18, 16 mart 2020
1 626
0
Nemət Mətin - Gizlənqaç

 



 

Yazın ayağı gəlmişdi. Havada ürəksıxan soyuq hökm sürürdü. Yarpaqlar qocalmışdı. Sümüklərinə kimi xırçıldayan yarpaqlar solğun rəng alsa da, Tapdığın gəzdiyi bağçada göz oxşayırdılar. Hər fəslin öz gözəlliyi var. Payızda adam ağlamaq istəyir. Ayrılıq fəsli deyirlər payıza. Tapdıq yenə, hər bazar olduğu kimi, köhnə BMV-sinə minib Masallıya yollanmışdı. Ağacların sıx olduğu yerə çatmamış maşını saxlayıb meşəyə baş vuran Tapdıq hər kəsdən gizli iş görürdü. O, oyun oynamağa gəlmişdi. 

***

- Bəli, düz eşitdiniz, möhtərəm hakim. O, oyun oynamağa gəlmişdi. Hər bazar şələ-küləsini yığıb meşəyə gedən Tapdıq gilənqaç oynayırmış.

Gülüşmə səsləri hakimin qulaqlarını cingildətdi. Və hakim əsəbiləşərək ədalət carçısı olan çəkicini stola vurdu.

- Sakit olun! Bir də səs gəlsə, hamınız çölə çıxacaqsınız. 

Zalı canalan səssizlik bürüdü.

- Davam edin!

- Oldu, cənab hakim! Mən 55 illik həyat təcrübəmdə belə adam görməmişəm. Tapdıq bəy hər bazar günü Masallının meşələrində gizlənqaç oynayırmış. Maraqlısı budur ki, Tapdıq tək oynayırdı. Kimisə axtarır, qaçır və həmişə də gözəgörünməz rəqibinə uduzurdu. Bildiyiniz kimi, onun oynadığı meşədən insan cəsədi tapılıb. 12 yaşında qızı 4 ildir tapa bilmirdik. Bütün ürək ağrısı ilə qeyd edirəm ki, onun sağ olmasına son günədək inanırdıq. Cəsədi görən kimi anası tanıdı. Ekspertin rəyinə görə isə uşağı boğub öldürüblər. Sonra isə Tapdığın oynadığı ərazidə basdırıblar. İndi ortaya bir sual çıxır. Tapdıq niyə məhz həmin yerdə gizlənqaç oynayırdı?

 

***

 On

Doqquz

Səkkiz

Yeddi

Altı

Beş

Dörd

Üç

İki

Bir

Açdım qaç,

Gizlən qaç.

Gizlənməyən yekəbaş...

 

“Hardasan?” – Tapdıq gözəgörünməz dostunu axtarırdı. Gah qaçır, gah tullanır, gah da gülürdü. Bazar günü qar da yağsa, tufan da qopsa Tapdıq dostunu tapmağa gəlirdi. Həmişə uduzduğu üçün özü yumurdu gözünü. 

 

***

 

Hakim vəkilləri, şahidləri dinlədikcə suallarını verirdi. Nəhayət, Tapdığa söz verildi. O, utana-utana kürsünün qarşısına gəldi. İlk dəfə idi məhkəmə prosesində iştirak edirdi. Üstəlik günahlandırılan qismində. 

- Siz, 12 yaşlı qızı tanıyırdınız?

- Cənab hakim, mən etiraf etmək istəyirəm!

- Buyurun!

- Qızı mən öldürmüşəm. O, məsum uşağı mən boğmuşam.

Tapdıq danışdıqca başı aşağıya doğru gedirdi. Sanki tutduğu əməldən utanaraq yeri yarıb yavaş-yavaş içinə girirdi. 

Zalı uğultuqarışıq pıçıltı bürüdü. Hakim sakitlik tələb edəndən sonra bütün fikrini toplayaraq, hətta dünən tanış olduğu gözəl xanımla bu gün məhkəmədən sonra planlaşdırdığı görüşü unudaraq Tapdığa baxdı. Təkcə hakim deyil, bütün vəkillər, polislər, məhkəmə prosesini izləməyə gələn vətəndaşlar Tapdığa baxırdılar. O isə yerə zillənmiş gözlərini qaldırmadan davam elədi: 

- Dörd il öncə həmişəki kimi meşəyə gizlənqaç oynamağa gəlmişdim. Gizlənqaçı qızımla oynayıram. Onu illər öncə itirmişəm. Onun ən böyük arzusu Masallı meşəsində mənimlə gizlənqaç oynamaq idi. Məktəbdə rəfiqəsindən eşitmişdi. Atası ilə rəfiqəsi Masallıya getmişdilər. Orada nəfəsləri kəsilənə qədər gizlənqaç oynamışdılar. Xoş bir günümüzü qızımla bir-birmizə danışmışdıq. Qızımı itirəndən sonra, onun qəbri üstündə huşumu itirənə kimi ağladım. Özümə gələndə söz verdim ki, hər bazar günü Masallıya gedib meşədə onunla gizlənqaç oynayacağam. 

- Bəs, 12 yaşlı qızı nə üçün öldürmüsünüz?

- O, qızımın rəfiqəsi idi. Həmin hadisəni qızıma danışan rəfiqəsi. Parta yoldaşı... Məni elektrik stulunda kül olana kimi qızardın, boynuma kəndir keçirib asın... Amma mən rəfiqəsini hiddətdən deyil, məhz qızım darıxmasın deyə boğmuşam. Qızımın qəbrini açıb baxa bilərsiniz. Orada yoxdur. Onu da Masallı meşəsində tapdığınız qızın cəsədindən bir qədər aralıda basdırmışam. Qızım məni təkcə bazar günləri görürdü. Darıxmırdı. Qalan günlər rəfiqəsi ilə söhbətləşirdi.

 

***

 

Alma desəm, açarsan,

Armud desəm, qaçarsan...

 

Hava qaralanda Tapdıq yorğun halda maşınına oturub Bakıya tələsirdi. Gələn həftə yenə meşəyə qayıdaraq qızı ilə oynayacaqdı. Tapdıq maşının şüşəsindən ağacların ona əl yelləməsinə qarşılıq olaraq sağollaşırdı. Hərdən isə yağış yağanda məyus olurdu. Qızının ağladığını düşünürdü...

 

***

 

Məhkəmə hökmündən sonra Tapdıq dəlixanaya yerləşdirildi. Bir həftə sonra isə, bazar günü ürəyi partladı. 

Ctrl
Enter
ohv tapdınız?
Ctrl+Enter sıxıb bizə bildirin
Müzakirə (0)