Edebiyyat.az » Poeziya » Ələsgər Əhmədin "L-Fira" adlı şeiri ətrafında gəzişmələr...

Ələsgər Əhmədin "L-Fira" adlı şeiri ətrafında gəzişmələr...

Ələsgər Əhmədin "L-Fira" adlı şeiri ətrafında gəzişmələr...
Poeziya
admin
Müəllif:
19:11, 12 sentyabr 2020
2 148
0
Ələsgər Əhmədin "L-Fira" adlı şeiri ətrafında gəzişmələr...




Hər kərtənkələ tapdalayanda
Balaca dinozavr öldürdüyümə görə üzülürəm
Aramızda olmayan canlıların,
Dünyadan xilas olmaqlarına sevinib,
Boş yerə gülürəm

Ələsgər Əhmədin şeirləri zəncir halqalarına bənzəyir. Hər dəfə ağlına fikir gəldikcə qeyd edir. Sonra onları poetikləşdirərək bir-birinə keçirir. Beləcə şeir bütövləşir.
Aristotelin “Poetika” kitabında belə bir hissə var:

 “...Şairin vəzifəsi həqiqətən olub keçənlərdən deyil, ola bilən şeylərdən, daha doğrusu, ehtimala və ya zərurətə görə mümkün ola bilən hadisələrdən bəhs eləməkdir. Məhz, tarixçini və şairi [bir-birindən] fərqləndirən o deyil ki, biri vəznlərdən istifadə edir, o biri isə etmir: Herodotun əsərlərini nəzmə çəkmək olardı, bununla belə, onlar vəznlə də, vəznsiz də yenə tarix əsəri olaraq qalardılar: onları fərqləndirən budur ki, birincisi, həqiqətən olub keçənlərdən, ikincisi isə, mümkün ola bilən hadisələrdən bəhs edir. Buna görə də poeziya tarixdən daha fəlsəfi və daha ciddidir…”

 Qoqol “Ölü canlar” əsərini poema adlandırırdı. Ələsgər Əhməd isə uzun-uzadı yazdığı şeirlərə poema deməkdən çəkinir. Görünür gənclərin poemaya antipatiyaları var. Bəlkə də sovet vaxtı yazılan külli miqdarda poemalar insanlarda qıcıq oyadır. Hansısa rus şairinin sözüdür. O deyirdi ki, şeir iyirmi misradan çox olmamalıdır. Öz sehrini itirir. Amma Ələsgər Əhməd belə düşünmür. Poetik fikirlərinə qarşı xəsislik etmir. Ələsgər Əhmədin bir şeirini iyirmi hissəyə bölsən, Söhrab Sipehri, Ehsan Pərsa kimi şairlərin bir kitabı həcmində şeirlər alınar. Ələsgər aza qane olmayıb, çoxa tələsəndir. Yığcamlıq ürəyinə sakitlik gətirmir. Şair şeirlərində hərdən uşaq olur, hərdən böyük. Maksimumla minimum arasında oynayır. Orta traektoriya üzrə hərəkəti sevmir. Minimalizmi yaxına buraxmır.

İçimdəki uşağın qapısını qıfıllamışam,
Açarı da udmuşam.

Bu məqalədə şairin “L-Fira” şeiri ətrafında gəzişəcəyəm. Şeirdə sujeti tutmaq olmur. Sadəcə inqilab ruhlu şairin (şair - inqilab ruhlu olmasa yaza bilməz) etiraz dolu cümlələridir. Bir cümlə ilə şeiri ifadə etmək olmaz. Hər misranın altında nəsə gizlənib. 

“Sənin başdaşında şəkilin,
Mənim başdaşınla şəkilim oldu”

Şeir nümunələri kitabdan əldə etdiyi biliklərdən deyil, bir başa həyatdan götürülüb. Şair yaşamasa belə, təxəyyülündə o vəziyyətə baş vura bilir. Ona görə də təsirli alınır. “Başdaşı” mövzusunu yaşamamış olmaz. Ən azından şair dostu Məlik Cahan cavan yaşından intihar edib. 

Sumqayıtlı dostum uşaqlıqda,
Pişiklərin bığını kəsərmiş
Acını hiss etməsinlər deyə
Özü də kim?
Bayram universitetlərin, qurban tələbəsi
Üstü-başı qoxuludu

Ölkədəki təhsil sistemindən razı qalmayan şair xalqın görünən, üzdə olan səsidir. Həqiqətləri dünyaya car çəkməkdən əlavə, yatanları da oyatmaq yazan adamın işidir. Knut Vannequt yazan adamları bülbülə bənzədirdi. Şaxtada işləyənlər yaxşı bilər. O vaxtlar, hələ texnika inkişaf etməmişdi. Şaxtaya enməmişdən öncə bülbülü buraxardılar. Onlar təhlükəni öncədən hiss edərək bir növ xəbərdarlıq siqnalı kimi səs salırdılar. Ümumiyyətlə problem olmayanda yazmaq da olmur. 

Ayaqlar insanları qucaqlayır,
Getməsinlər deyə

“Gedəni saxlamazlar” tipli bəhanələr insan ömrünə yaraşmır. Gedəni elə saxlamaq lazımdır. Bəlkə də bu son gündür. Son dəfə onu qucaqlamaq, səndən olana sahiblənmək, sarılmaq, əl çəkməmək gözəl deyilmi? 

Bacım yaşasaydı,
Dayı da ola bilərdim.

İynəni dəri altına yeritməmişdən öncə həkim, tibb bacısı həmin yeri keyitmək üçün müxtəlif üsullar tətbiq edir. Ələsgər də bir şair olaraq oxucunu aram-aram keyləşdirir və elə bir yandırıcı iynə vurur ki, söz tapmırsan. 

Gücün buludlara çatır,
əlin aya da
təkcə tanrıya can borcun yoxdu
Nərminə də var,
Elinaya da.

Burada şair son illər baş verən problemlərə toxunur. Yəqin, adlardan anladınız. 

 “Üzülmə, ana
Bir də gördün oğlun,
Ayaqlarının altına yaxınlaşdı”

Cənnət ananın ayaqları altında olduğu üçün şəhid oğlu ona tərəf gəlir. “Ayağının altında ölüm” deyimi də buradan qaynaqlanır. Anaya xitabən deyilir. 
 Şeirdə belə hissələr çoxdur. Yəni, ayrıca müzakirə olunası. Amma bir yerdə uyuşmur. Hər zəncir halqası bir rəngdədir. Biri irqçiliyə, biri fahişəliyə, biri diktatorluğa, biri cəmiyyətə, biri vətənpərvərliyə hesablanıb. Olsun. Görünür Ələsgər fikirlərini cilalaya bilmir. Hər şeydən bir şeirin içində yazmaq istəyir. Oxucunun hisləri qarışır. Bir qapını qırx dəfə döyməkdənsə, hər qapını bir dəfə döyür. 
 Şair hələ axtarışdadır. Hər şeyi hər cür sınayır. Vaxt gələcək öz üslubu, öz yolu olacaq. Yaşıdları arasında ən öndə gedən şairlərdən olsa da, geniş miqyasda hələ öyrənəcəyi çox şey var.

Nemət Mətin
Ctrl
Enter
ohv tapdınız?
Ctrl+Enter sıxıb bizə bildirin
Müzakirə (0)