Edebiyyat.az » Poeziya » Aqil Yaşaroğlu - Yad qadına məktublar

Aqil Yaşaroğlu - Yad qadına məktublar

Aqil Yaşaroğlu - Yad qadına məktublar
Poeziya
admin
Müəllif:
12:50, 14 dekabr 2023
1 711
0
Aqil Yaşaroğlu - Yad qadına məktublar




Yad qadına məktublar


Bir-birini cəzb edən iki maqnitin əks üzüydük... 

Sən və mən-bir dünyaya sığan iki ayrı dünya kimi…

Sən açılan səhərdə məni salamlayan günəş, 

mən gecənin səssizliyində səni səsləyən tənhalıq oldum...

Sevgi harayı ilə gəldim sahilinə. 

Mən sahilində çırpınan balıq – 

ağuşuna can atıb həyata dönmək istəyən. 

Sən sahilindən məni qumsala çırpan dəli bir dalğa...

Mən reallıqlardan uzaqlaşmış xəyal, 

sən musiqi sədaları altında hüzünlü ritm.

Uyuşmadıq bir-birimizə…

Biz ikimiz təbiətə qarşı savaşan iki qasırğa… 

Bərabər ola bilmədik. 

İki tufan məhv etdi bir-birini. 

İki qasırğanı təbiət qəbul etmədi qoynuna...

İkimizdən birimiz sakitləşməliydik. 

Bacarmadıq…

İkimiz də söndük, ikimiz də yox olduq…



…bilmədim


Günahsız məhəbbətin gözlənilməz hədiyyəsi oldun, 

əldə edə bilmədim...

Üsyankar ruhun sadəlövh duyğusu oldun, 

özümü qəlbində yaşada bilmədim...

Xoş bir günün başlanğıcı oldun, günü sonlandıra bilmədim...

Günəşin ilıq nəfəsində gül açan ətirli bahar oldun, 

qoluma bağladığın zəncirləri qıra bilmədim...

Qırılan ümidin sızladan parçaları oldun, yenidən bərpa edə bilmədim...

Maraqla gözlədiyim kitab oldun, imzalada bilmədim...

Göz yaşları ilə dirçəlib ayaqda duran xanım oldun, 

donub qalmış əzablarını silə bilmədim... 

Qəlbimdən axıb gedən fikirlər oldun, onları toparlaya bilmədim...

Aydın və azad şəkildə sezilən göy qurşağı oldun, üfüqlərinə toxuna bilmədim...

Xoş bir anda ötüb keçən nağıl oldun, tuta bilmədim...

Məlum olmayan sevginin qırıntıları oldun, onları birləşdirə bilmədim...

Şirin gələn əzab oldun, xoş səsini duya bilmədim...

Dəhşət içində kədərə bürünən sevgi oldun, yaşaya bilmədim...

Məhvedici səadətə qərq olmuş röya oldun, həyat eşqini dilə gətirə bilmədim... 

Qaranlıqda işıqlanan parıltı oldun, sənə baxa bilmədim... 

Təkrarlanmış xoşbəxt bir yuxu oldun, 

nə qədər yatsam da görə bilmədim...

Başıma gələn ən gözəl əhvalat oldun, heç vaxt danışa bilmədim...

Sirli bir xanım oldun, mənasız həyatıma rəng qata bilmədim...

Təsvirəgəlməz ümid səhəri oldun, rəsmini çəkə bilmədim...

Bütün vücudumu lərzəyə gətirən ehtiras oldun, 

dolğun dodaqlarının həsrətində tükənə bilmədim...

Bütün gücümü özünə zəbt edən təmas xətti oldun, 

səni içimdə yara bilmədim...

Qəfildən gələn səs oldun, 

əhatələnmiş akasiyaların içindən səsini eşidə bilmədim...

Qəhqəhəylə gülən uşaq oldun, nazını çəkə bilmədim...

Hər yerə məskən salan kölgə oldun, 

günəşin istiliyində qollarında dincələ bilmədim...

Öləziyən alovda alışıb-yanan hisslər oldun, 

onları bir yazı altında yerləşdirə bilmədim...

Gecənin qaranlığında güclə görünəcək ay oldun, 

bir xəyali röyanın təcəssümündə sənə bata bilmədim...

Bütöv şəhərin tənhalığı oldun, küçələrində boş-boş veyillənsəm də səni tapa bilmədim...

İz buraxan güllələr oldun, həyatıma daxil edə bilmədim... 

Məftunedici baxışlarınla sehrli aləm oldun, hüzuruna gələ bilmədim...

Rəngarəng yazılarımın ilham pərisi oldun, 

yoxluğunda yaranan zülmət uçurumundan qaça bilmədim...



Hər yerdə sən varsan


Zamana hökm edən duyğuların xoşbəxtliyində sən varsan, 

sənin varlığın var...

Şam kimi əriyən ümidlərin altında sən varsan, 

sənin baxışların var...

Kədərə bürünən sevincin içində sən varsan, 

sənin gülüşlərin var...

Vüsala qovuşa bilməyən hisslərin sonluğunda sən varsan, 

sənin həsrətin var...

Yoxluğunda sükuta qovuşan dəqiqələrin ruhunda sən varsan, 

sənin səsin var… 

Hər yerdə: masmavi səmanın ənginliyində, 

dənizin coşqun dalğalarında, 

yağışın akasiya ağacının yarpağında parlayan mirvari şeh damlasında, 

sonbaharın ana torpağa döşədiyi sarı-qızılı naxışlarda sən varsan, sənin gözəlliyin var...

Yazıla bilməyən şeirin misralarında sən varsan, 

sənin kölgən var...

Püxtələşmiş qələmin diyircəyində sən varsan, 

sənin hisslərin var…

Qəlbimə təzyiq göstərən baxışlarında sən varsan, 

sənin hərarətin var… 

Uzaq keçmişin xatirələrində sən varsan, 

sənin gələcəyin var… 

Dəniz küləyinin sərinliyində sən varsan, 

sənin ətrin var…

Gündüzlə qovuşmaq bilməyən gecələrin iztirabında sən varsan, sənin yoxluğun var…

Hüzünlü gecələrin tənhalığında sən varsan, 

sənin məhdudluğun var…

Cismən üzülmüş arzuların həsrətində sən varsan, 

sənin xatirələrin var… 

Çap oluna bilməyən əsərlərin sətirlərində sən varsan, 

sənin obrazın var...

Sevgidən söhbət açılmış bütün yazılarda sən varsan, 

sənin nəfəsin var

Oxuduğun bu yazının içində belə sən varsan, 

sənin izlərin var...



***


Zamansız qəzaya uğrayan sevgi oldu bizimki… Müalicəsi olmadı, parçalanaraq hopdu şeirlərə, əsərlərə, mahnılara...

Bu sevgi qırmağa ilişən balıq kimi dənizə qovuşmaq istədi, mübarizə apardı, dənizi arzuladı, ancaq dalğalar balığı qəbul etmədi... 

Ayrılığın qəzəbinə tuş gələn sevgi oldu bizimki. 

Bir-birimizdən xəbərsiz eyni şəhərdə yaşadıq illərlə. 

Ayrılıq təsəlli olmadı, dərd oldu… 

Amma biz xoşbəxt olmaq istəyirdik. Bizə qalan xatirələr oldu...

Sonra xatirələr də dərd oldu...

Ayrılığın acı dərdi…

Bəlkə də biz xoşbəxtliyin həsrətində olan iki insan kimi şeirlərin misralarında xatirə, mahnıların sözlərində dillər əzbəri olduq...



Axtaracaqsan məni…


Sevgilim,

Axtaracaqsan məni xoşuna gələn mahnıların sözlərində, 

sevdiyin şeirin misralarında.

Axtaracaqsan məni həzin külək tərəfindən qovulan yarpaqların xışıltısında, dənizdən çıxmağa can atan dalğaların fəryadında.

Axtaracaqsan məni yağan yağışın damlalarında, 

islanan torpağın ətrində.

Axtaracaqsan məni sevdiyin kitabların səhifələrində, 

oxumadığın əsərlərin sətirlərində.

Axtaracaqsan məni ecazkar təbiətin mənzərəsində, 

yaşıl çəmənin şehində.

Axtaracaqsan məni bir körpənin gülüşündə, 

dəcəl uşaqların şıltaqlığında.

Axtaracaqsan məni çıxan günəşin şüalarında, 

tənhalığın bəxş etdiyi qaranlıqda. 

Axtaracaqsan məni intizarda olan sevginin əzabında, 

gülüşlərin yox olduğu anlarda.

Axtaracaqsan məni unudulmayan xatirələrində, 

bitən zamanın proloqunda. 

Axtaracaqsan məni gecənin uzun səssizliyində, 

açılan səhərin hikmətində. 

Axtaracaqsan, axtaracaqsan, sonda tapacaqsan məni 

sənə yazdığım bu məsum şeirin hərarətində. 

Ya sevinəcəksən, ya da üzüləcəksən... 

Bəlkə də sevinclə üzüntünün içində axtaracaqsan məni...


Ctrl
Enter
ohv tapdınız?
Ctrl+Enter sıxıb bizə bildirin
Müzakirə (0)