Edebiyyat.az » Proza » Məhəmməd Sübhdil - Damcılar

Məhəmməd Sübhdil - Damcılar

Məhəmməd Sübhdil   -  Damcılar
Proza
Nicat Heşimzade
Müəllif:
17:23, 06 mart 2019
1 492
0
Məhəmməd Sübhdil (Güney Azərbaycan, Urmiyə) Damcılar Hekayə


                              


                                                                          Məhəmməd Sübhdil


                                                                                           (Güney Azərbaycan, Urmiyə)


                                  Damcılar         


                                                Hekayə                                                                        






    Su damcılarınn səsi gecədə daha aydın eşidilir. Gündüz isə hər nəyi ört-basdır edir. Saat səsinə qarışan damcı səsi, mətbəxdən axıb, evin qıraq-bucağına dolur. Sonra qulaqdan, beyindən keçib, canımıza, ruhumuza qonur.

   - Bəlkə bir cinim olsaydı. - Röya deyir və hansı naməlum yozumdansa arınmağa çalışır. - İşlərə çata bilmirəm ondan. Canına bir iynə keçirib, işlərimi gördürərdim. 

    Pıçıltı ilə danışır. Bəlli olan işğın azlığı səsə də təsir edirmiş. Elə bir boyumuz çatışmırdı. Saata baxıram. Oğlumuz Şahin otaqda yatır. 

    - İndi robot sazlayırlar. Cinə ehtiyac qalmır. Vaxtım olsa özüm şirlərə baxaram. - Röya ağzını açır amma sonra vaz keçir. Gülümsəyir və acı xətlər üzə çıxır. Bu vaz keçmə bütün deyiləsi sözlərdən ağırdır.

     Sonra yenə o qoxular gəlir. Qovrulmuş tərə iyisi və beyiynin harasındasa gizlənmiş əlvan  tozların hücumu. Qaranlıq rəngli tozlarla işıqlanır. Arada əlvan geyimli baş örtülü bir qız oynayır. «Aləm dolanır başıma. Gəl bəri. Gəl bəri. Gəl bəri». Qiyamət olacaq. Kölgələr səmaya keçirlər. Hər nə fırıldanır və dəndəli çərxlər kimi, dairələrin toxunma nöqtələri, bir-birini işə salırlar. Şəpə qızın sağ əlinin barmaqları ucundan başlayır, biləkdən, dirsəkdən axır və çiyində dalğalanır. Dalğa sol çiyindən boşalmağa başlayır, dirsəkdən biləyə və biləkdən barmaqların ucuna sarı. Buraxılan şəpənin gücünü tərpənən havadan duymaq olar. Barmaqların istiqamtində olsan səni hətta boğa biləcəyini də duya bilərsən. Bunlar haradan gəlir?

      Müharibə çağı biz uşaqlara oyun kimi bir şey gəlirdi. Qollarımızı açıb təyyarələr kimi uçurduq. Özümüzdən kiçik uşaqların oynadıqları yerə çatanda ovucumuzu açıb qumu boşaldırdıq. Bombardıman edirdik. Sonra ucaya çıxıb, helikoptərlərə əl tərpədib səs çıxarırdıq. Vəziyyət gərgin olanda da zirzəmiyə qaçırdıq. Bu, oyunumuzun böyüklərin bizə qarışdıqları hissəsi idı. Elə bu oyunların içində dərs dostlarımın neçəsinin atası cəbhədən qayıtmadı. Şəhnaz xalagilin evlərinə bomba düşdü və əri öldü. Şəhnaz xalanın çənəsinin yarısını isə qəlpə apardı. Sonsuz idi və yaxından tanıdığım ilk oxuyan qadın o idi. Qəlpə, səsini və gözəlliyini bir yerdə aparmışdı. 

     Sonra itlərin hürüşmə səsi gəlir. Cırtdan deyir: 

     - İt səsi gələn tərəfə yox işıq gələn yola doğru getməliyik. 

     Şahin:  -Divin evi olan tərəfə? - deyə soruşur. - Hə divin evi olan tərəfə. 

    - Birdən bu div axmaq div olmasa? 

    Qorxunu uşaq gözlərindən canıma tuşlayır. 

   - Axmaq div olacaq. - Hardan bilirsən ? 

   - Həmişə axmaq div olub. Ondan.

    - Hər nə həmişə eyni cür olur ?

    «Yox hərdən fərq edir.» Bunu Şahinə demirəm. Şahin böyüyür. Öz əlaqələrini tapır və danişqaha* gedir. 

     Bir cinim olsaydı nə istərdim ondan? Cin nə edə bilərdi ki, bizə? 

    Röya deyir: 

    - Birisi bu televizionu evdən çıxarardı. Dəli olduq ölüm xəbəri eşitməkdən. 

Son vaxtlar televiziona da səssiz baxıram. Haradasa müharibə var və adamlar istər səsli, istər səssiz, ölürlər. 

     Şahin böyüyənədən bəri deyişməyimiz çoxalıb. Hər nə üstə sözləşmək olur. Çoxu pul üstə olur, amma pulun bəhanə olmasını ikimiz də bilirik. Bu simitənlik** haradan yarandı məndə? Hər nəyin dibinə gedən deyildim axı. 

   - Bəlkə uşağı bu qədər üzmüyəsən. –Röya deyir. - Dostunun itidir. Bir-iki gün saxlayıb hövslədən düşər. 

     Gözünün yorğun işartısı hələ də gözəldir. İllər adamları gözlləşdirə bilərmiş. İşin ağır tərəfı ona düşüb. Ev işi, eşik işi və Şahinin də qayğısı. Su səsi saat səsinə qarışır. Heç işə çata bilmirəm. Nəyisə itirmişəm.

     Röya: 

     - Çox sözə baxanıdıq biz? - deyə soruşur. 

      -Yox deyildik. Hamı dedi olmaz. Biz dedik olar və evləndik. Hamını məhzərə*** çağırsaq da heç kim gəlmədi. Şahidləri kirayə tutmalı oldum. İş qurtarana yaxın Şəhnaz xala gəldi. Xala, əslində xalam yox, anamın bacılığıdı. Boynundan boyunbağısını açıb Röyanın boynuna keçirtdi. İkimizi təbrikləyəndə fısıltılı paslı səs arxasında uzaq zamanlarda itirdiym sehirli bir səsi axtarırdım. Çadrasın belinə düyünlədi, çiltik çaldı və oynadı, amma oxumadı. Oxuması müharibə ilə getmişdi.

    -Pəy tohunda ahlamaz öhul. Həhmətlih hanan da hə olsaydı... 

    Ağlamırdım. Təkcə bu qadının ürəyinə görə kövrəlmişdim. 

    Sonra hər nə, hər nəyi işə saldı. Həyat damla-damla saata qarışdı və adamları yuyub apardı. Hər nə həmişə eyni cür olmur, amma əlvan  tozların hücumu var və dünya fırlanır. Rənglər, qoxular və xatirələr əhatəsində kölgələr səmaya keçirlər. «Aləm dolanır başıma. Gəl bəri. Gəl bəri. Gəl bəri». Qiyamat olacaq.

    -Bəlkə bir-iki gün iti saxlasın, - deyə Röya mənə baxır. - Gözlərəm evi batırmaz.

     Bu neçə ildə nə qədər yormuşam bu qızı. Hər nəyi özü üçün yox başqaları üçün istəyib. Sən varsan cini neylirəm ki. Röyanın özünə bünü izahlayıram.     

    Gülür: 

   - Pəs**** saxlasın? 

    Hərdən qəlbiri götürüb nağıldakı div kimi su gətirməyə getməyimiz lazım olur. Bu  bizə çox vacibdir. Belə olmasa nağılların düyünü açılmaz. Dəndəli çərxlər dolanmaz və dünya dayanar. Qoy dünya dayanmasın. 

   - Oldu. Saxlasın. 

   Röya sevinir və daha gözəlləşir.

   - Adı cinidir, - Şahin deyir, – yox-yox ondan vermə. Qovrulmuş tərə yaxşıdı, amma bunun soğanı da var. Soğan itə ziyandı. Ömrünü azaldar. 

    - Nə biləyədim axı. Necə də balacadı. İndi bu erkəkdi, yuxsa dişi? 

    - Cinin də erkək adı olar ? - deyə tam inamla Röyaya baxır. 

    - Nə bilim? İndi yeməyinə nə verəcəyik? - Röya soruşur. 

    - Heyvan yeməyi də. Bazarda dükanı var. Hələ-bir iki günlüyə var.


      Bizlərdə it saxlıyan olmayıb. Elə bir buyumuz çatışmırdı. Röya gözaltı mənə baxır. Bir cürələr demək olar ki, gözünü ağardır. Bir söz demirəm. 

      Sonra buludlu bir havadır. Şahin dərsdədir, Röya işə gedib və mən bazara getməkdəyəm. Evə bir şeylər almalı olacağam. Maşını bülvarda saxlayıram. Bazarda dərs dostlarımın biri ilə tapışıram. Bahalıqdan, siyasətdən və qədimlərdən danışırıq. Həmişə eyni sözləri təkrar edirik. Xudahafızləşirik və heç vaxt görüşməyən ailələrimizə salam göndririk. Hava çisələməyə başlayır. Adamlar tələsirlər. Aldıqlarımı maşına yığıb yola düşməyə başlayıram. Bir it hürüşməsi gəlir. O yan-bu yanı axtarıram. Özüdür. Cin. Şahin, iti islanmaqdan qorumaq üçün paltosuna keçirib və tələsə-tələsə tanımadığım bir qızla addımlayır. Siqinalı səsləndirirəm. Tovlu gedirlər və eşitmirlər. İrəli sürüb yenə siqinalı səsləndirirəm. Duruxub axtarırlar. Şahinin ürkək baxışlarını tanıyram. Şüşəni yendirirəm.

    - İslanarsız. Sizi bir yerlərə çatdıra bilərəm. 

    Səssiz-səmizsiz maşına minirlər. 

   - Hara gedcksiniz? 

    Qız adresi deyir. Səsində sıxıntı var. Daha səmimi danışmağa çalışıram. 

    - Uzaq olsa çatdırım. Yağış bətərləşir. İslanarsız. 

    - Sağ olun evimiz elə ordadır. 

     Adresə çatırıq. 

    Qız: - Təşkkür eləyirəm, - deyib Cinini Şahindən alır. Demək it bu qızınkı imiş. 

   - Cinini aparırsınız? 

    - Əlbəttə, neçə günü də zəhmət olub. 

    - Yox nə zəhməti. Bir ləhzə dayanın.           

    Maşından enib, dal sandıqdan dolu torbanı gətirirəm. Alıb içinə baxır. 

       - Vay it qidası bunlar hamısı Cini üçündür? - deyə, gözlərində cin oynayır.

     Göz qapaqlarımı endirib, təsdiq edirəm. Xudahafizləşib,  ayrılırıq. Maşında Şahin damlaların şüşəyə çırpmasına baxır və əsla dinmir. Rənglər, qoxular işə düşürlər və bilirəm ki, neçə xiyaban  sonra kiçik apartmanımızda Röya evə çatıb və buludlu havanın yarı qaranlığında damcı-damcı su səsinin saat səsinə qarışmasına qulaq asır.

                                                                                              2017     



--------------------------------------------------------------------------------------------------------------------------

*Danişqah – universitet

**Simitənlik – burada:  inadkarlıq

***Məhzər – burada, nikah mərasiminin  baş tutduğu müəssisə.

**** Pəs – bəs

Ctrl
Enter
ohv tapdınız?
Ctrl+Enter sıxıb bizə bildirin
Müzakirə (0)