Edebiyyat.az » Proza » AZAD QARADƏRƏLİ - KAŞQARLININ GÖZ YAŞLARI (hekayə)

AZAD QARADƏRƏLİ - KAŞQARLININ GÖZ YAŞLARI (hekayə)

AZAD QARADƏRƏLİ - KAŞQARLININ GÖZ YAŞLARI (hekayə)
Proza
nemət
Müəllif:
23:42, 21 mart 2020
3 037
0
AZAD QARADƏRƏLİ - KAŞQARLININ GÖZ YAŞLARI ( hekayə)

 



(KORONAVİRUS GÜNLƏRİNDƏ OXU)

 

                                 

 

                                 “Yoxsa insan belə güman edir ki, Biz əsla onun sümüklərini (öldükdən sonra    

                              torpaqların arasından) bir yerə yığa bilməyəcəyik? Bəli (bir yerə yığacağıq),   

                               hələ    bir (üstəlik) onun barmaqlarının ucunu da əvvəldə olduğu kimi, sirli 

                                                                     xətlərlə düzəltməyə qadirik”. (Quran, Qiyamət, 3-4). 

 

 

 

            Sirr kimi bir gecə. Tonqal başındayıq. Hər tətəfdən vahiməli səslər duyulur – elə bil səs deyil, üzlərə bulaşmış günahdır. Əyiş-üyüş şəkillər kimi gecənin canından çıxan bu səslər qarşımdakı adamın üzündən alov dillərinə sallanır, yanıb-yanıb daha qorxunc səsə dönübən təzədən bizə qayıdır. Qarşımdakının saqqalı da alov içindədir. Amma yanmaq əvəzinə sadəcə alovlanır və yandıqca kişinin sifətini bir az da işıqlandırır. Və birdəcə görürəm ki, adamın saqqalı yandıqca üzündəki səslər hərflərə dönüşür, bir kitabın vərəqləri kimi üzü vərəqlənir, yazılar oradan aşağı enib tonqala atılan çırpı kimi çırthaçırt yanmağa başlayır. Və yalnız indi görürəm ki, bu tonqalda yanan odun, söz, ya hər nədisə bitib-tükənənə oxşamır. Yanır, yanır, yandıqca bitib öləzimək əvəzinə daha da gurlaşır. Bu an kürəyimin gecənin sazağından qovuşduğunu hiss edib özümü tonqala bir az da yaxınlaşdırıram, əllərimi tonqala uzadanda tonqalın içindən soyuq bir külək qalxıb sifətimə vurur, elə bil üzümdə soyuq yanğın tutuşur. Nə baş verdiyini anlaya bilmək üçün ocağa əyiləndə ordan boylanan bir cüt göz mənə baxıb dillənir, yaşı qurumuş bu gözlərin danışa bildiyinə heyrət edincə özümü İstanbulun Maltəpə parkında görürəm. Çəkik gözlü, bəyaz buxaxlı, uzun narın kiprikli bu qızın qan dodaqları deyil də, çəkik gözləri dil olub dillənir:

            -Beni tanıdınmı, abi? Bir yıl önce sən benim hakkımda olan videoya şerh yazmışdın. Malesef senin şerhin yüzdən artıq layk toplayamadı... Abi, darılma, bizim taleyimiz şu... (Birdən keçir bizim türkcəyə və sonra üç türkcənin – Anadolu, Azərbaycan və uyğur türkcəsinin qarışığında danışır mənimlə - Müəllif.) Neynəyə billik, dədələrimizin üst-üstə arvad almaq sevdası bitməz olduğu kimi, bizim də dərdlərimiz bir hovur durmaz... Abi, bən şuraya, gözəlim İstanbula okumaya gələli on yıl oldu... Dönəmədim ülkəmə... Dönmədim, abi... Annəm ordan ağlaya-ağlaya dedi ki, gəlmə şuraya, şurası qan çanağına dönüşmüş. Babanı kampa götürdülər, büyük kardeşini de kampa aldılar, küçük kız kardeşini kocaman bir çinli askerle zorla evlendirdilər... Sən gəlsən, səni də ya kampa götürürlər, ya da bir çinliyə ərə verirlər... Şəhrimizin başındakı çift minarəli camemizi  də yıkmışlar, abi... Bizə namazı yasaklamışlar... Sən bu dünyanın gələsini-kedəsini bilən birinə bənziyorsan, bən şimdi nə yapayım? Kan ağlayan Uyğurustanamı dönəyim, ya ömürlük bu şəhirdəmi kalayım?... Abi, sen bizim “Abdurrahman Han Hoca” isimli destanımızı duydunmu?

 

            “Ġoca tolġan ġezepke,  

            Ot çakniġan közliri;

           Hançer idi, ok idi, 

           Eytkan her bir sözliri: 

           Ambalda yok diyanet,

           Barçisida hiyanet; 

           Yurtini tamam kapliġan, 

            Vaba yengliġ cinayet, 

            Biznig elde bolmiġaç 

           Berke, birlik, inayet;  

           Bėşimizġa çüşüptu, 

            Dehşet kızıl kıyamet,

            Hoten* harap boluptu,

            Baġri kanġa toluptu.

           Aldimizda ikki yol- 

           Hayat-mamat turuptu.... **

 

            Ağzımı açıb nəsə deməyə hazırlaşırdım  ki, hönkürtü səsi gəldi. Elə bildim bayaq saqqalı yanan qocadır. Amma baxdım ki, nə tonqal var, nə qoca. Bir az aralıda parkın gül-çiçəkli xiyabanında hündürboylu, enlikürək bir kişi əlləri qoynunda hönkürtüyə dönüb. Ömrümdə bu boyda adam görmədiyimdən bu qərib şəhərin qəribə gecəsində höyülləndim, əlimi aparıb dil olan o bir cüt gözün yanağındakı yaşı silmək istədim, amma o əliqoynunda kişinin hönkürtüsü imkan vermədi. Qız narahatlığımı görüb yenə dil oldu:

            -Mən bura gələndə bu kişini hər dəfə əliqoynunda görürəm. Məni görən kimi hönkürüb ağlayır. İlk dəfədir ağlayan heykəl görürəm...

            -Nə? Məgər o heykəldir?

            -Hə, qırğız yazarı Çingiz Tanekedir... O da bizim halımıza ağlayır... Abi, dünyaya meydan okuyan biz türklər nədən ağlar günə qaldıq?.. Heç bu suala cavab axtardınmı?

            -Yooox... Həəə... Nə bilim... Bilirsən.... – Hiss edirəm ki, zoğallayıram. Ona görə susmağa üstünlük verirəm... Qızın məyus baxışlarının bir az da məyus olduğunu görüncə ağlıma gələn ilk sözü söyləyirəm.

            -Sizin Rəbiyə xanım vardı, onun axırı nə oldu? Daha heç səsi gəlmir... İndi bağırmaq zamanı gəlmiş, onun isə...

            Qız əlini yelləyir:

            -Babam deyərdi ki, Rəbiyə Qadir Urumçi bazarının girəcəyində tum satardı... Sonra biznes şəbəkəsi kurdu... varlandı... eşini çinlilər həbsə atannan sonra əlinə plakalar alıb küçələrə çıxdı. Sonra özü həbs edildi. Həbsdə ikən millət vəkili seçildi... Abi, Rəbiyə xanım Çinin on varlı adamından biri idi. İstəsəydi, varidatını artırmaq naminə, susar, səsini çıxarmazdı. Amma o, millətinin yanında oldu... İndi o Dünya uyğur qurultayının başkanıdır... Uyğurların dünyada eşidilən səsidir... Amma daha qocaldı, yaşı 70-i keşdi abi... Bizə Osman Batur kimi igid oğullar gərəkdir ki, Çin zülmünə dirəniş göstərsin... Abi, 200 ildir ki, Çində həm qanımız tökülür, həm toprağımız işqal edilir, həm namusumuz kirlənir... 

            (O yenə üç türkcənin qarışığında danışırdı.)

            ...Qızın gözləri qapanır və bayaqkı ocaq yenidən alışır. Tonqalın alov dilləri qızın qapanmış gözlərindən çıxıbmış kimi ətrafı işıqlandırır – görürəm ki, bayaqkı qoca bu dəfə üzü qibləyə diz üstə çökərək dodağının altında nələrisə zikr eləyir: “Ey uca tanrı! Sənə əyandır ki, mən böyük Qaraxanilər nəslinin davamçısı Buğraxan Məhəmməd Yağan Тəkinin nəvəsi, zəhərlənərək öldürülən  şahzadə Hüseyn Əmir Təkinin oğluyam. Mən saray dartışmalarından cana doyub oxuduğum kitabların gücündən yola çıxaraq  təğyiri-libas gəzdiyim türk ellərində yığdığım türk sözlərinin hesabına bir xəzinə yaratdım... O xəzinə uzun zaman it-bata düşdü. Nəhayətdə Türkiyədə bir nəcabətli insanın əli ilə həyata qayıtdı...

 

  Mənim “Divan”ım neçə illərdir ki, dünya alimlərinin qələmi ilə dəyərləndirilir, minlərlə kitablar yazılır, yenə yazılacaq... Başqa bir kitabım “Kitabu-cəvahirin-nəhv fi luğati-turk “ isə hələ də əldə yoxdur... Ey uca tanrı! Mən bu kitablarımı yazdığıma görə sənin yanında üzü ağ olsam da, xalqımın yanında üzüqarayam... Kitabda sənin böyük və sonuncu elçinin dilindən olanları da vermişdim:

       ”Tanrının inayəti ilə günəş türk bürclərində doğdu və göylərin bütün dairəlri onların mülkləri üzərində döndü. Tanrı onlara türk adını verdi və onları yer üzünə hakim qıldı. Dövrümüzün xaqanlarını onlardan çıxardı,dünya millətlrinin idarə cilovunu onların əlinə tapşırdı, onları hamıdan üstün etdi, onları haqq üzrə qüvvətlndirdi. Tükrlərlə əlbir olanları və tərəfdarlarnı əziz tutdu, türklrin sayəsində bütün arzularına çatdırdı, pislərin, qaragüruhun şərindən qorudu. Türklərin oxlarınnan qoruna bilmək üçün onların yolunu tutmaq hər bir ağıllı adamlara layiq və münasibdir. Dərdini söybmək və türklərin könlünü fəth etmək üçün onların dilində danışmaqdan başqa yol yoxdur“...    

         Uca Tanrım! Sənin işinə əl aparmaq olmasın, mən gərək hakimiyyətdən imtina edib kitab yazmayaydım. Mən gərək hakimiyyəti ələ keçirib Qaraxanilər sülaləsini süquta uğramağa qoymayaydım. Mən gərək cah-cəlallı, var-dövlətli, silah-sursatlı bir dövlət quraydım ki, quduz Çin xanədanı xalqımın üstünə ayaq almayaydı... Bu gün mən o kitabları yazdığıma görə çox xəcalət çəkirəm. Millətim - Uyğur türkləri Çin zülmünə boyun əyib! Mən Qaraxaniləri Çindən güclü bir dövlətə çevirə bilərdim, amma sənin mənə verdiyin biliyi gərəksiz bir elmə həsr elədim... Mənim elmim xalqımı xoşbəxt etmədi, ya Allahım!..

            Saqqalı alışan alim əlini uzadıb qolunun altındakı qalın kitabı alovlanan tonqala atır və möcüzə baş verir – kitab yanmır...

            Yalnız indi baxıb görürəm ki, əslində tonqal həqiqi tonqal deyilmiş – kompüter vasitəsi ilə yaradılan süni tonqalın işığında qoca alim saqqalın yola-yola ağlayır. Onun göz yaşları süni tonqalda bərq vuran qalın kitabın üstünə tökülüb parıldayır. Üzünü göylərə tutub nalə təpən qoca alim bir anda yoxa çıxır... 

            ...Bayaq yumulan çəkik gözlər yenidən açılır. Uyğur gözəli məni görüb qımıldanır, nəsə demək istəyir.

            -İndicə bizimkilər skaypla xəbər verdilər ki, Çində hansısa gizli epidemiya yayılıb... Onu da dedilər ki, bu epidemiya indiyə qədər məlum olan quş qripi, donuz qripi, ispanka kimi deyil, daha qorxuludur... Çinin Uhan şəhərində yayılan bu virus... abi, bu virus bizim Uyğurustana da yayılsa, neler olacaq? Əlsiz-ayaqsız, pulsuz-parasız, ev-eşiyi dağıdılmış uyğurlar bu pandemiyanın qabağında ne ede biler, abim?! Biliyormusunuz nasıl korkuyorum? Bu korkunc epidemiya benim halkımın sonuna çıka biler, abi...

            -Bu qorxunc virus haqqında mən də oxumuşdum, amma sizin torpaqlarda yoxdur axı məncə o virus?

            -Hala yokdur, evet... amma çinliler bizimkilere yoluxduracaqlar abi... biliyorum ki, bunu edecekler...

            Gözlərim dolur. Mən bu uyğur gözəlinə necə başa salım ki, onun xalqının başına gələnlər bizə yaxşı tanışdır. Həm 19-cu əsrdə, həm 20-ci əsrdə bizm xalqımızın başı çox müsibətlər çəkib. Elə təkcə Xocalı faciəsi bəs edər ki...

             Çartaçart yanan ocaq səsi yenidən eşidilir. Qız alov dilləri içərisində görünməz olur. Əvvəl saqqal, sonra başında çalma qoca alimin nurani sifəti canlanır:

            -Bir türk vilayətindən keçirdim. Sözləri elə ürəyəyatımlı, elə aydın türkcədə idi ki, burada daha çox qalmağı düşündüyüm məqamda adamların küçələrdə yıxılıb öldüyünün şahidi oldum. Şəhərbaşı göstəriş versə də meyidləri yığıb basdıra bilmirdilər – elə küçələrdə tökülüb qalmışdı insan cəsədləri... Nə olduğunu soruşanda qarayara xəstəliyi yayıldığını dedilər. Əlimdə olan bir xeyli pulu bir faytonçuya verib məni bu vilayətdən aparmasını xahiş etdim. O məni faytonuna mindirib atları qamçıladı və dedi:

            -Bilirəm ki, siz bu vilayətdə qonaq idiniz. Verdiyiniz paranı da özünüzə qaytaracağam, təki məni evinizdə bir neçə gün qonaq saxlayın ki, bu zəhimar xəstəlikdən xilas ola bilim.

            Mən ondan nə baş verdiyini soruşdum. Gənc faytonçu ağlayıb dedi:

            -Mən başqa bir ölkəyə faytonla müştəri apamışdım. Gedib qayıtmağım təxminən bir ay çəkdi. Həmin ölkədə iki gün  dincəlib, yüngülvari bazarlıq edəndən sonra geri döndüm. Ölkəmizə çatanda xəstəliyin şəhərimizi çokdürdüyünü gördüm. Atam, anam, qardaşlarım evimizdə ölmüşdülər. Qapını bağlayıb qaçdım... allah məni sizə rast gətirməsəydi, yəqin orada qalıb mən də öləcəkdim...

            Biz ikimiz də bizim şəhərin on ağaclığında bir mağarada gizləndik. Qərara gəldim ki, on gün burada yaşayaq, əgər ölməsək, deməli yoluxmamışıq. On gündən sonra arxayın şəhərə daxil olarıq. 

            Oğlan başına gələnləri yana-yana danışırdı:

            -Məhləmizdə istəklim vardı. Faytonumu onların evinə tərəf sürdüm. Sevdiyim qız həyətlərindəki bağçada taqətsiz halda uzanmışdı. Məni görüb dirçəlmək istədi, amma taqəti yox idi. Adımı çağırsa da, mən arxama baxmadan qaçmağa başladım... Bilirəm ki, əclaflıq elədim, amma mən nə edə bilərdim, qardaş?..

            -Bəlkə o nəsə istəyirdi? – deyə məyusluqla soruşdum.

            -Hə, istəyirmiş... Bir az gedəndən sonra  “allaha təvəkkül” deyib geri qayıtdım. Qız hələ də diri idi. Ağzını açıb “bilirdim qayıdacaqsan” dedi. Sonra ovcunda tutduğu şeyi mənə tərəf uzatdı. Mən onun əlini tutanda barmaqları aralandı, əlindəki ağ məndil yerə düşdü  və qız canını tapşırdı. Mən bükülü məndili yerdən alıb açdım və gözlərim bərəldi: qız məndildə mənim əksimi naxışlarla işləmişdi!..

            O ağladı. Sonra mənə baxıb acizanə halda dedi:

            -Qardaşım, bu özük qız mənim əksimi məndildə örüklərlə örmüş, amma həm də mənnən öc almış bununla... Qardaş, mən eşşək oldum, o məndili aldım... O məndildə xəstəlik olmalı... Mən onu özümlə almışam...

            Hirs başıma vurdu. Adamı çəkib yerə vurdum, sinəsinə çöküb xəncərimi boğazına dayadım:

            -Bax, mən sənə acıdım, özümlə ölkəmə, şəhərimə gətirdim... Orası düz ki, sən də mənə iyilik etdin, faytonuna alıb o cəhənnəmdən çıxartdın... Bəs, niyə o məndili aldın?! Məni, ölkəmi, şəhərimi yoluxdurmaqmı istədin? Nədən?!

            Ağladı, bozladı, dedi:

            -Nə desən haqlısan. Başımı kəssən də, yeri var... Amma mən o qıza xəyanət etmişdim... Onunla görüşürkən, tez-tez müştəri apardığım ölkədə bir qıza vurulmuşdum. Düzün desəm, onunla evlənmişdim də. Görünən o ki, qonşu məhlədə sevdiyim qıza kimlərsə məsələni demiş, o da son nəfəsində belə, məndən intiqam almaq üçün o məndili toxumuş, ağzının seliyini ona silib mənə vermiş... Mən, olar ki, yoluxmuşam, qardaşım... Ona görə də, özünü də bulaşdırma mənə... Ya öldür, ya da burax bu kimsəsiz mağarada ölüm, sən də çıx get...

            -Bəs niyə məndili götürdüyünü mənə demədin?! Sən gedib mənim ailəmi, şəhərimi də yoluxdura bilərdin axı?! – Xəncəri boğazına daha bərk sıxıb bağırdım.

            -Neyniyim?! Mən də sevdiyim qız kimi kimlərdənsə intiqam almaq istədim... Mənim ailəm, şəhərim, ölkəm məhv olmuşdu, sizinkinin də məhv olmasını istədim... Mən ölümə layiqəm... Öldür məni...

            Təbii ki, onu öldürmədim. Özümün də olub-qalan yeməyimi ona verib mağaraya qapanmasını tapşıraraq getdim. Və dedim ki, əgər on günəcən ölməsən, mən sənə yemək və su göndərəcəyəm. On gün də onlarla qidalan, sonra sağ qalsan, bazara gəlib, məni soruş, evimə gəl... Sənin pis niyətini başa düşürəm... Qorxunun və həyəcanın yaratdığı haldır bu. Sən pislik görmüsən, pislik eləmək istəmisən... Daha bundan ötəsi yox... Allah amanında qal...

            Mən mağaradan onun faytonuyla iki ağac getmişdim ki, adamın dalımıcza qaçdığını görüb atları saxladım. O qaça-qaça qışqırırdı:

            -Saxla, faytonla getmək olmaz! Atlar da, fayton da xəstəliyin daşıyıcılarına bulaşmış ola bilər... Burada dayan, bir tonqal qala. Paltarlarını, ayaqqabılarını alova tut, hisə ver, bədənini, dırnaqlarını hisə ver, saçını, üzünü alovda qarsdır, sonra get şəhərinə...

            Mən onun dediyi kimi edib ayrıldım...

            Qoca əllərini ocağa tutub sanki epidemiyanın mikroblarını yandırırmış kimi hərəkət etdi və birdən alova qarışıb yox oldu. Onun yox olduğu yerdən uyğur qızı peyda olub göz yaşlarını tökdü:

            -Abi, məni yandıran bilirsinizmi nədir?! Bütün dünya şərqşünasları bizim böyük türkoloqumuz Mahmud Kaşğarlının “Divan”ından danışır, elmi yazılar yazır, amma onun nəsildaşları olan biz uyğurların səsinə səs vermirlər... Elə burada oxuduğum universitenin hocasına dedim ki, mən bir forum düzəltmişəm Çinin biz uyğurlara qarşı törətdiyi zülmə qarşı, ona imza atın, atmadı. Deyir ki, sən bu forumun sənədində çinlilərə faşist demisən, mən Konfutsini çox sevirəm, onun həmyerlilərinə necə faşist deyə bilərəm ki?!. Bir yandan da bu koranavirus... Abi, mən nəapa bilirəm ki?!. Heç bilmirəm, sevinimmi, əndişələnimmi?! Heç böylə çıxılmazda qalmamışdım. Mənə bir yol göstərin...

            Bu nə iş idi mən düşdüm? Gəldim ki, bir az sevdiyim ölkənin məşhur şəhərində kitabımın təqdimatında iştirak edim, gəzim, dolaşım, eynim açılsın.  Bu parka hardan gəldim çıxdım? Bu ocaq, bu qoca, bu uyğur qızı... 

 

            ...Telefonum çalır. Cibimdən güclə çıxardıb baxıram. Oğlumdur. 

            -Ata, hardasan? Niyə telefonu açmırsan?

            Başımı qaldırıb olduğum yeri müəyyən etməyə çalşışram. Hə, anladım. Dostum Orxan****** bəyin evidir. (Axı mən bir dəf burada olmuşam.) Amma mən niyə yatmışam? Xəstəyəmmi? Keflənmişəmmi? Axı biz kitab fuarından sonra balıq yeməyə getmişdik?.. 

            Bu vaxt qapı açılır. Orxan bəy içəri girib gülümsünür.

            -Ay allah, uyandınmı?! Ne güzel?! İstərsən bir az da yata bilirsin...

            Qalxıram. Utancaq halda:

            -Mənə nə olmuş, Orhan abi? Kefləndimmi? Ya hastalanmışım?

            Yenə gülümsünür:

            -Yoh, canım, ne hastalanması?! Biz yazar dostlarala seni de alıb balık yemeye getdik... Sen de orada bizimkilere iyice ders verdin... Sen bizim ortak tarihimizi ne güzel bilirmişsin... Sen bu Kaşqarlıyı nasıl da anlatabilirsin... Ama sonda rakıyı iyi bilmemişsin de... Bir az fazla içmisin... Hepsi bu kadar... Sonra geldik bize... Bir az yatmışsındır... Ama bir kötü haber var: koranavirus səbəbilə kitab fuarı kapatıldı...

            Saata baxıram və daha bərk utanıram: düz beş saatdan çox yatmışam...

            -Orhan abi, sen bu uyğurlarla bağlı...

            -He, he!.. Orda, balık yeyerken bizim masaya bakan kızın uyğur kızı olduğunu, üstelik de universitede okuduğunu bilende deliye döndün... Və esas da restoranın sahipinin bir çinli olduğunu bilende çinlilere hakarat etdin, kışkırıb-bağırdın, masaları vurub aşırdın...

            -Bəs Maltəpə?!. –Nigarançılıqla soruşuram.

            -Hay allah!.. Balık yemeye gedende dedin ki, beni Maltepe parkına götürün, Çingiz Aytmatovun heykelini ziyaret edecegim... Malesef, götüremedik... Ama iyileş, seni oraya götüreceyiz...

 

            ...-Ata, sənin İstanbula gəlişin mümkünsüz kimi görünür... Çindən yayılan koronavirus indi İrana, İtaliyaya sıçramış... Bir azdan buralara da gəlib çıxar... Biletini ləğv elətdir... Onsuz da az keçməz rəsmi yasaqlama da olar... Bəlkə fuar da iptal edildi... Deyilənə görə, xəstəlik yaşlılara daha tez... – Sözünün dalısını gətirmir.

            Oğlumdur. Orada çalışır. Mənim virusa yoluxacağımdan əndişələnir. Dəvət olunduğum İstanbul kitab fuarına getməməyimi istəyir... 

            Bəs mən? Onun orada qalmasına necə dözəcəm?.. Qəzetlərə baxdım, artıq çoxlu yaşamını itirən var bu epidemiyadan... 

            Bir də bu beş saatda yuxu ilə gerçəkliyin qarışdığındakı hadisələr nə idi?

            Bayrama az qalmış pərişan ruhumu təzələmək üçün ağzıma tibbi bürüncək taxıb küçəyə çıxdım. Boş küçələrdən ruhum bir az da sıxıldı. 

            Bu vaxt qonşunun həyətindən boylanan ərik ağacının çiçəkləri gözümə sataşdı. Onun bir az gerisində alça çiçəkləmişdi. Arılar da dirilib çiçəklərə daraşmışdı.

             Az sonra dənizə tərəf əsən ilıq gilavar ruhumu  təzələdi...

                                                                                  20.03.2020

 

--------------------------------------------------------------------------------------------------------------------------------------------------

*Uyğurcadan tərcümə:

 

Usta qəzəblə dolmuş,

Atəş saçır gözləri.

Lap xəncərdi, qurşundu,

Söylədiyi sözləri.

Bəydə yoxdur dəyanət,

Hamısı da xəyanət.

Vətəni kapsamışdır

Vəba kimi cinayət.

Xalqımızda olmasa,

Varlıq, birlik,inayət.

Başımıza düşmüşdür

Dəhşət, qızıl qiyamət.

Hoten* xərabə qalıb,

Bağrı qanla dolmuşdur.

Önümüzdə iki yol:

Həyat, məmat durmuşdur...

 

**Hoten – Şərqi Türküstünda şəhər. Buranın insanları özlərinə Hoten xalqı deyirmişlər.

 

 

*** Kitab aşiqi, bukinist və sərraf adam olan Əli Əmiri Əfəndi İstanbulun Səhhaflar çarşısında yeni bir kitabın sorağını alır. Həmin kitabı maarif nazirliyinə də təqdim edib 30 qızıl lirəyə satıldığını demişlər. Lakin nazirlik kitaba 10 qızıl verə biləcəyini deyib. Beləcə, kitab satılmayıb.
Əli Əmiri Əfəndi kitabı əlinə alıb baxır, vərəqləyir, anlayır ki, hökmən almalı olduğu kitabdır. Tərslikdən əfəndinin üstündə 10 qızıl varmış. Lakin adam kitabın qiymətini anladığı üçün onun başqası tərəfindən alına biləcəyi qorxusu ilə yaxında olan dostundan borc alaraq kitabı 33 qızıl lirəyə satın alır.
Bəs bu kitab hansı kitab idi ki, maarif nazirliyinin belə ala bimədiyi bahalı əsəri kitabbaz bir əfəndi o qiymətə əldə edir?
 Hə, dostlar, o kitab böyük türkoloq-alim, türkologiya elminin atası Mahmud Kaşğarinin (1029-1105) "Divanü luğat-ət-türk" əsəri idi. Sonda Tələt Paşanın, Ziya Göyalpın və ədliyyə naziri İbrahim Əfəndinin xahişi ilə Əli Əmiri Əfəndi bu qiymətsiz incini ərəb-fars dillərinin kamil bilicisi Kilisli Rifət Əfəndiyə tərcümə üçün vermişdir. Türkologiyamızın şah əsəri olan bu kitabın 1-2-ci cildləri 1915-ci ildə, 3-cü cildi isə 1917-ci ildə çap olunmuşdur. Xatırladım ki, fransızlar bu kitab da daxil, onun yığdığı 15 min qiymətli əlyazması üçün Əli Əmiri Əfəndiyə 30 min ingilis funt-sterlinq və Fransada yüksək vəzifə, ev vəd versələr də, rədd etmişdir. Osmanlı hökümətinin göndərdiyi 300 lirə qızıl pulu isə geri qaytararaq "Divanü lüğat-ət-türk" sədəqəsi olaraq yoxsullara və kimsəsizlərə paylamağı xahiş etmişdir. Əli Əmiri Əfəndi 1924-cü ildə vəfat edəndə Yəhaya Kamal yazmışdı:

 

Möhtac isən füyuzuna əslaf pəndinin,
 Diz çök önündə şimdi Əmiri Əfəndinin...

 

Xatırladım ki, türk dillərinin ensiklopediyası olan bu möcüzəvi əsəri dilimizə şərqşünas-alim Ramiz Əskər çevirmişdir və əsər məhdud tirajla 2006-cı ildə Ozan nəşriyyatında dörd cilddə çap olunmuşdur.
Və son xatırlatma: Mahmud Kaşğarinin daha bir incisi - "Kitabül cəvahir" hələ də tapılmayıb.
Son xatırlatma: Kitabın müəllifi Mahmud Kaşğarinin soydaşları olan uyğur türkləri, onların vətəni Uyğurustan və başkəndləri Urumçi qan ağlayır. Çin faşistləri uyğurlara qarşı tam bir qətliam həyata keçirir. Mahmud Kaşğari və uyğurlar üçün susma!
 (Mənbə: Mahmud Kaşğari "Dibanü lüat-ət-türk", 1-ci cild, 2006, səh.32-33.)

 

****Özük – “Divan”da və “Dədə Qorqud” dastanlarında işlənən qədim tür sözü. Təmiz anlamındadır. Adətən qadın və qızlar üçün deyilir.

 

***** Örük – “Divan”da işlənən bu söz hörmə (saç hörmə, yaxud heyvanı örükləmə) və ya naxış salma anlamındadır.

******Orxan bəy – Türkiyənin tanınmış qəzetçisi Orxan Qaravəli. O, Nazim Hikmət haqqında “tanıdığım Nazim Hikmət” kitabını yazmış, kitab mənim çevirməmdə Bakıda da nəşr olunmuşdur. (Müəllif)

Ctrl
Enter
ohv tapdınız?
Ctrl+Enter sıxıb bizə bildirin
Müzakirə (0)