Edebiyyat.az » Proza » VAQİF OSMANOV - SEVGİNİN UZUN YOLU (hekayə)

VAQİF OSMANOV - SEVGİNİN UZUN YOLU (hekayə)

VAQİF  OSMANOV - SEVGİNİN UZUN  YOLU (hekayə)
Proza
nemət
Müəllif:
12:33, 10 may 2020
1 475
0
VAQİF OSMANOV - SEVGİNİN UZUN YOLU (hekayə)

                                                                                                                               







İlk bahar günəşinin həyatverici nəfəsindən dənizkənarı Milli park  al-əlvan   libasa bürünmüş, dənizin kövrək ləpələrinin həzin və lirik pıçıltıları, bülbüllərin, tutuquşuların, sərçələrin, qaratoyuqların şux nəğmələri, qağayıların “gülüş”ləri aləmi başına götürmüşdü. Ağacların yarpaqları düymə yuvalarından,  çiçəklər tumurcuqlardan gizlin-gizlin boylanırdı. İki gənc parkdakı oturacaqda üzü Xəzərə tərəf əyləşib gözlərini dənizlə üfüqün bir-birini ağuşuna aldığı uzaqlara dikib hərdən bir nəsə pıçıldayırdılar. Gözlərindəki məmnunluğu açıq- aydın hiss etməmək mümkün deyildi. Dörd illik tələbəlik ömrünün acılı-şirinli anlarını bir qiymətli kitab kimi vərəqləyir, nələri itirdiklərini, nələri tapdıqlarını maraqlı filmin ayrı-ayrı kadrları kimi gözlərinin önünə gətirirdilər. Sevinirdilər ki, tapdıqları, qazandıqları  itidiklərindən qat-qat çoxdur. Onların yaddaşında tələbəlik illəri şərəfli həyat məktəbi kimi qalacaqdı. Ötən dörd ildə onlar bir - birində qarşılıqlı inam, etibar, ən ümdəsi saf sevgi tapmışdılar...

Pıçıltılara ara verib hər kəs ürəyinin dilsiz səsinə qulaq asırdı. Sabit gələcək günləri vərəvürd edirdi. Gültən isə Bakıya gəldiyi ilk gündən bu günə doğru xəyali səyahətdəydi...

                                                                   ***

Sentyabrın ortaları təbiətin bütün gözəlliklərini özündə birləşdirən  Qartallı kəndindən gələn avtobus beynəlxalq vağzala çatıb yerə düşəndə  Gültən özünü qarğa bazarına düşmüş kimi hiss elədi. Dərhal atasına tərəf boylandı. İnsan selinin içində atasını görməyəndə həyəcanlandı. “Bu basabasda atamı itirsəm bağrım çatlayar” - qorxusu ilə gözləri hədəqəsindən çıxdı. Atasının avtobusun yük yerindən çantaları götürmək üçün növbədə dayandığını görüb ürəyi yerinə gəldi.

Bir tərəfdən də üzü çox üzlər, gözləri çox gözlər görmüş taksi sürücüləri onu əhatəyə alanda, hərəsinin ağzından bir qəsəbənin, küçənin, yaşayış məntəqəsinin adını eşidəndə Gültənin al yanaqları daha da allandı. Dilini boğaza qoymayan saqqallı gənc oğlana sərt cavab verdi:

-Nə bilim hara gedirəm?  Onu atam bilir.

                                                                  

Saqqalı oğlan qızın qızarmış üzünü görüb dinməzcə aralandı...                                                                         

Yasamalın hansısa küçəsinin dərəyə sallanan dalanında ev kirayə etdiyini atası Gültənə demişdi. Atası çantaları götürüb onun yanına gələndən sonra qırsaqqız sürücülər daha da aktivləşdilər, Gültəndən əl çəkib atasının üstünə şığıdılar, “bazarlığın”, daha dəqiqi, “hərrac”ın davamını Gültənin atası Qurban kişi ilə davam etdirirdilər. Onlar hal əhli idilər, avtobusun sir-sifətindən, sərnişinlərin ləhcəsindən avtobusun haradan gəldiyini əzbər bilirdilər, soruşmağa, trafaretə baxmağa ehtiyac yox idi. Arada artistlik edib hərəni öz ləhcəsinə uyğun danışdırmaqla müştərini ələ keçirməyə çalışırdılar. Bəziləri sərnişinlərin çantalarını  götürüb avtomobillərinin yük yerinə qoymaq üçün “müharibə” etməyə hazır idilər...

Yasamalda atasının kirayələdiyi həyət evinin otağı darısqal olmaqla yanaşı, həm də yarıqaranlıq yarızirzəmiydi. Otaqda  iki çarpayı, iki stul, balaca bir masa və küncdə “ceyran” sobası vardı. Bir də Gültənin otaq yoldaşı olacaq ikinci kurs tələbəsi Güllü. Uzaqdan salamlaşdılar. Evin sahibəsi yağlı dilini işə salmışdı. Evi istəyənin çox olduğunu, on beş gün Gültəngili  gözlədiyini, qiymətin ucuzluğunu təzə kirayənişinin gözünə soxub matahını tərifləyirdi. Gültən Sahibə xalanın üyüdüb tökdüyünü eşitmək halında deyildi, gözləri otağın dörd divarını gəzirdi, otağın pəncərəsini tapa bilmirdi. Düşünürdü ki, əgər pəncərə yoxdursa, zəif günəş işığı otağa haradan düşür? Birdən otağın pəncərəsinin, daha doğrusu, pəncərəni əvəz edən nəfəsliyin tavanda olduğunu görəndə gözlərinə inanmadı. Tavanda pəncərə?  Bir romantik adam  lazımıydı ki, gecələr Ayla, ulduzlarla həmsöhbət olsun...

 Ucqar dağ kəndi Qartallıdakı evləri gözünün önünə gəldi, bir az da kövrəldi Gültən, evdən çıxdığı yeddi-səkkiz saat olsa da. Beş otaqlı evlərinin  hər otağının dörd pəncərəsi vardı. Gündüzlər Günəş, gecələr Ay otaqda onlarla bərabər yaşayırdı. Hər otaq az qala bir voleybol meydançası ölçüdəydi. Gültən niyə otaqları voleybol meydançası ilə müqayisə edirdi? Çünki o, Qartallı kənd məktəbinin ən məşhur voleybolçusu, komandanın kapitanı idi, vurduğu zərbələri qaytarmaq çətin məsələydi. Qaraqabaq, qarabuğdayı, üst dodağı xəfif tüklərlə örtülmüş, ala gözlü, suyuşirin Gültənin  boyuna hətta oğlanlar da həsəd aparırdılar. Boyu az qala iki metrə çatırdı. Kənddə onu  “sərv boylu” çağırırdılar...

Qurban kişi övladlarını halal zəhmətiylə böyüdürdü. O, fermer təsərrüfatında 

                                                               

əllidən çox inək bəsləyirdi. Təsərrüfatın məhsulları -süd, qatıq, xama, şor  və pendir rayon mərkəzindəki ərzaq mağazalarında satılırdı. Bütün ailə - ata, ana, uşaqlar burada çalışırlar. Onları zəhmət və dağ günəşi bərkitmiş, sağlam,  gümrah etmişdi. Ailənin dörd qızı və üç oğlu məktəbdə biliyinə, davranışına   görə də barmaqla sayılır, başqa şagirdlərə nümunə göstərilirdi. Mis kimi möhkəm olan Gültənə kəndin oğlanları gözlərinin ucu ilə də olsa baxa bilməzdilər. Ciddi, ötkəm, sözünün ağası olan qıza həm də kənd oğlanlarının diqqəti az idi. Kənd oğlanlarını ancaq televiziya kanallarında gördükləri şou-biznes lediləri və “papalarının gül balaları”- nərmənazik, ağ əllərinin damarları görünən qızlar daha çox maraqlandırırdı. Onlar hələ “ağ ayran” və “qara kişmiş” məsəlindən xəbərsiz idilər...  

Sentyabrın 15-də Gültən tələbə kimi Dövlət İdarəçilik Akademiyasına ayaq basanda özünü qeyri-adi aləmdə hiss etdi, heyrətləndi və qürur hissiylə sevindi. Bərli-bəzəkli vesübilləri, auditoriyaları o, arzularında, xəyallarında təsəvvür etmişdi. Bu gün həmin xəyallar gerçəkləşmişdi. Öz  ürəyində yaxşı mütəxəssis, Vətənə gərəkli övlad olmaq üçün var qüvvəsini əsirgəməyəcəyinə and  içdi. İki gündən sonra  Şəhidlər Xiyabanında tələbə yoldaşları ilə birlikdə ucadan tələbə andı içəndə, tələbə bileti və qiymət kitabçası alanda sevincinin zirvəsindəydi...

“Dövlətin idarəedilməsi” fakultəsinin birinci kursunun qrupu “zərgər dəqiqliyi” ilə təşkil olunmuşdu, qızlarla oğlanların sayı bərabəriydi. Tələbələrin əksəriyyətinin üzündən “yağ” damırdı. Hiss olunurdu ki,onlar süd  gölünün   sonalarıdır. Əlbəttə, bəzi oğlanlara “sona” deməyə adamın dili dönmürdü. Amma çoxu sonaxasiyyət idi. Qayğıdan, azadfikirlilikdən, elmdən, səmimilikdən, fiziki əməkdən uzaq gənclərin bu qədərini görəsən necə bir yerə toplamışdılar? Dünyanın əksər musiqi qruplarına, əndrəbadi əcnəbi mahnılarına başlarını yelləyə-yelləyə “həvəs”lə qulaq assalar da, milli musiqimizin incilərindən, milli ruhdan və düşüncədən xəbərsizdilər, məşhur elm və incəsənət xadimlərimizin adını soruşanda dodaq büzürdülər. Qoşma, gəraylı, dodaqdəyməz, təcnisdən, söhbət düşəndə təəccüblənirdilər, donuq gözlərindən “o nədir? sualı pırtlayıb məchul boşluqda itib-batırdı.

Bir gün tənəffüsdə Sabitlə başının tükləri darağın dişlərinə həsrət uzun saçlı, üzündə tükün əlamətləri görünməyən oğlanın dialoqunun son cümləsini eşidən Gültən yerində donub qaldı:

-Dodaqdəyməz nədür, alə? Egibdü, ağzuva gələni danışma, qızlar eşidər, biabır 

                                                          

olarsan. Seksualnı danışırsan, alə...

Sabitin atası və anası kənd müəlimləridir. Evlərinidəki kitabxanada beş mindən çox kitab var. Atası beş şeirlər kitabının müəllifidir, aşıq yaradıcılığına dərindən bələddir, qoşma, təcnis, dodaqdəyməz yazır. Elmi işi ehtiyac ucbatından yarımçıq  qalıb. Məktəbdə poeziya dərnəyi yaradıb, Sabit də dərnəyin fəalı idi.

Gültən və Sabit o biri yoldaşlarından çox fərqlənirdi. Birincisi, geyimlərinə görə. Elə tələbələr vardı ki, həftədə bir kostyum, ayaqqabı geyinirdilər. Köynəklərindəki söyüşlərin mənasını ancaq ingilis dilini mükəmməl  bilənlər başa düşərdi. Dərsdən sonra müxtəlif restoran və barlarda əylənənlərin sərgüzəştlərini o birilər ağzıaçıq dinləyirdilər. Hətta qızlar da bar macəraları ilə öyünürdülər. Qızların əksəriyyətinin geyimini təsvir etməyə dil “utanırdı”. Balaqlarında beş-altı yırtığı olan qızların şalvarları elə bil quduz itin ağzında çeynənmişdi, hətta ayıb yerlərinin yaxınlığındakı saçaqlı deşiklərdən görünən əzalarına oğlanların, müəllimlərin acgöz baxışlarından  həzz alırdılar.

Edilya isə etika və əxlaq cəhətdən daha “irəli”dəydi. Elə ətək geyinirdi ki, ətəyi açıq köbəyindən bir qarış aşağıdaydı, arxası lap arxaya, şəffaf koftasından irəli çıxmış sinəsi isə nəinki tələbə dostlarının, hətta ahıl professorların  gözünə girirdi. Açiq sinəsindəki barmaq qalınlığında zəncir şahmar ilan kimi aşağı sallanıb nəyinsə keşiyini çəkirdi. Bilmək olmurdu zəncirin qiyməti nazir papasının neçə illik maaşı dəyərindədir. Saçlarında göy qurşağının spektrindəki rənglərdən çox çalarlar “göz oxşayırdı”. Leonardo da Vinçinin onu görmək qisməti olsaydı əvəzolunmaz “şedevr”lər yaradardı...

Sabit və Gültən bu analoqu olmayan nəhəng, qeyri-adi “materik”in - qrupun içində “kiçik, müstəqil, “bloklara qoşulmayan” iki dövlət” idi. Qrupun qanunları onlara aid deyildi. Onlar günlər keçdikcə bir-birinin xarakterini, “siyasət”ini öyrənməklə, təhlil etməklə məşğuldurlar, dərslərdən geri qalmamaq üçün müəllimin hər cümləsini yazmağa səy göstərəndə tələbə yoldaşları əsl “kef”dəydilər. Oğlanlar qızların, qızlar isə oğlanların qulağına ağzını dürtüb pıçhapıçla Sabitlə Gültəni müzakirə obyekti seçərək, onların “kəndçi”  xislətini lağa qoyurdular. Auditoriya çadır toylarına bənzəyirdi, ağız deyəni ancaq ağızların dirəndiyi qulaqlar eşidirdi.

“Papalarının gül balaları”nın süzgün, ehtiraslı baxışlarından hiss olunurdu ki, onlar bir-birinə biganə deyillər. Günlər ötdükcə dərs qurtaran kimi qol-boyun 

                                                                 

metroya enənlərin, yaxınlıqdakı Avropa üslubu ilə bəzədilmiş yarıqaranlıq kafe-barın qaranlıq küncündə “aclığını öldürənlərin” sayı gündən-günə çoxalırdı. 

Gültənlə Sabitin yolları yaxınlıqdakı metroda ayrılırdı...

Gələcək “idarəetməçi”lərin qarşısında kitab, dəftər, qələm əvəzinə əcnəbi ölkələrin dəb, yaxud erotik jurnallarını hamı görürdü. Müəllimlər də. Qızlar və oğlanlar şəkillərə baxıb nəyisə araşdırır, geniş “analitik təhlillər” aparırdılar. Qulaqlarındakı qulaqlıqlarla cazın, rokun, repin “sehirli” aləmində uyuyanların beyni dumanlıydı, lap bardakı kimi. İdarəetmə unudulmuşdu...

Orta yaşlı, gödək ətəkli, novruz yumurtası kimi bərli-bəzəkli müəllimə də öz “iş”indəydi, tələbələrə müstəqil dövlət quruculuğu, idarəedilməsi mövzusunda mühazirə oxuyurdu.  Gültən və Sabitdən başqa hamının gözündən oxunurdu ki, görəsən bu nə danışır?

Sabit uzunmüddətli, həssas müşahidələrdən sonra özünə həmsöhbət tapacağına  əmin olub sevindi. Bu Gültən idi. Söhbətinin “quru” alınacağını anlasa da elmdən, bilikdən, ali məktəblərə qəbul qaydalarından, test üsulunun mənfi və müsbət tərəflərindən  fikir mübadiləsinə başlayıb söhbətə körpü salmaq qərarına gəldi:

-Gültən, test üsulu ilə qəbul qaydalarına münasibətin necədir?

Sabitin ürəklənib ona yaxınlaşacağını Gültən gözləmirdi, amma bunu çoxdan arzulayırdı. Sabit kimi ədəbli, təmkinli və intellektual oğlanla həmsöhbət olmaq, fikir mübadiləsi etmək, onun daxili aləmini öyrənmək onun üçün maraqlıydı. 

-Əslində müsbət deyil. Əlbəttə, bu mənim subyektiv düşüncəmin məhsuludur. Qəbul etməyə bilərsən.

-Amma mənim üçün çox maraqlıdır, Gültən.

Sabitin hər cümlədə doğma insan kimi “Gültən” deməsi Gültəni diksindirirdi. Özü isə ona “Sabit” deyə  müraciət etməyə çətinlik çəkirdi.

-Mənə elə gəlir ki, test üsulu müstəqil düşüncəyə əngəl törədir. Bəzən heç anlamadığın sualın cavabını tapırsan. Lap lotoreya kimi. Cavablardan biri odur axı. Bunu intuisiya adlandırsalar da mən təsadüf deyərdim. Bir də bütün təsadüflər zərurətə, həqiqətə çevrilə bilməz ki..

                                                              

-Gültən, atam deyir ki, onlar ali məktəblərə qəbul zamanı imtahanlar şifahi və yazılı olurdu. Şifahi imtahanda bilet şəkib, bir qədər fikirləşib biletin üç sualına cavab verərmişlər. Ədəbiyyatdan yazlı imtahanda isə inşanın biri sərbəst mövzuda olardı. Bu inşada hər kəs öz daxili dünyasını açmağa çalışardı. Bu zaman abituriyentin təxəyyülü və dünyagörüşü üzə çıxardı.

-Əlbəttə, bu çox yaxşıydı. İndi də belə olsaydı dodaqdəyməzə dodaq büzən nadanlar az olardı...

Belə diskussiyalar iki gəncin arasında tez-tez olurdu. Tələbə yoldaşları buna “boş söhbətlər” deyirdilər. Tənəffüsdə Gültənlə Sabitin söhbətinə qulağını şəkləyən Edilya gözlərini hind kinolarındakı ifritə qadınlar kimi süzərək:                                                                            

-Sizin fikirlərinizdən lap tövlə iyi gəlir - deyərək anormal arxasını oynada-oynada onlardan aralandı.

Gültən pərtliyini bildirməməyə çalışaraq fikirlər burulğanında vurnuxurdu: “görəsən Edilya haradan bilir atamın fermer təsərrüfatı-inək ferması olduğunu. Bilmirsə “tövlə iyi” sözü təsadüfdümü? Axı Sabitdən başqa heç kimlə bu barədə danışmamışam”. Sabit də qanıqara görünürdü...

Ha başını yordu, yeri-göyü alt-üst elədi, bir nəticə hasil olmadı: “yəni Sabit bunu deyər ki? Yox, inanmıram”. Gültən Sabitə inanırdı...

Günlərin bir günü Gültən kirayənişin qaldığı otaqda “Fəlsəfə”dən seminara hazırlaşırdı. Dərsə başı qarışdığından Sahibə xalanın oğlu Ağarzanın otağa nə vaxt girdiyini hiss etmədi. Ağarza ağzının suyu axa-axa ona Məşədi İbad Gülnaza baxan kimi baxırdı. Gültəni üşütmə tutdu. Axı onlar həyətdə üz-üzə gələndə heç salamlaşmırdılar da.  Görəsən hansı niyyətlə otağa gəlib?  Ağarza yaxınlaşıb Gültənin əlindən tutmaq istərkən Gültəni soyuq tər basdı. Əlləri titrədi, nəsə soruşmaq istədi. Dili kilidlənmişdi. Ağarza çarpayıda oturan Gültənin dizlərinə əlini qoyub dodaqlarını onun dodaqlarına yaxınlaşdırmaq istəyən anda güclü şillə səsi Gültəni ayıltdı.Gültən necə cəsarətləndiyini özü də bilmədi. Ağarza sifətində beş barmaqlı şillənin qıpqırmızi izi ilə “vay məmə!”  böyürərək özünü həyətə atdı. Səsə gələn Sahibə xala oğlunun sifətindəki şillə “şəkli”ni görüb Gültəni qınadı:

-Ay insafsız, necə qıydın balama? Görmürsən, hallıdır?

“Hallı” nə deməkdir?”- Gülşən özü özünə sual verdi. Bu sözü birinci dəfə 

                                                            

eşidirdi...

O gündən Gültən Ağarzanı həyətdə az-az görürdü.   Onda da Ağarza pişikdən qorxan siçan kimi qaçıb özünü qapıdan içəri salırdı...

“İdarəetməçilər” Milli parka-dəniz sahilinə gəzintiyə çıxarkən Gültənlə Sabit də ilk dəfə onlara qoşulmuşdular. Birdən hay-küy parkı başına götürdü:

-Ay uşaqlar, köməyə gəlin! Edilya selfi çəkmək istəyərkən dənizə düşdü.  Tez olun, boğulur, tez olun!

 İmdad diləyən uzun saçı daraq, sifəti tük görməyən oğlan idi. Sahildən üç metr aralıda dayanıb Edilyanın mazutlu suda batıb-çıxmasına tamaşa edirdi. Canbir dostlarının onu xilas etmək niyyəti, daha doğrusu cürəti yox idi. Bu an kimsə sahildən dənizə baş vurdu. Onu havada ikən Gültən tanıdı. Sabit ovunun üstünə şığıyan qartal kimi suda yox oldu. Gültən özünə gəlməmiş Sabit Edilyanın saçlarından yapışıb onu sahilə tərəf sürüyürdü. Sabit Edilyanı yerə uzadıb ilk tibbi yardım edəndə -orqanizminə dolmuş suyu xaric etməyə çalışanda da Sabitin yanında Gültəndən başqa kimsə yoxuydu. Gültən dodaqlarını Edilyanın dodaqlarına yapışdırıb ona nəfəs verəndən sonr a o, əllərini və ayaqlarını tərpətməyə başladı. Dostları hələ də ona yaxınlaşmağa qorxurdu.  İki- üç cəhddən sonra Edilyanın üzündə həyat əlamətləri görünməyə başladı.

Təcili tibbi yardım maşını gəlib Edilyanı aparandan sonra hamı dağılışdı. Sahildə iki nəfər qoşa heykəl kimi dayanmışdı, Sabit və Gültən. Gültən Sabitin üzünü, gözlərini, əllərini özünün cib dəsmalı ilə təmizləməyə çalışırdı. Mazutu təmizləmək zülm idi. Sabiti üşütmə tutmuşdu, dişləri şaqqıldayırdı. Gültən taksi sifariş edib Sabiti evlərinə aparmağı qərara aldı. Onu tək buraxmadı.  Arxa oturacaqda Sabitlə yanaşı oturan Gültən başını Sabitin mazutlu pencəyinin çiyninə qoyaraq xəyallar dəryasında üzürdü...

Sabitin düşüncələri daha “ağır tonnajlı”ydı: “Akademiyaya qəbul olunanadək dövlətçilik, hüquqi prinsiplər, demokratik cəmiyyət haqqında cild-cild kitablar oxumuşam, idi də mütaliədən doymuram. Vətən biz gənclərin çiynində yaşamalıdır. Amma hər dəfə auditoriyaya girəndə şübhə qəlbimi didir. Nəinki dövləti, heç əlli nəfərlik auditoriyanı idarə etmək qabiliyyəti olmayan professorları, dosentləri, onlardan öyrənməli olan tələbələri görəndə bədbinliyə qapılıram. Bəlkə dövləti də belə idarə etmək olar? Yox, dövlət belə idarə olunsa cəmiyyətdə xaos, anarxiya yaranar. Dövlət etibarlı əllərdədir”...

                                                         

Bir həftədən sonra Edilya dərslərə davam edirdi. Baxışlarındakı Sabitə qarşı dəyişikliyi Sabit də, Gültən də hiss etmişdi. Mühazirələrin birində “gözəlçə” Sabitin yanında özünə yer eləyəndə Sabitin “dalağı sancdı”. Gültən Edilyanın arxasında oturmuşdu.  Mühazirənin şirin yerində Edilya ağzını Sabitin qulağına yaxınlaşdırdı:

-Sabit, səninlə ciddi söhbətim var.

-Buyurun.

-Mənimlə “siz”lə yox, “sən”lə danış. Lap qısaca desəm, mən sənə vurulmuşam.

-Elə birdən birə?

-Sən nə qəribə oğlansan. Sənin əvəzinə mən sevgimi elan edirəm. Sən buna şübhə edirsən?

-“Kəndçi”ni sevdiyinə necə inanım?

- Köhnə söhbətləri qurdalama. Atama sənin barəndə çox danımışam. Deyir ki, Sabiti bizə gətir. Bizimlə tanış olsun. Akademiyanı qurtaran kimi mənim biznesimi o, idarə edəcək. Ayda iki-üç dəfə xaricə gedəcəyik. Bizim yaşayacağımız  villa “milyonerlər məhəlləsi”ndə uzaqdan diqqəti cəlb edəcək.

-Edilya, bir şeir var ey, “daha nağıllara inanmıram mən”.

-Bıy, nağıl niyə olur? 

-Mən sizə gəlin köçəndə icazə verəcəksinizmi kəndimizə gedim, doğmalarımı görüm?  Anan məni tək buraxacaqmı? Bir də, Edilya xanım, sənin təkliflərindən “tövlə iyi” yox, lap peyin qoxusu gəlir. Yox, mən sizin üfunətli kanalizasiyanızda tez boğularam. Sənə könül açan saçları uzun, üzü tükə həsrət oğlanı üzmə. Siz ki, bir-birinizə yaraşırsınız.

-Axı o, heç kişiyə oxşamır?

-Nə olsun, sənin papanın süd gölündə o, məmnuniyyətlə üzər. Taylı tayını tapmasa, günü ah-vayla keçər deyib babalarımız.

Bu sözlər Edilyanın üzünə tərs şillə kimi dəydi. Arada dönüb arxaya- Gültənə də baxdı. Gültən onun üzündə ikinci dəfə həyat əlamətləri görmürdü...

                                                        

                                                        ***

Axşamüstü. Dənizdə yuxudan oyanan Günəş şəhərin göydələnlərinin arasında gizlənpaç oynayırdı.  Dəcəl uşaqlar kimi iki gəncin gözlərinə işıq salırdı, yatmaq fikri yoxuydu deyəsən. Günəş onların pünhan pıçıltılarını daha yaxından eşitmək, sevgiyə bələnmiş gözlərini daha da nurlandırmaq üçün zamanın çərxini dayandırmaq, bu günün sevgi anlarını uzatmaq istəyirdi. Onların dilsiz baxışlarına, ürəklərinin sözsüz pıçıltılarına, ilahi sevgisinə Günəş mehriban ana kimi sevinir, şahidlik edirdi. Gənclərsə öz aləmlərində idi:

-Gültən, artıq dörd idir ki, sənə ürəyimin telləri ilə göndərdiyim suallar ünvanına çatmır. 

-Hansı suallar, Sabit?

-Eh, sən nə qəribə qızsan, həm də qeyri-adi.

-Anlamadım mənim qəribəliyimi, qeyri-adiliyimi.

-Niyə belə soyuqsan? Səndən cavab gözlədiyimi bilmirsən?

-Məni soyuqluqda suçlayan oğlan, sən bu suallara cavabı çoxdan tapmalıydın...

-Haradan tapım, Gültən?

-Gözlərimdən, Sabit.

-Sənin gözlərinə baxmaq olarmı, Gültən?

-Olar, Sabit, olar.

-Bunun üçün bu qədər uzaq yol gəlməliydik ki, Gültən?

-Bu yolu sən uzatdın, Sabit. Nə yaxşı ki, uzatdın...


dekabr 2019 - yanvar 2020.                                       

 

 

 

 

                                                                 

 

 

                                                            

                      

                                                                                     

Ctrl
Enter
ohv tapdınız?
Ctrl+Enter sıxıb bizə bildirin
Müzakirə (0)