Nicat Şükürlü - Oyuncaq
Selincerə ithaf olunur…
Anam qonşugilə getmişdi. Evdə ikimiz idik – bacım və mən. Divanda oturub “facebook”da yazışırdım. Bacım çöl paltarını geyinmiş, çantasını çiynindən aşırmışdı. Hara gedirdisə, bu qırmızı çantanı özü ilə aparırdı. İçində də yalnız oyuncaq ayısı olurdu. Qorxurdu ki, oyuncağı oğurlanar, çünki məhəllədə oğurluq yaman yayılmışdı. Oyuncaq ayısı bacım üçün çox dəyərli idi. Çünki onu bulvarda aparatdan çıxarmışdı. Hər gecə qucaqlayıb yatırdı.
– Dur gedək, qaqa.
Qolumdan dartır. Mən də hazıram. Lənətə gəlmiş mesajı gözləyirəm. Görəsən, Səmayə görüş təklifimə nə cavab verəcək? Ümid edirəm ki, ayaqqabımı geyinib evdən çıxana kimi mesaj gələcək. Kefim, bəlkə, onda düzələr. Yekə oğlanam, hələ də ayaqqabımın ipini çətinliklə bağlayıram. Qapının kəndarına varanda gözlədiyim mesaj gəlir. Səmayənin cavabı “hə”dir.
Qapını bağlayıram. Kefim ala buluddadır, bacımın əlindən yapışıram, aşağı düşürük. Fit çalıram, qonşuları narahat etdiyim ağlıma belə gəlmir. Bacım xatırladır:
– Qonşular...
Yaş fərqimiz çox olsa da, bacım məndən ağıllıdır – nədən istəsəniz mərcə girərəm... Yolu keçəndədə mütləq sağ-soluna baxmalıdır. Əlindən tutanda əsəbiləşir. Əlini çəkib “yolu özüm keçərəm” deyir.
Həmişəki kimi sağ-soluna baxıb yolu keçir. Mən də, elə bil, bulvarda gəzirəm. Maşınlar “hayqırmağa” başlayır. Az qala, birinin altında qalacaqdım. Yolu keçən kimi bacım donquldanır:
– Bir az ehtiyyatlı ol da. Ata-anamızı fikirləşmirsən?
Üzünə baxıram. Necə də ciddidir. Gözündə eynək olsaydı, uşaqlara sinifdə nəfəs almağa imkan verməyən müəllimələrə oxşayardı.
– Bu qədər ciddi olmaq üçün çox balacasan.
– Balaca özünsən!
Bir-birimizə sataşa-sataşa yolu yarıladıq. Xeyli güldük. Birdən yadına oyuncaq ayısı düşdü.
– Bax gör ayım çantadadır.
Dayandıq, baxdım, ayı çantanın içində idi. İstədim deyəm ki, yoxdur, çantadan düşüb. Oyuncağını itirəcəyini düşünəndə belə həyacanlandığını xatırladım. Bacımı incitmək istəmədim.
– Nə oldu? Düşüb çantadan?
– Burdadır.
Əlimə götürüb göstərirəm. Nəfəsini dərir. Əlimdə aparmaq istəyirəm, icazə vermir.
– Qoy yerinə itirərsən.
Üzümü turşudub ayını çantaya qoyuram. Guya çox incidim. Bacım “kədərlənməyimə” əhəmiyyət vermir. Yolumuza davam edirik. Parka çatana qədər, bəlkə də, min dəfə oyuncağın çantada olub-olmadığını soruşur. Məndə ərinmədən baxıram. Bu, ikimiz üçün də məzəli bir oyuna çevrilir.
Parkda uşaqların səsindən qulaq batırdı. Bacım çantanı mənə verib sürüşkənə tərəf qaçır. Bərk-bərk tapşırır ki, oyuncağı itirməyim, qətiyyən çantadan çıxarmayım.
Uşaqlar bir-biriləri ilə dava edir. Bacım ağıllıdır. Yalnızca sürüşkəndən sürüşür. Növbəti dəfə sürüşkənə qalxanda iki uşağın itələşdiyindən usanıb deyir:
– Başım getdi səsinizdən! Bura dincəlməyə, əylənməyə gəlmişəm!
Uşaqların üstünə böyüklər kimi qışqırırdı. Uşaqların yerinə mən qorxdum. Bacıma tərs-tərs baxıb uzaqlaşdılar. Kolyaskadakı körpəsi ilə gəzintiyə çıxan sarışın qadın yanımda dayanıb soruşur:
– Bacınızdır? Yaman ağıllıdır.
– Hə, ağıllıdır. Elə ağıllı danışır, hərəkət edir ki, hərdən onun qardaşı oduğuma şübhə edirəm.
– Hmm... Çantadan niyə elə bərk yapışmısınız? İçidə boşdur, elə bil.
– Demək olar ki, boşdur. İçində təkcə balaca oyuncaq ayı var.
– Bacınızındır?
Demək istədim ki, mənimdir. Təbii ki, deyə bilmədim. Zibilə qalsın, yalan danışa bilmirəm.
– Bacımın ayısıdır, bulvardakı makinadan çıxardıb. Oyuncaq ayısı olmasa, yatmaz. Bir dəfə evin içində itmişdi. Tapılana kimi səsini kəsə bilmədik. Hönkür-hönkür ağlayırdı.
– Adam inana bilmir. Kim deyər ki, bayaq uşaqların üstünə qışqıran qız oyuncağı olmasa yata bilmir.
Demək istədim ki, mən deyirəm. Təbii ki, deyə bilmədim. Əvəzində dilimdən bu sözlər çıxdı:
– Bacımı tanımırsınız deyə sizə təəccüblü gəlir... Deyəsən, uşağınızın üstü açılıb.
Yalandan dedim. Mən də yalan danışa bilərəmmiş. Ana özünü tez uşağının üstünə atır.
– Axı üstü bağlıdır.
– Onda mənə elə gəldi.
Birdən bacımın yanımda dayandığını hiss etdim. Əllərini böyrünə qoyub dedi:
– Nə şirin-şirin söhbət edirsiz... Kimdir bu qadın?
– Qardaşınızla siz haqda danışırdıq. Bayaq uşaqları qovalamağınız mənə yaman ləzzət elədi.
Bacım özünü eşitməməzliyə vurdu. Bir adamdan xoşu gəlmədisə, öldür onunla danışmaz. Yəqin qadının nəyinisə bəyənməyib. Qolumdan tutub balaca canı ilə məni özünə tərəf dartmağa çalışdı. Qadın gülərək dedi:
– Niyə qardaşınızı rahat buraxmırsız. Yaxşı söhbət edirdik.
Bacım yenə cavab vermir. Başına silah dirəsən belə, danışmaq istəmədiyi adamla kəlmə kəsməz. Ara-sıra məndən də küsür, çox istədiyi bir şeyi alıram, barışırıq.
Qadın gözlərimi qıyıb bizə baxırdı. Güman ki, məni dartışdırmaqda davam edən bacımı necə danışdıra biləcəyini fikirləşirdi.
– Mövzu sənin oyuncağın idi, – qadın qəfildən deyir.
Bacım üz-gözünü turşudaraq hirsli-hirsli qadına baxır:
– Sən agentsən, hə? Oyuncağımı oğurlayıb uşağına verəcəksən?
Qadın qəhqəhə çəkib deyir:
– Mən agentəm? Neynirəm sənin çirkli oyuncağını?
Bacım qolumu buraxıb qadının üstünə tullanır:
– Bu dəqiqə qışqırıb hamını bura tökərəm. Deyərəm ki, qardaşıma girişirsiniz...
Qadın əlini təəccüblə ağzına aparır:
– Aman Allah, sən nə danışırsan? Mən evli, namuslu qadınam.
– Onun üçün qardaşımla danışanda göz-qaş eləyirdiniz?
Qadının utancdan üzü qızarır. Özünə yer tapa bilmir. Ağlamağa başlayan uşağının kolyaskasını itələyib qorxusundan arxasına baxa-baxa parkdan uzaqlaşır.
Qadının bizdən tamam uzaqlaşdığını görəndə bir-birimizə baxıb gülüşürük. Gülməkdən gözümüzdən yaş axır, qarnımız ağrıyır. Bacım deyir:
– Ay allah, nətər inandı. Görürdün arxasına necə baxırdı? Bi ara az qaldı yıxılsın.
Mən də qadını yamsılayıram:
– Aman Allah, sən nə danışırsan, mən evli, namuslu qadınam.
Bacım birdən əsəbi şəkildə deyir:
– Sən danışma mənimlə! Mən sənə demişdimm ki, oyuncağımı gizlət. Sən isə yad qadınla oyuncağım haqqında danışırsan!
Heç nə demirəm. Bu yerdə danışmaq faydasızdır. Çantasını özünə qaytarıb sürüşkənə çıxıb sürüşürəm. Bacım əllərini sinəsində çarpazlayıb dodaqlarını büzür və mənə baxır. Bu vaxt qoca bir qadın nəvəsi ilə sürüşkənə yaxınlaşır.
– Utanmırsan? Yekə oğlansan, orada sürüşürsən.
– Mənim yaşım azdır. Boyum uzundur deyə yaşımdan böyük görünürəm.
Bacım üzünü qoca qadına tutub deyir:
– Hə, düz deyir, qardaşımın ağıl yaşı azdır.
Qadın nə qədər əsəbi görünsə də, təbəssümünü gizlədə bilmir.
Yaranmış sakitlikdən istifadə edib bacımı qolundan yapışıram və sürüyə-sürüyə parkdan çıxardıram. Söz başa düşsəydi, belə etməzdim.
– Burax məni, yoxsa qışqıracağam ki, məni oğurlayırlar.
Dediyini eləyəndir. Qorxumdan bacımı sərbəst buraxıram. Yalnızca bunu deyirəm:
– Pişka yeməyə gedirəm. Şokoladlısı bilirsən də necə dadlıdır. Gəl, sənə də alaram.
Heç nə demədi. Səssiz-səmirsiz arxamca düşdü. Yol boyunca mənimlə kəlmə kəsmədi. Tez-tez çantasına baxıb oyuncağın yerində olub-olmadığını yoxladı. Pişkaları yeyəndən sonra dedi:
– Gedək ayaqqabılara baxaq.
Ayaqqabılardan çox xoşu gəlir. Çoxlu ayaqqabısı var. Ekskalatorla ticarət mərkəzinin ayaqqabı mağazası olan mərtəbəsinə qalxırıq. Bacımla danışmağa çalışıram. Mənə cavab vermir. “Yenə nə oldu, niyə küsdü” deyib yanıma baxıram. Bacım yanımda yoxdur. Təşvişə düşürəm. O yan-bu yana boylanıb bacımın plakatın önündə durduğunu görürəm. Plakata xeyli baxdıqdan sonra mağazaya girir, arxasınca gedirəm. Satıcı qadından nəsə soruşur. Satıcı qadın yol göstərir. Bacıma yaxınlaşdığım zaman o çantasından oyuncağını çıxarır. “Xeyriyyə” yazılan lövhənin yanında duran uzunsaç, qarabəniz qıza öz oyuncağını uzadır. Ayını qıza verərkən oyuncağın qulağına nəsə deyir. Qız təşəkkür edir. Mağazadan çıxanda bacımdan soruşuram:
– Ayının qulağına nə pıçıldadın?
– Dedim ki, mənə məkub yazsın.
Diz çöküb bacımı qucaqlayıram və deyirəm:
– Yaxşı ki, sənin kimi bacım var.