Nemət Mətin - İldırım (hekayə)
Bu gün özümü qəribə hiss edirəm. Sanki, mənasız həyatımda nəsə baş verəcək. Hansısa bir güc məni ayıldacaq. Bilmirəm. Sadəcə hiss edirəm. Səhər digər səhərlərimdən fərqlənmədi. Ümid günortadan sonraya qalır. Hər şeyin gözəli və əsası sonda bilinir. Ən böyük romanların da taleyi axırda həll olur. Filmin kuliminasiya nöqtəsi son dəqiqələrə qədər uzadılır.
Qarayevin adını da bilmirəm. Onu hərbi formada görəndən Qarayev kimi tanımışam. Ağlıma da gəlməyib ki, adını soruşum. Laqeyd insan olmuşam həmişə...
-Qarayev!
-Hə.
Qapı ağzına söykənib durmuşam. Düz Qarayevin üzünü görürəm. Silah təmizləyir.
-Necə olacaq axırımız?
-Sən də dayanıb, dayanıb qəribə suallar verirsən e!
Gülürəm. Özüm də bilmirəm nə üçün belə sual verdim. Ürəyim uzaqlar üçün darıxır. Halbuki yaxınlıqda olanda vecimə deyildi.
Havada səs-küy çoxdur. Sanki tanrılar mübahisə edirlər. Qara buludlar başımızın üstünü alıb. Göyə baxıram. Birdən ildırım necə çaxırsa səksənirəm. İkinci ildırım çaxanda başımın üstündəki dəmirə dəyib yanımdan yerə düşür. Qorxumdan donuram. Bu nə idi, İlahi! Nə əcəb mənə dəymədi. Kül olub küləyin istədiyi yerlərə uçardım. Ağlıma ilk gələnləri götür-qoy edəndə arxadan kimsə məni itələdi. İki addım irəli gedib dayandım.
-Komandir, nə edirsən?!
-Korsan? Öləcəydin, ay qanmaz.
-Niyə?
-İldırım dəmiri tutub sənə dəyəcəkdi.
Qorxulu yuxudan ayılmış kimi ona baxdım. Komandir dodaqaltı mızıldanıb çarpayısına tərəf getdi.
Təxminən iyirmi dəqiqədən sonra düşmən atəş açmağa başladı. Oğraş yığını, dincəlməyə imkan vermirlər. Elə bil götlərində budilnik var. Hava da bir tərəfdən dilxor edir. Heç döyüşmək istəyim yoxdur. Amma ildırımın təsiri bədənimdədir. Mənə dəyməsə də içimdən keçib elə bil...
Komandir atəş səslərini eşidən kimi blendajdan bayıra çıxır. Hazırlaşın, pasyak yığını! İndi qəhbələrə dərs keçəcəyik. Gözlərindəki alovda ərimək olardı. Silahımı yoxlayıb sıraya durdum.
Komandir yüngül öskürəndən sora üz mimikasını dəyişmədən dedi:
-Qarayev və Alışov sağ tərəfdən, biz də sol tərəfdən hücuma keçirik. Təkcə sən (məni barmağı ilə göstərərək) burada dayanıb izlə. Allah eləməmiş məğlub olduğumuzu görsən həmin ərazini bombala.
-Oldu, Komandir.
Hamı bir ağızdan dedi...
On beş dəqiqə sonra tərpəndilər. Sakitcə oturub onları izləyirdim. İldırım fikrimdən çıxmırdı. Görəsən şimşək idi, yoxsa ildırım?
Vurhavur düşmüşdü. Bizdən bir nəfər, onlardan isə üç nəfər yaralanmışdı. Uzaqdan hər şey aydın görünürdü. Özümü tanrı kimi hiss edirdim. Hər şey aşağıda cılız və mənasız görünürdü. Onlar fırıldaq işlədərək bizimkiləri yaxına buraxdılar. Sonra ən ağır zərbələrini endirmək üçün fürsət ələ düşəm kimi atdılar. Xoşbəxtlikdən komandir ayıq tərpənib qaçmağı əmr etdi. Hərə bir tərəfə səpələndi.
İkinci həmlədə qarşı tərəf xeyli itki verdi. On nəfərlə yüz nəfərlik batalyonu darmadağın etməyə az qalmışdı. Qəfildən onlara kömək gəldi. Yenidən mövqeyləri gücləndi. Lənət şeytana. Əsgər yoldaşlarım döyüşür. Mən isə uzaqdan baxıram. Həyatın hər epizodunda ikinci dərəcəli aktyor olmuşam. Kənarda qalmışam. Məktəbdə sevdiyim qızı başqası sevəndə səsimi belə çıxarmadım. Çünki qız da onu sevdi. Universitetdə hamı dərsdən qaçanda mən dərsimdən qalmadım. İş yerimdə məndən savadsızlar özünü göstərərək vəzifələrə yüksəldilər. Necə də saf olmuşam. Qərara gəl! İçimdəki səs üstümə qışqırdı.
Ya sən iki bulud arasında, yaxud bir bulud içində elektrik boşalarkən yaranan qırıq xətt formasındakı müvəqqəti işıq, ya da yerlə göyü birləşdirən ildırım olacaqsan. Şimşək, yoxsa ildırım? Seçim sənindir.
İçimdəki səs məni şülküt elədi. Ayağa durub qışqırdım. Onsuzda hər kəsdən uzaqda idim. Heç kim məni eşitmədi. Bombanı yaralı Komandir və dəstəsi tərəfə deyil, düz düşmənin sıx birləşdiyi əraziyə atdım. Silah-sursatı da götürüb irəli şığıdım. Həmin döyüşdə iki nəfər sağ qalmışdıq. Yaralı Komandir və mən. Qarayevin qabırğaları aralanmışdı. Daxili orqanları görünürdü. Düşmənin bir neçə canlı qüvvəsi üstünə gələndə qumbaranın üzüyünü açmışdı.
Komandirə tibbi yardım göstəriləndə sadəcə gözlərimə baxdı. Sanki minnətdarlıq hissi ilə məni bağrına basdı.