Edebiyyat.az » Proza » Mikayıl Qəhrəmanov - Qırmızı və sarı avtobus...

Mikayıl Qəhrəmanov - Qırmızı və sarı avtobus...

Mikayıl Qəhrəmanov - Qırmızı və sarı avtobus...
Proza
admin
Müəllif:
20:06, 26 sentyabr 2020
1 087
0
Mikayıl Qəhrəmanov - Qırmızı və sarı avtobus...

                                    





Qırmızı...

Müharibələrdə   qəhrəmanlıq dastanları ilə yanaşı paralel olaraq çoxlarımızın bilmədiyi pərdə arxası məqamlarda olur. Məsələn bunun ən yaxşı nümünəsini bizə Çingiz Mustafayev öz çəkdiyi kadrlarla göstərmişdir. Qoyunlarını bəhanə edib silahı atıb qaçmaq istəyəndən tutmuş, avtobusa minib qaçarkən tutulub anasının da avtobusda olduğunu səbəb göstərib cəbhəyə qayıtmaq istəməyənə qədər. Bunlar hələ gördüklərimiz  və ya bizə göstərilənlər idi. Mən sizə görmədiyiniz tərəfini danışacam. Danışacağım bu hadisələrə mən də yaşımdan dolayı şahid olmamışam, bunu mənə müharibədə iştirak edən yaxınlarım illərlə tragikomik hadisə kimi danışıblar. 

Qarabağ müharibəsinin qızğın dönəmlərində könüllü olaraq döyüşənlərlə yanaşı müahirəbədən qaçıb gizlənənlər də çox olub. Yaşadığımız kəndi sanki allah elə gizlənmək üçün yaradıb- bir tərəfi qamışlıq, digər bir tərəfi sıx tut meşəsi və moruq kolları ilə çəpərlənib. Müharibədən qaçanlar təbiətin bu "möcüzəsindən" faydalanıb gizlənirmişlər.

O zamanki hərbi komisarlığa məxsus qırmızı avtobus var imiş və bu qırmızı avtobus tez-tez kəndə müharibədə iştirak üçün yaşı çatanları yığıb aparmağa gəlirmiş. Kəndimiz çox balaca olduğundan kəndin başındakı bir hadisə sürətlə kəndin ayağına çatırdı,bundan dolayı avtobus kəndin başından girəndə artıq kəndin ayağında hər kəs xəbər tuturmuş və qaçhaqaç başlayırmış. Həmin o qamışlıq, tut meşəsi və moruq kolları qaçaqlarla  dolurmuş. Bu qırmızı avtobus o qədər qorxulu bir imic yaradıbmış ki, hətta müharibəyə yaşı çatmayanlar belə qaçıb gizlənirmiş. Sürətli və daha çevik olanlar qırmızı avtobusun növbəti gəlişinədək müharibədən qaça bilirmiş, nisbətən zəiflər isə istəmədən belə olsa qəhramanlıq dastanlarının iştirakçılarına çevrilirdilər. Qırmızı avtobusun gəlişi və qaçhaqaç müharibə bitənə qədər davam edib. 

Bu günlərədə hərbi təlimlərlə bağlı ehtiyatda olan hərbçiləri hərbi komisarlıqlara çağırırlar və gördüyüm mənzərə mənə əslində çox şeyin dəyişmədiyini göstərdi. Gəncləri komisarlıqdan təlim yerlərinə böyük ağ avtobuslarla aparırdılar, bu avtobuslara oğullarının minməsinin qarşısını almaq üçün analar göz yaşı tökür, saçlarını yolurdu. Atalar isə başqa şeylərə əl ataraq oğullarını geri evə qaytarmaq istəyirdilər. Dediyim kimi dəyişən çox şey yox idi, avtobusun rəngindən başqa. Qırmızı avtobusu ağ avtobuslar əvəz etmişdi..

 

Sarı...

Müharibə bitəndən taa ki, ötən illərə kimi AzTv-nin efirində Ermənistan haqqında bir sujet getsə həmin an Yerevanın mərkəzinə aid köhnə bir kadr göstərərdilər. Bu kadrda gözə ilk çarpan şey mərkəzdə dövrə vuran sarı və köhnə avtobus idi. Bir neçə ildən sonra bu avtobusun Ermənistanın istehsal etdiyi tək maşın markası və adının da   "Yeraz" olduğunu öyrəndim. Bu kadrlar bəlli ki, məqsədyönlü şəkildə Azərbaycan tamaşaçısına göstərilirdi, yəni   baxın ermənilər acından ölür, Yerevan bərbad gündədir və avtobusları da köhnədir. Bizlər isə bunun köhnə kadrlar olduğunun belə fərqinə varmadan elə hey o dönən avtobusa baxıb sevinirdik.

 Sevinirdik ki, bizim rifah səviyyəmiz daha yüksək, şəhərimiz daha gözəl, avtobuslarımız isə daha təzədir. Xəyal qururduq ki, əşşi bunlar bu sarı və köhnə avtobuslara minib bizə necə qalib gələ bilərlər?  Röyalara dalırdıq ki, bunlar heç avtobuslarını dəyişə bilmirlərsə bizə nə edə bilərlər ki?  Amma sonra öyrəndim ki, Yeraz adını bu avtobuslara əbəs yerə verməyiblər, çünki yeraz ermənicə xəyal və röya demək imiş. 

Bizdə elə mesajı tam almışıq. Bizdə elə o qırmızı avtobusumuz bizi aparmasın deyə ondan qaçıb sonra o dövrə vuran sarı avtobusun dalınca qaçmışıq. Həqiqətdən qaçıb, xəyal və röyayın dalınca qaçmışıq....

 

 

Ctrl
Enter
ohv tapdınız?
Ctrl+Enter sıxıb bizə bildirin
Müzakirə (0)