Alberto Moraviya – Oğrular kilsədə
Proza
Alberto Moraviya – Oğrular kilsədə
Ana canavarla balaları acından dişlərini qıcayıb, bir-birini didişdirəndə, bunu görən ata canavar, sizcə, nə edər? Mən deyirəm ki, o, yuvasından çıxıb yem axtarmağa yollanar və ola bilsin ki, çarəsizlikdən kəndə enib evlərdən birinə soxular. Kəndlilər də bu vaxt onu öldürsələr, haqlıdırlar. Lakin axı canavar da evlərə soxulub onları parçalasa haqlıdır. Deməli, canavar da, adamlar da haqlıdır və bu işdə heç kimi təqsirləndirmək olmaz. Amma haqdan ölüm doğur.
Həmin qış mənim güzəranım elə canavar güzəranı kimi bir şeydi, daha doğrusu, elə əsl canavar kimi dolanırdım. Ev əvəzinə, aşağıda, Monte Maryonun altında bir kahada, xaraba qazıntı yerlərindən birində yaşayırdım. Orada xeyli kaha vardı, amma əksəriyyətini böyürtkən kolları basmışdı. Təkcə ikisi yaşayış üçün əlverişli idi. Bir mənimki, bir də gah dilənməklə, gah da cın-cındır yığmaqla dolanın Puliti adlı qocanınkı. Dağın ətəyindəki bu çılpaq yerin torpağı sarı, kahaların girəcəyi hisdən qapqara idi. Pulitinin kahasının qabağında həmişə cır-cındır topası olardı. O da bunların içərisində eşələnərdi. Mənim kahamın önündə isə bir benzin çəni vardı. Biz ordakı benzindən yanacaq kimi istifadə edirdik. Arvadım da ayaq üstə, qucağında uşaq elə hey ocaq qalayıb kömür üfürərdi. Kahanın içərisi pis deyildi: geniş, quru və təmiz; yerə döşək salmışdıq, şeylərimizi də mismardan asmışdıq.
Ailəmi həmin o kahada qoyub iş axtarmaq üçün Romaya gedirdim. Qara fəhlə idim, ona görə də çox vaxt yer qazırdım. Sonra qış gəldi və bilmirəm nədənsə, qazma işləri azaldı. O vaxt neçə dəfə iş yerimi dəyişməli oldum. Nəhayət, bir gün tamam işsiz qaldım. Axşam kahamıza qayıdarkən, neft lampasının işığında, döşəyin üstündə oturmuş arvadımın gözləri üzümə zilləndi. Qucağındakı körpə də, yerdə oynayan ondan böyük iki uşağımız da mənə baxırdılar. Mən bu gözlərdə dəhşətli aclıq oxudum. Mənə elə gəldi ki, ac canavar ailəsinin başçısıyam. Düşündüm: “Tezliklə balalarıma yemək tapıb gətirməsəm, yəqin ki, məni didib tikə-tikə edəcəklər”.
Pirani Pulitinin qəşəng, ağappaq saqqalı onu əsl müqəddəslərə oxşatsa da, ağzını açan kimi görürdün ki, fırıldaq adamdır. O, mənə deyirdi: “Bu uşaqları niyə dünyaya gətirmisiniz? Onlara əziyyət vermək üçünmü? Bir də ki, axı sən niyə papiros qırıntıları yığmaqla məşğul olmursan? Bu yolla həmişə bir şey qazanmaq olar”.
Papiros qırıntıları yığmağa özümü heç cür məcbur edə bilmirdim. Mən əllərimlə əsl iş görmək istəyirdim.
Bir axşam çarəsizlikdən arvadıma dedim: “Daha dözə bilmirəm. Bilirsən nə var? Bir küçənin tinində dayanıb, elə birinci gələni…” arvadım sözümü kəsdi: “Həbsxanaya düşmək istəyirsən?” Mən: “Həbsxanada heç olmasa yeməyə bir şey verirlər”. Onda arvadım: “Sənə verdilər, bəs biz?” boynuma alıram ki, onun bu axırıncı sözləri mübahisəmizə son qoydu.
Kilsə ideyasını beynimə salan Puliti oldu. O, kilsələrdə dilənirdi, demək olar ki, onların hamısına bələd idi. Deyirdi ki, axşam kilsə bağlanmazdan orda gizlənə bilsən, işini görüb, səhər heç kimin gözünə dəymədən aradan çıxa bilərsən. Axırda da xəbərdarlıq edib demişdi: “Amma ehtiyatlı ol, keşişlər sən düşünən qədər də axmaq deyillər. Qiymətli şeyləri seyflərdə saxlayırlar, camaata göstərdikləri isə saxta şüşələrdir”. Lap axırda da bu günah işi görə bilsəm, şeyləri özü satacağına söz vermişdi. Nə isə, elə bil Puliti məsləhətilə bərabər bədənimə birə də daraşdırmışdı. Amma o söhbətdən sonra bu haqda nə fikirləşmək, nə də danışmaq istəyirəm. Lakin ideyalar da birə kimi şeydir. Beynimə girdimi, orada asudə dolanır, gözləmədiyin vaxtda birdən səni elə sancır ki, yerindən dik atılırsan. Günlərin birində, həmin ideya beynimi sancdı, mən də açıb hər şeyi arvadıma danışdım. Amma deməliyəm ki, arvadım yaman dindardır. Kənddə yaşayanda gününü kilsədə keçirərdi. O dərhal dedi: “Nə? Dəli olmusan?” bilirdim ki, özündən çıxıb etiraz edəcək, ona görə də dedim: “Bu, oğurluq deyil… Kilsədəki şeylər nə üçündür? Xeyirxahlıq üçün. Bəs biz oradan bir-iki şey götürsək, onlar nəyə xidmət edəcək? Xeyirxah bir işə. Elə isə, ehtiyac içində olduğumuz halda o xeyirxahlıq bizdən çox kimə gərəkdir?” O, özünü itirib dedi: “Belə fikirlər sənin beyninə hardan girib?” cavab verdim: «O sənin işin deyil. Sən de görüm, müqəddəs kitabda deyilirmi ki, acları doyuzdurmaq savabdır?” “Elədir”. “Bəs biz ac deyilik?” “Acıq”, “Deməli, biz borcumuzu yerinə yetiririk, üstəlik, xeyirxah bir iş də görürük”.
Nə isə, zəif damarından dindarlığından yapışıb çox danışdıqdan sonra arvadımı razı salıb dedim: “Amma səni tək qoymaq istəmirəm, mənimlə gedəcəksən. Tutulsaq, həbsxanaya da birlikdə gedəcəyik”. “Bəs uşaqlar?” “Uşaqları Pulitinin yanında qoyarıq… Sonrası Allah kərimdir”.
Bu cür razılığa gəlib, niyyətimizi Pulitiyə söylədim. O, planımızı bəyəndi. Amma axırda saqqalını tumarlaya-tumarlaya dedi: “Domeniko, mən qocanın sözlərinə qulaq as… Gümüş medalyonlarla işin olmasın… onlar ucuz şeydir… bahalı şeylər götür”. Pulitinin, onun ağ saqqalını, verdiyi ciddi məsləhətləri yadıma salanda gülmək məni tutur.
Təyin olunmuş gün uşaqları Pulitinin yanına qoyub, tramvayla Romaya yollandıq. Sanki bir cüt ac canavar dağdan kəndə enirdi. Bizə baxan hər kəs bunu başa düşərdi. Arvadım bəstəboy, sağlam və enlikürək idi. Saçları sıx və qıvrımdı, sanki başında tonqal yanırdı. Sifətində qətiyyətli bir ifadə vardı. Mən bir dəri, bir sümükdüm, üzümü saqqal basmışdı, çuxura düşmüş gözlərim az qala hədəqəsindən çıxırdı.
Korsoya gedən döngələrin birindəki qədim kilsəni seçdik. Hər tərəfdən binalarla əhatə olunduğundan böyük kilsə çox qaranlıq idi. İki cərgə sütunu, onların arxasında darısqal və qaranlıq dəhliz, daha sonra bahalı şeylərlə dolu bir neçə balaca kapellası vardı. Şüşə vitrinlərdən gümüş və qızıl suyuna salınmış ürək şəkilli medalyonlar asılmışdı. Mənim diqqətimi isə kiçik bir vitrin cəlb etmişdi. Orada nisbətən ucuz medalyonların arasında, qırmızı məxmərin üstündə, bir zümrüd boyunbağı vardı. Bu vitrin Məryəm anaya həsr olunmuş kapellada idi. Həqiqətən də, mehrabın ən uca yerində, bəzəkli örtüyün altında Məryəm ananın təbii ölçüdə heykəli qoyulmuşdu. O, başdan-ayağa rənglənmişdi. Başı üzərində dövrələmə çıraqlar yanırdı, ayaqlarının altında çoxlu gül və böyük şamdanlar qoyulmuşdu.
Biz kilsəyə daxil olanda gecə idi. Ətrafda heç kimin olmadığını görüb özümüzü həmin o vitrin olan mehrabın arxasına saldıq. Heykəlin dal tərəfində, balaca bir pilləkəndə əyləşdik.
Artıq çox gec idi. Ponomar kilsədə var-gəl edir, ayaqlarını sürükləyə-sürükləyə mızıldanırdı: “Bağlanır”. Amma o, biz gizlənən mehrabın arxasına keçmədi. Mehrabın hər iki tərəfində yanan qırmızı işıqlardan başqa bütün çıraqları söndürdü. Sonra qapıları necə bağladığını eşitdik. Nəhayət, o, bütün kilsə boyu keçib hücrəyə girdi. İndi biz həmin qaranlıq dəhlizdə, mehrabla absidanın divarı arasında qalmışdıq. “Hə, tez ol, vitrini açaq”. O, cavab verdi: “Gözlə, hara tələsirsən?”
Sonra gördüm ki, arvadım gizləndiyimiz yerdən çıxdı. Kapellanın ortasında dayandı. Yarıqaranlıqda xaç çəkib baş əydi. Sonra geri çəkilə-çəkilə yenə xaç çəkib baş əydi. Nəhayət, gördüm ki, kapellanın bir küncündə diz çöküb dua etməkçün əllərini göyə qaldırdı. Nə dediyini bilmirəm, amma anladım ki, xeyirxah iş tutduğuna o qədər də əmin deyil, ona görə də mümkün qədər günahını yumağa çalışır. O, başını qabağa əyib dua edir, dağınıq saçları üzünü örtür, sonra qırmızı işığın şuaları altında dikəlib təsbeh çevirirmiş kimi nə isə pıçıldayaraq, yenə baş əyirdi. Ona yaxınlaşıb ehtiyatla dedim: “Duanı evdə edə bilərdin, yox?” Bu vaxt o kobudcasına: “Əl çək məndən… Gör kilsə nə boydadır, get bir az gəz… Niyə kəsdirmisən yanımı?” Mən pıçıldadım: “İstəyirsən sən dua edənə qədər mən vitrini açım”. Ancaq o yenə də sərtliklə: “Yox, heç nə istəmirəm… O dəmiri mənə ver”. Bu, vitrini açmaq üçün çox əlverişli olan qapı siyirməsi idi. Dəmiri ona verib qırağa çəkildim.
Bilmirdim nə edim. Kilsədə gəzişməyə başladım. Uca, uğuldayan qaranlıq qübbələri, yan dəhlizlərdə qara rəngli bağlı ibadət yerləri, bir qədər dərində isə parıldayan baş mehrabı olan bu yarıqaranlıq kilsə məni dəhşətə gətirirdi. Ayaqlarımın ucunda, iki sıra boş oturacağın arası ilə qapıya sarı getdim. Kürəyimdən bir üşütmə keçdi. Sanki kilsə məni güdürdü. Qapını açmaq istədim, gördüm ki, doğrudan da bağlıdır. Onda geri qayıdıb, soldakı dəhlizdə, qırmızı çıraqla işıqlanan qəbrin yanında oturdum. Divara bitişik bu qəbrin üzərində parlaq qara mərmərdən sinə daşı, yan tərəflərində isə iki kiçik heykəl, əlində oraq tutmuş skelet və öz saçlarına bürünmüş çılpaq qadın fiquru vardı. Fiqurların hər ikisi sarımtıl, parlaq mərmərdən idi, çox gözəl düzəldilmişdi. Onları nəzərdən keçirməyə başladım. Bəlkə, qaranlıqda baxdığımdan mənə elə gəldi ki, tərpənirlər. Elə bil qadın skeletdən qaçmaq istəyir, skelet isə nəzakətlə onun əlindən tuturdu.
Fikrimi yayındırmaq üçün kahamız, uşaqlar və Puliti barədə düşünməyə başladım. Öz-özümə dedim ki, elə bu saat mənə geri qayıtmağı və hər şeyi yenidən düşünməyi təklif etsəydilər, fikrimi dəyişməz, ya da ona bənzər bir şey edərdim. Nə isə, bu kilsəyə düşməyim, bu işə qoşulmağım, bundan yaxşı bir iş tapmamağım da təsadüfi deyildi. Bu cür fikirlər içində yavaş-yavaş məni yuxu apardı. Bu, zirzəmi kimi soyuq kilsədə röyasız bir yuxu idi. Yatdım, daha sonrası yadımda deyil.
Sonra kimsə məni silkələməyə başladı, mən də yuxulu-yuxulu dedim: “Eh, bir az yavaş, nə istəyirsən?”. Nəhayət o qədər silkələdilər ki, gözümü açdım. Gördüm ki, ətrafıma camaat yığışıb: gözü kəlləsinə çıxmış ponomar, saçları dağınıq, paltarını necə gəldi taxmış qoca keşiş, iki-üç polis, onların da arasında qəmgin sifətli arvadım. Yerimdən tərpənmədən dedim: “Bizi rahat buraxın. Evsiz-eşiksiz adamlarıq, kilsəyə yatmağa gəlmişik. Onda polislərdən biri mənə nə isə gətirib dedi: “Bəs bu?.. Bu da yuxu görməkdən ötrü idi?” yuxulu olduğumdan əvvəl elə bildim təsbehdir, sonra baxıb gördüm ki, zümrüd boyunbağıdır. Nə isə, çox danışdıqdan sonra, polislər bizi araya aldılar, kilsədən çıxdıq.
Hələ gecə idi, amma səhərin açılmasına az qalırdı. Küçələr boş və rütubətli idi. Polislərin arasında, başımızı aşağı salıb, iti addımlarla dinməzcə irəliləyirdik. Məndən qabaqda gedən qısa donlu, saçları dağılmış arvadımı görəndə, bədbəxtə elə yazığım gəldi ki, polislərdən birinə dedim: “Mənim ona, uşaqlarımıza yazığım gəlir”. Polis soruşdu: “Bəs uşaqların hardadır?” Ona hər şeyi başa saldım. O dedi: “Yaxşı, sən ailə başçısısan. Necə olub ki, bu cür yolunu azmısan? Uşaqlarını düşünməmisənmi?” ona cavab verib dedim: “Mən elə uşaqlarımızı düşündüyümdən bu işə əl atmışdım”.
Komissarlıqda yazı masasının arxasında əyləşmiş cavan, sarışın oğlan bizi görən kimi dedi: “Müqəddəs əşya oğruları, eh!” birdən arvadım qorxunc səslə qışqırdı: “Allah özü şahiddir ki, mən günahkar deyiləm!”. Mən onun bu cür qışqırmağını heç vaxt eşitməmişdim, ağzım açıq qalmışdı. Polis komissarı dedi: “Deməli, günahkar ərindir!” “Yox!” “Belə görürəm ki, günahkar mənəm… bəs boyunbağını hardan almısan?” bu vaxt arvadım dedi: “Məryəm Ana mehrabdan düşdü, öz əllərilə vitrini açıb boyunbağını mənə verdi” “Eh, Məryəm Ana… Lingi də sənə Məryəm Ana verdi?” arvadım əllərini göyə qaldırıb qışqıraraq elə hey deyirdi: “Durduğum yerdə canım çıxsın, əgər yalan deyirəmsə!”
Bilmirəm bizi nə qədər sorğu-suala tutdular, amma mən həqiqətən də olduğu kimi deyirdim ki, heç nə görməmişəm. Arvadım dil töküb təkrarlayırdı ki, boyunbağını ona Məryəm Ana verib. Tez-tez dəhşətlə qışqırırdı: “Camaat möcüzənin önündə diz çökün!” Nə isə, ya bərk sarsılmış, ya da həqiqətən dəli olmuşdu. Axırı onu apardılar. O, qışqırıb Məryəm Ananı çağırırdı. Məncə onu xəstəxanaya apardılar. Sonra komissar məndən soruşdu ki, arvadımın ağlının başından çıxması barədə nə deyə bilərəm. Fikirləşdim ki, axı dəlilər xəstə deyillər. Sadəcə, hər şey onlara ayrı cür görünür. Ona görə də dedim ki, “doğrudan da belədir”. Sonra düşündüm ki, bəlkə arvadım doğru deyirdi? Bu cür fikirləşə-fikirləşə çox heyfsləndim ki, Məryəm Ananın mehrabdan düşməsini, vitrini açıb boyunbağını ona verməsini öz gözlərimlə görməmişəm.
Tərcümə edən: Cəmşid Cəmşidov
Sim-sim.az
Mövzuya uyğun linklər:
Həmçinin oxuyun:
Azad Qaradərəli - ERMƏNİ DOKTORUN GÜNDƏLİYİ VƏ QARABAĞIN QARA HEKAYƏTLƏRİ (romandan parça)
Azad Qaradərəli MORQ ÇİÇƏKLƏRİ - ( roman - birinci hissə )
LALƏ HÜSEYNOVA - SİRR
Azad Qaradərəli - MORQ ÇİÇƏKLƏRİ - ROMAN 3 - cü hissə
Azad Qaradərəli - MORQ ÇİÇƏKLƏRİ (roman) İKİNCİ HİSSƏ
Azad Qaradərəli : "MORQ ÇİÇƏKLƏRİ" (romandan parça)