Zərintac Həsənova - Solmuş gülüşlərin əhatəsində (hekayə)
Proza
Zərintac Həsənova - Solmuş gülüşlərin əhatəsində (hekayə)
Bütün Vətən Qəhrəmanlarına və onların sevdiklərinə həsr olunur.
2020-dən düz 8 il keçdi. Müharibənin bütün qorxusu, kədəri, həyəcanından, qan və göz yaşı dolu həmin ildən 8 il keçib. Hadisələr mənim düşüncələrimdə tozlanmış olsa da, bəzən elə olur ki, bir an hər şeyi çox tazə xatırlayıram. Ucu-bucağı görünməyən dənizin suları kimi kədər məni özünə qərq edir, müharibə haqqında düşündükcə daha dərinlərə batıram. Bəlkə də, bu, kədərdən çox utanc hissidir, qürurdur, əlindən heç nə gələ bilməməsinin acizliyidir. Acizliyimlə üz-üzə qalıram, utanc dolu acizliyimlə.. Bax, belə anlarda güldüyüm hər saniyənin hesabını özümdən qəddarcasına sormaq istəyirəm:
“Niyə güldün? 8 il öncə içi qan ağlayan, yaşamından bütünlüklə utanan sən deyildinmi? İndi gözlərinin parıltısından tutmuş qəlbinin dərinliklərinə qədər yol alan sevincinin səbəbi hər nə olursa olsun, bu qədər dərindən sevinmə. Bu Vətəndə-sənin vətəndaşının qanı ilə örtülmüş bu torpaqda sevincə bu qədər bağlı və asılı olma. Kədəri də hiss et ki, sənin nə vaxtsa otaqlarda əks olunan qəhqəhələrinin sonrakı utancı həmin müharibəni, Vətəninin şəhidlərini xatırladan nəsə ilə qarşılaşında, heç olmasa, bir az azalsın.”
Şəhidlərimizi xatırladan nəsə ilə qarşılaşanda deyərkən, əslində, xatırlamaq üçün heç nə lazım deyil mənə. Bir şəkil, video, onları xatırladan mahnılar, şeirlər, sözlər- təkcə bunların təsiri ilə xatırlamıram. Şəhid Vətən övladıdır, Vətən övladı Vətəndir, Vətən isə mənim bütün ruhumdur. Vətəni görmək, duymaq istəyən üçün hər yer vətəndir, hər şey vətəndir. Düşüncələr, ruh halı, amalın, yaşama duyduğun sevginin böyük bir hissəsi, ümidlərinin doğduğu-doğacağı yerdir Vətən. Ən xoşbəxt dəqiqələrimdə sevincimin məni, bədənimi bütünlüklə sarıb düşüncələrimdə bir anlıq “əbədi xoşbəxtəm hissini” yerləşdirmək istərcəsinə əsir aldığı zaman, elə həmin andan çox keçməmiş bir yerlərdə “çox böyük kədərin var”-dediyini də bütün varlığımla hiss edib sarsılıram. Axı bu, təkcə kədər deyil, bu mənim ruhumdan qopan böyük bir parçadır, mənim əksikliyimdir. Yoxluğun acısı deyil bu, bu, mənim kimsəsizliyimdir. Minlərlə Vətən övladının qovuşmaq ümidinin son bulduğu, onların sevdiklərinin, onları sevənlərin hüzünlə qovuşduğu anların böyük bir toplamıdır məndən qopan həmin parça. Mən ən yaxınımı, ən sevdiyim insanları itirmədim o müharibədə, lakin itirdiyim yaşamlarını daha yaxından gözləmləməli olduğum, mütləq tanımalı olduğum şəxslər idi, hansı ki, yaşamı boyu qızıl tarixi yazmış olan, öldükləri anda isə tariximizi dəyişən həmin igidlər. İnsan əməli ilə yadda qalır, doğrudur, lakin ürəyi ilə iz qoyur unudulmayan düşüncələrdə. Bax, mən o ürəklərdən məhrum olan vətənin kimsəsiz övladıyam...
Gənc idim o zamanlar.. Müharibənin başladığını eşitdiyim anda gözlərimdəki qığılcımın bütün bədənimi sarsan alov olub məni hiddətləndirdiyini hiss etdim sadəcə. İntiqam hissi bürüdü məni: “kaş ki mən də orda olsam.” Sonra qorxu bizi ələ keçirir. Axı insan, şübhəsizdir ki, ilk öncə-hər zaman özünü düşünür. Öz ailəm, ən yaxınlarım üçün qorxdum. Məni ələ keçirmək istəyən qorxunun qurbanı olmaq istəmirdim, qorxmaq istəmirdim. Hər şey üçün qorxaram, bəlkə də, hər şey üçün zəif ola bilərəm, yenilərəm. Amma Vətən üçün qorxmamalıydım. Həyatımdakı ən böyük utanc olardı bu qorxunun mənim içimdə yer alması. Hislər bir-birini əvəz edirdi, heç tanımadığım duyğularla baş-başa qaldım günlərcə. Sonra adamın içini dərin bir hüzn bürüyür, hər şəhid xəbərini eşitdikcə, ağlayan gözləri gördükcə o göz yaşı damlalarında özünü boğmaq istəyirsən. Hər qələbə xəbərində göylərə uçub, hər şəhid xəbərində uçurumdan düşüb bütün bədəni parçalanan, hissiyatını tamamilə itirən insan olmağı diləyirsən. Mənim o günlərdə hiss etdiyim ən güclü iki duyğu vardı: birincisi, müharibənin ən qızğın yerində olmaq istəyirdim, döyüşmək istəyirdim, yaralananların yarasına məlhəm bulmaq istəyirdim, ölənlərlə ölmək. İkincisi isə yaşamımdan utanırdım, özümü öz əllərimlə yerin dibinə batırmaq, yox olmaq istəyirdim. Sual verirdim özümə:
“ Sən, nə etdin, söylə? İndiyədək - yaşadığın müddətcə bu Vətən üçün nə etdin? Yaşamından utanan bir insanın ölümü nə qədər dəyərli ola bilər ki?” Məşhur türk şairi N. Hikmət deyirdi: “Öyle ölüler vardır ki, ben onların öldüklerini düşündükçe, vakit olur, yaşadığımdan utanırım."
Doğrudur, çox çalışdım Vətənimə, xalqıma özümdən yararlı, faydalı nələrsə qatmağa, yaxşı mütəxəssis olmaq üçün çalışdım, Vətənə olan sevgimin azalmaması üçün çox çalışdım. Qarşılaşdığım maneələrdə, yaşadığım ruh düşkünlüklərində, hansısa kəslərin pis əməllərində, qaranlıq qəlblərdə itib-batmamaq üçün çalışdım. Kimlərinsə pis əməllərlə bu Vətəni kirlətmək istəməsi bizim də o kirliliyə boyun əyməli olduğumuz, qorxmalı olduğumuz anlamına gəlməz. Ən pislərin olduğu yerdə, ən yaxşılar da vardır, əlbət. Mən o yaxşılar'dan ümidlənirdim. Düzdür, nə qədər çalışıb-didinsən də, bir şəhid ailəsinin qəlbinin dərinliyində kök salan fəryadını dindirə bilməzsən. Bacardığın tək şey öz ölkəni daha da gözəlləşdirməyin, qəhrəmanların övladlarına parlaq gələcək olmaq üçün etdiklərindir ki, bu, zatən, hər vətəndaşın yaşamı boyu ən ümdə məqsədlərindən olmalıdır.
Xatirələrimdə müharibəni təmiz soldurmaq istəmirdim. O gənclik illərimdə, müharibənin uzaqdan belə olsa şahidi olduğum illərdə də əmin idim ki, ruhumdakı böyük bir parçanın yoxluğunu hər zaman hiss edəcəyəm, bu yoxluq bəzən məni çox əzəcək, çox sıxacaq. Hislərimdə batdıqca batacağam, sonra isə bəzi hadisələr, gündəlik həyatın vərdişləri, işlərim tamam başqa hislərimə qovuşduran liman olacaq. Əmin olduğum bu düşüncələrin hələ də əsiriyəm, lakin o illərdən fərqli olaraq, bütün bunlar biraz soluqlaşmışdır. Azalmışdır deyə bilərik mi, bilmirəm, amma kədərin yerini qəbullanışa verdiyini deyə bilərik. Dostoyevski demirdi mi, “ bu alçaq insan hər şeyə alışır ” - deyə.. Dostoyevskinin bu cümləsinə nə zaman rastlasam, insan olmağı çox da müqəddəsləşdirdiyimizin necə də səhv olduğunu, insanın necə də aciz bir varlıq olduğunu düşünürəm. Onun vaxtilə öz beyninin, ürəyinin yaşatdığı duyğularının necə bir müddət sonra qatili olmasını, qəlbinin getdikcə daşlaşmasını, hər bir acıya alışan varlıq olmasını qəbullanmaq mənə zor gəlir. Acımıza, kədərimizə belə sahib çıxmağı bacarmırıq ki, sevinclərə də layiq olaq.
***
Təmiz hava almaq üçün işdən evə doğru piyada getməyi düşündüm. Hava mülayim idi, küçələrdə az insan var idi. Ah, insanlar gözəl havaların da qədrini bilmir. Yaz havası. Ən sevdiyim fəsil. Gözəl arzuların, coşğun duyğuların fəslidir yaz. Çiçəklənən ağaclar yeni başlanğıcların müjdəsidir. Telefonuma zəng gəldi, açmaq istəmədim. Yalnızca təbiətin gizli hayqırışlarını duymaq istəyirdim, nəinki həzin bir insan səsini. 5-10 addım sonra Fəxri Xiyabanın önündəydim. Bir qadın çıxırdı qapıdan, saçı-başı dağılmış, başındakı şalı saçlarına elə bürümüşdü ki, sanki, o şalla bütün kədərini və bu həyata qəzəbini örtmək istəyirdi. Yavaş-yavaş addımlayırdı, qorxurdu hər addımından, gözlənilməz süprizlərdən qorxurdu. Ayaq uydurmaq istəmirdi həyatın ahənginə. Yəqin, donuq baxışlarımı uzun müddət ondan çəkə bilməmişəm ki, müraciət etdi: “Allah şəhidlərimizə rəhmət etsin.” Mən də qarşılıq verdim: “Amin!” Suallar verməkdən qorxdum, əmin idim ki, şəhid olan sevdiyinin yanına gəlibmiş. (Sevən insan hər halından bəllidir.) Yanımda yeridiyini, addımlarını mənimkilərlə uyğunlaşdırmaq istədiyini, tanımadığı bir insanda təsəlli tapmaq istədiyini hiss edirdim. Mən də ona bütün varlığımla təsəlli olmaq istəyirdim, çox istəyirdim! Lakin dodaqlarım bir-birinə kilitlənmişdi. Ürəyimin qışqırıqlarını dilim susturmağa çalışırdı, heç nə bacara bilmədim. Susqunluğumuz Şəhidlər Xiyabanının yanında dalğalanan Üçrəngli bayrağın kölgəsinə çatanadək davam etdi. Məndən soruşdu:
- Bayrağı izlədikcə hansı hisləri keçirirsən?
- Sonsuz qürür, uşaqlıqdan bəri ürəyimdə doğan bayraq sevgisinin bütün ruhumu qucaqlayıb dodaqlarımda kiçik, gözəl bir təbəssüm yaratdığını hiss edirəm. (bayrağa olan sevgimi heç cür ifadə edə bilməzdim) Bəs siz?
- Mən o bayrağın al rəngində şəhid olmuş sevgilimin surətini görürəm. Mənə “hər zaman - ölənə qədər yanında olacağam”- deyən sevgilimin məni tək qoymasından doğan peşmançılığının izini görürəm. Ancaq, bundan da böyük olan Vətənə sədaqətini, Vətən sevgisini görürəm. Fəxr səbəbimin necə müqəddəs, bir o qədər də ağrılı olduğunu düşünürəm.
Özümü toparlamağa çalışıb, səsimin titrəməsini hiss etdirməmək üçün dərindən nəfəs alıb, (baxmayaraq ki, o aldığım nəfəsin həmin an son nəfəsim olmasını bütün ürəyimlə diləmişdim) demək istədiklərimin təsirindən gücsüz düşüb yalnız “ Hər iki halda da bizim müqəddəs bayrağımız hər zaman zirvələrə layiqdir. “ – deyə bildim. Qadın başını xəfifcə sallayaraq təşəkkür etdi. Heç nə deyə bilmirdi, heç nə. Gözləri bütün xatirələrinin, solan xəyallarının, sevgisinin onu necə zəiflətdiyindən xəbər verirdi. Zərif olan qadınları zəiflədən eşq deyil midir? Başqa zaman, başqa hər şeydə qadınlar dünyanın ən güclü varlığı olurlar. (İçdən-içə düşünürdüm: Tanrı bilir, hər dəfə bu qadın sevgilisinin şəhid olma diləyini onun dilindən eşidərkən necə səssiz-səssiz ölürmüş öz içində. Onun ölümünü görməmək üçün gecə-gündüz necə yalvarırmış yaradana, dualarla məlhəm diləyirmiş... Bu saf qorxu kaş yetərdi dünyadakı bütün pislikləri sarsıtmağa. Kaş ədalətsizliyi, müharibələri yox edərdi. Ah!..) Qadın mənlə sağollaşıb asta addımlarıyla yolunu dəyişərək çıxıb getdi. Ancaq, yanımdan ötüb keçərkən çiynimə yavaşca toxunan şalı ilə onun içini bürüyən bu əbədi kədərin mənə, yaşamımdakı rahatlığa, sanki, şillə vurduğunu duydum. O qadın məni yox etməz istəməzdi, lakin, onun sonsuz kədərində mən yox olmaq istəyirdim.
Dönüb təzədən o bayrağa baxdım, donuq-donuq izlədim dalğalanan üç rəngi, ayı, ulduzu -Vətənin qəhrəman oğullarının o al rəngdəki hayqırışlarını izlədim. Gözlərimdən axan yaşların bütün şəhidlərə sarılmaq istədiyini hər hüceyrəmdə hiss edirdim. Bədənimdən qopub çıxmaq istəyən ruhumun üşüyən şəhid sevdiklərinə örtü olmaq istədiyini bütün varlığımla hiss edirdim.
Daha sonra düşüncələrimlə baş-başa evimə doğru yeriməyə başladım: Ölənlər ki mərd idi, bəs yaşayanlar ölənədək mərd yaşaya biləcəkmi bu Vətəndə?
Mövzuya uyğun linklər:
Həmçinin oxuyun:
LALƏ HÜSEYNOVA - SİRR
Fərid Muradzadə - Cəhənnəmdən qaçış.(novella)
Azad Qaradərəli - ERMƏNİ DOKTORUN GÜNDƏLİYİ VƏ QARABAĞIN QARA HEKAYƏTLƏRİ (romandan parça)
Azad Qaradərəli - MORQ ÇİÇƏKLƏRİ - ROMAN 3 - cü hissə
Azad Qaradərəli MORQ ÇİÇƏKLƏRİ - ( roman - birinci hissə )
Zərintac Həsənova - Vətən bizi səsləyir.