Edebiyyat.az » Proza » AZAD QARADƏRƏLİ - SEVGİLİM VƏTƏN(radio-povest)

AZAD QARADƏRƏLİ - SEVGİLİM VƏTƏN(radio-povest)

AZAD QARADƏRƏLİ - SEVGİLİM  VƏTƏN(radio-povest)
Proza
admin
Müəllif:
17:48, 26 yanvar 2021
1 206
0
AZAD QARADƏRƏLİ - SEVGİLİM VƏTƏN(radio-povest)






         
                         Vətən  Müharibəsinin yeganə  qadın şəhidi Arəstə Baxışovanın xatirəsinə
 







       PROLOQ



    Hər yan od tutub yanır. Odlu güllələr göyü yandırır, orda durmur, düşdüyü yeri də qana çalxayır, torpağı xəndəyə, ağacı oduna, insanı ətə çevirir. Yanıq iyi, qan qoxusu, insan iniltisi, kəsilmiş qollar, qopmuş ayaqlar, para-pırtıq olmuş insan bədənləri, bağırsağı çölə tökülən, əli ilə onu içinə yığıb irəli yerimək istəyən gənc əsgər və bunların fonunda ilahi bir səs: “Qardaş, sağsan?”
    Kor olduğunu zənn edən əsgərin gözləri bu zərif səsdən açılar kimi olur və onu görüb zarıyır:”Bacı... köməy elə...” 
    Səslər artır, çoxalır. Biri son kərə “bacı” zarıyıb ölür, biri qanlı əlini dərsini bilən məktəbli kimi göyə qaldırıb özünü nişan verir: “Bacıııııııı...... yaram...”
    Biri yaralı olsa da, daha ağır yaralanmış əsgər yoldaşını o səsə tərəf sürüyür:”Bacıııııı...... bura gəl!.. Ağır yaralı var... Qan aparır!..”
    O, imdad diləyən bu səslərə sarı atır özünü. Birinin qopub sallanan çənəsinə ilk yardım edir, başqa birisinin dirsəyinin altından fışqıran qanı kəsmək üçün bir şey tapmır, boynundakı  şərfi açıb burur, ip kimi qanlı qola dolayıb bərk-bərk sıxaraq düyünləyir, birinin qəlpə dağıtmış çiyninə sarıq qoyur, birinin çölə tökülmüş bağırsaqlarını içəri yığıb üstdən enli tənziflə bağlayır, birinin son dəfə baxan gözlərini əlləi ilə qapayıb hönkürür...
 
            İxtisasca ingilis dili müəllimi idi. İstəsəydi, rahat, sakit müəllim ömrü yaşayar, Vətəninə bu cür xidmət edərdi. Amma o, hərbini seçdi. Əvvəl hərbi hissədə statist kimi çalışdı. Vətən müharibəsi başlayanda isə tibbi kurs keçib, döyüş bölgəsinə yollandı. Neçə-neçə yaralı əsgəri güllə yağışı altından çıxarıb xilas etdi.
    O yaralı əsgərlərin yarasına ilk tibbi yardım edər, sarğı qoyar, qanının axmasına qıymazdı. Deyilənə görə, onun özünə dəyən güllənin yerini sarımaq, qanını dayandırmaq imkanı olmayıb. O yaradan axan qan hələ də anasının qəlbində qövr edir, övladlarının gözlərində yaşa dönür, dostlarının könlünü incidir. Mən, Arəstəni həyatda görmədim. Amma mənim də ürəyimdə bir ağır iz qoydu Arəstə yarası. Anam kimi, bacım kimi, qızım kimi... Və bu yazını onun hələ də qanı qurumayan yarasına sarğı kimi yazdım. Bəlkə o yaraya məlhəm olar, ən azı qaysaq bağlamağa kömək edər deyə...
    


 

         İkinci sarğı

             MÜƏLLİF


           Övlad... 
           Hər bir insanın bu həyatda bir neçə borcu var. Yəni bu dünyaya gəlmisənsə, mütləq etməli olduğun bir neçə nəsnə var ki, onlardan biri də dünyaya övlad gətirməkdir. Bu həm nəsil artırmaq, həm də özünə varis qoyub getmək kimi vacib əməldir. (Təbii, burda istisnalar da var. Kimsə heç ömrü boyu ailə qurmaz və bu səbəbdən övladı da olmaz. Bizim qonşu qəsəbədə bir yaşlı kişi vardı, adı Cəlaldı, amma hamı Qısır Cəlal deyirdi. Yazığın ömrü boyu arvadı olmamışdı. Elə mənim yaxın dostum şair Məmməd Elli... O da həyatı boyu evlənmədi... Qadınlardan da belə misal çəkə bilərəm, amma bəsdir... Bir də var taleyin əyməsi – evlənərsən, uşağın olmaz. Bu da bir ayrı işdir. Təbii, o zamanlarda indiki kimi süni mayalanma-zad yoxuydu axı...) Amma dünyaya övlad gətirməklə iş bitmir. Gərək onu böyüdəsən, nazını çəkəsən, tərbiyə verəsən, bir sənət sahibi edəsən və ailə qurmasına, ev sahibi olmasına yardımçı olasan... Əgər bunları etməyəcəksənsə, o övladı bu dünyaya gətirib oda salmağa dəyməz...
           Bir ailə yaxınımız vardı. Necə başa salım, biz tərəfdə oğlan uşaqlarını sünnət edəndə onu qucağında saxlayan bir yıxılıb-durmuş, bərkdən-boşdan çıxmış kişi xeylağına ağız açar, sünnət işi bitdikdən sonra da onu şirin-şirin kirvə çağırardılar. Dediyim ailə yaxınımız kirvəmiz idi. Bizim nəsildə nə qədər oğlan uşağı vadı, hamısını onun qucağında sünnət eləmişdilər. Kolxozda hesabdar işləyən bu adam bizim kəndə başqa rayonnan gəlmiş, burada yerli bir kişinin qızı ilə ailə qurub, ev-eşik sahibi olmuşdu. Birevli kimi olmuşduq. Bizim xeyir-şərdə onlar yaxınnan iştirak edərdi, onlarınkında da biz. 
Mənim on səkkiz, ya on doqquz yaşım olanda bir gün anam dedi ki, kirvəmizin filan kənddə bir oğlu varmış, həmin oğlanın anası, yəni kirvəmizin birinci arvadı vəfat eləyib, ayıbdır, camaat maşın tutub, gedirlər, sən də get. Atam da başa saldı ki, siyahı olsa, adını yazdır, beş manat da pul sal*. Çıxanda da ev sahibinə və kirvənə başsağlığı ver. 
           Getdim. Tanımadığım adamlara başsağlığı da verdim. Geri qayıdanda kirvəmiz dil-ağız elədi ki, belə gündə onu tək buraxmadım...
           Kənddə müəllim işləyirdim, yenə bir gün atam dedi ki, bəs, kirvənin filan kənddə bir qızı varmış, indi onun əri maşın qəzasında ölüb, qonum-qonşu yığışıb maşınla gedirlər, gəlsənə, sən də gedəsən, ayıbdır...
          Elə bildim, yasına getdiyim arvadın qızıymış, amma yox, bu da ayrı arvaddanmış və bir ayrı kənddə yaşayırmışlar... Buna da getdim...
         Lap son vaxtlar idi - 90-nların başı. Dedilər ki, kirvəmizin tamam ayrı bir kənddə yaşayan neçəncisə arvadının nəyinin nəyisə rəhmətə gedib... Vallah, düzünə qalsa, gedərdim getməyinə, amma kirvəmin əvəzinə mən utandım... Bu nədir ay kirvə, sən Çingizxanmısan?! Hər kənddə bir arvad, hər arvaddan bir oğlan, bir qız... Sonra da yas yerləri...
Kirvəninki bir gecənin kefinnən olanlardı...
            Amma atalar, yaxud da analar da var ki, Vətən çağıranda gözlərinə nə övlad görünər, nə ailə. Elə Arəstə kimi... Yox, Arəstədən danışmazdan öncə qoy bir ayrı misal çəkim: Fərid Hacıyev adlı döyüşçü müharibədə qəhrəmanlıqla vuruşmuş, Füzulinin, Cəbrayılın azad edilməsində rəşadət göstərərək şəhid olmuşdur. Özündən sonra iki körpə övladı qalıb. Üstəlik, atası da oğlunun şəhid olmasına dözməmiş, infakt keçirərək həyata vida etmişdir... Bəli, Vətən eşqi bu igidlərçün ailədən, övladdan üstün idi. Nişanlısını gözüyaşlı qoyub gedənlər vardı, üç ayın gəlinini gözü yollarda buraxanlar vardı, sevdiyi qıza ürəyini açmadan Vətən uğrunda silaha sarılanlar vardı...

------------------------------------------------------------------------------------------------------------------------------------------------
*Biz tərəflərdə ölü düşəndə yasa gələnlər bir dəftərdə adlarını qeyd etdirib, pul yazılardılar, eynən toydakı təki. Bu ev sahibinə maddi yardım kimi nəzərdə tutulan adət idi.
 
             Tək-tək də olsa, Arəstə kimi analar da vardı... Övladlarını analarına etibar edib Vətənin müdafiəsinə qalxmışdılar...
          “Vətən eşqi məktəbində can verməyi öyrənmişik...” – deyilənə görə, qeydiyyat dəftərçəsində yaralı əsgərlərin adlarını yazdığı səhifələrin birində bu misra da varmış... Heç müəllifinin adı da qeyd edilməyibmiş... Özünün dost-doğma misraları kimi yazıbmış Arəstə... 
         “Vətən eşqi məktəbində...” 
         Arəstənin övladlarının fotolarını gördüm. Hələ çox uşaqdırlar. Onlara ana nəfəsi bunnan belə lazımdır. Amma Arəstə analıq duyğusunu dondurub getmişdi. Bir də orada – cəbhə bölgəsində anasız uşaqlara, evdən qaçıb gedənlərə ana olmağa, yaralanıb qanı tökülənlərə bacı olmağa getmişdi. Əlbəttə, yuxarıda misal çəkdiyim kirvəmizin kəndlərə səpələnmiş uşaqlarının məsələsinin Arəstəyə, onun uşaqlarına dəxli yox kimidir. Sadəcə, yeri gəldi, yazdım...
          Arəstə kimi tibb bacısı olmaq, özü də müharibə gedən ölkənin döyüş bölgəsində tibb bacısı olmaq - neçə-neçə gəncə ana-bacı olmaq kimi iş idi.


       ARƏSTƏ

        Bir gün dedilər ki, bir türkiyəli doktor gəlib, biz tibb bacılarına məsləhətlər verəcək. Əlbəttə, məsləhət almaq yaxşı şeydir, amma mənim indi məsləhətə vaxtım hanı ki? Biz bir saat belə boş durmuruq. Namxuda, ordumuz sürətlə irəliləyir. İrəliləyən ordunun şəhidi, yaralısı daha çox olur. Və mən köməkçilərimlə yaralılara yardım etməli, imkan olanda şəhidləri də arxaya yola salmalıyam.
Bir axşam nisbətən sakitlik idi. Atışma səsləri eşidilmirdi. Türk həkim yadıma düşdü və Mirələmovu da yanıma alıb, maşınla on kilometr arxada səyyar tibb məntəqəsinə getdim. Həkimin bəzi məsləhətləri həqiqətən, lazımlı idi və mən heç onları bilmirdim. Sonra o, ilk türk həmşirəsi, yəni tibb bacısı olmuş Gövhər Nəsibə sultannan danışdı. Bu, mənim son illərdə eşitdiyim ən maraqlı və kədərli hekayət idi...
        “...Səlcuq sultanı 2-ci Qılınc Arslanın qızı Gövhər Nəsibə sultan sarayının ordu başçısına könül verir. Amma qardaşı sultan 1-ci Qiyasəddin Keyxosrov buna razı olmaz. Həmin ordu başçısı bir savaşda qalib olsa da, ağır yaralanır və geri dönən kimi ölür. Gövhər sultan bundan sarsılar, onsuz da uşaqlıqdan zəif olan bədəni dözməz və xalq arasında “incə xəstəlik” deyilən vərəmə mübtəla olar. Qardaşı bacısının bu halını görüb, çox peşman olur, fəqət artıq çox gecdir. (O zamanlar vərəmin çarəsi yox idi.) Bacısınnan soruşur ki, onun son bir arzusu varsa, sultana desin. Qız qardaşınnan xahiş edir ki, onun özünə aid mal varlığını da sərf etməklə bir xəstəxana, yanında da tibbi mədrəsə tikdirsin ki, əsasən müharibələrdə yaralanan əsgərlərə və çarəsiz dərdə tutulan xəstələrə orada tibbi yardım edilsin. Mədrəsədə isə gənclərə təbabətin sirləri öyrədilsin. Qılınc yarasınnan ölən sözlümün və mənim könül yarama bir məlhəm olası o şəfaxanada məşhur həkimlər, cərrahlar yetişdirilsin ki, insanlar xəstəliklərdən və müharibələrdə aldıqları yaralardan ölməsinlər. Və ən əsası da o xəstəxanada müalicə olunanlardan bir quruş belə alınmasın...
Sultan bacısının son vəsiyyətini yerinə yetirərək Kayseri şəhərində böyük bir xəstəxana-mədrəsənin tikilməsinə əmr verir. 280 kvadrat metr əraziyə sahib bu nəhəng tikinti iki ilə başa gəlir. Dünyadan nakam köçən Gövhər Nəsibə sultanı mədrəsənin içərisindəki türbədə dəfn edirlər. 1890-cı ilə qədər bu şəfa ocağı həm xəstəxana, həm də tibb mədrəsəsi kimi fəaliyyət göstərmişdir. Lap sonralar həmin şəfaxana Gövhər Nəsibə sultan Tibb Ərciyəc İnstitutuna çevrilmiş, 1982-ci ildə isə Tibb Muzeyinə dönüşmüşdür...”
        Bu qiymətli məlumatı eşitdikdən sonra, nə gizlədim, özümlə iftixar duyğusu yaşadım. Demək, həyatda mənim kimi düşünən, həyatını başqalarının səadətinə, sağlamlığına və ən ümdəsi Vətən torpaqlarının qorunmasına həsr edən qadınlar da olmuşdur...
       Geri qayıdanda maşında gördüm ki, məni ağlamaq tutur. Sürücünün və Mirələmovun bunu görməməsi üçün bizim məkana – tibbi çadırımıza çatmağa bir kilometr qalmış, maşınnan düşüb ayaqla getdim. Tək qalanda doyunca ağladım... Bilmədim, bu Gövhər Nəsibə sultanın nakam sevgisinə ağlamaq idi, ya özümün nakam həyatıma?..


        MAYOR

        Mirələmovla sürücü maşınnan düşəndə baxdım ki, Arəstə yoxdur.  Dedilər ki, bir qədər aralıda düşüb ayaqla gəlmək istədi. Belə axşam-axşam, özü də döyüş bölgəsinə tək qalmaqmı olar?! Dərələrdə bəlkə də qaçıb gedə bilməyən, gizlənməyə məcbur olan erməi döyüşçülərə rast gələ bilərsən. Ona görə sükana özüm əyləşib maşını geri sürdüm. Bir az aralıda qayaların üstündə oturmuşdu. Maşının səsini eşidib qalxdı. Heç nə danışmadıq. Sadəcə, mən narahatlığımın səbəbini izah etdim. O isə hansısa türk həkimin danışdığı əhvalatdan, həmin əhvalatdakı şəfqət bacısınnan söhbət açdı. Düzü, mən də duyğulandım. İstanbulda xüsusi təyinatlı kimi kurs keçərkən vaxtilə oradakı hosbitalların birində Kırım müharibəsində yaralanan əsgərlərə yardım etmiş tibb bacısı barədə eşitdiklərimi danışdım. Türklərin həmşirə dediyi italyan şəfqət bacısı haqda danışdıqlarıma elə diqqətlə qulaq asırdı ki, mən özüm də danışdığım olayın təsiri ilə neçə yüz il əvvəllərə səyahət etmiş kimi oldum...
          “Söhbət dünya şöhrətli Florens Naytingeyldən gedir. O, 1820-ci ildə İtaliyada varlı bir ailədə doğulmuşdu. Beş dil bilən bu xanımın arzusu tibb sənətini öyrənib, tibb bacısı kimi müharibədə zədə alan yaralılara, xəstələrə  qulluq etmək idi. Lakin ailəsi qəti şəkildə buna qarşı çıxır. Almaniyaya gedib tibb bacısı peşəsini öyrənir, tibbin incəliklərinə yiyələnir və Böyük Britaniyada bir xəstəxanada çalışır. Bu vaxt Krım müharibəsi başlayır və xanım Florens İstanbula gəlib hospitalda yaralılara yardım edir. Sonra Krıma yola düşür. Burada  müharibə zamanı güllə altından çıxardıb müalicə etdiyi əsgərlər onun haqqında əfsanələr danışırlar. Krımdakı ən yüksək bir yerdə müharibədə həlak olan əsgər, həkim və tibb bacılarının şərəfinə öz hesabına ağ mərmərdən abidə ucaltdırır. 
Krım müharibəsi Florens Naytingeyli milli qəhrəmana çevirir. O, apardığı işləri yazdığı kitablarda ümumiləşdirir. Bir kitabındakı tövsiyələr əsasında 1864-cü ildə Cenevrədə  “Qırmızı xaç cəmiyyəti” yaradılır. Dünya şöhrətli xanım Naytingeyl 1910-cu ildə Londonda vəfat edib.”
          Arəstə göz yaşları içərisində dinlədiyi hekayədən sonra mənə təşəkkür edib öz çadırlarına getdi. Mən isə bayırda oturub bu qəhrəman qadın haqqında düşünürdüm.

          Arəstə yadıma düşəndə dünya şöhrətli gənc Florens gözüm önünə gəlir. Varlı ailədə doğulan, heç kimə ehtiyacı olmayan bu xanım dünyada inqilabi çevrilişə bənzəyən bir iş görür. Həyatını və ömrünü müharibələrdən və xəstəliklərdən əziyyət çəkən insanların sağlamlığına həsr edir...
Bizim Arəstə kimi...
        Arəstə müharibədə neçə-neçə yaralını xilas edənnən sonra onlarla gənc qız cəbhəyə yollandı. Hətta bir universitet tələbəsi hospitala gedərək yaralılara yardım etmək, onları yedirtmək, altlarını təmizləmək, dərmanlarını içirtmək kimi işlər görmək istədiyini bildirmişdi. Xəstəxana rəhbərliyi əvvəl buna etiraz etsələr də, sonra qızın əl çəkmədiyini görüncə, razılaşmaq məcburiyyətində qalmışdı. 
       O da maraqlıdır ki, qızın bu arzusunu atası müdafiə etmiş, onun arxasında dayandığını bildirmişdi. Mən qızın danışıqlarını internetdə izlədikcə yadıma yenə qəhrəmanım Arəstə düşürdü. Onun “yoluxdurduğu” bu gənclərin neçə-neçə insanın qəlbinə işıq saçdığını görmək çox xoş idi. Müharibədə ağır zədə almış, qolunu, qıçını, gözünü  itirmiş bu gənclərin belə isti münasibət görəndə yaşamaq əzmi artır, həyata yenidən bağlanırlar...

        GÜLTƏKİNİN SİLUETİ

        Arəstənin dünən qayalar üstündə oturub ağladığını gözəndə çox pis oldum. Bu qızın nə dərdi var? Arzuladığı müharibədə qələbə çalırlar, torpaqlarımızı azad edirlər, döyüşən yaralı oğlanları güllə yağışının altınnan çıxarda bilir, nə qədər gəncin kumirinə çevrilib... Bunnan artıq nə olmalıdır ki?!. Nə bilim, ona qanım qaynayır, yaxınlaşmaq, dərdləşmək keçir könlümnən...

         Bizim getdiyimiz yollarla gələn bahadırları görmək necə də xoşdur. O zaman, 28-30 il əvvəl bizim bacara bilmədiyimizi bacarır onlar. Şir kimi döyüşən oğullarımızı, nərələri bu dağlara səs salan xüsusi təyinatlılarımızı görmək adama fərəh bəxş edir.
         Və onların arasında ora-bura qaçan, yaralı qardaşlarına yardım edən, həyatını təhlükəyə atan bir xanım da görmək dünyanın ən gözəl, ən baxımlı mənzərəsidir mənimçün. Və biləndə ki, o qız məni özünə kumir bilir, bu daha xoş olur. O qədr xoşbəxtəm ki, ruhumun bu dağlarda dəli kimi dolaşmasınnan belə məmnunam...  Bu gecə yuxusuna girmişdim... Axır ki... Xeyli dərdləşdik...
         Filmə bənzəyir, amma gerçəkdir. Eynən mən yaşda, mən boy-buxunda bir gənc xanım 28 il əvvəlki Gültəkinin  yolunu davam etdirir. Çox xoşbəxtəm e, çox...

      ARƏSTƏ

       Bir şeir vardı, “Könlümün sevgili məhbubi mənim”...Yazanı yadımdan çıxıb. Çox sevirdim o şeiri. Məktəbdə oxuyanda əzbərdən söyləyərdim. Amma bir şeyi başa düşmürdüm. Adam Vətənə necə “sevgili” deyə bilər axı?!. Gülməli gəlirdi mənə... Hərənin bir sevgisi olur. Şairsə deyir ki, Vətən məhbubumdur... Düzdür, mənim sevgim alınmadı, nakam oldum... amma orduya yazılannan sonra, illah da müharibə başlayanda bildim əsl sevginin nə olduğunu...
       Mən burda vuruldum, burda sevdim. Gecə-gündüz bu eşq ilə alışıb-yandım. Öz sevgimə qovuşaraq pərvanə kimi şamda  qovruldum... Mən, hissləri koralmış, kişiləşmiş bir qadın,  elə sevdim, elə sevdim, yandım, tüstüm təpəmnən çıxdı...
       Ağır əməliyyatdan sonra bu gecə şam işığında əyləşib şeir yazmışam, başıma xeyir... Mən ha! Mən hara şeir hara?! Mən ki, hisslərimi çoxdan dəfn etmişdim...

Sevgimin işığısan, odusan,
Qəlbimin aşiqisən, adısan,
Oğlum, qızım, anam, bacımsan,
Həm baldan şirinsən, həm acısan...
Sənsiz günüm bir heçdir, biləsən,
Sözümün başı da, sonu da sən,
Ana Vətənim, ana yurdumsan!
Sən canımsan, Azərbaycanımsan!

       Şeirin nöqtəsin qoyan kimi yuxu məni aparar. Bir də gördüm bir qadın hərbi paltarda girdi çadıra. Diqqətlə baxdım, bizim hərbi formada olsa da, əynindəki lap əski model idi. Amma qadın gözəldi, hərbi forma onu day da gözəl eləmişdi. Eynən Siracın dağ başında gördüyü xanım...
      Dedi:-Şeirmi yazdın? Olmaya vurulmusan?
      Dedim:-Hə, yazdım. Vurulmazammı? Burda hər dəqiqən vurulmaqdır. Ölüm-dirim savaşındayıq. Amma şükür, çox şükür ki, zəhmətimiz hədər getmir... Bax, iki dəfə vurulmuşam, amma yaramı sarıyıb döyüşə davam edirəm... Bəs sən kimsən?
       Dedi:-Tanımadın? Bizi nə tez unutdunuz? Bu yolları sizdən əvvəl biz getdik axı... Düzdür... (Qəhər boğur). Zəhmətimiz hədər getdi, qanımız batdı... Torpaqlarımız işğal olundu... Yurdumuz talan olundu. Amma biz vuruşduq... Qanımızı tökməkdən, vurulmaqdan qorxmadıq... Hətta şəhid olduq... Mən şəhid oldum...
       Dedim:-Gültəkin?! Ay qız, sən yaralısan ki?! Qanın hələ o vaxtdan durmayıb?! Əsgər Mirələmov, hardasınız, tez tənzif, spirt, yod gətir... Hanı mənim çantam?!.
      Dedi:-Lazım deyil... Bu qan sevinc qanıdır, axır qoy axsın... Durmuşdu, amma sizlərin belə əzmlə döyüşdüyünüzü görəndə, torpaqlarımızı belə şücaətlə azad etdiyinizi görəndə qanım damarımda durmadı, axdı, axdı, axdı... Mən də qanımı sizin qanınıza qatmaq üçün o qanın qoxusunu alıb gəldim buralaracan... Burda isə düşmən snayperi məni hədəf seçdi, yenidən vurdular... Vuruldum, Arəstə... Canımız da, qanımız da bu Vətənə fəda olsun!.. Mən də sənin kimi vurulmuşam... Axı mən də öləndə cəmi 31 yaşındaydım...
       Dedim:-Nə, 31 yaşında?! Doğrudan?! İlahi, mən niyə buna fikir verməmişəm...
       Dedi:-Nəyə, ay qız? Nə danışırsan? Nə olub ki?
       Dedim:-İndi mənim də 31 yaşım var... Biz səninlə yaşıdıq, Gültəkin!..
       Dedi:-Yox ay qız, sən hələ yaşayacaqsan. Sən Şuşanı görəcəksən. Sən təzədən sevəcəksən. Seviləcəksən... Mənə baxma, mən vuruldum, ürəyimnən vuruldum...
       Dedim:-Birdən mən də vurulsam?!
       Qəfil top səsi söhbətimizi yarımçıq kəsdi. Döyüş başlayıb, mənsə yuxu görürəm...

       GÜLTƏKİNİN SİLUETİ

       Həəə, uşaqlar, sağ olun! Bu gün döyüşünüzü izlədim. İllah da PUA-ların uçuşu zövq verdi mənə... Bəs xanım qız, sən niyə qaşqabaqğını tökmüsən?
       “Bu gün bir uşaq şəhid oldu, Gültəkin xanım... Detdom uşağıydı... Heç kimi yoxuydu... O qədər ağlamışam ki...”
       “Allah rəhmət eləsin... yazıq... Nə etsin axı? Onların işi ikiqat çətindir. Ata yox, ana yox, bacı-qardaş yox, olan Vətəndir, o da qan içində... Gəlib ki, qanını Vətənin qanına qatsın... Bilirsən, Arəstə, axı mən həkiməm... Qan dəyişimi deyilən bir şey var... Qan təzələnməsə, bədəndə uzun zaman qalsa, laxtalanar. Tromb əmələ gətirər... Gərək, qan dəyişsin... Vətən də belədir, o da canlıdır... Ona da qan dəyişimi lazımdır... Gərək hərdən qanı axsın, axsın, durulsun. Bax, bu oğlanlar ki, bu torpaq uğrunda vuruşurlar, vurulurlar, şəhid olurlar, onların qanıyla torpaq çiçəkləyir, gül açır, nəfəs alır... Bəs o məşhur şeirdə necə deyilirdi... “Basdığın yerləri torpaq deyərək keçmə, tanı..”
        Min yerdən səs gəldi qulaqlarımıza: “Düşün altında minlərcə kəfənsiz yatanı...”
        Arəstə də, mən də minlərcə əsgərin səs-səsə verib dediyi cümləni təkrar etdik:
       “Dü-şün al-tın-da min-lərcə kə-fən-siz ya-tanı...”
        Sonra o ağladı. Mən əyilib gözünün yaşını silmək istədim, bacarmadım. İndi yadıma düşdü ki, mən ölüyəm və dedim:
       “Arəstə, mən Şuşa həsrətilə öldüm... Ən böyük arzum Şuşada, Cıdır düzündə qızımla, anamla gəzmək idi... Olmadı. Görürəm, allaha şükür, bu sürətlə ki, torpaqları azad edirsiniz, inşallah tezliklə Şuşanı da alarsınız... Əgər sən Şuanı görsən... (Qəhərdən boğulur)... əyilib onun səkilərini öpərsən məmimçün... Bir də anama da, Əminəyə də xəbər edərsən, səninlə gəlib Cıdır düzündə gəzərlər... Bir də... Bir də... Arəstə, Cıdır düzünnən bir az sağda, kəpirli qaya var, onun üstünə çıxıb, əlini qulağının dibinə qoyub qışqırarsan: - Gültəkin heyyyyyyy! Qoy qayalar adımı bir-birinə ötürsün... ”
       Arəstə qəmli-qəmli dedi: “Bilirəm, Şuşa sənin yaralı yerindir. Anana yazdığın məktubu da oxumuşam... Yadımda qalıb cümlələrin:”Ana, salam. Mən sağ və salamatam, hər şey normaldır. Bizə yaxşı yemək verirlər. Mən qələbənin sonuna qədər buradayam. Şuşa alınana qədər! Bəlkə də indi alınmadı...”
         Sinəm qabardı. Elə bildim məni çoxdan unudublar. Amma bu qız məktubumu əzbər bilir... Həm də məyus oldum. Ürəyimə damıbmış. Şuşanın hələ uzun zaman işğalda qalacağını bilirmişəm... Amma buna da şükür... İndi ordumuz erməniləri qabağına qatıb qovur... Dağlarımız onlarçün məzar olur. İnşallah, tezliklə Qarabağ bütöv azad olar... Onda mən... Onda mən... Nə olar, ay adamlar, məni unutmayın. Tək məni yox e, bütün şəhidləri unutmayın... Biz axı rahat ömür yaşamadıq... Biz heç yaşamadıq ki!.. Vətən yaşasın deyə, biz öldük. Biz şəhid olduq... Şəhid...”
 
       ARƏSTƏ

       Gültəkin xanım, görürəm ki, bir məsələdən xəbərsizsən. İstədim deməyəm, olmadı. Ananız Rəfiqə xanım bir il öncə vəfat etdi... Amma bax, biləsiniz, o, hərbçi qardaşlarımızın çiynində məzara aparıldı... Dövlət, hökümət adamları dəfndə iştirak etdilər... Özüm bu epizodları teıevizorda izləmişəm... Hətta onda sənə qibtə də etdim, bilirsənmi? Bax, Gültəkin xanım, sənə şəhidliyinnən sonra Milli Qəhrəman adı verilib. Adın xalqımızın ürəyindədir... Gültəkin xanım, Gültəkin xanım... Hara getdiniz???
Yeni yuxumu görürdüm? Gültəkin gəlmişdi bura?......
        Deyəsən, dünənki qanlı-qadalı gün məni elə əzib ki, daş kimi yatmışam. Hələ üstəlik, yuxu da görmüşəm... Amma xoş yuxu idi... Gültəkini yuxuda görmək... Nə xoş duyğu idi, ya rəbbb?!.

                (davamı olacaq)

Ctrl
Enter
ohv tapdınız?
Ctrl+Enter sıxıb bizə bildirin
Müzakirə (0)