Edebiyyat.az » Proza » AZAD QARADƏRƏLİ - ÜRƏYİNNƏN VURULAN (hekayə)

AZAD QARADƏRƏLİ - ÜRƏYİNNƏN VURULAN (hekayə)

AZAD QARADƏRƏLİ - ÜRƏYİNNƏN VURULAN (hekayə)
Proza
admin
Müəllif:
14:52, 09 fevral 2021
1 104
0
AZAD QARADƏRƏLİ - ÜRƏYİNNƏN VURULAN (hekayə)

 




                                               “Maştağa” ləqəbli Vətən Müharibəsi qazisi Vidadi Ağagülova

 

 

 


 

            Ürək ki var zərif şeydir, eləcə toxundun, süzülüb gedər. Cuna kimi, ağ tül kimi dəlmə-deşik olar, əlində qalar. Daha onnan ötəsi yoxdu ki. Nə də olmasa olar, amma ürəksiz çətindi yaşamaq.

            Mən bunu təcrübə eləmişəm. Birinci Qarabağ savaşında ürəyimnən vurdular. Düzdür, dəlib keçmədi, eləcənə qəlpə ilişib ürəyimin həndəvərində qaldı. Həkimlər dedilər ki, tərpətmək olmaz. Partlayar, dağılar damarların, qanı durdura bilmərik... Eləcənə qoyduq qaldı orda. Hə. Gör neçə illərdir o mənimlədir... Vallah, bir tərəfdən taleyimə minnətdaram ki, o qəlpə dəydi ürəyimə. Səmimi deyirəm, qoymadı Qarabağı yadımnan çıxarmağa. Hər inildədikcən, Qarabağ yadıma düşdü... Ürək yumulub-açılanda elə bil “Qarabağ, Qarabağ” deyirdi ahəstəcə...

            Eeeeee... Ay uşaxlar, Vətən başqa şeydir e...

            Sizə bir şey deyimmi? Mən heç evlənmədim, bilirsinizmi? Hə. Ailəm, uşağım olmadı. Bir anam, bir Vətənim, bir də bu yaralı ürəyim... Mənim balam da, ailəm də Vətəndir... Ya da tərsinə: mən Vətənin balasıyam... Nə fərqi var ki. Əsas odu ki, mən yenə burdayam. Düzdür, yaşım ötüb, oğlum yaşda cavanlarla döyüşə gəlmişəm, amma onlar mənə hörmət edirlər, yolumu gətirirlər, sözümnən çıxmırlar.

            Bir də, buralara mən bələdəm axı. Bir dəfə bu yerlərdən keçmişəm. Düzdür, məğlub kimi keçmişəm, amma şükür xudayaya ki, ölmədim, bu günü də gördüm. Hindi düşməni qovuruq. Çıxdığı yerəcən... (Qəhrəmanımız şirin Bakı ləhcəsiylə danışır, zira mən ədəbi dilimizin normalarına uyğun olaraq onun danışığını yazılı dilə uyğunlaşdırmışam. İnanın, nə qədər elədim, onun tələffüz etdiyi “hindi”ni “indi”yə çevirməyə əlim gəlmədi... Zalım o hindini o qədər ürəkdən demişdi ki...– Müəllifin zəruri qeydi.)

 

                                                                       ***

 

            Yanımda cavan uşaqlar şəhid oldular. Öz balam kimi ağladım onları. Şəhid bu torpağın ən əziz adamıdır. Prezidentin mənə bağışladığı evi ailə qurub kirayədə yaşayan şəhidin oğluna verdim. Əslində mən də şəhid ailəsiyəm. O evdə doğulan uşaqlar mənim də balalarım olacaq... Bütün Azərbaycan şəhid ailəsidir. Niyə? Onnan ki, şəhidlər hamının balasıdır...

            Əgər Qarabağı yaşatmaq istəyiriksə, şəhid ailələrinə, qazilərə orada ev tikək, torpaq verək, gedib qanlarını tökdükləri torpaqda dinclik tapsınlar. Mən bakılıyam. Amma məmnuniyyətlə Qarabağda yaşamaq istərdim...

           Sizi inandırıram, 90-larda ilk dəfə əsgər kimi ora gedəndə ağladım. İlahi, bura elə-belə torpaq deyil ki!.. Sehrlidir, sirlidir, ahənrübadır... Çəkdi məni özünə. Necə çəkdisə, bu qoca yaşımda İkinci Qarabağ savaşına da yollandım... O torpaqda namaz qılanda torpaq mənlə danışdı, otlar danışdı, ağaclar danışdı, su səsi ruhumu oxşadı; məst oldum. Başa düşdüm ki, qanım halaldır bu torpaq üçün. Üzümü göyə tutub dedim ki, ilahi, sənin kərəminə qurban olum, məni bir dəfə burdan məğlub yola salmısan, bir də məni el-oba yanında başıaşağı eləmə. Əgər məni geriyə qalib kimi göndərməyəcəksənsə, burdaca canımı al, o günü görməyim...

            Allah çağrışımı eşitdi. İgidlərimizin qanı yerdə qalmadı... Şükür kərəminə...

 

                                                                       ***

 

            Mən elə-belə əsgər olmamışam ki. Mən Xüsusi Təyinatlıların tərkibində vuruşmuşam. Xüsusi təyinatlı demək, ölümə qalib gələn demək. Biz ölüm haqqında deyil, öldürmək haqqında düşünürdük. Müharibə belədir: getmisənsə, öldürməlisən. Bax, bizim dəstədə əsir götürmək-filan yada düşməz. Niyə? Çünki bizimki qıra-qıra qabağa getməkdir. Əsir götürmək, tutduğumuz yeri möhkəmləndirmək, minadan təmizləmək arxamızdan gələn digər qüvvələrin işidir. Biz minaları taptalayıb keçirdik. Biz düşməni təkcə qırmırdıq ki – bizim gəldiyimizi eşidəndə erməni əsgərinin canı lərzəyə gəlirdi. Tüpürüb dabana qaçırdılar. Prezidentin bir sözü vardı e, sonradan aforizmə çevrildi: “İti qovan kimi qovurduq onları!”

 

                                                           ***

 

            Bizim qələbəmizin bir səbəbi prezidentin qətiyyəti, bir səbəbi əsgərimizin əzmi, bir səbəbi müasir silahlara sahib olmağımız idisə, bir səbəbi də xalqımızın arxamızda durması idi. Biz maşınlara minib döyüşə gedəndə adamlar küçələrə axışıb bizi təkcə yola salmırdılar - çörək bişirib gətirənlər, qazanda plov dəmləyib maşınımıza qoyanlar, yol boyu manqal yandırıb əsgərlərə kabab bişirib çörək arasında maşınlara ötürənlər... satdığı su dolu kasetləri maşınımıza daşıyan xırdavatçılar, bayrağa bürünüb yol boyu şüar qışqıran uşaqlar... Bu dava xalqın davası idi. Bir ailədən dörd oğlan döyüşürdü! Qızlar da cəbhəyə gəlirdi. İlk şəhid qadınımız Arəstə kimi... Onun şəhid olması da bizi üzdü... Allah cəmi şəhidlərə rəhmət eləsin...

 

                                                           ***

 

            Mənim ad günümu döyüş bölgəsində keçirdi uşaqlar. 55 yaşım tamam olurdu. Dedim, ay canım, nə ad günü? Dedilər yox e, sən Xüsusi Təyinatlıların veteranısan, olmaz ki, olmaz. Bir görəydiniz nələr etmişdi uşaqlar... Rəhmətlik Məhəmməd Əsədov “OMON”u yaradannan mən onun üzvü olmuşam. Bu gün də o dəstənin üzvü olduğumu fəxrlə deyirəm. Biz seçilmişlərik. Millətin, nəslin, tayfanın seçilmişləri. Elə allah da bizi seçib. Biz allaha da yaxınıq. Ölümün haqq olduğunu qəbul edən, tabutunu özü daşıyan xüsusi əsgərlər... Biz çox vaxt güllə atmarıq. Əlimizlə, ayağımızla, xəncər-bıçağımızla döyüşərik. Şuşada bir patron belə atmadıq ki! Qarabağın incisini yalın əllə aldıq. Düşməni avtomatın arxası ilə, təpik-yumruqla məhv etdik ki, Qarabağda yatan ata-babalarımızın ruhu inciməsin. Bir də cənab prezident də tapşırmışdı ki, çalışın Şuşamızın daşına-divarına zədə dəyməsin... Dəymədi də...

 

            Qarabağı azad etmişik. Torpağımızı qaytarmışıq. Qalır onu abad etmək. Qanla suvarılan yeri tərlə suvarsan, cana gələr. Bir arzum da var: azad Qarabağın abad olduğu günü görüm...

            Mən 27 ildir ürəyində qəlpə yaşayan adamam. İnanmazsınız, ayağımı Qarabağa basan günnən ürək ağrılarım dayandı. Torpaq həm də məlhəmmiş...

            Hə, mən Qarabağa vurulmuşam. Qarabağda vurulmuşam... Ürəyimnən vurulmuşam...

 

                                                                                                          08.02.2021.

Ctrl
Enter
ohv tapdınız?
Ctrl+Enter sıxıb bizə bildirin
Müzakirə (0)