Edebiyyat.az » Proza » Nemət Mətin - İki əsa gəzdirən adam.

Nemət Mətin - İki əsa gəzdirən adam.

Nemət Mətin - İki əsa gəzdirən adam.
Proza
admin
Müəllif:
13:52, 02 iyun 2021
1 311
0
Nemət Mətin - İki əsa gəzdirən adam.



 Mənim öz dünyam var. İstəyir evdə olum, istəyir kafedə, istəyirsə də hər hansı bir məclisdə. Özümə çəkilirəm. İçimə düşürəm. Bu proses özümlə, daxili mənimlə söhbət əsnasında yaranır. Belə görüşlərin biri idi. Kafedə oturmuşdum. İlan görmüş uşaq kimi rəngi ağarmış çayı içə-içə kafedəkilərə göz gəzdirirdim. Solumda kök kişi oturmuşdu. Başında papaq, əynində qalın palto və yanında içi dolu torba. Ona şaxtababa paltarı geyindirsəydin yeni ili yola vermək olardı. Necə də oxşayırdı qışı gətirən babaya. Nəsə yazırdı. Oxuya bilmədim. Amma əl hərəkətlərindən vacib bir iş gördüyü sezilirdi. Yanında iki əsası var idi. Əlcəyinin barmaqları yox idi. İlk baxışdan bomj olduğunu hiss elədim. Sağımda isə gözlərini bir nöqtəyə zilləmiş qırx-qırx beş yaşlarında sarı saç sakit bir adam əyləşmişdi. Qarşısında bir rumka araq və bir bakal köpüklü pivə. Arabir mənim kimi sağına-soluna baxıb nəsə düşünürdü. Hər beş-altı dəqiqədən bir yaxındakı masalarda əyləşən müştərilərdən siqaret, pul və alışqan istəyirdi. Növbəti dəfə  məndən istədi. Cəmi bir manat. Vermədim. Özüm də bilmədim nə üçün vermədim. Qarşımdakı masanın oturacağında isə iki dost əyləşib söhbət edirdi. Artıq yeyib-içib kimlərisə yada salırdılar. Nəhayət bir tanışa görüntülü zəng etdilər. Səsləri bir-birinə qarışdı. Onların şadyanaqlığına bir az da paxıllıq etdim.
 Çaydan qurtum almışdım ki, hündür, arıq, gözlərinə kədər sürtüb gəzən adam yaxınlaşdı. Heç nə demədən qarşıma kağız  qoydu. Sonra uzaqlaşaraq hər stola həmin kağızdan payladı. Kağızda yazılanı oxumağa başladım. Son cümlə ayağımı yerdən üzdü.

 "Səssiz dünyamızın aydınlanmasına köməkçi olarsınız".

 Lal idi. Hər halda yazılanlara inanıb kağızın üstünə pul qoydum. Əl hərəkətiylə minnətdarlığını bildirib getdi. Mənə təsir edən cümlənin gözəlliyi idi. Baş sındırsaydım belə gözəl cümlə ağlımın ucundan da keçməzdi. Məhz o cümləyə görə pul verdim. 
 Gedən adamın arxasınca baxa-baxa qalmışdım. Fikrimi iki əsalı adam dağıtdı. Yaxınlaşıb dedi:
—Zakirə deyə bilərsiz?
—Nəyi?
—Mənə məktub yazsın.
—Zakir kimdi?
—Tanımadız onu? "Fillər mənim dostumdur" filmində oynayıb.  Məşhur aktyordu. Bu kağızı da ona yazmışam. Çox xahiş edirəm görsəz deyin. Hər həftə yazsam da cavab yazmır.
 Başqa çıxış yolum olmadığını anlayıb dedim:
—Hə, mütləq deyərəm...

***

 Heç bir ağac digər ağaca, insan başqa insana oxşamadığı kimi Rəsul müəllim də heç kimə oxşamırdı. "Məsuliyyət" sözü gələndə dabanına tüpürüb qaçan adam idi. Yüksək vəzifə sahibi olsa da məsuliyyətli işləri özündən aşağı vəzifədə çalışanlara tapşırırdı. Bütün günü heç bir işlə məşğul olmurdu. Tez-tez maşınını dəyişir, az danışır və fıssafıs siqaret çəkirdi. Bir dəfə siqaretdən elektron siqaretə keçməyə cəhd göstərmişdi. Amma yenidən adi siqaretə qayıtmışdı. Cəmiyyətə tam yararsız adam sayılırdı. Yumuşaq kreslosundan arxasını qaldırmağa ərinirdi. Doğulandan onurğa sütununda problem var idi. Qozbel idi. Üstəlik yeriyəndə belini yana əydiyi üçün sağ əli aşağı düşürdü. Məcbur olub sağ əlini cibinə tez-tez salırdı. 
 İşlədiyi bina yananda da, polis gələndə də, harasa getmək lazım olanda da başqalarına işi tapşırıb aradan çıxırdı. Bağdan çox əzəmətli malikanəni xatırladan yaşayış yerinə "bağım" deyirdi. Hər axşam işdən bağa qayıdanda tək oturub yüz qram arağı içərək şam yeməyi yeyirdi. Qulluqçusu  Əsnad xanım həftədə üç dəfə evinə gələrək ona yemək bişirir, qabları yuyur və paltarlarını ütüləyirdi. Lazım olanda evin tozunu alırdı. Bu kobud, tənha, şikəst qoca illərlə bir nəfərin yaralı barmağına yod çəkməmişdi. Aldığı "salam" və rüşvət idi. Verəcəyi isə vəzifədə qalmağı üçün idi. Hər ayın tamamında zərfdə on ədəd yüz manatı özündən yuxarı vəzifədə kök salan adama çatdırırdı. 
 Rəsul müəllim qadınlara güvənmirdi. Ona görə də onları yaxına buraxmırdı. Onun fikrinə görə qadın kişini müflis hala salır. Amma bir gün Rəsul müəllim işə yeni başlayan Aygül xanıma vurulur. Daş ürəyi yumuşalır. İşdə quş kimi başına fırlanır. Özünə tapşırılan işləri ona tapşırmır. Əlini ağdan qaraya vurmağa qoymur. Nəhayət Aygül xanımı "qırmağa" keçirə bilir. Elitanın yığışdığı restoranda şam yeməyinə dəvət edir onu. İri bir buket bağışlayır. Evinə dəvət edəndə xanım razılaşır. Maşını bağa sürətlə sürür Rəsul müəllim. Başları eşq oyunlarına qarışanda mətbəxdə qaz sızması baş verir. Partlayış səsinə dik atılırlar. Mətbəx yataq otağından xeyli uzaqda olduğu üçün özlərinə heç nə olmur.
 Ev yararsız hala düşür. Amma Rəsul müəllim başqa səbəbdən özündə deyil. Bağda vacib sənədlər də yanıb kül olub. Özündən yuxarı vəzifədə kök salan məmurun qızıla bərabər sənədləri kül olub. Sənədləri bağa gətirdiyi üçün özünü söyən Rəsul müəllim səhəri gün bir xeyli danlandığdan sonra işdən çıxarılır. Bankdakı hesabı dondurulur. Dövlət maşını əlindən alınır. Bağı da yararsız vəziyyətdə olduğundan işdən bir başa parka yollanır. Halbuki heç bir dəfə də park tərəfə boylanıb baxmamışdı indiyə kimi. Parkda yaşadığı üç il ərzində xəstəlik tapır və kökəlir. Qışda qızınmaq üçün parkın yanındakı dayanacaqda avtobusların tüstüləyən bacasına söykənir. Yayda isə bütün günü mığmığalarla dalaşır.
 Rəsul müəllim hər şeyini itirəndən sonra nəhayət ki, gülümsəməyə başladı. Son illər bomj olduğu ilə razılaşmırdı. Ağlı başından getmişdi. Hansısa qohumunun hind filmində aktyor kimi çıxış etməsindən danışır və ona məktub yazırdı. Yay-qış iki əsasını centlemensayağı bir qoluna keçirib Bakının tozlu və kimsəsiz küçələrində dilənirdi.
Ctrl
Enter
ohv tapdınız?
Ctrl+Enter sıxıb bizə bildirin
Müzakirə (0)