Edebiyyat.az » Proza » Şahsənəm - Play list

Şahsənəm - Play list

Şahsənəm - Play list
Proza
admin
Müəllif:
10:28, 30 dekabr 2021
1 329
0
Şahsənəm - Play list




 

 Qadın soyuq qış səhəri başıaçıq, ayağıyalın ləpədöyəndə dayanmışdı. Dəniz sakit olsa da xırda ləpələr hərdən sahilə hücüm çəkir, qadının yalın ayaqlarını isladır, ehmalca geri çəkilirdilər. Qadın üşümürdü. Yay gününün hərarəti var idi canında. Əlində tutduğu qurumuş çiçəyi qoxlayırdı. Asqırmağa başlayanda ayıldı. “Deyəsən dəli oluram axı”...

Qəfil titrətmə tutdu. Corablarını, ayaqqabılarını geyindi, gödəkcəsinin papağını qaldırdı. Daha da bərk titrədiyini görüb düz sahildə, beş-on addımlıqda saxladığı maşınına mindi. Maşını işə saldı. Az sonra salonun istisi onu özünə gətirdi. Çoxdan bura gəlməyi xəyal edirdi. Bəlkə də bu günü ömrü boyu xəyal etmişdi. 50 yaşın astanasında ilk dəfə istəyini reallaşdırmışdı. Avtomobilin arxa oturacağında içi dolu çanta, kilim, mütəkkə, ayaq altında içi otlardan dəmlənmiş isti çay dolu termos, saxlama qutusunda atışdırmalıq yemək, meyvələr, butulkada su var idi. Telefonu söndürüb maşının yük yerinə atmışdı. Bir günlük “dəryaya yaxın, dünyadan uzaq” olmaq istəmişdi. Dinləmək üçün xüsusi play-list düzəltmişdi. Play-listdəki hər mahnının öz xatirəsi var idi. “Gedər bir gün, bu gözəllik, sənə də qalmaz”... Bu mahnını çox sevirdi. Gənclik günlərində ağsaqqal birindən eşitdiyi nəsihət dolu sözlər yadına düşürdü bu mahnını dinləyəndə. Ağsaqqal gözlərini qıyıb, uzaqlara baxaraq demişdi: Bir gün gələcək yaşlanacaqsan, gənclik elə bir qüsurdur ki, öz-özünə aradan çıxır... Gör nə deyirəm, elə yaşa ki, bu günləri xatırlayanda təəssüf etməyəsən.

Bir neçə müddət əvvəl gənclərə bu məsləhəti verməyə başlayanda barmağını dişləmişdi. Demək artıq yaşlandığını qəbul etmişdi. 

Mahnı dəyişmişdi. Eyyub Yaqubov yanğılı-yanğılı oxuyurdu: Qəlbimin ağrısını kim bilir? Həsrətin yanğısını kim bilir? Yamanca yorulmuşam mən”... Atası bu mahnını çox sevirdi. Dağ boyda kişini xəstəlik üzüb əldən salıb şam kimi əritmişdi. Həmin günlərdə bu mahnı TV kanallarda, radiolarda gün ərzində dəfələrlə təkrarlanırdı. Ağrılardan bezar olmuş, həkimlərin diaqnozunu şappadan üzünə dedikləri, daima polad kimi möhkəm görünən atası bu mahnını dinləyəndə kövrəlir, dərindən ah çəkir, nəsə bir şeyin dalınca göndərirdi yanındakıları. Bəlkə də təklikdə göz yaşını silmək üçün uzaqlaşdırırdı ailə üzvlərini. 

“Haydii söylee...” Uşaqlarının atasını xatırlayırdı bu şarkı ilə. İlk dəfə əl-ələ tutduqları gün yanlarından keçən bir avtomobildən bu mahnının sədaları gəlmişdi. “Bəlkə bu bizim mahnımız olsun?” demişdi... Bu mahnı hardan düşüb bu listə axı? Dərindən nəfəs alıb, ah çəkdi. Onu həyatından nə qədər silmək istəsən də silə bilməzsən ki... 

Mahnını dəyişdi. Emin Sabitoğlunun valsı həzin-həzin səslənməyə başladı. Rəhmətlik əmisi ilə sonuncu videogörüntülü söhbətini təsadüfən telefonun ekran qeydinə almışdı. Sonra bu melodiyanı görüntülərin üstünə montaj etmişdi. 

İki damla yaş gözünün kənarlarından qulaqlarına doğru süzüldü. Əmisi ilə son söhbətini xatırladı.

- Min maşına gəl kəndə. 

- Baş üstə əmi. Oğlum gəlsin, birlikdə gələcəyik. Hara istəsən ora sürəcəm maşını. Gəzdirəcəm səni.

- Hə qadan alım...

On gün sonra oğlu ilə əmisinin üçgünlük məzarının ayaq ucunda ağlamağa belə taqəti olmadan peşman-peşman bu söhbəti xatırlayırdı.

 

Boğulmağa başladı. Boğazına doğru nəsə düyümləndi birdən. Dərin nəfəs almaq istədi. Sinəsindən öskürək qopdu. Ciyərləri ağzından çıxacaqmış kimi bərk öskürdü xeyli. Öskürəyin ardınca hönkürdü. Qışqıraraq, illərlə iiçində yığılmış üsyanını hayqıraraq ağladı, ağladı... Qəfil ağladığı kimi qəfil də sakitləşdi. Gödəkcəsini soyundu. Maşının arxa oturacağındakı şeyləri qabağa adladıb keçib arxa oturacaqda uzandı. Sonra birdən kondisionerin qazının öldürcü təsirini, dəfələrlə avtomobildə dəm qazından ölənlər barədə oxuduğu xəbərləri xatırladı. Əl atıb motoru söndürdü. Mütəkkəni başının altında rahatladı. Gödəkcəsini üstünə örtüb düşünməyə başladı. Əlindəki çiçəyi təkrar burnuna tutdu. Bu ətirlə, bu çiçəklə, bu ağacla ilk tanışlığını xatırladı. 

Uzaq məktəb illərində birinci rübün tətilində əlaçı şagirdlərini kənddən Bakıya ekskursiyaya göndərəndə gözlədiyinin əksinə olaraq valideynləri ona da icazə vermişdilər. İlk dəfə müstəqil, ailə üzvləri yanında olmadan səfərə çıxmışdı. Bir həftə boyunca sevimli müəlliməsinin nəzarəti altında Bakının gəzməli, görməli yerlərini gəzmiş, soyuq noyabr günlərində dondurma yemiş, kinoteatrda filmlər izləmiş, rayonun başqa kəndlərindən, qonşu rayondan olan şagirdlərlə, Rusiyadan gəlmiş yaşıdları ilə dostlaşmışdı. Ekskursiyaya gələn rayonlu şagirdləri lal-kar uşaqlar üçün internat məktəbin yataqxanasına yerləşdirmişdilər. Qızlar müəllimələri ilə bir mərtəbədə, oğlanlar qrup rəhbəri olan rəqs müəllimi ilə digər mərtəbədə yerləşdirilmişdi. Yeməkxanada, istirahət otağında internatın sakinləri ilə birlikdə yemək yeyir, istirahət edirdilər. Bir neçə gündə işarələrlə danışmaq öyrənmişdilər. İnternatın oğlanları qızları öz şagird yoldaşları olan oğlanlardan da qoruyurdular. Rəqs gecəsində qızları salondan qovmuşdular hətta. İçlərində qulaqları eşitməyən, amma danışa bilən bir oğlan var idi. Ermənistanda 1988-ci ildə baş verən zəlzələ onların kəndinə də güclü zərər veribmiş. Həmin an evdə olan oğlan uçqun altında qalıbmış. Sağ-salamat uçqun altından çıxarılsa da qulaqları bir də heç vaxt eşitməyəcəkmiş... Valideyinləri çıxış yolu kimi təhsilini davam etdirməsi üçün Bakıya, bu internat məktəbə göndərmiş, sonra özləri də Ermənistandan qaçqın düşərək Bakıda məskunlaşmışdılar. Oğlan qızlara məktəb yoldaşlarından inciməməyi tövsiyə edirdi. Lal-kar uşaqların dünyasında yalan, riya yoxdur. Onlar qızları qorumaq üçün rəqs gecəsindən qovurlarmış... İllərin bu ucundan baxanda o saflığa, o dürüstlüyə dünyanın necə ehtiyacı olduğunu düşünürdü...

Ekskursiyanın bir günü şagirdləri o vaxtkı 26-lar bağına aparmışdılar. Parka girən kimi incə, yumşaq, fərqli bir rayihə diqqətini cəlb eləmişdi. Müəllim Bakıda Sovet hakimiyyətinin qurulmasında 26 Bakı komissarlarının rolundan, Ağcaqum səhrasında qətlə yetirilməklərindən, Bakıda dəfn edilməklərindən danışır, onunsa fikri ətirin hardan gəlməsində idi. Yanındakı qızlardan birindən "görəsən  bu nə qoxudur belə" soruşduğunu müəllim deyəsən eşitdi. Sözünü bitirib əlini uşaqların arxasında ağaca uzatdı. 

- Uşaqlar, baxın, bu ağacı görürsünüz? Adı yapon əzgilidir. Buralı deyil. Gətirilmə ağacdır. Amma Bakının havasında özünü yaxşı hiss edir. Bizim meyvə ağacları kimi yazda deyil, noyabr-dekabr aylarında çiçək açır, mayda-iyunda meyvəsi yetişir. Yaxınlaşın, iyləyin. Amma çalışın sındırmayın. Çox gözəl, fərqli ətri var, - deyib müəllim onun üzünə baxıb gülümsündü. 

... Bir tədbirdən sonra dostlarından biri ilə dayanacaqda avtobus gözləyirdilər. Tıxac, siqnal səsləri, donquldanan adamlar... Ətrafda baş verənləri eşitmirmiş kimi söhbət edirdilər. Birdən qadın susdu. Kişi:

- Nə oldu sizə? 

- Bu qoxu... Muşmula çiçəkləri...

- Hardadır?

- Dayanacağın arxasında.

Kişi heç nə demədən cəld tərpəndi. Boğazına yun şərf dolamış qızın qoluna dəyib ildırım sürəti ilə onu ötdü, ağaca çatdı. Şərfli qız kişinin arxasınca baxdı. Kişi budağı əyib muşmula çiçəyini qopardı. Bir neçə saniyə sonra qadın çiçəyin rayihəsini ciyərlərinə çəkirdi. Söhbətlərinə qaldıqları yerdən davam edirdilər. Söhbəti bu dəfə qadının asqırmağı pozdu.

- İndi nə oldu axı? – kişi soruşdu.

- Allergiya...

- Atın o çiçəkləri!

- Bu gözəlliyi necə atım?

Həmin gün muşmula çiçəyinin ətri onu yeniyetməliyinə qaytarmışdı... Xəyallar içində gözünə yuxu getdi. 

Tıqqıltıya gözünü açanda bir anlıq harda olduğunu unutdu. Yuxulu-yuxulu gözünü bir neçə dəfə qapayıb açandan sonra maşının pəncərəsinin döyüldüyünün fərqinə vardı. Pəncərəni döyən adamın qorxulu biri olmadığını yəqin edəndən sonra şüşəni endirdi. 

- Xanım, təksiniz? Burda nə edirsiniz?

- Dincəlirəm.

- Gün günortadan keçib, getməyiniz məsləhətdir. Hə, balıq var, istəmirsiniz?

- Çay içirsiniz? 

- Varınızdı?

- Nərdim də var. Bəlkə çay içə-içə nərd də ataq?

Tanımadığı yad adamla quma sərdiyi kilimin üstündə oturub yemək yeyib, çay içə içə nərd oynayırdılar.

Kişi dil boğaza qoymadan danışırdı. Deyəsən ilin-günün bu vaxtı, balıq tutmağa gəldiyi bomboş sahildə isti çaya qonaq edən qadının varlığı ona təsir etmişdi.

- Özüm istefada olan polis kapitanıyam. Ətrafa nəzarət etmək məndə peşə xəstəliyidir. Sizi gələndə gördüm. Ayaqyalın suya girdiyinizi də gördüm. Sonra maşına mindiyinizi, amma xeyli vaxt keçsə də bir hərəkətlilik olmadığını görəndə birdən peçi işlədər, dəm qazından boğularsınız deyə narahat oldum. Ona görə döydüm pəncərəni.

- Həmişə istəmişəm ki, dəniz sahilinə gəlim qış vaxtı. Ayağımı soyunub buz kimi suya girim. Sonra maşında oturub çay içə-içə musiqiyə qulaq asım. Bu gün axır ki, arzumu reallaşdırdım.

- Yəni yer üzündə belə düşünən qadınlar da varmış? Bizim xanıma haqqınızda danışsam deyər ki, kişinin qızdırması var. 

- Buyurun! Mars! – qadın şaqqıltı ilə nərdtaxtanı qapatdı. - Daha hava qaralır. Mən gedim. Sizinlə tanışlığa şad oldum cənab kapitan. Xanıma salam deyin məndən.

- Nə vaxt gəlsəniz mən burdayam. Təqaüdə çıxandan sonra tək əyləncəm burda oturub balıq tutmaqdır. Bu arada, balıqlar sizə hədiyyədir.

Əl sıxıb, neçə ilin tanışı kimi sağollaşdılar. 

Qadın telefonu açanda gün boyu heç kimsədən bircə zəng, bircə ismarıcın belə gəlmədiyini görüb rahatlıqla dərindən nəfəs aldı... 

 


 

13 dekabr 2021-ci il.

Ctrl
Enter
ohv tapdınız?
Ctrl+Enter sıxıb bizə bildirin
Müzakirə (0)