Edebiyyat.az » Proza » Aytac Nüsrət Qayıbova - Qanlı xına

Aytac Nüsrət Qayıbova - Qanlı xına

Aytac Nüsrət Qayıbova - Qanlı xına
Proza
admin
Müəllif:
23:40, 09 avqust 2022
1 589
0
Aytac Nüsrət Qayıbova - Qanlı xına

 

 

                                             

 

 “Ağbulaq kəndinin sayılıb seçilən ağsaqqalları çox idi amma Nüsrət kişinin nə sözündən, söhbətindən nə də hekayələrindən doymaq olardı. Elə ki yaz gəldi toplaşardı uşaqlı, cavanlı, qocalı hər kəs onun həyətindəki Salxım ağacının altına. Hər axşam ev-eşiyini rahatlayan insanlar gecə yarıya kimi burdaca oturar gah söhbət edər, gah da  hekayə dinləyərdi. O vaxtacan ki, yarpaqlar xəzan olub tökülərdi yollara, sazaqlar düşərdi onda hər kəs yığılardı damının altına, ocağının başına. Qonum-qonşu yığılan kimi Nüsrət kişinin arvadı Mələk qarı mis çaydanı ilə cehizlik samavarını gətirər həyətdə ocaq çatar çay qoyardı. Bir gün uşaqlara nağıl danışar, bir gün böyüklərə keçmiş əhvalatlardan deyərdi. Amma çox vaxt başına yığışan gənclərə öyüd, nəsihət götürsünlər deyə olub keçənləri rəvayət edərdi. Hələ çox kiçik idim amma yadıma gəlir bir dəfə iyun ayı idi, qızmar günəş batandan sonra yenə yığılıb getmişdik Nüsrət kişinin həyətindəki Salxım ağacının altına. Nüsrət kişi həmişəki kimi kilimini sərmişdi torpağın üstünə, sonra da dəsmalını başına sərib üstündən də panamasını keçirtmişdi. Onu görəndə gülmək tuturdu bizi. Həmən dəqiqə analarımız ətimizi cimcikləyər, atalarımız gözlərini bərəldər, yaşlılar da başını bulayardı. O vaxtı başa düşmürdüm mənasını. İndi o günləri xatırlayanda anlamsız gördüyüm hər şeyə bir anlam yükləyirəm. Həmən gecə bütün həyatımı, dünyaya baxış bucağımı dəyişmişdi mənim. Yeddi yaşındakı bir oğlan uşağını bircə gecədə böyütmüşdü Nüsrət kişi. Əli və Əsmər...

  Həə, Nüsrət kişi həmən gecə qocaları uşaq, uşaqları yetkin, yetkinləri isə gənc etmişdi sanki. Axşamüstü danışmağa başladığı bu əhvalat gecə saat ikiyə kimi dəvam etmişdi...

“O vaxtı Mirzə dayının bir oğlu doğulmuşdu doqquz qızdan sonra. Mirzə dayı yaman sevinmişdi amma sevinci gözündəcə donub qalmışdı. Arvadı Sənəm ömrünü oğluna bağışlayıb, oğlunu qucağına ala bilməmiş köçüb getmişdi bu dünyadan. Kişinin arvadına o qədər ürəyi yanmışdı ki arvadın 40-ı çıxana kimi bircə dəfə də oğlunu qucağına götürməmişdi. Böyük qızı Səmayə saxlayırdı uşağı. Hələ heç adı da qoyulmamışdı. Kişi Allahdan aşağı arvadının ölümündə oğlunu günahkar görürdü. Kəndin baş bilənləri yığışıb Mirzə dayının qapısına getmişdi, xeyli nəsihətdən sonra oğlunu ilk dəfə qucağına almışdı. Elə həmən gün də adını Əli qoymuşdu. Əlini böyük bacıları Səmayə, Rübabə, Dilrüba saxlamışdı beş, altı yaşına kimi. Sonra hərəsi bir kəndə gəlin getmişdi. Ən axıra Dilbərlə Ceyran qalmışdı.

 Mirzə dayının səkkiz qızı Kəlbəcərin ayrı-ayrı kəndlərinə köçmüşdülər. Bircə Dilbər Ağbulaqda qalmışdı.

 Aşıq Camalın oğlu Kərəmə ərə getmişdi o da. Həm ata evinə yaxın olsun istəmişdi həm də elinə bağlıydı Dilbər. Mirzə dayı qocalıb əldən düşmüşdü.

 Əli də böyüyüb cavan oğlan olmuşdu. Onaltı, onyeddi yaşı olandan havalı gəzirdi amma. Azdan çoxdan hamı başa düşürdü ki ürəyinə məhəbbət düşüb Əlinin. Sən demə falçı Kövsərin qızı Əsmərə aşiq olubmuş. İki, üç il gizlədə bilsələr də Əlinin əsgərlik vaxtı çatanda aləm dəydi bir-birinə. Mirzə dayı daşı atdı başını altına tutdu ki, mən onun qızına elçi getmərəm. Əli yazıq da qaldı naçar. Bir yandan atası iki ayağını bir başmağa dirəmişdi, elçi getmirdi. Digər yandan da çağırış gəlmişdi yubatmaq olmazdı. Sən demə o vaxt qızın anası falçı Kövsər Mirzə dayıdan kəsirmiş (Xoşu gəlirmiş). Mirzə dayı Sənəmlə evlənməsin deyə bütün günü cadu edirmiş. Amma anası bunu kor İbada ərə verib deyə ondan bəri kin saxlayırmış bunlara. Əlinin getmək vaxtı çatmışdı, axırıncı dəfə Əsmərlə həmişə görüşdükləri İsa bulağında görüşdülər. Əhd-peyman etdilər ki ayrılmayacaqlar. Əli çıxdı getdi əsgərliyə, Əsmər də qaldı kəntdə. Elə Əli təzəcə getmişdi ki, bir də gördük falçı Kövsər Əsmərdən gizli qızı dehləyib (hə vermək). Əsməri zornan Kürd İlyasa ərə verib yola saldılar qonşu kəndə. Əli gələndə Əsmərin bir oğlu olmuşdu, adını da Arslan qoymuşdular. Əli gələndə lələni köçmüş,yurdu qalmış görəndə az qalsın havalanmışdı. Tüfəngi götürüb kəntdən çıxan ərəfə atam Zaman kişi qabağını kəsib; ‘Əli, biz kişiyik. Özgə arvadına baxmaq kişi işi deyil. Əsmər başqa adamın halalıdı. Sənə yaraşmaz!’ demişdi. Əli də tüfəngi yerə tullayıb elə həmin günü çıxmışdı kəntdən biryolluq. Aradan neçə il keçdi bilmədim. Bir gün kəndə xəbər yayıldı ki Kürd İlyası quldurlar basıb, sonra da dərənin dibində tüfənglə öldürüblər. Ona görə də Əsmər oğlunu da götürüb gəlib atası evində yaşayır. Bu hadisədən dörd, beş il əvvəl atası, anası rəhmətə getmişdi Əsmərin. Yurdları boş qalmışdı. Əsmər ərə gedəndən sonra çox dəyişmişdi. Çöhrəsi solmuş, bənzi çökmüşdü. Allahdan gizlin deyil, bəndədən nə gizlin qalsın, onu bu günə Əlinin dərdi salmışdı. Oğlu Arslan heç Kürd İlyasa oxşamırdı. Mərd, igid, yaraşıqlı bir oğlan olmuşdu. Əsgərliyini çəkib təzəcə qayıtmışdı həmən il. O il ki, ondoqquz ildən sonra Əli kəndə gəlmişdi...

 Kəndin mərkəzində Qərib Asdanın köhnə bir çayxanası varıydı, kəndin kişiləri yığışıb arada bir nərd oynayıb, söhbət edərdik.

 Yad bir adam gəlib salam verəndə başımı qaldırıb üzünə baxsam da tanıya bilməmişdim onda Əliyi. Handan-hana bildik ki Mirzə dayının oğlu Əlidi bu. Salamlaşıb, görüşəndən sonra bir xeyli söhbət etdik. Sonra ikimiz bir yerdə durduq, Mirzə dayının evi ilə bizim evimizin arasında məsafə az olduğu üçün bir yerdə yeriməyə başladıq. Elə ki gəlib falçı Kövsərin yurdunun qabağına çatdıq, qəfildən yadıma düşdü ki Əsmər burda qalır. 

Sonra öz-özümə fikirləşdim ki əşşi gör üstündən neçə il keçib Əli hara Əsmər hara. Amma gəlib onların məhləsinin yanına çatanda çönüb Əliyə baxdım. İlahi, adam adamı necə sevərmiş, necə həsrət qalarmış. O boyda kişinin gözləri dolu-dolu baxırdı qapı-bacaya. Elə həmin vaxtı əlindəki unlu süfrəylə, ələyi çırpmaq üçün çölə çıxan Əsmər Əlini görən kimi əlindəkilər töküldü yerə. İkisi də itirmişdi özlərini. Kənardan elə bil tamaşaya baxırdım. 

Ev-eşik yiyəsi olan yekə kişi, bir oğul anası olan qadın yox, elə bil o vaxtki bir cüt aşiq durmuşdu qabağımda. Hərəsinin gözündən bir damcı düşdü, başqa da heçnə demədilər bir-birlərinə. Keçib dəvam etdik yola, Əlinin səsinin titrəyişi bu gün də qulağımdan getməz. Bədbaxt oğlu bu neçə ildə gör nələr çəkib, deyə keçirtdim ürəyimdən. Yol boyu söhbət etdik, Əsmərin necə gəlin getdiyindən, necə oğlu ilə burda qalmağa başladığına kimi hər şeyi danışdım ona. Birdən meşə tərəfdən Əsmərin oğlu Arslan ilə bir qız yola çıxdılar. Elə danışdığım yerdəcə Əli sözümü kəsib, Hicran, deyə səsləndi. Əvvəlcə çaş-baş qaldıq hamımız. Sən demə Əli kənddən çıxandan sonra Bakıya gedib, orda Leyla adında bir həkim ilə qonşu imiş. Həmən vaxtlar Leyla hamiləymiş amma uşağın atası, qızın nişanlısı avaryaya düşüb ölüb. Burdan gedəndən sonra Əli 1 il xəstəxanada müalicə alıb ürəyindən. Qəfil tutmalar, sudurqalar əmələ gəlibmiş. Leyla ilə də elə tanış, dost olublar. Uşağı dünyaya gətirdikdən sonra ölüb Leyla. Qızını Əliyə əmanət edib. Biçarə Əli öz taleyini bu körpə yaşamasın deyə əmanətə sahib çıxıb. Əlinin də anası onu doğanda ölmüşdü axı. Uşağın adını Hicran qoyub, öz balası kimi böyüdüb. İlk dəfə kəndi görən qız da gəzmək üçün İsa Bulağına tərəf çıxıb, Allahın yazdığı yazıya nə pozu, gəl burda Arslanla qabaqlaş...

  Əli Arslanı görəndə nətər oldusa qucaqladı. Arslan anasının keçmişini, yarımçıq qalan arzularını bilirdi. Həmişə də özünü günahlandırırdı. Əli onu görəndə hiss etdiyi qəribə doğmalığı Arslan da hiss etmişdi elə bil. Amma Hicrana qarşı hiss etdikləri daha dəriniymiş sən demə...

  Aradan bir neçə gün keçmişdi cəmi. Bir də gördüm Arslan gəlib yanıma, xahiş etdi ki ağsaqqallıq edib, Hicrana elçi gedək bir neçə adamla. Əslində mən fikirləşirdim ki bu iş baş tutmaz.

 Amma Əli də, Əsmər də razılıq vermişdi cavanlara. Özləri bir gün görməsə də övladları xoşbəxt olsun istəmişdilər yəqinki. Əsmər Hicrana öz qızı kimi davranırdı. Arslan da Əlinin hörmətini saxlayar, nə məsləhət görsə əməl edərdi. Hicran ağıllı, sakit təbiətli bir qızıydı. Əli ona yaxşı tərbiyə vermişdi, baxan kimi bəlli olurdu. Üzükləri taxmışdıq cavanlara. Toyu da əl-ayaq yığılandan sonra payıza tərəf eləmək məsləhət görülmüşdü. 1992-nin ən ağır günləri gəlib çatmışdı. Qonşu rayonların çoxu işğal altına düşmüşdü. Neçə ev, neçə ocaq sönmüşdü.

 Ah,nalə yeri-göyü yandırırdı az qala. Arslan kim nə dedisə eşitməyib könüllü getdi döyüşə. Toya hazırlaşan vaxtı müharibənin başlamağı neçə gənci, ailəni nakam qoymuşdu. Hicran da barmağındakı üzüklə viran qalmış yollara baxa qalmışdı. Arslan da getməmiş son dəfə İsa Bulağına aparıbmış Hicranı. Hicran Arslan gedəndən sonra söz arası dedi bunu. Elə həmən dəqiqə Əsmər də, Əli də, mən də quruyub bir-birimizin üzünə baxdıq. Elə bil illər əvvələ qayıtdıq o gün. Əli əsgərliyə gedəndə Əsməriylə orda vidalaşmışdı axı. Hicran bunu bilmirdi, bilsə bəlkə də Arslanı qoymazdı ora getməyə, bəlkə də xurafatlara inanmayıb yenə də gedərdi. Əsmərin ürəyi üzülürdü yadına düşəndə.

 İsa Bulağına gedən aşiqlər yarımamışdı heç vaxt. Orda qısa müddətlik nəzərdə tutulan ayrılıqlar ömürlük xitam verirdi arzulara, xəyallara....

  Gecə saat üç yaxud dörd olardı ki, qapının döyülməsi ilə sıçramışdım örtüdən. Başa düşmüşdüm ki bu vaxtın gələni xeyrə gəlməyib. Qapını açanda Əli beli bükülmüş vəziyyətdə yerə çökdü. Bütün kənd oyanmışdı o saatda. Kəndimiz Şəhid qarşılamalıydı o sabah...

 Arslan Şuşada gedən ağır, qeyri-bərabər döyüşlərdə yaralanan  yoldaşlarını döyüş meydanından çıxararkən Şəhid olmuşdu. Karvan ağır-ağır yola düşən kimi, tabut da ağır-ağır yaxınlaşırdı kəndə. Əsmərin səsi batmışdı artıq. Əli oğul dağı görmüşdü indi. Hicran tabut gələndə çıxdı üzə. Son dəfə görsünlər deyə Arslanın üzünü açdılar. Sanki nur çilənmişdi üzünə. Təbəssüm qalmışdı dodaqlarında. Elə bil son nəfəsində yarı görünmüşdü gözlərinə. Elə bil sevincək köçmüşdü ruhu göylərə. Hicran Arslanı gördükdən sonra əlini saçlarına atıb elə yolmuşdu ki, kəndin dilsiz quşları da dilə gəlmişdi həmən an. Yolduğu saçlarını Arslanın ovcuna basmışdı. Tabutu bağlamaq istəyəndə o vaxtacan dil açıb danışmayan Hicran hamını susdurdu. Əsmərə tərəf gedib, əllərini açdı. “Xınamızı yax, ana. Xınasız getməsin Arslan..” deyib Əsmərin ayağına düşdü...

  Yekə kişilər də indi uşaq kimi ağlayırdı. Əsmər həm oğul, həm qız, həm də Şəhid anasıydı indi.

 Övlad toyu üçün aldığı, saxladığı xınanı gözyaşıyla isladıb gətirmişdi. Əvvəl Hicranın sonra da Arslanın ovuclarına yaxmışdı xınanı... Bu xına başqa xına idi, Şəhid xınası idi bu xına. Bu xınadan başqa heç kim yaxa bilməzdi, heç nakam qalmaq istəməzdi onlar kimi. Şəhid dəfnində ərşə qalxmışdı nalələr, bir də əsgər yoldaşlarının göyə sıxdığı güllələr...

  O gün əsgərlər qisas üçün and içmişdi o məzarın başında. Hicran isə sadəcə Arslan üçün yarandığına və sadəcə ona aid qalacağına and içmişdi. İsa Bulağı gözünün düşməni olmuşdu Hicranın. Halbuki ilk dəfə orda görmüşdü Arslanı, orda sevmişdi. Və son dəfə orda qucaqlayıb, vətənin köksünə yola salmışdı. Hicran sevgisindən üstün idi vətən sevgisi. İndi Hicran da mamır olub Arslan gəzən qayalara naxış vuracaqdı. Əli də Əsmər də çox dözə bilməmişdi. Onsuz da bir gün görməmişdilər özləri. Balalarının da belə bədbaxt olmağı onlara dağ çəkmişdi. Doqquz gün fasilə ilə əvvəl Əli sonra da Əsmər canlarını tapşırmışdılar. Hicran indi tək qalmışdı. O onsuz da Arslandan sonra tək idi. Nə danışmazdı,nə də dinməzdi. Əvvəllər hər gün Arslanın məzarına gedən ağlayıb, ağlayıb qayıdardı. Bəzən də orda yatıb qalardı. Kənddə bir-birini sevən bütün gənclərə gecə səhərə qədər yatmayıb dualar etdiyi düymələri verərdi. Onlar yarımçıq qalıb, başqaları qovuşsun istəyərdi. Düymə verdiyi gənclər də ağlayardı onunla bərabər, onun taleyinə. Sonra gedib Arslanın məzarını ziyarət edərdilər. Düymələri hər gün çoxalırdı Hicranın. Hər kəs xoşbəxt olsun istəyərdi. Hər qovuşan gənci görəndə bir düymə də saçlarına bağlayardı.Amma həyat bunu da çox gördü o yetimə. Eh, sizin yadınıza gəlməz, balalar. Fəlakət bizdən yan keçməmişdi. 

Mənfur düşmənlər bizim torpaqlarımızı da işğal etdi. 1993- də Ağbulaq da getdi mənfur tapdağında qaldı. Köçüb hərə bir yana dağılırdı. Hicran havalanmışdı o vaxtlarda. İndi təsəlli yeri Şəhid məzarı da olmayacaqdı. Hicran Arslanı qoyub gedə bilməzdi. Uğrunda canından keçdiyi torpağına düşmən ayaq açanda onun sevdiyi qadın qaça bilməzdi. Arslan qana-qan, qisasa-qisas almışdı. Aslan Şəhid olmuşdu. Onun məzarı düşmən ayağı altında qalarkən, onun nişanlısı qaçıb canını qurtarmağa çalışmazdı. Hicran onsuz da ölmüşdü Arslan dəfn edilən günü. Sadəcə gözləri açıq dolanırdı viranə dünyada. Son dəfə çıxmışdı təpədəki məzarın yanına. Yenə xına vardı əllərində. Köç düşüb biz gedən vaxtı bir güllə dəydi ona...

  Elə Arslanın qəbrinin üstünə töküldü qanı Hicranın. Ovuclarındakı qurumuş xınanı isladan gözyaşı deyil, qan idi indi. Göz açmağa imkan verməmişdi düşmən. Günü bu gün də peşmanlıq çəkirəm. Kaş o gün qayıdıb Hicranı dəfn edə bilsəydim.

 Kaş tapdağ altında qalmasaydı cəsədi. İllər keçib üstündən hələ də özümü bağışlaya bilmirəm. Əlinin Əsmər hicranından qoyduğu Hicran adı dördünü də yandırmışdı illər sonra. Dörd aşiqin alovu qurutmuşdu bir bulağın suyunu. İndi mən də o bulaq kimi quruyub, bitmişəm...”

 Bax belə, Nüsrət kişinin son danışdığı əhvalat oldu bu. O da köçdü getdi bu həyatdan. İndi mən özüm yekə kişiyəm amma hələ də o ağrını, acizliyi hiss edirəm. Həə, bax belə. Cavan qız, sənin qarşında uzun yollar var. Çalış hər əhvalat səni gələcəyə aparsın. Keçmişinə əsir qalma heç zaman. Bir də çalış, nə Əsmər nə də Hicran olma heç zaman. Çalış axtaran yox, axtarılan olasan. Bir də, böyü, indi balacasan, bir gün gələcək böyük qız olacaqsan. 

İndi kiçik müsahibələrin sənə işıq tutsun, o gün gələndə sən özün günəş kimi parlayacaqsan...”


 

 

 

   

 

Ctrl
Enter
ohv tapdınız?
Ctrl+Enter sıxıb bizə bildirin
Müzakirə (0)