Rafiq Ağalar - Sağ, sol (yeni esse)
“Sağ ol (yəni diri qal)!”
“Sağ – salamat (əmin-amanlıqda yaşa, yəni)!”
“Yolun sağıyla get (başın sağ olsun deyə)!”
“Levıy”[1] getmək, “levıy” iş, “levıy” gəlir... qıraq getmək, yan – gizlin iş, əlavə – haram qazanc deməkdir.
Sağ – düz, açıq, iti bucaq. Sol – kor bucaq.
“Sağ əlin verdiyini sol əl bilməməlidir”, bəs sol əlin aldığını sağ əl necə?
Təsadüfən yanımdan keçən yeddi nömrə “futbolka”lı – sol kənar hücumçusu köynəyini geyinmiş on-on bir yaşlı uşağın öz həmyaşıdına zəmanə dərsi keçdiyini gördüm:
Dayın oldu hər şey edə bilərsən, hər şey! Qanun yox, qohum keçir!
...Saqi, təhlükəsiz bir qədəh süz!
Sağ:
Vicdan “artıq yükdür!” Vicdansızlıq var-dövlət gətirir! İribuynuzlu oğrunun
hər şeyi var! Abırsız abırlını abırdan salır! Hanı allahın ədaləti?!
Sol:
Kalyaskanı[2] hardan oğurlamısan? Sən dilənçisən?! Basın maşına!
– Uşaq arabası özümündür! Əşyalarımı qoyub aparıram. Mən dilənmirəm! Bazarda ləmələri silirəm, bir manat verirlər. Allah bərəkət versin! Heyvanlarçın sür-sümük satıram. Toyuq-cücə yoluram. Qurban olum allaha, ruzi verən allahdı! Siz ruzi verən deyilsiz! Dilənçilərin adı bədnamdı. Siz onların hamısından yaxşı dilənirsiz! Qarpız, göyərti, qutab... daha nə bilim nə satanlardan diləndiyiniz yerdə kaş sizi çəkib, bütün dünyaya göstərəydim!
İşverən qadının üzünə durdu.
Uşaq arabasını qaldırıb zavallının başına çırpdılar. Caynaqlarını kimsəsizin kürəyinə nə təhər keçirtdilərsə, nimdaş donunun bir çəngəsi əllərində qaldı.
“Kişilər” məzələndilər:
Haydı, sağ cinah irəli! Sol! Sol! Sol!
...Femidanın[3] ağız-burnu, mizan-tərəzinin sağ gözü əyilmişdi.