Edebiyyat.az » Proza » ƏLİBALA ƏHMƏDOV - DEKABRDA DARIXAN SEVGİLİLƏR ÜÇÜN

ƏLİBALA ƏHMƏDOV - DEKABRDA DARIXAN SEVGİLİLƏR ÜÇÜN

ƏLİBALA ƏHMƏDOV - DEKABRDA DARIXAN SEVGİLİLƏR ÜÇÜN
Proza
admin
Müəllif:
08:13, 16 dekabr 2022
1 851
0
ƏLİBALA ƏHMƏDOV - DEKABRDA DARIXAN SEVGİLİLƏR ÜÇÜN




 Təxminən səhər saat 10 da, dekabrda, yağışlı bir gündə sən və sevdiyin qadın başınızı necə qata bilərsiniz? Hansı anların içində tapa bilərsiniz, özünüzü?
Dərs bitdi, indi çölə çıxmısınız. Təmiz havada siqaretin dadı daha acı olur, sanki. Və sən rahatlıqla çəkə bilmirsən. Əlləriniz cibinizdə - bomboz olub, islanmış şəhərə baxırsınız. Xırda - xırda yağan yağış yəqin ki, gec kəsəcək. Qarşıdakı  səfirlik maşının üzərində bayraq qəmli - qəmli islanır. Və sən ağzında siqaretdən qalmış son bir iki acı damcını da udub, qadına baxırsan.
Əgər ürəkdən dəli kimi qəhqəhə çəkmək gəlmirsə, qol - boyun olub sevinməyə, öpüşməyə həvəs yoxdursa, bu qaşqabağını tökmüş havada sinirlər də yavaş - yavaş sərtləşirsə, ağzınızda keks əvəzinə ağac parçası çeynəyirsinizsə, yaxşı, onda necə edəsiniz ki, anlarınız birazca şirinləşsin?.. Axı, indi yetkinsiniz və bilirisinizki, gülüşü və sevinci də özünüz düzəltməlisiniz.

Yenidən onun üzünə baxırsan... Yox, yox belə qalmaq olmaz. Birazdan dünyada baş verən bütün müharibələr yadınıza düşəcək, ölkə tarixinin ən ağır dönəmlərini fikirləşəcəksiniz, minlərlə makro və mikrocəhənnəm sinirlərinizi kül edəcək. Üzünüzü zülmət bürüyəcək, oynayan iynələr kimi daxili ağrılarınız dirilməyə başlayacaq.

.....Olmaz! Ona görə də balaca bir yerdə əyləşirsiniz və spiralvari vermeşil yeməyə başlayırsınız. Dodaqlarınız və ağzınız xəmirin istisindən qızışır və ürəyiniz isinir. İndi mütləq ikinizdən biri - özünü soxulcan sümürən biri kimi təsəvvür edir. Və gülür. Xəmirin üzərindəki yaşıl ədviyyata baxır və onun təzə - tər, sulu vaxtlarını xatırlayır. Elə vaxtlarını ki - onda uşaqlar - balaca heyvanın boğazını sığalladıqları kimi, bu möhtəşəm yaşılın da yarpağını sığalllaya bilərdilər.
İndisə kiçik nöqtələr kimi vermeşilin üstündədir. Təbəssüm də kiçik nöqtələr kimi geri qayıdır.
Sən ona baxır və soruşursan - uşaq vaxtı heç duzlu qarğıdakı çubuqlarını sevirdinmi? Olubmu ki, qışın soyuğunda onların duzlu tamı dodağını alışdırsın?
Gülüb - danışan qarğıdalıların olduğu reklamları xatırlayırsanmı?
Ya da qış gecəsində - ayaqyolu üçün həyətə düşəndə üzərini qar örtmüş torpağın dincliyini?
Elə bil ki, bütün dünya bir körpə idi. Və gecəboyu kimsə onun yanaqlarına elə hey süd yaxırdı..
.....Cinsi istəklərin olmadığı yaşlardan qalan xatirələr başqadır. Onda həm sən özün, həm də dünyan körpə idi. Yay gecələrində mənim şahzadəm, sən təkcə aya baxmırdın, gözlərin həm də talvardakı samana zillənirdi - və gözlərin talvardakı samana zillənən kimi, onların qoxusunu duyurdun. Və onların qoxusunu duyan kimi balaca buzovlar yadına düşürdü. Və balaca buzovlar yadına düşən kimi içində bir mərhəmət durulurdu.
Sabah torpaqdan yenicə çıxarılmış kartofun üzünü təmizləyib, öpəcəksən..

......Sənə elə bir dünyanı qaytaracam ki, orada əllərin yenə bəmbəyaz olacaq və gecələr qara bürünmüş həyətə düşəndə ağlına üzünə süd yaxılan həmin körpə gələcək. Və bənövşəyi yerkökünün ağzında xırçıldadığı an.
Elə bir ana qayıdacaqsan ki, orada şahzadələrin əlini öpmək eyib sayılmayacaq və mən bir üzüm dənəsini qollarının üstünə qoyacam, sonra sənə baxacam və gülümsəyəcəm... Və sonra bir pomidoru dişləyib üz - gözümü turşudacam. Və sonra bir qızılgülü iyləyib deyəcəm - "Təmizləndim."

Və bir qaşıq balı ağzına qoyub deyəcəm - onu udmadan hər şeyin gözəl olacağına inana bilərsənmi?...

 Pişpişə yapışmayan paltarını əzizləməyi düşünmüsənmi, nə vaxtsa?

...Gözləriniz yağışı kəsilməyən şəhərə baxır, yenidən. Sizə elə gəlir ki, indi dünyanın hər küncündə - qəmli, bərəkətsiz damlaların içində, bir vaxtlar parlaq - sapsarı olan, amma getdikcə rəngi öləziyən, bəyazlayan buğda dənələri axır.
Yox...Başını tez silkələyir və ona baxırsan. Yeməyin bitməsiylə o kiçik bayram da bitir sanki.
Qüssə nöqtəsi - bir boyunbağının yumrusu kimi onun içinə düşür. Biraz səbrsiz olsan, sənin də sinirlərin bu kimyadan zəhərlənəcək. Amma sən artıq yetkinsən. Amma sən artıq yetkinsən və səbrsiz ola bilməzsən.
İndi ürəyin və ruhun güclənməlidir. Dodağına və qəlbinə gülüş gəlməlidir. Baxmayaraq ki, keçib gedən adamların üzündə qüssəni hiss edirsən. Tanrının boş qoyduğu yerlərdəki cücərmə həsrətini..

..Sevgilim, Tanrı sənin biləyinə və barmaqlarına kömək olacaq. Tanrı sənin gözlərini və dodaqlarını sevəcək. Tanrı sənin hamar dərini biraz da məxməri edəcək..

Lütfən, nə qədər çox sevsən  də T.S Eliotu bir kənara qoy. İnsan ölüsüylə dolu bu izdihamı görmək istəmirəm...Bu dünyanın bütün qışlarının soyuğunu duymaq istəmirəm. İstəmirəm ki, kül rəngli bıçaqların ağzını dərində hiss edəsən.

Balaca bir dələni düşünməyini istəyirəm. Saqqız çeynəyən bir dələni. Nə qədər sevimli olardı, heç fikirləşmisənmi?


....Xizəkləri düşünürəm. Buzu cızan xizəkləri və onun üzərində sürüşən incə ayaqlarını. Və qucağıma yıxılmanı...
Qar üzərində addımlayan maralları düşünürəm və içində hamımızı  sağ saxlayan qışın dincliyini... Ağacların dik dayanmasını və onların soyuğa qarşı qaba olmuş sifətini...

.....Birazdan evə çatacaqsınız - ürəyinizdə "Dekabrda necə yaşayaq?" suallarıyla birlikdə. Və sən barmağınla ona yaxınlıqdakı mehmanxananı göstərəcəksən.
Və deyəcəksən - "Qar Kraliçası indi oradadır."
Və deyəcəksən, "itləri pişiklərdən çox sevirəm."
Və deyəcəksən  "evdə bizim üçün Demis oxuyacaq. Əgər ev yoxdursa küçələrdə. Və istəsən hər yerdə."

Və sizə Kristian Andersenin kitablarını bağışlayacaqlar...
Ctrl
Enter
ohv tapdınız?
Ctrl+Enter sıxıb bizə bildirin
Müzakirə (0)