Qabriel Qarsia Markes - Qarda sənin qan ləkən
Axşamtərəfi sərhədə çatanda Nena Dakonte gördü ki, toyda barmağına taxdığı nişan üzüyü qana bulaşıb. Yun adyala bürünmüş jandarm Pireney dağlarından əsən güclü küləyə sinə gərərək bir əlində fənər yırğalana-yırğalana gələnlərin pasportlarını yoxlayırdı. İkisinin də pasportu diplomatik idi. Sənədlərin qaydasında olduğuna baxmayaraq, o, fənərin işığını gənclərin üzünə salıb şəkillə tutuşdurdu. Nena Dakonte balaca bir qızcığaza bənzəyirdi. Bal rəngində şəffaf dərisi tutqun, darıxdırıcı yanvar axşamında hələ də Karib günəşini əks etdirir, gözləri isə xoşbəxt quş gözlərinə bənzəyirdi. Əynində bütün sərhəd qarnizonun bir illik maaşına belə, alınması mümkün olmayan, boynuna qədər büründüyü xəz dərili palto vardı. Sükan arxasında olan həyat yoldaşı Billi Sançes qızdan bir yaş kiçik idi, həm də çox yaraşıqlı görünürdü. Əynində dama-dama şotland gödəkcəsi, başında beysbolçu papağı vardı. Yoldaşından fərqli olaraq, hündürboy və idmançılara xas olan bədən quruluşu vardı. Möhkəm çənəsi elə bil dəmirdən tökülmüşdü. İlk baxışda dalaşqan adam təəssüratı bağışlayır, eyni zamanda utancaq görünürdü. Və hər ikisinin imkanlı olduğunu təsdiqləyən, kapotundan bəbir mırıltısı gələn metalik rəngli, bahalı maşın idi. Belə maşın sərhəd məntəqəsində hər vaxt görünməzdi. Arxa oturacaqlar təzə çamadanlarla və hələ də açılmayan hədiyyə qutuları ilə dolu idi. Orada həmçinin kurortların birində nəzakətli quldura rast gəlməzdən əvvəl, onu ehtizaza gətirən Nena Dakontenin tenor saksofonu da vardı.
Jandarm möhürlənmiş pasportları ona qaytaranda Billi Sançes yoldaşının yaralı barmağına işarə edərək əczaxananın harada olduğunu soruşdu. O da küləyin vıyıltısında güclə eşidiləcək səslə qışqırdı ki, “əczaxananı Hendayedə soruşun, Fransa tərəfdə”… Məntəqədə masa arxasında oturan Hendaye jandarmları da kart oynaya-oynaya çörəyi yetimdoyduran stəkana süzdükləri çaxırda isladaraq hoppuldatmaqlarında idilər. Oturduqları yer isti və işıqlı olduğundan burunlarının ucunu belə bayıra çıxarmağa tənbəllik edirdilər. Ancaq bahalı maşını görən kimi pəncərədən əllərilə Fransaya keçməyi işarə etdilər. Billi Sançes bir neçə dəfə siqnal versə də, jandarmlar heç nə başa düşmədilər və onlardan biri pəncərəni açıb üstünə elə qışqırdı ki, vıyıldayan külək ona muştuluq oldu:
– Merde! Allez-vous-en! (Zibil! Rədd ol burdan!)
Vəziyyəti belə görən Nena Dakonte paltonun yaxalığını qulağına qədər qaldırıb maşından düşdü və təmiz fransız dilində əczaxananın yerini soruşdu. Jandarm nəfəri isə ordundakı çörəyi çeynəyə-çeynəyə yolu göstərməyin onun işi olmadığını deyib, tez də pəncərəni bağladı. Ancaq xəz dərili, gözqamaşdırıcı paltoya bürünən qızın yaralı barmağını sovurduğunu görəndə onu vəhşətli gecənin məlakəsi sayıb dediyi sözdən peşman oldu və bundan sonra onlara izah etdi ki, ən yaxın şəhər Biarritsdir. Ancaq qışın belə oğlan çağı canavartək ulayan küləkdə düşündü ki, açıq əczaxana bəlkə də bir az irəlidə, Bayonnada tapıla.
– Bu çox ciddidir? – deyə, xəbər aldı.
– Heç. – Nena Dakonte brilliant üzüklü barmağını ona göstərərək güldü. – Sadəcə tikan batıb.
Bayonnaya çatmamış yenidən qar yağmağa başladı. Hələ saat yeddi tamam deyildi, amma çovğun olduğundan küçələr boş, qapılar bağlı idi. Heç yerdə əczaxana tapmadıqlarından yollarına davam etməyə qərar verdilər. Bu qərar deyəsən Billi Sançesin xoşuna gəldi. Onun nadir avtomobillərə dəli bir sevgisi vardı. Heç vaxt Bentli markalı maşın sürməmişdi. Bu maşını özünü oğlunun qarşısında günahkar sayan imkanlı atası onu sevindirmək üçün toy günündə sürpriz olaraq hədiyyə etmişdi. Sükan arxasında özünü o qədər rahat və bəxtiyar hiss edirdi ki, nə qədər sürsə də, yoruldum demirdi. Bu gecə Bordo şəhərinə çatacağına əmin idi. Şəhərin Splendid mehmanxanasında yeni evlənənlər üçün nömrə kirayələmişdilər və heç bir külək-çovğun onların istəyinə mane ola bilməzdi. Amma Nena Dakonte Madriddən bəri saqqız kimi uzanan yolda çox yorğun görünürdü. Elə bil qarın üzərində keçi ləpirinin açdığı ciğırla irəliləyirdilər. Bayonnadan çıxandan axan qanı dayandırmaq üçün baş barmağını dəsmalla yaxşıca sıxıb bağlayandan sonra maşının arxa oturacağında yuxuya getdi. Billi Sançes bundan yalnız gecə yarısı qarın kəsdiyini, şam ağacları arasında küləyin səngidiyini və kolluqların başı üstündə asılmış səmada buzlu ulduzların sayrışdığını görəndə xəbər tutdu. O, Bordonun yuxuya dalmış küçələrilə ötüb keçdi və yanacaq doldurmaq üçün maşını yalnız yolun qırağındakı məntəqədə saxladı, çünki birnəfəsə Parisə qədər sürmək həvəsində idi. 25 min funt sterlinq dəyərində olan “oyuncağına” o qədər aludəydi ki, yanında barmağı qan içində, üzü şəfəq saçan və məsum uşaq kimi yuxuya gedən xanımının da onun kimi xoşbəxt olub-olmadığını heç düşünmədi.
Onlar üç gün əvvəl buradan 10 min km uzaqda, Kartaxena de İndiasda ailə həyatı qurmuşdular. Gənclərin evliliyinə oğlanın atası təəccüblənmiş, qızın valideynləri isə heç sevinməmişdilər. Özü də gənclərin xeyir-duasını ölkənin baş arxiyepiskopu vermişdi. Onlardan savayı heç kim bu gözlənilməz məhəbbətin təməlinin necə və harda qoyulduğunu bilmirdi. Bu sevgi münasibətləri toydan üç ay əvvəl, bazar günlərinin birində, Marbelya çimərliyində qadınların soyunma otağına Billi Sançesin quldur dəstəsinin hücumu zamanı başlamışdı. Nena Dakontenin 18 yaşı təzəcə tamam olmuşdu. İşveçrədə oxuduğu məktəbdən yenicə qayıtmışdı. Dörd dildə səlis danışır, tenor saksofonunda məharətlə ifa edirdi. Həmin gün dənizə, çimərliyə gəlmişdi. Çimərlik paltarını geyinmək üçün əynini təzəcə soyunmuşdu ki, birdən qonşu kabinələrdə çaxnaşma düşdü. Yan otaqlarda qışqırıq səsləri eşitsə də, nə baş verdiyini anlamadı. Qapısının cəftəsi qopub bir tərəfə düşəndə qarşısında gözəl bir dələduzun dayandığını gördü. Əynində tək leopard dərisinə bənzər qısa şort vardı. Bədəni isə elastik, incə və sahildə yaşayanlarda olduğu kimi gündən qaralmışdı. Sağ biləyinə Roma qladiatorlarının taxdığı metal bilərzikdən keçirmişdi, qoluna da onu ölümcül bir silaha çevirən zəncir dolamışdı. Boynundan asdığı dini medalyon isə hər dəfə nəfəs aldıqca səssizlikdə qorxmuş ürəyin döyüntülərinə qoşulurdu. Məktəbin aşağı siniflərində bir yerdə oxumuşdular, birlikdə ad günlərində neçə-neçə pinyata (içi dolu şirniyat qabları – red.) sındırmışdılar. İkisi də hələ kolonializm dövründən şəhərin vəziyyətinə baxan bir əyalətin tanınmış sülalələrindən idilər. Ancaq aradan illər keçdiyindən ilk baxışdan bir-birini tanımamışdılar. Nena Dakonte özünü itirdiyindən, çılpaq bədənini belə gizlətməyə macal tapmamışdı. Billi Sançes özünü lap uşaq kimi apardı: əynindəki qısa şortu dizinə qədər aşağı salıb qalxmış vəhşı ilanını ona göstərdi. Qız təəccüb etmədən oğlanın gözlərinin içinə baxdı.
– Mən ondan daha bərkini və böyüklərini görmüşəm, – içindəki qorxusuna qalib gələrək – özünü yığışdır, mən sənin üçün qaradərili deyiləm.
Düzünə qalsa, Nena Dakonte bakirə idi, özü də həyatında bir dəfə də olsun çılpaq kişi görməmişdi. Bu vaxt Billi Sançes hirsindən barmaqlarını sıxaraq əlinə doladığı zəncirlə divara yumruq vurdu. Güclü zərbədən əli zədələndi. Nena Dakonte onu öz maşınında xəstəxanaya çatdırdı, əli sağalanacan ona kömək etdi, sonda isə odlu məhəbbətlə məşğul olmağa başladılar. Bütün cansıxıcı iyun ayını dörd Dakonte nəslinin yaşadığı evin daxili terasında keçirdilər. Qız saksofonda dəbdə olan mahnılar çalır, qolu gipsə salınmış sevgilisi isə hamakda uzanaraq yellənə-yellənə onu izləyirdi. Evin körfəzdəki iylənmiş su anbarına açılan iri pəncərələri vardı. Bu, La Manqa məhəlləsində ən köhnə, ən böyük və şübhəsiz ən səliqəsiz evlərdən biriydi. Ancaq Nena Dakontenin saksofon çaldığı şahmat formasında plitələr düzülmüş teras, saat dörddən sonra cənnət məkana çevrilirdi. Terasın qarşısında, manqo və banan ağacları olan kölgəli həyətdə evdən də qədim, ailə üzvlərindən xatirə qalan adsız bir qəbir vardı. Hətta, belə bir ziyalı ailədə musiqidən başı çıxanlar saksofonu anoxronik bir alət sayırdı. Qızın nənəsi saksofonu ilk dəfə eşidəndə: “elə bil gəmi fit verir”, – demişdi. Anası hey çalışırdı ki, qızı saksafonu bu cürə çalmasın, belə hesab edirdi ki, musiqidə hissiyatlı çalğı vacib deyil, amma qız rahat olsun deyə, ayaqlarını aralayır, ətəkliyini dizindən yuxarıya qədər qaldırırdı. Anası: “Mənə maraqlı deyil hansı alətdə çalırsan, əsas odur ki, ayaqlarını aralamayasan”, – deyirdi. Ancaq gəmidən gələn səs Billi Sançesin çöhrəsindəki kədərə qalib gəlirdi. Nena Dakonte vəhşi ad qazanmış, varlı ailədən çıxan bu kobud oğlanın arxasında qorxaq bir yetimi kəşf etmişdi. Əli sağaldıqca bir-birlərinə elə öyrəşdilər ki, yağışlı axşamların birində qız onu yatağına dartanda bu yaxınlığın çılğın məhəbbətə keçməsi oğlanı heyran etdi. Bütün gecəni evdə tək qaldılar. Hər gün bu saatlarda, demək olar ki, iki həftə ərzində divardan asılmış hərbiçi portretlərin önündə, vaxtilə cənnət görmüş sevgidən doymayan nənələrin yatdığı bu əfsanəvi çarpayıda lüt-üryan uzanaraq oynaşırdılar. Sevişməyə ara verəndə isə çılpaq haldaca açıq pəncərədən içəri dolan mehin altında körfəzdəki gəmilərin ifunətini iyləyir, bayırdan gələn səsləri – banan ağacları altında qurbağaların qurultusunu, adsız qəbirdən süzülən damcıların pırıltısını dinləyir və əvvəllər heç vaxt diqqət etmədikləri həyatın təbii gözəlliklərini seyr edirdilər.
Nena Dakontenin valideynləri evə qayıdanadək onlar sevgidə o qədər təcrübə qazandılar ki, dünya onların gözündə bir eşq aləmi olduğundan harda gəldi istədikləri kimi sevişir, hər dəfə də eşqi sanki yenidən kəşf edirdilər. Əvvəlcə onlar bu işlə atanın oğlu qarşısında günahını yumaq üçün ona bağışladığı idman maşınında məşğul oldular. Maşından bezəndən sonra ilk dəfə tanış olduqları yerdə, Marbelya çimərliklərindəki boş kabinələrdə sevişməyə başladılar. Hətta noyabr karnavalında üzlərinə maska taxıb hələ bir neçə ay əvvəl Billi Sançesə və onun “kadeneros” quldur dəstəsinə dözən mamasantasların köməyilə köhnə Getseman qulları məhəlləsində kirayə götürdükləri boş otaqlarda görüşdülər. Nena Dakonte əvvəllər saksofona bağlandığı kimi şəhvət dənizinə elə baş vurdu ki, şuluq Billi Sançes qızın “mən sənin üçün qaradərili deyiləm” sözlərini xatırlayanda nə demək istədiyini indi anladı. Billi Sançes hər zaman ona nəvaziş göstərmişdi. Evlənən andan bir-birlərini həmin şövqlə sevməyə davam edirdilər. Təyyarə Atlantik okeanın üzərindən keçdiyi vaxt stüardessalar yuxu bişirəndə onlar özlərini darısqal tualetə verib həzz almaq əvəzinə gülməkdən qarınlarını tuturdular. Onlar yalnız toydan bir gün sonra Nena Dakontenin iki aylıq hamilə olduğundan xəbər tutdular.
Madridə çatanda özlərini heç də sevgidən doymuş hiss etmirdilər, əksinə, yenicə evləndikləri üçün anbarlarında kifayət qədər barıt vardı. İkisinin də valideynləri tədarük görmüşdü. Hələ təyyarədən düşməmiş məmur atasının tapşırığı ilə Nena Dakonte üçün dəridən hazırlanmış ağ rəngli bahalı bir palto ilə pişvazına çıxmışdılar. Billi Sançesə isə toy münasibətilə həmin qışın dəbi olan qoyun dərisindən gödəkcə və hava limanında ona sürpriz edəcəkləri, markası bilinməyən maşının açarlarını gətirmişdilər.
Ölkənin diplomatik nümayəndələri də onları rəsmilər üçün təyin olunan salonda qarşıladı. Səfir və həyat yoldaşı hər iki ailənin çoxdankı tanışları idi. Səfir ixtisasca həkim olduğundan Nena Dakonte dünyaya gələndə doğuşda iştirak etmişdi. O, yenicə evlənənləri elə bir tər qızılgül dəstəsilə qarşıladı ki, onun yanında şeh damcısı belə süni görünürdü. Özünü itirmiş qız səfiri və yoldaşını sevincək salamladı və həddi-buluğa çatmamış ərə getdiyi üçün bir az da sıxılantəhər oldu. Gülləri alanda tikanı barmağına batdı. Qız ağrısını güclə udaraq üzünə təbəssüm verdi.
– Mən bunu qəsdən elədim ki, barmağımdakı üzüyü görsünlər, – ərinə tərəf astadan pıçıldadı.
Həqiqətən də, bütün diplomatik heyət üzüyün gözəlliyinə heyran qaldı. Təkcə üzüyün qaşına görə deyil, həm də onun çox qədim və yaxşı qaldığına görə qiymətli olduğunu düşündülər. Qızın barmağından axan qana isə heç kəs fikir vermədi. Sonra ordakıların diqqəti maşına yönəldi. Səfir maşını hava limanına gətirməklə, hətta onu sellofanlayıb üstünə də qızılı rəngdə bant bağlatdırmaqla məzəli iş görmüşdü. Ancaq Billi Sançes onun bu incə yumoruna dəyər vermədi. Maşını görmək arzusu ilə alışıb yanan gənc üstünə çəkilmiş örtükdən yapışıb onu bir dartımla kənara elə atdı ki, az qala nəfəsi kəsiləcəkdi. Qarşısında üstüaçıq, dəri salonlu son model Bentley dayanmışdı. Göyün üzü kül rənginə boyanmışdı, sazaq adamı elə kəsirdi ki, havada dayanmaq olmurdu. Ancaq Billi Sançes soyuğu qətiyyən hiss etmirdi. O, maşını tam öyrənənəcən səfirliyin əməkdaşlarını bayırda saxladı. Onlar da soyuqdan az qala donduqlarını nəzakət xatirinə dillərinə belə gətirmədilər. Sonra səfir Billi Sançesin yanında əyləşib ziyafət zalına gedən yolu onlara göstərdi. Yolboyu onu şəhərin görməli yerlərilə tanış edirdi. Lakin maşının sehrinə düşən Billi Sançesin gözü ətrafı görmürdü.
İlk dəfəydi ki, doğma yurdundan kənara çıxmışdı. Vətənində eyni kursu dəfələrlə keçərək bütün özəl və dövlət kolleclərində olmuşdu. Axırda hamının ondan acığı gəlməyə başladı. Şəhərin fərqli görünüşü, günün günorta çağı evlərdə yandırılan çil-çıraqlar, yarpaqlarını tökmüş ağaclar, dənizin uzaqda olması – bütün bunlar onda tənhalıq hissi doğururdu. Beləliklə də özündən xəbərsiz az vaxt içərisində tənhalığın qurbanı oldu. Bu arada qəfil və səssiz gələn bir qasırğa ətrafı caynağına aldı… Fransaya səyahət etmək üçün naharı bitirib səfirin evindən çıxanda şəhəri ağappaq qarla örtülü gördülər. Belə bir şəraitdə Billi Sançez maşını tamamilə unutmuşdu. Sevindiyindən hamının gözü qarşısında qışqırıb qarı üzünə sürtməyə başladı, hətta yerə də sərələndi.
Nena Dakonte yaralı barmağından qan açıldığını ilk dəfə Madriddəki qasırğadan sonra gördü. Qız təəccübləndi, çünki rəsmi ziyafətlərdən sonra italyanca ariya oxumağı sevən səfirin xanımını saksofonla müşaiyət etdiyindən barmağından axan qandan xəbəri olmamışdı. Sərhədə gedən ən yaxın yolu ərinə göstərdikcə elə hey qanayan barmağını özündən ixtiyarsız sovururdu. Yalnız Piriney dağlarına çatanda əczaxana axtarmaq ağlına gəlmişdi. Son günlərin yorğunluğuna təslim olaraq yuxuya gedəndə maşının suyun üstü ilə getdiyini gördü, az sonra üzündə ağrılı ifadə ilə oyananda isə barmağına bağladığı dəsmal hələ uzun müddət yadına düşmədi. Maşının panelində işıldayan saata baxdı. Əqrəblər 3-ü göstərirdi. İndi harada olduqlarını xatırlamağa çalışdı. Və başa düşdü ki, Bordo, Anqulem və Puatye şəhərlərini keçiblər, Loira dambası boyu gedirdilər. Ayın şöləsi sanki dumanlıqda boğulur, şam ağaclarının arasından çıxan qəsrlərin silueti isə kabus haqqında olan nağıllara bənzəyirdi. Nena Dakonte ərazini tanıdığından başa düşdü ki, Parisdən üç saatlıq məsafədədilər. Billi Sançes də cəsur bir qəhrəman kimi sürməyinə davam edirdi.
– Sən vəhşisən, – qız dedi. – On bir saatdır heç nə yemədən maşın sürürsən.
Təzə maşın şərab kimi onun ağlını başından almışdı. Özü də təyyarədə az yatmışdı. Səhər tezdən Parisə çatanda da özünü gümrah hiss edirdi.
– Mən hələ də səfirlikdə yediyimin üstündəyəm, – dedi. – Bir də ki, camaat Kartaxenada indilərdə kinoteatrdan çıxır. Orda axşam saat 10 olar.
Nena Dakonte ərinin sükan arxasında yuxuya gedəcəyindən qorxurdu. Madriddə onlara hədiyyə verilən qutulardan birini açıb ağzına bir parça şəkər portağalı qoymaq istədi, amma əri əlilə onu rədd etdi:
– Erkəklər şirniyyat yemir, – dedi.
Orleana çataçatda duman çəkildi və ayın işığı üstü qarla örtülü tarlaları aydınlatdı. Ancaq yolda Parisə tərəvəz və şərab daşıyan yük maşınlarının əlindən hərəkət etmək olmurdu. Nena Dakonte ərinə maşını sürməkdə kömək etmək istəsə də, bunu deməyə cürət etmirdi. Çünki səfərə çıxmazdan qabaq Billi Sançes ona demişdi ki, dünyada ən böyük təhqir yanında əri ola-ola sükanı arvada tapşırmaqdır. Qız beş saat yatdığı üçün beyni ayıq idi. Hətta Fransa mehmanxanalarında dayanmadıqlarından məmnun idi. O, bu yerləri yaxşı tanıyırdı. Uşaq vaxtı valideynləri ilə Fransanı qarış-qarış gəzmişdi. “Buralar dünyanın ən gözəl mənzərəli yerlərindən biridir. Amma ürəyin yansa belə, sənə bir içim su verən adam tapılmaz”, – dedi. Nena Dakonte o qədər ehtiyatlı idi ki, özü ilə sabun və gigiyenik kağız götürmüşdü. Bilirdi ki, Fransa mehmanxanalarında sanuzelə sabun qoymurlar. Gigiyenik kağızlar isə ötən həftə oxuduqları, səliqə ilə kəsərək qarmağa keçirirdikləri qəzetlər idi. Təəssüf ediləsi bir şey də vardı ki, gecəni sevişə bilmədilər. Dərhal ərindən təklif gəldi:
– Elə indi ağlımdan keçdi ki, dəli aşiqlər kimi birbaşa qarın üstünə uzanaq. Elə burada. İstəyirsən?
Nena Dakonte ərinin sözlərini ciddi qəbul etdi. Yol boyu səmadakı ay pambıq kimi torpağı örtən yumşaq qarı işıldadırdı. Lakin Parisə yaxınlaşdıqca hərəkət daha da intensivləşir, işıqlandırılmış zavod kompleksləri görünür və yol qırağında velosiped sürənlərin sayı artırdı. Qış olmasaydı, yəqin bu vaxtda günəş öz şəfəqlərini çoxdan başlarının üstündən ətrafa səpələmişdi.
– Yaxşı olardı ki, Parisə çatmağımızı gözləyək, – Nena Dakonte dedi. – Orada təmiz mələfələrin üstündə daha isti olar, normal ailələrdə olduğu kimi.
– İlk dəfədir ki, bu təklifimdən imtina edirsən, – əri dedi.
– Bəli, – o cavabı yubatmadı. – Axı biz təzəcə evlənmişik.
Səhər açılar-açılmaz əl-üzlərini yuyandan sonra yolun qırağındakı kafelərin birində tualetə gedib, sonra orada qırmızı çaxırdan içə-içə səhər yeməyi yeyən tır sürücüləri ilə birlikdə kruasanla kofe içdilər. Nena Dakonte ayaq yolunda köynəklə ətəkliyinin qana bulaşdığını gördü, ancaq ləkələri təmizləməkdən vaz keçdi. Barmağına sarıdığı qanlı dəsmalı atdı, nişan üzüyünü çıxarıb o biri barmağına taxdı, sonra yaralı barmağını sabunla yumağa başladı. Barmağına batan tikanın izi demək olar ki, qalmamışdı. Buna baxmayaraq maşına əyləşəndən sonra qan yenidən açıldı. Nena Dakonte qolunu pəncərədən bayıra çıxardı ki, bəlkə tarlaların şaxtalı küləyi yaralı barmağına məlhəm ola. Amma bunun bir köməyi olmasa da Nena Dakonte hələ ki, həyəcan keçirmirdi. “Əgər kimsə bizi tapmaq istəsə, qan ləkələrinin izilə getmək kifayət edər”, – deyib, əlini havada saxladı. Bu düşüncədəykən ilıq səhər şəfəqləri sanki çöhrəsində yaranmış təbəssümünə tumar çəkirdi.
– Təsəvvür elə, Madriddən Parisə qədər qarın üstündə qan ləkəsi. Sənə elə gəlmirmi ki, bu, bir mahnının sözlərində gözəl səslənər? – Nena Dakonte dedi.
Artıq bu barədə fikirləşmədi. Parisə çatar-çatmaz onun barmağından açılan qan hələ də kəsmək bilmirdi və qız hiss etdi ki, axan qanla bərabər huşunu da yavaş-yavaş itirir. Qız çantasında gəzdirdiyi təmizlik kağızı ilə barmağını sıxmağa çalışdı. Ancaq sıxmağı ilə qanlı kağızı bir-birinin ardınca pəncərədən çölə tullamağı bir oldu. Əynindəki paltar, hətta palto və maşının oturacaqları da qana bulaşmışdı. Bunu görən Billi Sançes həqiqətən qorxdu, dərhal əczaxana axtramağa başladı. Ancaq qız bilirdi ki, bu, əczaçı işi deyil.
– Biz demək olar ki, Orlean Qapısındayıq, – qız dedi. – Leklerk küçəsi ilə düz get, bu küçə ən geniş və ən yaşıl prospektdi, sonra nə edəcəyini sənə deyəcəm.
Bu, səyahət boyu ən çətin yol oldu. Leklerk küçəsində velosipedlərin, minik və mərkəzi bazarlara çatmaq istəyən iri yük maşınlarının əlindən tərpənmək mümkün deyildi. Bura sanki bir cəhənnəm kələfini xatırladırdı. Billi Sançes maşınların boş yerə verdiyi siqnallardan o qədər əsəbiləşdi ki, bir neçə sürücünün ünvanına “kadeneros” dilində yaxşıca söydü, hətta dalaşmaq üçün maşının qapısını açıb düşmək də istədi, ancaq Nena Dakonte izah etdi ki, fransızlar dünyada ən kobud insan olsalar belə, adamı heç vaxt vurmazlar. Ərini bu xoşagəlməz vəziyyətdən qurtarmaq üçün qızın göstərdiyi səy ən düzgün qərar idi və həmin anlar Nena Dakonte huşunu itirməməyə çalışırdı.
Təkcə Leon de Belfort şəhər meydanına çıxmaq üçün onlara bir saatdan çox vaxt lazım idi. Yanvar ayında Parisin kafe və dükanları elə işıqlandırılmışdı ki, elə bil gecə vaxtı idi. Bu, Parisin yanvar ayları üçün tipik bir çərşənbə axşamıydı, yerdə bərkiməyən sulu qar, çisəkləyən və bədbin ovqat yaradan hava… Ancaq getdikləri küçə boş görünürdü və bir neçə yüz metrdən sonra Nena Dakonte əliylə ərinə işarə etdi ki, sağa dönsün… İrəlidə nəhəng və görünüşündən bədbinlik tökülən bir xəstəxananın giriş qapısında dayandılar.
Qızın maşından düşmək üçün köməyə ehtiyacı olsa da təmkinli görünür, üzündən hələ də şövqünü itirmədiyi hiss olunurdu. Amma növbətçi həkim gələnə kimi uzanıqlı vəziyyətdə tibb bacısına xəstəlik tarixçəsini danışdı və anketi doldurdu. Billi Sançes onun əl çantasını götürdü və toyda barmağına üzük taxdığı əlindən tutdu. Qızın əli soyuq idi, heysiz dodaqları isə təravətini itirmişdi. Növbətçi həkim gəlib qızın yarasını müayinədən keçirənədək Billi Sançes onun əlini buraxmadı. Həkim çox cavan, başı keçəl, dərisi isə qaralmış mis rəngində olan bir kişiydi. Nena Dakonte həkimə heç fikir vermədi, solğun bir təbəssümlə birbaşa ərinə müraciət etdi:
– Qorxma, yalnız o ola bilər ki, bu hannibal əlimi kəsib yesin. – deyərkən yumor hissini itirmədiyi açıq-aydın hiss olundu.
Növbətçi həkim müayinəni bitirdikdən sonra onları təmiz kasteyano ilə təəccübləndirdi. Amma onun ləhçəsindən asiyalı olduğu bilinirdi.
– Yox, – həkim cavabında dedi. – Bu hannibal belə gözəl barmağı kəsməkdənsə ölməyi üstün tutar.
Ər-arvad bir qədər kefsizlədi, amma həkim onlara ürək-dirək verdi. Sonra göstəriş verdi ki, qızı palataya aparsınlar. Billi Sançes yoldaşını müşayiət etmək istəsə də həkim onun qolundan yapışdı:
– Sizə olmaz, o, intensiv terapiyadan keçəcək.
Nena Dakonte ərinin üzünə gülümsədi və təkərli çarpayıda dəhlizdə gözdən itənədək əlilə sağollaşdı. Həkim tibb bacısının yazdığı məlumatları nəzərdən keçirdi. Bu zaman Billi Sançes onu səslədi.
– Həkim, o, hamilədir.
– Neçə vaxtdır?
– İki ay olar.
Billi Sançes cavabında nəsə eşitmək istədi. Amma həkim onun sualına o qədər də əhəmiyyət vermədi.
– Yaxşı ki, bunu mənə bildirdiniz, – deyib getdi.
Billi Sançes xəstələrdən tər iyi gələn xoşagəlməz zalda gözləməyə başladı. Ona yalnız Nena Dakontenin getdiyi boş dəhlizə baxmaq qaldı. Sonra xəstələrinə baş çəkməyə gələnlərlə bərabər taxta oturacaqda əyləşdi. Orada nə qədər gözlədiyini bilmədi. Xəstəxanadan çıxmaq istəyəndə hələ də gecə idi, yağış çiskinləyirdi. Bilmirdi nə etsin, dünya sanki başına fırlanırdı.
İllər sonra xəstəxanın arxivindəki məlumatlardan öyrəndim ki, Nena Dakonte yanvarın 7-də, çərşənbə axşamı saat 9:30-da müayinəyə götürülüb. Birinci gecəni Billi Sançes xəstəxananın Təcili tibbi yardım bölməsinin giriş qapısının qarşısında saxladığı maşınında yatdı. Səhər tezdən yaxınlıqda tapdığı kafedə altı qaynadılmış yumurta yedi və üstündən də iki fincan südlü kofe içdi. Madriddən çıxandan yaxşı yeməmişdi. Sonradan Nena Dakonteni görmək üçün təcili tibbi yardım bölməsinə qayıtsa da, ona binanın əsas giriş qapısına getməli olduğunu bildirdilər. Orada oturan qapıçını başa salmaq üçün asturiyalı bir nəfər tapdı. Qapıçı da təsdiqlədi ki, həqiqətən Nena Dakonte xəstəxanada qeydiyyatdadır, ancaq onu görməyə yalnız çərşənbə axşamları saat doqquzdan dördə qədər icazə verilir. Bu o deməkdir ki, altı gündən sonra. O, ispanca danışan həmən qara dərili keçəl həkimi görmək istədiyini bildirdi. Ancaq belə sadə təsvirlə onu heç kim tanıya bilmədi.
Lakin ona Nena Dakontenin qeydiyatda olduğunu xəbər verəndən sonra rahatlandı və maşını saxladığı yerə qayıtdı. Burada yolun hərəkətinə nəzarət edən adam ona maşını bir-iki kvartal irəlidə, dar küçədə, tək nömrəli binaların sırasında saxlamağa göstəriş verdi. Elə bu arada gözü qarşıda yenicə təmirdən çıxmış və girişində “Hotel Nicole” yazısı olan binaya sataşdı. Onun cəmi bir ulduzu vardı. Girişində kiçik zalda bir masa və köhnə fortepiano qoyulmuşdu. Mehmanxananın sahibi fransız idi, fleytaya bənzər səslə yaxşı pul müqabilində müştərilərlə bütün dillərdə danışmağı bacarırdı. Billi Sançes on bir çamadan və doqquz hədiyyə qutusu ilə boş qalmış yeganə nömrədə yerləşdi. Bu otaq binanın doqquzuncu mərtəbəsində üçbucaq formasında bir mansar idi. Ora çatmaq üçün qaynadılmış kələm iyi verən spiral formalı pilləkənlə nəfəsi kəsilə-kəsilə qalxmalı idi. Divarlarda illərin kirli xalçaları asılmış, mehmanxananın daxili həyətinə açılan yeganə pəncərəsindən isə otağa yalnız öləzimiş işıq düşürdü. Orada bir taxt, böyük paltar şkafı, sadə bir oturacaq, portativ bide və yuyunmaq üçün su bardağı vardı. Otaq o qədər balaca idi ki, orada qalmaq üçün ancaq çarpayıda uzanmalı idin. Hər şey köhnə-kürüş olsa da, nömrə tərtəmiz idi, hətta yenicə dezinfeksiya olunmuşdu.
Billi Sançesin xəsislik aləminə qərq olmuş bu dünyanın bütün sirlərini açmağa ömrü çatmazdı. Otağına qayıdanda qaranlıq pilləkəndə işığın belə tez söndüyünün səbəbini anlamır və qayıdıb onu yandırmağın yolunu da tapa bilmirdi. Hər mərtəbədə pilləkanın başında tualetin olub-olmadığını öyrənmək üçün günün yarısını itirdi. Qaranlıqda bu tualetlərdən birinə girmək istədi. Qapının cəftəsini içəridən bağlayanda gördü ki, işıq öz-özünə yanır, çıxanda isə sönür. Dəhlizin başında yerləşən hamam otağına gündə iki dəfə girirdi. Və hər dəfə də buna görə ayrıca pul ödəməli olurdu. Administrasiya otağından idarə olunan isti su isə üç dəqiqədən sonra kəsilirdi. Buna baxmayaraq Billi Sançes dərk etdi ki, yaşadığı ölkədən fərqli olaraq Fransada bu kimi qaydaların qoyulması belə şaxtalı qışda məntiqə uyğundur. Bundan əlavə özünü o qədər gözübağlı hiss edirdi ki, Nena Dakontenin yardımından kənarda yaşaması ona təəccüblü gəldi.
Çərşənbə günü səhər tezdən otağına qalxan kimi əynini dəyişmədən özünü üzüqoylu çarpayıya atdı. O, yalnız üzbəüz binada hələ də müalicə alan həyat yoldaşını düşünürdü. Axşamdan elə dərin yuxuya getdi ki, oyananda saatın əqrəbləri beşi göstərirdi. Ancaq yağışlı havada pəncərədən baxanda başa düşmədi, bu, axşamın beşi idi, yoxsa səhərin. O, heç külək və yağışın döyəclədiyi pəncərənin hansı şəhərə açıldığını belə anlamadı. Çarpayıda oyaq halda Nena Dakonteni düşünürdü. Başa düşdü ki, səhərdir. Tez ayağa qalxıb yumurta yediyi kafeyə üz tutdu. Orada həftənin cümə axşamı olduğunu öyrəndi. Xəstəxananın işıqları yanırdı. Yağış kəsdiyindən əsas girişin qarşısındakı şabalıd ağacına söykənib, xəstəxanaya girib-çıxan həkimlərə və ağ xalatlı tibb bacılarına baxırdı. Nena Dakonteni qəbul edən həmin asiyalı həkimi görmək ümidilə qapıdan girənləri bir-bir nəzərdən keçirirdi. Amma axşama qədər gözləsə də onu görmək mümkün olmadı. Soyuqdan donduğundan artıq gözləyə bilmirdi. Saat yeddidə yenidən südlü kofe içdi, sonra da piştaxtadan qaynadılmış iki yumurta götürdü. İki gündü eyni yerdə eyni yeməyi yeyirdi. Mehmanxanaya qayıdanda yolun kənarında saxladığı maşınını gördü. Ondan başqa hamı öz avtomobilini yolun əks tərəfində saxlamışdı. Yaxınlaşanda gözü qabaq şüşəyə yapışdırılmış cərimə kağızına sataşdı. “Hotel Nicole”nin qapıçısı ona güclə başa sala bildi ki, tək günlər maşını yolun bu qırağında, cüt günlər isə o biri qırağında saxlayırlar. Belə rasionalist tələlər iki il bundan qabaq merin maşınını götürüb, yerində donub qalmış polislərin gözü qarşısında yüksək sürətlə kinoteatra çırparaq qabağına çıxanları xışdıyan, Aviladan gəlmiş saf təbiətli Sançes üçün çox anlaşılmaz idi. İndi qapıçı cərimə ödəməli olduğunu, amma maşının yerini dəyişməməyi məsləhət görəndə ona daha qəribə gəldi. Çünki əgər bunu eləsə, gecə on ikidən sonra maşını yenidən yolun o biri qırağında saxlamalı olacaq. Həmin günün səhəri ilk dəfə idi ki, Nena Dakonteni düşünmədi. Yataqda ora-bura vurnuxsa da yuxuya gedə bilmirdi. Karib dənizinin sahilindəki Kartaxena yeməkxanalarındakı mavilər yadına düşdü. Aruba adasıdan gələn gəmilər tez-tez bura baş çəkirdi. Qızardılmış balığın dadını və dəniz kənarındakı tavernada verilən hind qozundan hazırlanmış düyü yeməyini xatırladı. Gözlərinin qarşısında divarları sarmaşıqlarla əhatələnmiş evi canlandı. Orada indi axşam saat yeddi olardı. Terasda atasının gecə köynəyində oturub qəzet oxuduğunu “gördü”.
Bazar günləri əyninə açıq-saçıq don geyinən, qulağında da qızılgül, orda-burda itib-batan iri döşlü, zəvzək anası yadına düşdü. O vaxt yeddi yaşında ikən axşam vaxtı anasının yataq otağına girəndə orada onu çılpaq vəziyyətdə növbəti məşuqlarının biri ilə yaxalamışdı. Söhbətlərində heç vaxt üstünə gəlmədiyi bu hadisə ana ilə oğul arasında mürəkkəb bir münasibətə gətirib çıxarmışdı. Ancaq o, bunu anlamırdı, özünü tənha hiss edən tək uşağın gələcəkdə başına gələcəyi dəhşəti anlamadığı kimi… Parisin dərddaş mehmanxanaların birində vırnıxaraq anası ilə bağlı başına gələni danışmağa adam tapmadığından, həm də qəribsədiyindən gözləri yaşardı.
Bu yuxusuzluq əslində onun xeyrinə oldu. Cümə günü yuxudan çox çətin oyandı və gələcək həyatını müəyyənləşdirmək haqqında düşündü. Qərara gəldi ki, paltarını dəyişmək üçün çamadanların birinin qıfılına zor işlətsin. Çünki, bütün açarlar və pulun böyük hissəsi Nena Dakontenin əl çantasında idi. Əgər telefon kitabçası da onda olsaydı, Parisdəki tanışlarından birinə zəng vurardı. Getdiyi kafedə fransızca salam verməyi və südlü kofe ilə vetçinalı sendviç sifariş etməyi öyrənmişdi. Amma yumurtanı başqa formada istəməyi öyrənə bilmədiyinə görə özünə əziyyət vermirdi. Onu sadəcə qaynadılımış şəkildə piştaxtadan götürürdü. Kərə yağını isə çörəklə birgə verirdilər. Bir neçə gündən sonra isə kafenin işçiləri onu tanıdıqlarından yeməyi hansı formada istədiyini soruşurdular. Onda Billi Sançes səhər yeməyinə qızardılmış kartofla dana əti və bir şüşə şərab sifariş verdi. Özünü elə rahat hiss etdi ki, daha bir şüşə şərabı yarısına qədər içdi və xəstəxanaya məcbur girmək niyyətilə küçəni keçdi. Nena Dakonteni harada tapacağını bilməsə də, asiyalı həkimin üz cizgilərini aydın şəkildə xatırlayırdı və onu tapacağına əmin idi. Bu dəfə xəstəxananın giriş qapısına deyil, daha az nəzarət olunan təcili yardım bölməsinə üz tutdu. Təəssüf ki, Nena Dakontenin onunla sağollaşdığı dəhlizdən o yana gedə bilmədi. İçəri keçəndə ətəyi qana bulaşmış nəzarətçi ondan hara getdiyini soruşsa da o, əhəmiyyət vermədi. Nəzarətçi fransızca eyni sualı təkrar edərək onu izləməyə başladı və sonda qolundan yapışdı. Billi Sançes özünün “kadeneros” fəndlərindən işlədərək yaxa qurtarmağa çalışdı. O zaman nəzarətçi qəzəblənib fransızca anasının üstündə “bazlıq” edə-edə qolunu arxadan elə burdu ki, ayaqları yerdən üzüldü. Qışqırda-qışqırda qapıya qədər aparıb kartof kisəsi kimi elə küçənin ortasına atdı.
Həmin günün acı təcrübəsinin qurbanı olmuş Billi Sançes bir qədər də ağıllandı. Qərara gəldi ki, səfirin qəbuluna düşsün. Nena Dakonte də çox güman belə edərdi. Mehmanxananın qapıçısı ünsiyyətçil görünməsə də, hər kəsə əl tutan bir insan idi. Əcnəbi dillərdə danışmasa da Billi Sançesin ondan nə istədiyini başa düşdü və telefon kitabçasında səfirliyin nömrəsini tapıb, kənarda bir yerdə qeyd etdi. Billi Sançes telefona cavab verən mehriban qadının səsində həmən And dağlarının ləhçəsini duydu. O, hər iki soyadını səfirliyin işçisinə deməklə onu təccübləndirmək istəsə də qadının səsinin ahəngi dəyişmədi. Ona izah etdi ki, cənab səfir hazırda yerində deyil, sabaha qədər də olmayacaq. Ancaq hər bir halda görüşü əvvəlcədən danışmaq lazımdır. O, yalnız xüsusi hallarda vətəndaşları qəbul edir. Billi Sançes başa düşdü ki, bu yolla Nena Dakontenin yanına düşə bilməyəcək, ona görə də telefondakı qadına təşəkkürünü bildirib dəstəyi asdı. Sonra taksiyə minib birbaşa səfirliyə getdi.
Səfirlik Eliseo 22 ünvanında yerləşirdi. Bu, Parisin ən sakit rayonlarından biri idi. Billi Sançes bircə ona təəccüblənmişdi ki, (illər sonra o, özü Kartaxena de İndiasda bu hadisəni mənə danışırdı) Parisə düşdüyü gündən ilk dəfə idi ki, günəş Karib dənizindəki kimi parlaq görünürdü, Eyfel qülləsi isə aydın səmada şəhərin içindən ucalırdı. Səfirlikdə onu qəbul edən şəxs ölümcül xəstəlikdən təzəcə ayılmış adama bənzəyirdi. Bu, özünü matəm günlərində geyilən qalstuklu qara paltarında və boynubükük olmasında deyil, həm də müəmmalı jestləri və səsindəki süslüyündə göstərirdi. O, Billi Sançesin vəziyyətini anladı, eyni zamanda şirin bir dillə xatırlatdı ki, hər ikisi də vəhşi Latın Amerikasından fərqli olaraq sərt qaydalarla idarə olunan sivil bir ölkədədirlər. Burada xəstəxanalara girmək üçün rüşvət vermək kifayətdir:
– Yox, mənim əzizim! Çərşənbə axşamına kimi gözləməli olacaqsınız, – dedi. – Gərək təmkinli olasınız. Bir də ki, cəmi dörd gün qalıb. Bu müddət ərzində Luvra getməyinizi məsləhət görürəm. Getməyə dəyər, – deyib, sözünü bitirdi.
Bayıra çıxanda Billi Sançez Konkordia meydanını gördü, ancaq orada nə edəcəyini bilmədi. Binaların arxasından ucalan Eyfel qülləsinə baxdı. Qüllə ona o qədər yaxın göründü ki, çayın qırağıyla ona doğru piyada getmək istədi. Tez də başa düşdü ki, qüllə göründüyü kimi yaxında deyil. Bir də ki, irəlilədikcə qüllə elə bil yerini dəyişirdi. Sena çayının qırağındakı bir skamyada oturub Nena Dakonteni düşündü. Körpülərin altından keçən yedək gəmilərini gördü. Bu gəmilər adi gəmi təəssüratı bağışlamırdı. Onlar al-əlvan rənglərə boyanmış, pəncərələrinə rəngbərəng gül dibçəkləri düzülmüş, iplərindən də yaş paltarlar asılmış səyyar evlərə bənzəyirdi… Uzun müddət donuq baxışlarla balıqçıya baxdı. O qədər baxdı ki, hətta qarmağın tərpəndiyini belə sezmədi. Gözləməkdən zinhara gəlmişdi. Günəş də artıq üfüqdə görünməz olmuşdu. Taksiyə əyləşib mehmanxanaya qayıtmaqdan başqa çarəsi qalmamışdı. Elə bu zaman anladı ki, getdiyi yerin nə adını, nə də ünvanını bilir. Heç xəstəxananın Parisin hansı tərəfində olduğunu belə bilmir.
Təşviş içində qarşısına çıxan kafeyə girdi. Konyak sifariş verib bayaqdan ona rahatlıq verməyən fikirlərini başında cəmləşdirməyə çalışdı. Düşüncələr içərisində divarlardakı güzgülərdə öz əksini müxtəlif bucaq altında görəndə içində bir tənhalıq hiss etdi, hətta canına qorxu düşdü. Həyatında ilk dəfəydi ki, ölüm barəsində düşündü. Ancaq ikinci qədəhdən sonra özünü yaxşı hiss etməyə başladı, hətta səfirliyə qayıtmaq haqqında fikirləşdi. Səfirliyin yerləşdiyi küçənin adını unutduğu üçün cibindəki kartı nəzərdən keçirəndə gözü kartın arxa tərəfində qeyd olunmuş mehmanxanın ünvanına sataşdı… Başına gələnlər ona elə pis təsir etdi ki, həftə boyu otaqdan yalnız yeməkxanaya düşür, bir də maşının küçədəki yerini dəyişirdi. Növbəti üç gün ərzində fasiləsiz olaraq yağış çıskinlədi. Onlar şəhərə gələndə də belə yağış yağırdı. Ömründə əlinə bir kitab almayan Billi Sançes başını qatmaq üçün özünü çarpayıya atıb oxumaq qərarına gəldi. Ancaq yoldaşının çantasından tapdığı kitablar ispan dilində olmadığından çərşənbə axşamına qədər divar kağızındakı tovuz quşularına baxa-baxa vaxtını ötürdü. Bu günlər Nena Dakonte heç cür fikrindən çıxmırdı. Bazar ertəsi “yoldaşım buranı belə görsəydi mənə nə deyərdi”, fikrini beynindən keçirib otağı bir az səliqəyə saldı. Yır-yığış edərkən qızın xəz dərili paltosunda qurumuş qan ləkəsini gördü. Bütün axşamı əl çantasından tapdığı ətirli sabunla ləkəni o qədər ovxaladı ki, axır paltonu Madriddə təyyarəyə gətirdikləri kimi tərtəmiz elədi.
Çərşənbə axşamı hava tutqun və şaxtalı idi. Billi Sançez səhər saat altıda yataqdan qalxıb xəstəxanaya yollandı. Burda əllərində gül dəstələri və dolu zənbillərlə qapıda dayanan adamlara qarışıb onlarla birlikdə gözlədi. Qapı açılanda o, heç kimdən bir kəlmə belə soruşmadan, qolunun üstündə Nena Dakontenin gödəkcəsilə içəri keçənlərə qarışdı. Yoldaşını necə tapacağını təsəvvür etmirdi. Həmən anda asiyalı həkimi görməyə onda inam yarandı. Xəstəxananın daxili həyətində güllərin, uçuşan meşə quşlarının arasıdan keçdi. Hər iki tərəfdə palatalar yerləşirdi, sağda qadınlar, solda isə kişilər yatırdı. O, ziyarətçilərin arxasınca düşüb qadınların palatası olan tərəfə keçdi. Xəstəxana paltarında çarpayıda oturmuş qadınları gözdən keçirdi. İri pəncərədən düşən işıq onların çöhrəsini aydınladırdı. Hətta düşündü ki, bayırdan buralar bədbin görünsə də içəridə ab-hava daha ürəkaçandı. Dəhlizin axırına qədər gedib, əmin olmaqdan ötrü bir daha əks istiqamətdə palatalara göz gəzdirdi. Amma Nena Dakonteni orada tapa bilmədi. Sonra pəncərədən kişilərin palatasına tərəf boylandı. Həkimi orada tapacağına inandı.
Deyəsən onu gördü, həqiqətən də bu, həmin həkim idi. Həkim bir neçə tibb bacısı ilə bir xəstəni müayinə edirdi. Billi Sançes palataya daxil olaraq, tibb bacılarının birini kənarlaşdırıb, xəstəyə tərəf əyilən həkimin düz qarşısında dayandı. Həkim onu görən kimi tanıdı.
– Bu vaxta qədər siz hardaydınız?
Billi Sançes tutuldu.
– Mehmanxanada, – dedi. – Burada yaxında.
Onda hər şeyi öyrəndi. Nena Dakonte yanvarın 9-da, səhər saat 7:10-da Fransanın ən yaxşı həkimlərinin səylərinə baxmayaraq qanaxmadan dünyasını dəyişmişdi. Həyatının son saatlarında belə, gözəl və sakit görünürdü. O, “Athenée Meydanı” otelində qalan ərini tapmağı xahiş etmişdi. Eyni zamanda valideynlərinə xəbər göndərmək üçün telefon nömrəsi vermişdi. Bu barədə cümə günü səfirliyə nazirlikdən xəbər verilmiş və qızın valideyinləri dərhal Paris istiqamətinə uçan təyyarə ilə yola çıxmışdılar. Səfirlik dəfn mərasimini öz üzərinə götürüb, Billi Sançesi axtarıb tapmaq üçün Fransanın Polis Prefekturasına xəbər vermişdi. Radio və televiziya vasitəsilə cümə günü axşamdan 40 saat ərzində Billi Sançesin axtarıldığı barədə xəbər yayılmışdı. Nena Dakontenin çantasından tapılan yoldaşının şəkli şəhərin hər yerində divarlara vurulmuşdu. Bu xəbərdən sonra şəhərdə Bentley markalı üç maşın tapılsa da başqa şəxslərin idi.
Nena Dakontenin valideynləri özlərini xəstəxanaya şənbə günü günorta çatdırmışdılar. Bütün gecəni xəstəxananın kiçik kilsəsində son saatlara qədər meyitin başı üstə Billi Sançesi gözləsələr də, o, gəlib çıxmamışdı. Billi Sançesin valideynləri də bu hadisədən xəbər tutmuşdular, hətta Parisə uçmaq üçün hazır idilər, ancaq məqam yetişəndə teleqramla fikirlərindən daşındıqlarını bildirmişdilər. Dəfn mərasimi bazar günü saat ikidə Nena Dakontenin iztirablarına dözməyən Billi Sançesin qaldığı bu çirkli oteldən iki yüz metr aralıda baş tutmuşdu…
Səfirliyin işçisi Billi Sançesin oranı tərk etməsindən bir saat sonra Xarici İşlər Nazirliyindən teleqram aldığını etiraf etdi. Onu tapmaq ümidilə Fobur-Sant Onore küçəsinin bütün barlarını gəzmişdi. Dedi ki, ilk dəfə onu görəndə o qədər də əhəmiyyət verməmişdi. Təsəvvürünə gəlməzdi ki, belə yöndəmsiz geyinən, Paris kimi müasir şəhərin yeniliklərinə təəccüblənən şəxs alicənab bir ailədən çıxmış olsun. Bazar günü axşam o, hirsindən qəhərini boğanda Nena Dakontenin valideynləri axtarışa xitam verib, cəsədi metal tabutun içinə qoyub özlərilə apardılar. Qızı görənlər hələ uzun illər Nena Dakontenin həddindən artıq gözəl olduğunu, hətta onun nə ölü, nə də diri kimi göründüyünü deyirdilər. Beləliklə, Billi Sançes çərşənbə axşamı özünü xəstəxanaya yetirəndə artıq dəfn mərasimi ailə həyatının ilk sevincini yaşayan cütlüyün qaldıqları oteldən bir neçə metr aralıda sona çatmışdı. Bu hadisəni Billi Sançesə danışan xəstəxanadakı həkim sakitləşdirmək məqsədilə ona həb vermək istəsə də, o, bundan imtina etdi və sağollaşmadan, təşəkkür də etmədən çıxıb getdi. Bir də ki, nəyə təşəkkür etsin? Fikrində ancaq hirsini tökmək üçün qulağının dibini qızışdırmağa adam tapmaq idi. Xəstəxananı tərk edəndə qırmızı qana bulaşmayan ağappaq qarın yağdığına heç fikir vermədi. Göyərçin lələklərinə bənzəyən iri qar dənələrində Parisin bayram ab-havası duyulurdu, axı son on ildə ilk dəfəydi ki, belə gözəl qar yağırdı…
İspancadan çevirdi,
Məmməd MƏMMƏDLİ