Edebiyyat.az » Proza » Nemət Mətin - Yazıçının ölümü

Nemət Mətin - Yazıçının ölümü

Nemət Mətin - Yazıçının ölümü
Proza
admin
Müəllif:
00:43, 03 may 2023
1 511
0
Nemət Mətin - Yazıçının ölümü

  




Həyatla vidalaşan bütün yazıçılara həsr olunur.

 

 Günəş şüaları pəncərədən sivişib otağın yarısını işıqlandırırdı. Otağın tənha güzgüsü ona dəyən şüaları özündən uzaqlaşdıraraq nəşriyyata göndərdiyi son əlyazmanı düşünən Qərib Aslanın gözlərinə salırdı. Ayağa qalxmağa taqəti qalmayan yazıçı son bir ayda heç nə yazmamışdı. Sonu gəldiyini hiss edirdi. Lakin ümidi var idi. Halsızlıq keçəcək və o bütün var gücü ilə yenidən yazıb, yaradacaq...

 Axşam gələcək həkimləri gözləyə-gözləyə həyatı gözünün önündən kino lenti kimi keçirdi. Həyat yoldaşının qapıya söykənərək ona baxdığını belə görmürdü. Həyatında çox şeylər olmuşdu. İki qadını sevib evlənmişdi. Amma sonra həyat elə gətirmişdi ki, boşanmışdı. Təbiətdən çılğın olan xasiyyətini heç vaxt ram edə bilmədi. İlk arvadı bir gün ona ayrılmaq istədiyini deyərkən cibindəki tapançanı çıxarıb onu vurmuşdu. Yerə yıxılan qadın ətrafına yığılmış adamlara baxa-

baxa:

–Polis çağırmayın. Həkim çağırın — demişdi.

Bəxtdən güllə dərinə getməmişdi, lakin onlar bir daha görüşməyəcəkdilər...

   Birdən ilk aldığı böyük qonararla ev almadığını, əvəzində səyahətə çıxdığını xatırladı. Peşman deyildi. Axı ən gözəl günlərinə təsadüf edirdi. Cavanlıq, qanın qaynayan vaxtı, gözəl xanımla səyahətə çıxmaqdan gözəl nə ola bilərdi?

    İkinci yoldaşını iş axtaranda tapmışdı. İşə qəbul ofisində qeydiyyatçı işləyən xanım idi. Qısa ünsiyyətləri oldu. Bu qısa ünsiyyət zamanı bir-birindən enerji alan iki insan on il birgə unudulmaz günlər yaşadı. Otuz yaşında yazıçı kimi tanınmağa başlayanda eyş-işrət dolu gecələrin ardı-arası kəsilmək bilmədiyi üçün yoldaşı tez-tez evdə tək qalmalı oldu. Ona görə bezirdi ikinci arvadı. Tezliklə boşandılar. Bir müddət tək yaşayan yazıçı qərli-qəhbəli gecələrin birindən içkili vəziyyətdə evə qayıdanda yaşadığı binanın önündəki oturacaqda yuxu aparır onu. Ayılanda soyuqdan donmamaq üçün yerdən siqaret axtarmağa başlayır. Bu dəm uzaqdan kimsə ona yaxınlaşır. Heç nə demədən yanında oturur və ona nazik siqaret uzadır. Yazıçı yuxu gördüyünü sanır. Gözlərini ovuşdurandan sonra bir də baxır. Qadın susurdu. Siqaretin birini götürüb yandırır və beynində olan son romanı danışmağa başlayır. Qadın heç nə demədən başını arabir yelləyir. Romanı danışıb bitirəndən sonra qadın ayağa qalxır və ona vərəq uzadır. 

–Xahiş edirəm arxamca gəlmə. Mən kar və lalam...

 O an yazıçı yerində donur. Öz-özünə düşünür:

“Növbəti romanımın baş qəhrəmanı məhz bu qadın olacaq.”

 Bəli, sonralar elə bir roman yazır. Onu oxuyanları ovsunlayır. Lal və kar qızın möcüzə gözləməsi və reallaşmış xəyallar...

 Üçüncü dəfə evlənməsəydi, küçədə öləcəkdi. Bunu özündə yəqin edəndə cəmi otuz beş yaşı vardı. Digər həyat yoldaşlarından fərqli olaraq üçüncü yoldaşı müdrik davranaraq onu tükənməz içkili-qadınlı gecələrdən uzaqlaşdırmağı bacarır. Bir kənddə xudmani evə köçürlər. Orada xeyli fantastik romanlar yazır. Yoldaşı ona hər cür dəstək olur. Hətta bir dəfə kasıbçılıq üzündən qadın yazıçının ona hədiyyə etdiyi qızıl saatı satmalı olur...

    Cavanlığında çox qələtlər eləmişdi. Bir-bir xatırladıqca gah gülümsəyir, gah da ağlayırdı. Dəfələrlə acından ölməsin deyə etdiyi oğurluqlar yaddaşına soyuq su səpirdi. Sonra zindan həyatı. Hansı ki, ona yazmağı öyrətmişdi. Aldatdığı qadınlar, inqilabçı düşüncələr və hətta bir dəfə ona adam öldürməyi təklif edərkən düşünmədən “hə” deməsi yadına düşürdü. Lakin insanla üzbəüz dayananda geri çəkilmişdi. Öldürmək onluq deyildi. O yalnız yazıb yaratmalı, əylənməli və yaşamalı idi.

    Yazıçı yaddaşının tozlu rəflərindən xatirələri bir-bir ələyirdi. İlk dəfə evdən ayrı yaşamağa qərar verəndə səyahət eşqi ilə gəmiyə işə düzəlmək istəyi yadına düşür. Uzun axtarışlardan sonra gəmiyə işə düzəlsə də, məlum olur ki, onda dəniz xəstəliyi var. Ürəyi bulanır. Sahilə ayaqları dəyəndə sevinir. Gəmidə səyahətdən vaz keçir. 

 Nə düşündüsə, fikirdən ayıldı. Yoldaşına gözucu baxaraq dedi:

–Molla çağır. 

 Bütün günahlarını mollaya danışıb ağlayırdı. Molla da “allah bağışlayandır” deyib susurdu.

 Nədənsə uşaqlığı yaddaşını təzələdi. İlk yazı təcrübəsi uğursuz alınmışdı. Qəzetdən bir şeiri vərəqə köçürərək atasına göstərmişdi. Atası əvvəl çox sevinmiş, qəzetdən köçürdüyünü qonşular deyəndə isə özündən çıxmışdı...

 Axşamtərəfi həkimlər hövlnak gəldilər. Məşhur yazıçınının cavablarını gətirmişdilər. Baş həkim əlləri əsə-əsə onunla salamlaşdı və analizin cavablarını oxumağa başladı. Mədə-bağırsaq, ciyər və xərçəng sözlərini eşidəndə Qərib Aslanın gözlərindəki son ümid işığı da söndü. Amma möcüzə baş verdi. Hamının ölü sükutunu qapı taqqıltısı pozdu. 

–Gəlmək olar?

–Keç içəri — Qəribin yoldaşı dinləndi.

Poçt işçisi idi. Əlində on kitabdan ibarət bağlama və məktub gətirmişdi.

Yazıçının son avtobioqrafik romanı çapdan çıxmışdı.

 Qərib Aslanın gözləri yenidən işıldadı. Sevincindən hər həkimə birini hədiyyə etdi. Kasıbçılıq son bir ildə qapısını döyməsəydi, bu romanı yazmağa da ərinəcəkdi. Səhəri gün yazıçı ayılmadı. Ondan yadigar kitabları qaldı. 


Qeyd: Yazıçı Aleksandr Qrinin həyatından ilhamlanaraq yazılmışdır...

Ctrl
Enter
ohv tapdınız?
Ctrl+Enter sıxıb bizə bildirin
Müzakirə (0)