Edebiyyat.az » Proza » AZAD QARADƏRƏLİ - ÖZÜNÜYARADANLAR (roman) İKİNCİ HİSSƏ

AZAD QARADƏRƏLİ - ÖZÜNÜYARADANLAR (roman) İKİNCİ HİSSƏ

AZAD QARADƏRƏLİ  - ÖZÜNÜYARADANLAR (roman) İKİNCİ HİSSƏ
Proza
admin
Müəllif:
19:05, 04 aprel 2024
605
0
AZAD QARADƏRƏLİ - ÖZÜNÜYARADANLAR (roman) İKİNCİ HİSSƏ





                        Yüksəl ki yerin o yer deyildir,

                        Dünyaya gəlmək hünər deyildir.


                                      Namiq Kamal







            

    ACILARIN ADAMI - İKİNCİ BEHCƏT


    Axşamüstü kinodan çıxandan sonra Güllə sahilə tərəf getdik. Hiss edirdim ki, qızda nəsə bir dəyişiklik baş verir. Elə bil məndən soyumuşdu. Həmişə qəhqəhələrlə seyr etdiyimiz Çeletano filmi də onun kefini aça bilməmişdi. Film boyu heç üzümə də baxmadı. Çox ağır fikrə getmişdi. Nəhayət, dondurma yemək üçün əyləşdiyimiz zaman mənə sirr açacaqmış kimi tövr alıb dedi:

    “Əslində, bunu mən səninlə evlənəndən sonra deyəcəkdim... Amma mama dedi ki, indidən deməlisən...  De ki, işimizi bilək... Yəni... Yəni...”

    Ürəyim gup-gup eləyir, başım az qalır fırlansın. Qarşımızdakı dondurma da əriyib. Qız gərilmiş vəziyyətdə axır ki, başladı danışmağa...

    ...”Mən də bu sirri birinci sinifdə oxuyanda uc-qulağından, az sonra isə tamam öyrənmişəm... Mama mənə bir bacı doğmuş, ailəmizdə böyük sevinc yaşanmışdı. Şuşadan qohumlarımız gəlir, papanı, mamanı təbrik edir, deyir, gülür, əylənirdilər. Arada hiss elədim ki, deyəsən, bunlar  məni unudublar. Hələ lap çağa olan bacımı qısqanmağa başladım. Amma atam ağıllı adam idi. Anladı ki, pis oluram və məni bağrına basıb öpdü, hədiyyələr aldı. Və bir gün qapıbir qonşumuz Asiya xalayla anamın söhbətini eşidib şübhələndim. Asiya xala deyirdi ki, böyütdünüz, yaxşı elədiniz, indi allah sizə övlad verdi, daha yad qızını evinizdə niyə saxlayırsınız?!... Aparın, götürdüyünüz yerə verin... 

            Mama isə ona acıqlanır, allaha naxoş gedər deyir və alçaqdan danışmağı xahiş edirdi ki, uşaq başa düşər, pis olar... Nə isə, axşam papa gələndə gördüm sözlü adama oxşayır. Məşhur aktrisa olan Məhluqə bibi də bizdə idi. Mənə çoxlu hədiyyələr almışdılar. Papa gah öpür, gah qucaqlayır... Nə isə uşaq olsam da, hiss etdim ki, o mənə nə isə söyləyəcək. Üstəlik, Asiya xalanın sözləri də mənə təsir etmişdi.

    “Qızım, bax, sənə bunu ona görə danışırıq ki, gələcəkdə bir başqasından eşidib, pis olmayasan...Mənim balam, düz yeddi il əvvəl biz səni...” Kişinin gözləri dolur, ardını gətirə bilmir. Sonra üzünü mamaya tutur. O da eyni vəziyyətdədir. Üstəlik, zahıdır, yenicə ana olub. Ona görə ikisi də bir-birinə baxıb, sözü dəyişirlər. Məhluqə  bibimin də gözləri dolub. Mən israrla nə baş verdiyini soruşuram. Onda mama dilini gəvələyir, kişi ilə gözləşib tamam başqa şey danışır:”Bu gün papanı məktəbə çağırmışdılar. Sinif rəhbərin bəzi dərslərini yaxşı oxumadığından gileylənib... Gərək yaxşı oxuyasan. Bax, sənə yeni bacı da gətirmişik. Ona görə gərək...” ... yenə söz yarımçıq qalır. İçimə qurd düşür. Bizim ailədə nə baş verir? Papaya, mamaya nə olub? Niyə ağlayırlar? Bibi mamaya niyə acıqlandı? 

    Təəssüf ki, mənim bu sualları anlamağa yaşım çatmır...”

    Bu dəfə mən dözmürəm. Əlimi qızın dolmuş gözlərinə çəkib, onu qucaqlamaq istəyirəm. Təxminən, məsələni anlamğa yaxın olsam da, bunu özümdən qovuram. Sanki sevdiyim qızın vicdan əzabımı, yaxud hansısa üzücü bir əzabı yaşamamsını istəyir, duyacağım üzücü xəbəri ondan da, özümdən də uzaqlaşdırmağa şalışıram...

    “Gül... Gül... Bəsdir, ardını danışmaya bilərsən... Mən sənin əzab çəkməyinə dözə bilmirəm. İndi mən də sənə qoşulub ağlayacam belə getsə... Xahiş eləyirəm...”

    “Yox, dayan... Mən bunu bu gün sənə deməliyəm... Sən mənim haqqımda hər şeyi bilməlisən... Necə ki, mən sənin həyatını öyrənmişəm. Sənin necə zülmlər çəkdiyini, hər cür əziyyətə qatlaşdığını, uçilişdə oxuduğunu, fəhlə işlədiyini, öz zəhmətin hesabına ali məktəbə daxil olduğunu... və... və nəhayət, metroda işə düzəldiyini öz dilindən eşitmişəm... Bəzəksiz, düzəksiz... Sənin də haqqındır ki, mənim həyatımı biləsən... Axı mən... Bunu bilənnən sonra... Sən... Sən... Mənnən ayrıla da bilərsən... Bu da sənin haqqındır... Bilirsən...” 

    O göz yaşlarını saxlaya bilmir. Və birdən elə bil nəsə onun qüruruna toxunur. Tez əli ilə gözünün yaşını silir. Mehriban çöhrəsini sərt bir ifadə əvəzləyir. Elə bil gözəl bir yaz gününü soyuq mart rüzgarı qapsayır.  Əllərini əlimin içindən çəkib çıxardır. Bir qədər aralı çəkilib, mənimlə məsafə saxlayırmış kimi vəziyyətdə dayanaraq deyir:”Qısaca deyirəm. Düz bir il sonra mən mamanın telefonla danışığını eşitdim. Məktəbdən gəlib qapının ağzında soyunurdum. Mama isə məndən xəbərsiz kiminləsə telefonla danışırdı. Mən söhbətin ortasından eşitsəm də, hər şeyi bildim.

    “...mən allah rizası üçün onu uşaq evindən götürdüm. Allaha xoş getsin deyə, ona Gülnar adı verdim. Ərimin familiyasını, ata adını ona verdik... Böyütdük, tərbiyə verdik... Budur, artıq üşüncü sinifdə oxuyur... Bizim kişinin necə bir ürək sahibi olduğunu bilirsiniz də... İndi allah bizə övlad verib... Kişi deyir ki, bəlkə elə bizim bu hərəkətimiz allahın xoşuna gedib?!. Başa düşürsən? O allah adamıdı... Şuşanın əsilli-nəsilli ailələrinnəndi... Deyir, mən bu qızı öz balamnan seçsəm, allaha xoş getməz... Hə, and olsun allaha, belə deyir... Mən də elə onun kimi düşünürəm... Ər-arvad fikirləşmişik ki, nəyimiz var, gələcəkdə bu iki uşağın arasında ata malı kimi böləciyik... Məhəbbətimizi də, varımızı-yoxumuzu da onlara həsr edəciyik... dayan görüm, qapı açıqmış ki... Gələn varmış... Bıy, qızım? Gülya? Sənsən? Sən nə vaxt gəlmisən? Niyə mən sənin gəldiyini bilmədim?.. Başıma xeyir... Hə, yaxşı sağ olun... Ağzımı boş qoymuşam səhərdən...”

    O ayağa qalxdı. Gözlərimin içinə baxıb: ”Hər şeyi öyrəndin. Mən, əslində o məşhur ailənin qızı deyiləm, biləsən. Heç adım da öz adım deyil. Familiyam da saxtadır. Atamın adı da... Düzdür, mən papaya, mamaya minnətdaram ki, məni bu boya çatdırıblar, amma mən həqiqi Gülya deyiləm... Sən isə yaxşı-yaxşı fikirləş. Bəlkə mən sənə heç lazım deyiləm? Bəlkə mən sənin xəyallarındakı adam deyiləm? Sağlıqla qal.”

    O bunu deyib getdi. Etiraf edim ki, qalxıb onun ardınca qaçmağa çalışsam da, taqətim çatmadı. Elə bil aldığım qəfil zərbədən bədənimdə zəifləmə getmiş, ayaqlarım, əllərim qüvvədən düşmüşdü. Nitqim də tutulmuşdu. Heç olmasa, onun arxasıncan qaça bilməsəm də, qışqırmaq istədim, səsim çıxmadı. 

    O gedəndən sonra xeyli müddət sahildə oturduğum skamyadan qalxa bilmədim. Onun amansız danışığı, bircə anda dəyişən sifəti və sərt sözləri məni darmadağın etmişdi. Sanki siftəmə yad əllər uaznmış, bilə-bilə məni öz sevgimdən, ilk məhəbbətimdən, siftəmdən məhrum etmişdi...

    Mənə zaman lazım idi. Yaşadığım bu şokdan özümə gəlməli, özümü toparlamalı, bir qərar qəbul etməliydim. Həyatda ikinci dəfə aldığım zərbəyə dözümüm qalmamışdı. Birincisini qohum sandığım adamlardan almışdım – mənim pulumla ev tikmiş, sonra məni o evdən çölə salmışdılar. Hətta kirayə yaşadığım həyətdən də qovmuşdular. Məcbur olub, iş yerimin yataqxanasına getmiş, orada yaşamağa başlamışdım. Və özümə təzə gəlmişdim ki, növbəti zərbə... 

    (Yəqin məni qınamazsınız. Bu boyda şəhərdə bir kimsəsi olmayan, yalnız öz əlinin və ağlının gücünə həyatın sonu görünməyən pillələrini bir-bir qalxan, qalxdıqca bəzən yıxılan, dizləri al-qana batsa da, dayanmadan irəli getməyə çalışan və bu uzun pillələrin haçansa qurtaracağına əmin belə ola bilməyən bir gəncin  ağılasığmaz həyat hekayəsidir bu. Ən qorxuncu bilirsiniz nədir? Onun yeganə məsləhət yeri oxuduğu kitablardır ki, bəzən o kitablarda da qaramat şeylər olurdu və onu daha da ruhdan salırdı. Haçansa oxuduğu bir kitabda belə pillələri çiynində ağır yük qalxan Sizif adlı birisinin sonuncu pilləyə ayaq qoyanda apardığı ağır yük əlindən düşüb aşağı yuvarlanır, geri dönür, o yükü götürüb təzədən yuxarı qalxır, yenə sonuncu pillədə o yupyumru yükü  əlindən çıxır, yenə hər şeyi təzədən başlayır... Sizif əməyi deyirdilər buna. Və ən dəhşətlisi bilirsiniz nə idi? O kitabda yazırdılar ki, o biçarə Sizif neçə min illərdir ki, o dağda o yükü eyni vəziyyətdə yuxarı daşımadadır... Əcaba, mən də Sizifin yolunu getmirəm ki?!. Dalbadal aldığım zərbələrin ardınca yenisi gəlməz ki?Gələrsə, onda bu böyük şəhərdə mənim kimi kimsəsiz, köməksiz bir gənc tab gətirə biləcəkmi??? )

    Gecə evdə oturub düşünür, düşünürdüm. Mən, o qızı nəyə görə sevmişdim? Axı mən onu sevəndə heç kimin qızı olduğunu da bilmirdim? İndi nə dəyişdi ki? Mənim nəyimə lazımdır onun atasının, anasının kimliyi? O ki təmiz qızdır, o ki ağıllıdır, tərbiyəlidir, namusludur? Neçə vaxtdır görüşürük, tək bircə dəfə mənə onu öpməyə icazə verib, o da bu şərtlə ki, bir də elçilikdən sonra bu təkrar oluna bilər...

    Və qərara aldım ki, gecə Gülə məktub yazacam. Ürəyimdəki hər şeyi ona açıb tökəcəm.


                    ***


    YAZIÇI


    Hər dəfə metroya düşəndə hökmən ya qəzet oxuyuram, ya da telefonumun yaddaşından bir maraqlı yazı seçib, azı yarım saatlıq  vaxtımı onunla keçirdirəm. Yoxsa, bu yeraltı dünyada ürəyim darıxır, nəfəsim tıncıxır. Biləndə ki, təxminən on, on beş metr (bəlkə də çox; məsələn, Sahil metrosu çox dərinlikdədir) yerin altındasan və burada hər an oksigen qıtlığı ola bilər, ürəyim sıxılır, az qalıram növbəti dayanacaqda düşüb, qaçam eskalatora...

    Bu hal o vaxta kimi davam etdi ki, artıq sizin də tanıdığınız metro işçisi ilə, Acıların adam, yaxud İkinci Behcətlə tanış oldum. (Onu dəyişik adlarla adlandırmağım sizi çaşdırmasın. Adam müdriklik yaşında olsa da, daim dəyişən, yenilənən adamdır. Özünü dəyişməyi, yeniləməyi sevir. Hətta bir dəfə zarafatla demişdim ki, sən format olunmuş kompüter kimisən. Hər şeyi sıfırdan başlamağı sevirsən...

    Bu fikrimə əvvəl güldü. Sonra isə inciyən kimi oldu. Qaşlarının düyünündən oxudum:”Yox, müəllim, elə deyil. Mən dəyişərəm, amma keçmişimdən qopa bilmərəm. Çünki orada mənim ən qiymətlilərim, xüsusən də Gül var...”)     

              Hətta sonra bu tanışlıq dostluğa çevrildi. O bu əsrarəngiz yeraltı dünyadan elə sevgi ilə danışırdı ki, məni də söhbətinin cazibəsinə salırdı...

    “Bir dəfə, hələ lap ilk gənclik illərində metroda qazma işində çalışdığım vaxtlarda mən də sizin kimi hisslər keçirir, elə bilirdim ki, nəfəsim bu saat daralacaq, havam çatmayacaq. Bir dostum vardı, bütün həyatını metroya həsr etmişdi. Fəhləlikdən metro jurnalistikasınacan uzun yol keçən o Dost mənə dedi ki, metroya düşəndə gözünü yum və fikirləş ki, bura sənin evindir. O nağıllarda var e, qardaşlar kiçik qardaşı iplə qaranlıq dünyaya salırlar ha, bax elənçik... Fikirləş ki, qardaşlar elə bilirlər ki, kiçik qardaş burada məhv olacaq. Amma axırı nə olur? O, bütün əzablara, çətinliklərə sinə gərib yenidən işıqlı dünyaya qayıdır, qardaşlardan intiqamını alır... Yaxud Yusif peyqəmbərin məsələsi... Yaradan səninlə olsa, bil ki, sənə zaval yoxdur... Bizim nicatımız metrodadır. Bu yeraltı dünya bizi biz edən ən böyük dünyadır... Sən bu dünyandan əlini üzsən, işini düyünə salarsan...

    Və mən, beləcə, metroya – bu yeraltı dünyaya bağlandım. O da üzümü qara çıxartmadı... Məni mən etdi... Yaratdı... Atamın, anamın mənə verə bilmədiyini metro verdi... Hətta öz sevgimi də burada tapdım...”

    

                    

    İKİNCİ BEHCƏT

    

    Atamın böyük qardaşı Surxay kişi Top kəndində, Sobuda, Keçəllər Baharlısında (Bəsid çayına Baharlı çayı, o çay boyunca olan kəndlərə isə Baharlı kəndləri deyirmişlər. Araza yaxın Muğədəm Baharlısı birinci Baharlı, bir qədər yuxarıda Qaradərə, Qaragöz və Ördəkli kəndləri Taydolaq Baharlı, çayın başındakı kəndlər – Rəzdərə, Şəfibəyli və Məşədismayıllı kəndləri isə Keçəllər Baharlısı adlanırmış) sayılıb-seçilən adamlardan imiş. Bir rəncbər olsa da, cüt sürəndə belə tüfəngini çiynindən yerə qoymaz, Sav, Hənd, Şeşkird ermənilərinin Topa, Sənəliyə, Sobuya, Pəribartaza hücumlarının dəf edilməsində Qaçaq Fərzalının, Qaçaq İsrafilin dəstəsinə hər cür yardım göstərər, daşnakların fitnələrinə  lazimi cavabın verilməsində mühüm rol oynayardı. Surxay varlı-hallı adam idi həm də. Ucu burulmaz qoyun sürüləri, əllidən çox qaramalı, camışları, at ilxısı vardı. Arvadı Zivər də bacarıqlı qadın idi. Qol-biləyini çırmayıb ərinə əl uzadar, böyük təsərrüfatın idarə olunmasında, südün, qatığın, pendirin yerbəyer olunmasında əlindən gələni edər, vaxtında satar, satdırar, ailənin büdcəsini artıradı. Oğlanları Məmməd hələ kiçik alsa da, ata-anasına əl yetirər, kənd həyatının bərkinə-boşuna alışardı. Altı yaşından at minər, ox atar, qoyun-quzunun yanında olar, atasının nökər-naibinə göz yetirərdi... Ta o vaxtacan ki, Sovet höküməti gəldi, kolxoz quruldu və Surxay kişinin var-dövlətinə əl qoyuldu. Adını da belə qoydular ki, həm galladardır, kolxoza qoşulmur, həm də Sənəlidən olan Qaçaq İsrafillə əlbir, dilbirdir...

    Və dəfələrlə kişini apar-gətir edəndən sonra 1928-ci ilin  payızında Pirçivanda bir gölün kənarında bir dəstə “kulak” ilə barabər onu da güllələyib göləyə saldılar. (Deyilənə görə, güllələnənlər arasında Qaçaq Fərzalı da vardı. Amma nədənsə güllələnənlərin meyidlərini sahiblərinə verəndə Fərzalınınkı üzə çıxmadı. Kimi dedi, güllələməyiblər, Bağırovun tapşırığı ilə Bakıya aparıblar,  kimi dedi, yox, kişinin dəfninin ümümxalq üsyanına çevrilməsindən qorxuya düşən hökümət Fərzalının nəşini gecəynən gizlicə torpağa basırıblar...)

    Yetim qalan doqquz yaşlı Məmmədə əmisi Emran sahib çıxdı. Başqa kişi ilə ailə quran anasının yanına gedib-gəlsə də, Məmməd əlini əmisinin əlindən üzmədi... ( Elə zaman idi ki, xalq düşmənlərinin arvadlarını da incidirdilər. Ona görə də, ən sadə yol onların başqa bir kişi ilə ailə qurmaları idi. Yalnız bundan sonra onlardan əl çəkirdilər.)


    YAZIÇI


    Surxayın yaxın dostlarından biri də 1918-ci ildə Nuru Paşanın ordusu ilə Azərbaycana gələn, hansı səbəbdənsə geri dönən ordu ilə getməyib Keçəllər Baharlısında yurd-yuva salan çavuş Həsən Hüseyn imiş. Onun hekayətini bir vaxtlar qələmə almışdım. İş ondadır ki, Həsən Hüseyn babamın dayısı Qaçaq Fərzalının da yaxın dostu olub. Hətta babam danışırdı ki, Nuru paşadan şəxsi nüfuzu hesabına əldə etdiyi on dəst Tursiya tüfəngini (babam belə deyərdi) Fərzalıya bağışlamışdı. Elə Sobuda, Topda böyük torpaq sahələri olan məşhur galladar Surxaya da, onun dostu Sənəli kəndindən olan Qaçaq İsrafilə də onun vasitəsi ilə paşa tərəfindən silah-sursat verilmişdi. 

              Həsən Hüseynin hekayətini son zamanlar qələmə almışam...

     Kitablarımda çap olunan, saytlarda yayımlanan o yazı Türkiyə türkcəsinə də çevrilərək  Türkiyə saytlarında və İstanbulda çıxan kitabımda da dərc olunub.


       

                      BURSANIN SƏSİ



                                                               1918-ci ildə Qafqaz İslam ordusunun tərkibində  Azərbaycanda

                                                         bolşevik-daşnak ünsürlərinə  qarşı döyüşdə həlak olanların xatirəsinə


    Səksən yaşlarında  bir  qoca  dizini qatlayıb oturmuşdu partiyanın  qəbul otağındakı qara müşəmbəli  stulda.  Neçə gündü gəlib-gedirdi, amma  sədri tapa bilmirdi. Sədrin – məşhur şairin qəbuluna  düşə bilməməsinə səbəb onun xaricdə olması idi. Nəhayət, sədr gəldi və qəbul otağındakıların hamısı onu görən kimi ayağa qalxdılar. Qoca da qalxmağa cəhd elədi, amma sədrin gözü onu aldı və düz üstünə yeriyib  ayağa qalxmasına imkan vermədi. (Sədr bu qırğıgöz qocanın  bəzi  yaltaq qocalar kimi  tez  qalxıb onun qabağına yüyürmədiyini, sadəcə  aldığı tərbiyəyə rəğmən,  yüngülcə  qalxmaqla  ehtiramını bildirdiyini sezdi  və  elə ilk baxışdanca bu qəribə qocaya onun qanı qaynadı.) İkəlli görüşüb, qolundan tutdu, özü ilə içəri apardı.


                                                ***


    …-1918-də mənim babam Həsən Hüseyn  Nuru Paşanın ordusuyla Azərbaycana gəlib. Qaraməryəmdə - Qaraməryəm, bilirsən  də,  Göyçaydadır, ordu o yolla keçmişdi - onu qarşılayanlar içərisində  bizim ellərdən Sultan bəylə  Qaçaq Fərzalı da vardı. Paşa ilə qısa söhbətdən sonar  hər ikisinə çoxlu silah-sursat və  hərəsinə bir təlimçi verir Nuru Paşa. Təlimçi, yanı ki, əsgərlərə hərbi təlim keçən, tüfəng tutmağı, nişan atmağı, döyüş elmini öyrədən.  Hə, deyəsən çox başağrısı verirəm, hə?

           -Əsla, - deyə sədr başını silkələdi.

           -Hə, ora, yanı ki, Qaraməryəmə  Sultan bəy,  Qaçaq Fərzalı, bayaq yadımnan çıxdı deyəm, bir də Bəhlul Əfəndi  Zəngəzurdan, yanı ki, bizim ellərdən getmişdilər. Onda nə Laçın vardı, nə Zəngilan, nə də Qubadlı – hamısına Zəngəzur deyirdilər.  Hə,  indiki şəkildə başa salsam,  Sultan bəy Laçınnan, Fərzalı Zəngilannan, Bəhlul Behcət Əfəndi  də Qubadlıdan getmişdilər... Dedim axı... Qaçaq Fərzalının dəstəsinə  təlimçi kimi mənim babamı göndəriblər. Babam burada  çox iş görür. Pirçivanın, Mincivanın, Baharlının, Bartazın, qeyri  kəndlərin əli sihah tutanlarını  Fərzalı ilə bir yerə toplayıb,  onlara hərbi təlim keçir. Yaxşı təlim keçmiş bir ordu qura bilirlər. Elə buna görədir ki, Sultan bəylə Fərzalının silahlıları  o illərdə ermənilərin Zəngəzurdan keçib  Qarabağa girməsinin qarşısını ala bildilər. Dronun, Nijdenin dəstələri  ağır itki  verib geri çəkildilər… Oğul, sən tarixi oxumusan, bilirəm. Day durub saa nə oldu, nə olmadını danışıb başını ağrıtmıycam… Gün o gün oldu ki, Nuru Paşanın ordusu  bizi erməni-urus qırğınınnan qoruyub gəldiyi kimi də geri döndü… Onda  babamın  öz ordusuna əli çatmadı, dəsdəsinnən üzülən durna kimi qaldı  Zəngəzurda, bizim  kənddə.  Fərzalıya sığındı, elə-elata sığındı…

           -Əmi, bura da onun vətəniydi də… niyə də qalmamalıydı ki? Hələ bəlkə də bir  könlünü  ram eliyəni də varmış?

           Sədrin şairliyi tutmuşdu və qıvrım saçlarını  barmaqlarıyla geri darayib güldü. Qoca da gülümsündü. 

           -Hə, orası elədi… amma vətən ayrı şeydi… Babam həlbəttə ki, elə-belə qalmamışdı. Onu bura bənd eliyən bir gözələ görə bəlkə də ilişib qalmışdı  o çinarlı  kənddə… Bilirsən də, bizim çinar meşəmiz  dünyada birincidir…

            İstədi səhvini düzəldə, “dünyada ikinci, Avropada birinci” deyə, amma bu allahına bəndəlik eləməyən qocanın  heç ikinci olmağı qəbul etmək fikrində olmadığını  görüb, qımışaraq susdu.

            …- Hə, sözüm orda qaldı ki, babam Həsən burda evləndi,  evlad yiyəsi oldu… Nənəmin də nəsli-kökü varmış ha!  Bizdə bir Nərman bəy olub,  daşnaklara, çarın pristavlarına qan uddururmuş! Nənəmgil o nəsildənmiş… Xüləs,  dədəm – bizlər ataya dədə deyərik – dünyaya gələnnən beş il sonar  kənddə qolçomax axtarışına başlayırlar. Bir-iki varlını tuturlar. Sonra Fərzalını, ən axırda da  babamı. Bunnarı aparıb  rayonun mərkəzindəki  böyük kanalın başında cərgiyə düzürlər, şartaşart gülləliyirlər… Güllə babamın, sən də bağışla, xayasının dibinə dəyib, o tərəfinnən çıxır. Kişi deyirmiş ki, girdim meyitlərin altına, elə şər qarışanda, şəvinik çalanda kanalın içi ilə üzüb  gəldim evimizə. Qaynatam tez  qazmanı götürüb evin içində bir  qazma qazdı, məni  orda gizlədilər. Yaramı bişirdilər. Düz   beş il mən o qazmada yaşadım.  Hərdən gecələr çölə çıxır, doyuncan hava udurdum.

          Arvadım Nisəynən  baş-başa verəndə  dərdli-dərdli oxuyardım:

    

             İstanbulun yolu, oyma-oymadı,

    Bu  canım  Bursadan, heç vaxt doymadı,

    Asya, ölüyorum, canım ölüyorum,

    Asya,  ölüyorum, xanım ölüyorum…

    

          Onda da Nisə mənnən küsürdü ki, sən məni sevmirsən, Asyanı sevirsən… Deyirdim ki, ay qız, nə dediyindi, Asyamı var? Bu bir ninnidi,  türküdü… Kimə deyirsən?..  Eeee, ay oğul… Sən yaxşı bilirsən ki, biz bu xaraba topraqlarımızı itirə-itirə gəlmişək həmişə. Düzdü, babam çox yaşadı, amma yaxşı ki, tez öldü, Qarabağın,  Zəngəzurun işğalını görmədi… Mən, mənim kimi neçə-neçə əyilməz adamı əydi bu topraq  itkisi… İndi… 

    Kişi qəhərlənən kimi oldu, amma tez də özünü düzəltdi. Bu dəm şairliyi tutmuş partiya sədri də az qala bu qırğıgöz kişiyə qoşulub ağlayacaqdı. İllah da onun “torpaq”  əvəzinə, “topraq” deməsi  şairi daha da həyəcanlandırmışdı. Özünü ələ alıb dedi:

    -Əmi, deyin, nəyə ehtiyacınız var, əlimdən gələni edəcəyəm…

    Kişinin elə bil dünyası viran oldu. Qırğı baxışlarının odu söndü bir anda. Gözlərindən peşmançılıq oxunurdu:”Bu məni nə hesab eliyir? Niyə elə bilirlər ki, hamı bunların əlinə baxmalıdır? Bəlkə durum çıxım gedim?!” Amma özünü yığışdırdı, qəddini dikəltdi, başını dik tutub dedi:

    -Oğul, səni biz hər zaddan qabax şair kimi istiyirik. İkincisi, səni bir  mərd  adam kimi, dünyadakı azərbaycannıların, türklərin elçisi kimi xoşduyuruq. Nədi o təşkilatın var e… Hə,  adını da deyə bilmirəm, hə onun  başçısı  kimi  sevib  o tay azərbaycanlılar da, bu taylılar da. Üçümcüsü də ki, əyilməz adamsan… Rus tankının qabağından qaçmamısan. Biz türkün başına nə gəlib, əyilməzliyinnən gəlib… Mən də o əyilmiyən, başını həmişə dik tutan kişilərdən olmuşam… Osmannı törəsi ölər, əl açmaz!..

    Qonağının belə tavr sərgiləməsi onu pərt etsə də,  xoşuna da gəlmişdi. “Bu gün nə gözəl gündür! Axırı ki, bir kişiyə rast gəldik… Amma yaxşı dedi ha: “Osmanlı törəsi ölər, əl açmaz! Mən heç yaxşı iş görmədim… O nə sualdı verdim bu adama?!”

    -Bilirsən  niyə sənə başağrısı verirəm bu boyda? Ayrı birisi olsaydı, bir başa mətləbə keçərdim, səni doğma bilmişəm… Bağışla ki, səni yoruram…

    -Heç eybi yoxdur, buyurun.

    -Mənim bir nəticəm olub bu ağır karona viruslu günlərdə. Adını Bursa qoymuşam… Axı babam Həsən Hüseyn Türkiyənin Bursa şəhərinnən imiş… bizim sədr, indi nə təhər deyirlər o vəzifəyə?

    Şair fikirliydi deyəsən, sualın məğzini heç anlamağa, cavab verməyə macal tapmadı. Kişi də ondan cavab gözləmirdi zatən. Bir qədər düşünüd dedi:

    -Hə, icra nümayəndəsi… Deyir belə ad qoymağa icazə yoxdur. Deyirəm, a bala, mənim bir tərəfim buralısa da, kökdən oralıyam, Rum əhliyəm, qanmır ki, qanmır… Hə, Qaçaq Fərzalı bilirsən nə deyərmiş? Deyirmiş ki, əvvəl Rum, axır Rum! Yanı ki, əvvəlimiz də Rumnandı, axırımız da.  Bilirsən də, Rum Türkiyənin köhnə adıdır…


                                        ***


    Sədrlə qoca adama bir stəkan çay içənəcən məsələ həll olundu. Sədrin qoca ilə danışığı əsnasında internet üzərindən yazdığı məktuba  nazirlikdən qısa cavab vermişdilər: “Millət vəkilinin sorğusuna əsasən  uşağa Bursa adının qoyulmasına  müstəsna hal kimi icazə verilir.”

    Qoca fikirli halda başını aşağı salıb atasının dediklərini xatırlayırdı: ”Babam can üstə idi. “Bursa”, “Bursa” deyib qan-yaş tökürdü. Axırda dədəm dözmədi.  Qonşumuz  Əşrəf müəllimə bir məktub yazdırdı. Türkiyənin Bursa vilayətinin, dayan görüm babam necə deyərmiş, hə, hə, ilinin, biz el demirik, bunnar da il deyirlər  – Bursa ilinin  Sultan Orhan məhəlləsində yaşamış və Nuru Paşanın Qafqaz İslam Ordusu ilə Azərbaycanda vuruşmağa gəlmiş sıravi əskər, dayan babam buna necə deyərmiş, hə, ər Həsən Hüseynin qohumlarına. Sizə bildiririk ki, qohumunuz Həsən Hüseyn Rəhim oğlu Azərbaycanın Zəngilan rayonunda Rəzdərə kəndində qalmış, orada ailə qurmuş və indi ağır xəstədir. Bizə cavab yazsanız, şad olarıq. 1969-cu il.”

    Babam o məktubun yazılmasından sonar düz üç üy yaşadı. 74 yaşı olsa da, canı suluydu. Amma ağır xəstəlik onu əldən salmışdı. O vaxt aldığı güllə yarası zaman-zaman qövr eləmiş, sonra sağalmaz yaraya çevrilmişdi. Bir payız gecəsi son dəfə “Bursa” deyib gözlərini əbədi yumdu…”

    …-Hüseyn əmi, sizə şad xəbərim var…-Şairin dediklərini ilk anda anlaya bilmədi. Xəyalı onu çox uzaqlara aparmışdı. Amma onun üzündəki xoş təbəssümdən anladı ki, deyəsən işlər yaxşıdır…


                ***


    Artıq iyun ayının ilk günlərindəcə korona virus pandemiyası səbəbi ilə tətbiq olunan karantin rejeminin yumşaldılması xəbəri Hüseyn kişini ümidləndirmişdi. Onun çoxdan hazırlaşdığı Türkiyə səfərinə deyəsən icazə veriləcəkdi. Dizinin üstündə oturmuş nəvəsini oynada-oynada dedi:

    -Bursanı babam görmədi, atam görmədi, mən hökmən görməliyəm! Atamın dediyi kimi Bursa toprağı gətirib onun qəbrinə səpmək var…

    Bu vaxt içəri otaqdan körpə səsləri eşidildi. Qoca həyətdə paltar sərən gəlnini səslədi:

    -Ay qızım, Bursanın səsi gəlir… 

                                        

    İKİNCİ BEHCƏT


    Məmməd kişi sonralar danışırmış ki, bir gün yenicə rayona gətirilən Volqa QAZ – 24 maşınında taksi sürücüsü işləyirəm və necə oldusa rayona gəlmiş yaşlı bir qonağı Gəncəyə aparmağımı tapşırdılar. Raykomdan zəng edən adam demişdi ki, bu kişi vaxtilə bizim rayonda nkevededə rəis olub, qiymətli adamdır, çalış, artıq-əskik danışmayasan yol boyu. Yol haqqını da geri qayıdanda biz ödəyəcəyik...

    Kişinin olardı yetmiş yaşı. Mən də qırx yaşlarında bir cavanam. Bir xeyli sussam da, olmadı, özümü saxlaya bilmədim, yola körpü salmaq üçün dedim:

    -Mənə tapşırıblar ki, sizinlə söhbət-zad eləməyim... Amma baxıram ki, xeyli yaşınız var, dünyagörmüş adamsınız... hətta, deyilənə görə vəzifədə də olmusunuz... bu dünyanı necə gördünüz, bu yaşadığınız illərdə ən çox nəyə heyfsiləndiniz? Nəyə sevindiniz?

    Kişi dönüb zənn ilə mənə baxdı. Sanki bu sözlərin kimin ağzından çıxdığını bilmək istəyirdi. İki barmağı ilə dodaqlarının luğabını silib dilləndi:

    -Mən də səni gözlüyürdüm... dedim, görüm haracan susa biləcəksən... əslində, susmaq yaxşı şeydir... mən heç danışan adamları xoşbəxt görmədim... danışmaq – özünü ələ verməkdir... susmaq qızıldır ifadəsini elə-belə deməyiblər ki... Həəəə... Mən sizin rayonda düz on iki il nkevedenin rəisi olmuşam... Çox adamları güllələtmişəm, çox adamları xilas eləmişəm... Əslində, “güllələtmişəm” düz deyil, sadəcə, başqa yolum olmayıb, o adamları güllələməmək üçün həmin adamların özləri mənə kömək etməli idilər... amma onlar elə adamlar idilər ki, ölümü qəbul edib, özlərini güllə qabağına qoymaqdan çəkinməzdilər... Eeee, ay oğul, mən adamlar görmüşəm e... adam deyirəm sənə, adam!..

    Kişi bir qədər dayandı. Nəfəsini dərib yanındakı yol çantasından su çıxartdı, əvvəl mənə təklif etdi, mənim imtina etdiyimi bilib, butulkadan iki qurtum su içdi və davam etdi:

    -Qaçaq İsrafil vardı... Oğul idi, oğul! Qaçaq Fərzalı ilə aralarını vurmuşdular... bu bizim işimizə yarasa da, belə mərd adamların bir-biri ilə yola geməmələri üzücü hal idi... Nə isə, mən ona təklif etdim ki, bizə kömək elə, Qaçaq Fərzalıya qarşı birgə döyüşək və onu məhv edək... Sonra sənə yaxşı vəzifə verdirərəm, gedib rayon mərkəzində xoşbəxt yaşayarsan, bu dağ-daşdan, bu qaçaq-quldur kimi çirkli işdən canın qurtarar...

           Silahını üstümə çəkib bağıra-bağıra dedi ki, mən Fərzalı ilə düşmən ola bilərəm, amma xəyanət edə bilmərəm! Mən xain deyiləm. Bizdə kişi sözü var... Mənnən belə şey gözləməyin!..

    Beləcə, təklənən Qaçaq İsrafili kiçik dəstəsi ilə birlikdə mühasirəyə alıb məhv etdik. Halbuki o, bizimlə əlbir olsaydı, nəinki sağ qalardı, hətta yaxşı vəzifə də əldə edə bilərdi. Mən ona kəndlərində yenicə qurulmuş kolxozun sədrliyini, yaxud bir neçə kəndin selpo sədrliyini təklif etmişdim, hətta dediyim kimi rayonda yaxşı bir qulluqda işləyəcəyinə də söz vermişdim... O isə bütün bunları deyil, ölümü seçdi... könüllü ölümə getdi... bilə-bilə getdi...

    Kişi danışdıqca ürəyim əsir, sükandan bərk-bərk yapışan əllərim titrəyirdi. Onun indicə atam Surxaydan, babam Məşədi Behbuddan da danışacağını düşünüb haldan-hala düşürdüm. Amma bunu ona hiss etdirməməli idim. Əvvala, bu, qorxulu iş idi. Yəni adam indi təqaüd yaşında olsa da, “kekebeşniklərin təqaüdçüsü olmur” sözü elə-belə deyilməyib ki. Bir telefon zəngi ilə mənim adımı qara siyahıya salar, işdən-gücdən edər, hətta böhtan atıb tutdurardı. İkincisi isə, danışdığım söhbət, təxminən 58-59-cu illərdə olsa da, Stalin vraq-narod çıxarılsa da, hələ də Sovet hökümətində adamları şərləyib həbsə atdırır, hətta başqa rayona sürgün edirdilər – rayondan neçə adama şər atıb səsdən məhrum etmiş, hətta Milə, Muğana pambıq işində işləməyə göndərmişdilər ki, bunun mədəni sürgün olduğunu hamı bilirdi...

    Amma kişi daha məni gözləmədən özü danışmağa başladı. Görünür, illərdir ürəyində saxladığı sözləri adi bir taksi şürücüsünə söyləməyi çoxdan gözləyirmiş...

    ...-Nəyə heyfsilənirəm dediniz... Biri elə Qaçaq İsrafil... onu qurtara bilərdim... olmadı... İkincisi isə Qaçaq Fərzalı idi ki, onunla da yaxınnan söhbətim olmuşdu... Hətta Mircəfər Bağırov özü onunla dağlarda görüşə gəlmişdi. Ona rayonda bir sıra mühüm vəzifələr, hətta mənim müavinim olmaq da təklif edilmişdi.  Amma o da könüllü ölümü seçdi... Böyük ailəsi, nəsli-kökü vardı, tək istəyi o oldu ki, ailəmə, nəslimə-kökümə toxunmayın, mən təslim oluram... Oldu da...

    Kişi bir siqaret yandırdı. Baxdım ki, Malbora çəkir. (Mənim kimi uşaqları atasız qoyduğuna görə Sovet höküməti bunun kimi adamlara yaxşı məvacib, qocalanda isə yüksək məbləğdə təqaüd verirdi. Bir anlıq düşündüm ki, onun çəkdiyi Malboranın tüstüsü milyonıarla məhv edilmiş insanın ətinin, sümüyünün torpaqlar altında çürüntüsündən yaranan toz-dumandır...) Bir xeyli susub siqaretini çəkdi. Hiss edirdim ki, ona rahatlıq verməyən, içində qıvrılan sözlər var ki, bu qoca yaşında onları söyləməyə adam axtarır və bəlkə elə o adamın mən olduğunu da hiss edib. Siqaretini bitirən kimi davam etdi:

    -Top kəndində bir Surxay vardı, əsli sobulu olsa da, burada da mal-mülk yiyəsi idi. Enlikürək, dik yeriyən, böyük təsərrüfat sahibi və həm də dünyagörüşü olan biri idi. Atası Məşədi Behbud Sobunun sayılan adamlarından idi. Həm də, xəbər vermişdilər ki, qaçaqlar bu mülkədarın sayəsində rahatca bu dağ-daşda yuva salır, yeni qurulan hökümətə buynuz göstərir, hökümət nümayəndələrini qorxudur, tutub döyür, bəzən öldürürdülər. Eşitmişdik ki, kəndlərində və ümumən o zonada kolxoza mane olanlardan biri, bəlkə də birincisi bu ata-bala idi. Surxay üçün adam göndərib rayon mərkəzinə çağırsaq da, gəlməkdən imtina etmiş, onu zorla gətirmək istəyən milis içilərimizi gülləyə basmış, amma heç kimə xətər toxundurmamışdı. Qərara gəldim ki, başımın dəstəsi ilə özüm ora gedim. Meşələrin arası ilə Keçəllər Baharlısı - Hənd - Sav yolu daha qısa olsa da, mən daha uzaq olan Çöpədərə - Sobu – Sənəli – Top yolunu seçdim. Çünki bu yol daha qorxusuz idi. 

            Kəndə çatanda gün günorta yerinə gəlmişdi. Yəni nahar vaxtı idi. İstədik ki, selpo sədrinin hazırladığı süfrədə əyləşib bir tikə çörək yeyəndən sonra Surxayın ardınca gedək. Amma qismət deyilmiş bu süfrəyə oturmaq. Elə Sobuda selpo sədrinin evinə tərəf atları sürürdük ki, gördük beş-altı atlı Almalı düzündən aşağı enir. 

    “Bunlar kimdilər belə? Qaçaqlar olmasın ki?” – deyə sədrdən soruşanda o həyəcanla dedi:

    “Yoldaş rəis, sizə deməyə macalım olmadı, xannıxlı Bəhlul Əfəndi başının dəstəsi ilə neçə gündür həm Fərzalının, həm də Surxayın qonağı kimi buralardadır... Salıx saldım ki, niyə gəldiyini öyrənim, mümkün olmadı... Bu dəstə onlar olacaqlar...”

    Bizim milislərdən ikisini göndərdim atlıların qabağına və onları nkevedinin sədri Gəncinskinin çağırdığını dedim. Milislər çatan kimi atlıların bir neçəsi aralanıb meşəyə girdi, qalan dörd atlı bizə tərəf yönəldi. Elə atlılar bizə çatmağa az qalmışdı ki, meşədəki ən hündür bir təpənin üstünə çıxan bir nəfər ucadan qışqırdı:

    -Eheyyy, Gəncinski! Mən Fərzalıyam! Bilirəm ki, sən bizim dalımızca gəlmisən. Amma Bəhlul Behcət Əfəndi mənim qonağımdır, onunla işin olmasın... Yanındakı da toplu Surxaydır... O da bir irşbərdir... Topla-tüfənglə işi olmaz... Onları burax, lazımamsa, səninlə buralarda görüşərik...

    Mən Fərzalıya bircə bunu dedim:

    -Səninlə işimiz yoxdur. Bəhlul Əfəndi də qonaqdır, xoş gəlib. Amma Surxayla işimiz var, Topa gedəcəyik... Sənlik işimiz yoxdur...

    Bəhlul Əfəndini yanındakı iki atlı ilə Çöpədərə yolu ilə yola saldıq, Surxayla birlikdə Topa yola düşdük...

    ...Yaxında bir yeməkxana vardı. Qoca təklif etdi ki, orada düşüb həm bir tikə çörək yeyək, həm də bir az dincimizi alaq. Beləcə, söhbətimiz yarımçıq qaldı. Mən əlimi yuyanda da, kafedə cəbrayllı aşpazın bişirdiyi pitini qaşıqlayanda da fikrim atamın yanında idi. Görəsən, mən atam Surxay haqqında daha nələr eşidəcəkdim?..

    Yeməkxanadan çıxanda gözüm onun üstündə iri hərflərlə yazılmış  yazıya sataşdı: MALDİLİ...


            ***


    YAZIÇI


    Sizə Hozanada  Maldili kafesində başımıza gələn bir əhvalat danışmaq istəyirəm...

            Səhərin açılmasına az qalmışdı. Bu vaxtlar tez dururuq ki, səhərin təmiz havasını uda bilək. Üçüncü xoruz banında Hozana qəsəbəsinin girəcəyindəki kafeyə yollandıq. Kafenin  qapısının başında iri hərflərlə MALDİLİ yazılmışdı. Filosof hirslə başını buladı:

            -Ada bax də! MALDİLİ də ad olar?

     Mən düzəliş etmək istədim:

    -Bəlkə o bitki maldilini nəzərdə tutublar?

    Behcət əlini tovladı:

    -Yox, məllim, elə malın dili deməkdi... Yanı ki ət, dil, kəllə-paça...

             Elə qapıdan girəndə xaş qoxusu bizi vurdu. Filosofa sarı dönüb dedim:

    -Bəlkə xaş yeyək?

    O üz-gözünü turşutsa da, bir anlığa gülümsünən təhər oldu:

    -Sənin hoqqalarına hələ çox dözəcəyik... Amma araq mənlik deyil. Öyrən gör, suxoy çaxırları varsa, mən də bir qab yeyərəm...

    Behcət az qaldı sevincdən şitlik eləsin:

    -Ay başınıza dönüm, buranın xaşı adnandı!  Hətta mahnı da bəstələyiblər...


    Alkaşına qurban olub,

    Daş-başına qurban olum,

    Hozananın səhər-səhər

    Xas xaşına qurban olum...


    Deyəsən, buranın ilk qonaqları biz idik. Çünki döşü önlüklü lopabığ aşpaz özü qarşıladı bizi:

    -Ay, xoş gəlifsıız... Xaşın siftəsi sizdən, bərəkət allahdan... Kəllə-paçamı yeyəssıız, ya dırnaxmı?

    Filosof dırnaq, yəni ayaq istədi. Behcətnən mən kəllə-paça. Və Behcət yenə şittik elədi:

    -Mənə dil verərsiniz...

    -Boyyyy, qadanızı alım, bizim heyvannarda dil olmaz ki! Buzov doğulannan dilini kəsəllər bizdə... Amma qonşu kənddən mal başı aldırmışam, onunku ağzındadır... İndi hökmən saa dil verrəm...

    Ətim ürpəşdi. Filosofa baxdım. O məndən də betər gündə idi. Behcət isə stoldakı arağı aça-aça nəsə danışırdı. Mən, nəhayət ki, haradansa peyda olub stollara yaxınlaşan bayaqkı aşpazoxşar ofsantı yanıma çağırdım və qulağına əyildim:

    -O doğrudur ki, sizin qəsəbədə malların dili olmur?

    -Həəə... Nədi ki?! Bunu bütün Azərbaycanda bilirlər, siz bilmirsıız? Dilsiz malın xaşı super olur dənə... Allah haqqı!.. He-he... Bir cıkkana olannan bızavın dilini kəsillər... 



    Az sonra bütün dəm-dəsgahı ilə xaş gəldi. Sarımsaqlı qatığı, sirkə-sarımsağı, ağ turpu, göy soğanı və əlbəttə “tutovka” dedikləri çəkmə arağı ilə... 

    Mənim qabımda xaşın suyu ilə bərabər alt çənənin ətli yeri də vardı. Behcətin qabına baxdım – dilin arxa tərəfi idi. Yenə ətim çimçəşdi: “Əcəba, bu dilin arxa tərəfidir, qabağını buzov vaxtı kəsməsinlər ki?..” Filosofunkuna baxmasam da olardı, dırnağın üst hissəsindəki yağlı dərini ləzzətlə ağzına ötürürdü.

    Həmişə sağlıq deməyi xoşlasam da, bu dəfə lal-dinməz içdik. Elə bil bu lal heyvanların kəsilmiş dilini bir dəqiqəlik sükutla yad edirdik...

    Yeyib-içmək bitəndən sonra qan rəngli çay gəldi. Bu vaxt gözüm bizə yaxın stolda əyləşmiş yaşlı bir kişini aldı. Başını aşağı salıb xaşını qaşıqlayırdı. Arağı yox idi – ya içən deyildi, ya da pulu çatmamışdı. Bizim araq qabında hələ bir yüz əlli-filan qalırdı. Ərklə dedim:

    -Əşi, bəlkə bir yüz süzüm, vurasan xaşla?

    -Nə deyim? Zəhmət vermərəm ki? – Utancaq halda dilləndi.

    -Nə zəhmət, əşi?! Vur görək!..

    Kişi “sağ olun” deyib, yüzqaramlığa süzdüyüm tut arağını başına çəkdi. Əlinin dalı ilə ağzını silib, qaşığa əl atan kimi dilləndim:

    -O doğrudur ki, buralarda malların dilini buzov vaxtı kəsillər?

    Kişi yerində qurcuxdu. Ora-bura boylandı. Sanki onu kiminsə eşidib-eşitmədiyini yoxlamaq istəyirdi. Əmin olub dedi:

    -Həə, belə bir şey olub ... Deyilənə görə, Əmir Teymur bura gəlib çıxanda yerli adamlarla toqquşub. Dağlarda, cəbələrdə gizlənən yerli döyüşçülər Əmirin adamlarının bir xeylisin qırıb. Sonra da qabaq-qənşər döyüş zamanı bir sürü buğanı da qabaxlarına qatıb hohalayıblar Əmirin qoşununun üstünə. Qızmış buğaların buynuzuyla qoşunu dağıtmasınnan çox, onnarın bağırtısı, hayqırtısı qoşuna vəlvələ salıb. Əmirin qoşununun, onsuz da, ucu-bucağı yoxmuş, arxadan gələn döyüşçülər buğaları da qılıncadan keşirdiblər, bizim yerli döyüşçüləri də. O buğaların ətinnən qoşununa zəfər qonaqlığı verən Əmir yerli ağsaqqalları çağırıb, əmr edib ki, bunnan sonra doğulan malların elə buzov vaxtı dilini dibindən kəsirsıız ki, məliyib, ordunun baş-beynini aparmasın... Rəvayətə görə, o əmrə itaət etdiklərinə görə, Əmir girov götürdüyü adamları buraxıb, kənd-kəsəyimiz artıb-törəyib, mal-qara da doğub-çoxalıb... Amma dilsiz...

    Butulkanın dibində arağın qalan hissəsini də qocaya süzdüm və dedim:

    -İndi o əmrə hələ də əməl olunurmu?

    -Olunur, deyilənə görə... Amma...

    -Nə amma?! – Filosof az qala bağırır.

    -Yalançılar sözü, deyirlər bu rəvayət indi qəssabların işinə yarayır... Başı satanda dilini dibinnən kəsirlər ki, bəs Əmir Teymurun buyruğuna görə bizim malların dili olmur...

    ...Avtovağzalda avtobus gözləyirik. Birdən yadıma nəsə düşür və qoltuğunda qəzet yanımızdan ötən adamı saxlayıram:

    -Əmioğlu, bağışla, bu Hozana nə deməkdir?

    Adam darılır, gərnəşir, boynunu uzadıb silkələnən təhər olur və gülümsünür:

    -Əslində, Ozana imiş vaxtilə... Yəni Ozannarın, aşıxların kəndi... Əmir burdan keçəndə əli sazlı aşıxların döyüşən camahata ruh verdiyini görüb, aşıxların qırdığını qırıb, qırmadığını da məcbur eliyib ki, onu tərifləsinlər... Ozannar onu tərifləyən mahnılar, saz havaları yaradanda yerli adamlar əllərinnən sazı alıb, hoza verib, mal otarmağa göndəriblər... O vaxtdan Ozana olub Hozana...

    Filosof cibindən qeyd dəftərçəsini çıxardıb, nəsə yazır və mızıldanır:

    -Bir siqaret olsaydı, tüstülədərdik...

    O, ömrü boyu siqaret çəkməmişdi...


    İKİNCİ BEHCƏT


    Maldili kafesində xaş yeyərkən qəfil beynimdə elə bil işıq yanıb-söndü. Dağlarda ildırım çaxması kimi. Deyəsən, əmim də o kişi ilə Maldili kafesində çörək yemişdi axı? Amma yox, əmim kafe demədi ki?! Hə, hə. Yeməkxana demişdi. Sovetin vaxtında kafe nə gəzirdi? Bufet deyərdilər, ya da eləcə yeməkxana... Hə, dəqiq buradır... 

    Yazıçı ilə Filosofa indi əmimin söhbətini danışsam necə olar? Yazıçı heç də, dostumdur, belə söhbətlərin bazıdı... Amma bu Filosofa heç qanım qaynamadı... Belə çox quru adamdı e...

    Hə, əmim danışırdı ki...

    ...Gəncinski deyilən adam bu dəfə taksidə yanımda deyil, arxa oturacaqda əyləşib, yayxandı. Görünür, yeməkdən sonra bir balaca istirahətə ehtiyacı vardı...

    Təxminən, yarım saat mürgülədikdən sonra oyanıb şüşəni azca endirdi, sərin havanı bir az içinə çəkib “uxay” elədi, sonra şüşəni bağladı. Mən tez dilləndim:

    -Şirin söhbət edirdiniz... Yarımçıq qaldı...

    Kişi bir az susub, nəhayət, dilləndi:

    -Sən özün hansı kənddənsən?

    Nə Sobunun, nə Topun adını çəkə bilməzdim. Ağlıma gələn ilk kənd adını dedib:

    -Genlikdənəm...

    -Hə, oranın adamları yaxşı camaat idi, Sovet hökümətinə məhəbbətləri vardı... hə... harda qalmışdıq? Hə, Sobuya, Topa getməyimizdən... Demək... Bu Surxay ki, vardı, mənimlə yaşıd olardı... O vaxt ikimizin də olardı otuz beş, otuz səkkiz yaşımız... Hər nəysə, elə atlarımıza minib Topa sarı yönəlmişdik ki, Surxay Almalıdan yuxarıda, atını səyirdib meşəyə girdi və qışqıra-qışqıra dedi:

    -Gəncinski, mən sənin toruna düşmənəm! İstəsəm, silahımı çəkib, başının dəstəsi ilə hamınızı güllələyərəm... Qaçaqlar da bir himə bənddilər! Bax, hər daşın dibinnən bir mauzer tuşlanıb sizə... Ölmək istəmirsənsə, çıx, get burdan! Bir də bu tərəflərə üzükmə! Biz nə Sovet höküməti istəyirik, nə kolxoz olacağıq!..

    Gözümü gəzdirib Qala səmtdəki qayalara baxanda, doğrudan da, bizə tuşlanan lülələrin bir neçəsini görüb, mən də qışqırdım:

    -Surxay, bax, mən bura dinc məqsədlə gəlmişdim. İstəyirdim ki, Topda, sənəlidə selpo quraq, səni də onun sədri seçək... Elə kolxozu da sən idarə edərsən... Gəl, geri dön, daşı ətəyinnən tök, oturub söhbət edək... Mən səninlə silah dilində danışsaydım...

    Elə bu son söz ağzımdan çıxan kimi qulağımın dibindən bir güllə çovudu. Anladım ki, məsələni bir az da uzatsam, bizi qıracaqlar. Ona görə də atların başını çevirib geri qayıtdıq...

    Bir həftə sonra yüz əlli nəfərlik dəstə ilə buralara hücuma keçdik. Məşədi Behbud başda olmaqla bir neçə say-seçmə adamı tutub kənddə dama saldıq. Elə Top və Sənəliyə təzəcə qalxmışdıq ki, bizi gülləyə tutdular. Çoxlu itki verdik. Geri çəkilə-çəkilə döyüşdük. Anladım ki, dağlarda, daşın döşündə, meşənin içərisində yaxşı maskirovka olunmuş qaçaq dəstələri ilə adi milis dəstəsinin vuruşması çətin olacaq. Ona görə tutdurduğumuz adamları da azad edib aşağıya – Çöpədərə kəndinə dğru çəkildik. Orada kolxoz sədrinin idarəsinnən rayonun katibi ilə telefonla danışdım, vəziyyəti izah etdim. O da bildirdi ki, iki günə sərhəd zastavasının rəisi ilə danışacaq, onlardan da kömək istəyəcək və yaxşı silah-sursatla təchiz edilmiş bir ordu göndərəcəyik ora. O kəndləri yer üzünnən silin...

    Kişinin qəfil səsi kəsildi. Qorxa-qorxa geri döndüm ki, mışıl-mışıl yatır. Maşın hündür bir təpənin düz başnda idi. Saxladım. Bir istədim ki, üzümü atam yerə, bu alçağı maşınqarışıq buraxam təpədən aşağı... Düzü, həm maşına qıymadım, həm də qorxdum ki, məni də tutarlar, uşaqlarım da özüm kimi yetim qalar...

    ...-Hə, yerli camaatın diliynən desəm, böyük bir bolq, yəni polk gəlib oralara çıxdı. O dövrün ən müasir silahları ilə silahlanmış bu ordunun köməyi ilə Sobunu da, Sənəlini də, Topu da güllədən keçirdik. Ölən öldü, qaçan qaçıb meşəyə toxudu. Məşədi Behbud başda olmaqla Sobunun sayılıb-seçilən adamlarını tutub rayon mərkəsinə gətirdik. Səhəri Surxay gəlib təslim oldu və dedi ki, atamı buraxın, yaşlı adamdır...

    Bir neçə ay sonra Fərzalı da təslim oldu. Bilirsən niyə? Çünki kəndi Qaradərənin, arvadının kəndi Baharlının adamlarını Sibirə sürgün edəcəkdik... Gəldi, dedi ki, sizə mən lazımam, dəyməyin kənd-kəsəyə...

    Bir türk də vardı, Keçəllər Baharlısınnan... Görüm adı nəydi? Hüseyinmiydi, ya Həsənmiydi? Dayan görüm... Yox, Həsən Hüseyin... Hə, hə, Həsən Hüseyin... Nuru paşa eşitmisən?

    Səsim elə bil batmışdı. Ona görə başımı bulamaqla kifayətləndim. 

    -Hə, onu da, Fərzalını da, Surxayı da bir kanal vardı... O kanalın üstündə güllələyib saldıq kanala... Amma yox... Fərzalını sağ istəmişdilər Bakıdan... Ona görə onu Bakıya yatab elədik... Axırı nə oldu, bilmədim...

    Sonra birdən səsini dəyişib sərt bir tərzdə dedi:

    -Bir neçə saat qabaq bir yeməkxanada yemək yedik, yadındadı? Oranın adının Maldili olmasının səbəbini bilirsən? Bilmirsən... İş ondadı ki, Teymurləng buralara gələndə...

    Sonra bildiyiniz rəvayəti bir qədər fərqli şəkildə danışmağa başladı...

    Baxdım ki, ətim ürpəşir...

    Başımın tükləri biz-biz olurdu...

    

    Gəncəyə çatanda maşını hansı məhləyə sürəcəyimi soruşdum, bazarda saxlayarsan dedi. Bazarın ağzında düşdü. Tərs-tərs məni süzüb dedi:

           -Danışdıqlarımızı bir kimsəyə söyləmə...  Maldili  bufetini də heç zaman unutma... - Əlini yelləyib sağollaşdı, sonra enli çiyinlərini əyə-əyə bazar adamlarına qarışdı...

    İstədim düşəm maşından, qabağını kəsib qışqıram:

    -Eyyyy, Gəncinski! Mənəm, Qara Mamed! Surxayın oğluyam...

    Amma oturacaqda elə büzüşmüşdüm ki, uzun müddət oradan qalxa bimədim. Mənim atamı həbs edən, günahsız yerə güllələyən bir namərdlə 4-5 saat yol yoldaşı olmaq, onu maşınında doğma şəhərinə aparmaq... Belə nadürüstlərin qurduğu allahsız bir ölkənin vətəndaşı olmaq, hələ hər Bir may bayramında, Yeddi noyabrda rayon mərkəzində maşınımı bəzəyib bu alçaqların keçirdiyi bayram şənliyində “urra” deyib qışqırmaq, “Sovet Sosialist Respublikaları İttifaqına eşq olsun!” deyib bağırmaq...

     




            ***

    “Qazı Bəhlulun 


        QAZİ BƏHLULA


    çevrilməsi an məsələsi idi. Erməni daşnaklarının Azərbaycanın satqın və xain bolşevikləri ilə birləşərək nüfuzlu adamların kəndlərdə, qsəsbə və şəhərlərdə həbs etdirilməsi, mülkünə, torpağına, varidatına əl qoyulması, savadlı adamların xain elan olunması Bəhlul əfəndinin səbrini daşırdırdı.

    Hələ birinci erməni-müsəlman davası zamanında və sonralar bu böyük ziyalı bütün Zəngəzur əhalisi içərisində təbliğat aparır, bölgənin sanballı adamları ilə – Sultan bəy, Qaçaq Fərzalı, Hacı Qasım Çələbi, Xosrov Sultanov və digərləri ilə yazışır, görüşür və erməni qətliamını önləmək üçün tədbir tökürdü. Nəticədə, başına böyük bir silahlı dəstə toplaya bilən Bəhlul Əfəndinin sadiq müridlərdən ibarət din ordusu formalaşırdı. Bir mürşid səviyyəsinə yüksələn Bəhlul Əfəndi ilə atası Mustafa Əfəndi və qaynatası Hacı Qasım Çələbi də hesablaşmaq məjburiyyətində qaldılar. 

        Bəhlul Əfəndi ilk növbədə qaçaqlara, qorxmaz igidlərə arxalanırdı. Kəlbəlayi Məhəmməd, Babaş, Həsən, Qaçaq Qəbil, Ədil bəy, Qəhrəman, Qoçu Təhməz belələrindən idi. Sonuncu, yəni Qoçu Təhməz Zəngəzurda qaçaqlıq eləmiş, sonra Bakıya gedərək qoçulara qoşulmuşdu. İndi Bəhlul Əfəndinin müraciətindən sonra doğma Zəngəzura qayıdıb Bəhlul Əfəndinin yaratdığı orduya rəhbərlik edirdi. Təsadüfi deyil ki, onun ölüsü də bolşeviklər üçün qorxu mənbəyi idi. Cihad zamanı ağır yaralansa da, ayağa qalxıb düşmənlərdən son intiqamını alaraq şəhid olmuşdu. 

          Rus bolşevikləri və yerli satqınlar Bəhlul Əfəndini nə vasitə ilə olursa-olsun aradan götürmək istəyirdilər. Dünənə qələr Bəhlul Əfəndinin qazı olduğu qəza mərkəzi Gorusda indi ermənilər at oynadırdılar. Nəinki Gorus, hətta Sisyan, Kafan, Meğri rayonları da ermənilərə peşkəş edilmişdi. 

Müstəqil hökumətin təzyiq altında İrəvanı və bütün Qərbi Azərbaycanı ermənilərə güzəştə getməsi bu daşnak tör-töküntüsünün dişində şirə kimi qalmışdı. Rusiyalı bolşevik arxalarına güvənərək Azərbaycanın igid oğullarını, ziyalılarını, bir sözlə, bütün genefondunu məhv etməyi planlaşdırırdılar.

Bıçaq sümüyə dayanmışdı. Bəhlul Əfəndi düz iki il bolşevik-daşnak birləşmələrinin törətdikləri əməllərə dözə bildi. Yazı masasının arxasına keçərək bir qazı  kimi Zəngəzur camaatına öz əli ilə yazdığı müraciətində düşmənlərə qarşı açıq mübarizəyə çağırırdı. Müraciət bu sözlərlə bitirdi: “Ya qazi, ya şəhid olaq!”

         Qubadlı Qəza İnqilab Komitəsinin sədri işləmiş (sonralar Aərbaycan SSR-in Ali Soveti Rəyasət Heyətinin sədri olmuşdur) Nəzər Heydərov “Zəngəzur dağlarında” kitabında  yazır ki, Bəhlul Behcətin 400-dən artıq yaxşı silahlanmış dəstəsi vardı. Sovet hökumətinə qarşı çıxışlar edən bu dəstəyə qaçaqlar da qoşulurdu. Onların silah-sursatını Bəhlul Əfəndi verirdi. Nəhayət, 1922-ci ilin payızından başlayaraq Bəhlul Əfəndinin dəstələri açıq fəaliyyətə keçdilər. Mərkəz Xanlığa yaxın kəndlər – Dağtumas, Sirik, Qazanzəmi, Maşanlı, Çaytumas, Əfəndilər, Usubbəyli kəndləri tam onun adamlarının nəzarətində idi.

          Əslində, Bəhlul Əfəndinin Sovet hökumətinə qarşı açıq fəaliyyətə keçməsi də səbəbsiz deyildi. Sovet hökumətinin cəza dəstələri məhz həmin ilin payızında Əliyanlı əməliyyatı keçirirdilər. Bölgənin ziyalıları, tanınmış mülk sahibləri məhv edilirdi. Özü də bu mesaj Mikoyan, Şaumyan, Akopyan, 

Abramyan kimi daşnaklardan gəlirdi. Nəhayət, bu kommunist-daşnak avantürasına son vermək üçün Bəhlul Əfəndi özünün çevik dəstələrinin qısamüddətli əməliyyatı nətijəsində demək olar ki, Xanlıq da daxil olmaqla bölgədə Sovet hökumətini devirdi. 

          Bakıdan bolşeviklərin köməyə gəlməsini gözləyən yerli satqınlar çaşqın vəziyyətdə qalmışdılar. Nəzər Heydərov yazır ki, yerli bolşeviklər qaçıb Gorusa gedərək oranın daşnak-bolşevik rəisləri – Ter-Ayrapetyan, Nikolay Konstanyan, Avanes Akopyan, Aşot Abramyanlardan kömək istəyirlər. Beləcə, Gorusda qəza icraiyyə komitəsinin sədri Baqrat Aryutyunyanın rəhbərliyi ilə müşavirə keçirilir və erməni-daşnak dəstələri ilə birləşən Azərbaycan bolşevikləri Bəhlul Əfəndinin dəstəsinin üstünə yeriyir. Karyagin (indiki Füzuli) sərhəd qoşunlarının süvari polkundan bir eskadron əsgər də Bəhlul Behcətin vətənpərvərlərini məhv etmək üçün əməliyyata başladılar. Qeyri-bərabər döyüşdə Bəhlul Əfəndinin döyüşçüləri şücaətlə vuruşurdular. Amma tezliklə xəbər gəldi ki, cəza dəstələri keçdikləri kəndlərdə dinc sakinlərə divan tutur, qırğınlar, talanlar törədirdilər. Böyük humanist olan Bəhlul Əfəndi dəstəsinə Araza doğru çəkilmək əmri verdi. Axşama yaxın üsyançılar Xudafərini keçmişdilər. Düz bir il Cənubi Azərbayjanda yaşamaq məcburiyyətində qalan Bəhlul Əfəndi burada da boş dayanmır. “Məhəmməd Peyğəmbərin ailəsinin tarixi” əsərini çap etdirir. Hətta burda jurnal buraxdığı da deyilir. Lakin vətən, yurd həsrətinə dözməyən bu vətənpərvər ziyalı 1923-cü ilin payızında geri qayıdır və həbs olunaraq on il azadlıqdan məhrum edilir.”

 



                    ***

    İKİNCİ BEHCƏT


    Məktubu yazsam da, ona necə verəcəyimi düşünür, bir qərar qəbul edə bilmirdim. Sanki qızdan qorxur, gedib həmişəki yerdə dayansam da, o gələndə qaçıb gizlənirdim. Nəhayət, üçüncü gün özümü toplayıb, çıxdım qarşısına. Məni görsə də, görməməzliyə vurmaq istədi. Amma gedib qarşısını kəsdim, az qala yalvardım:”Səndən xahiş eliyirəm, heç istəsən, üzümə baxma. Amma bu məktubu oxu, sonra nə qərar qəbul etsən, razıyam.”

    “Sən bu üç gündə öz qərarını vermisən. Sevsəydin, üç gün gözləməzdin...”

    “Mən... Mən... Bilirsən...”

    Birdən dayandı, ala gözlərinə bir təbəssüm qondu. Mənə yaxınlaşıb əlini xəfifcə üzümə sürtüb qəhərli-qəhərli dedi: “Bilirəm, hər gün gəlirdin. Məni görəndə qaçıb gizlənirdin. Sən mənim tanıdığım oğlansansa, gələcəyini bilirdim... Məktubu isə oxumasam da olar... Amma interesə oxuyacam, görüm necə məktub yazırsan...”

    Məktubu alıb getdi. Ürəyim yerinə gəlsə də, onun üzümə çəkdiyi əlinin sehri ağlımı başımdan alır, rahat düşünməyimə mane olurdu. Nəhayət, onun söylədiyi son kəlmələri ağlımdan keçirib, rahatladım. Yox, o mənim hər gün gəldiyimi, amma ürək edib üzə çıxa bilmədiyimi anlamışdı. O, əslində, məni sevdiyini dolayısı ilə etiraf etdi...


                    ***


    YAZIÇI


    Mavi qanlı adamların çiynindədir bu dünya. Onlar Nizami kimi dahi şair, Nyuton kimi fizik, Bakıxanov kimi bir ensiklopedik, bizim zonanın böyük şəxsiyyəti Qaçaq Fərzalı kimi mərd, qorxmaz bir igid də ola bilər...

    Bakıxanovun adını elə-belə çəkmədim...

    O böyük kişiyə həmişə qibtə etmişəm. Mürəkkəb bir zamanda, rusların torpaqlarımızı işğal etdiyi dövrdə din içində din bəsləmək, hərtərəfli biliyə sahib olmaq, gözəl bədii əsərlər, Qüdsi təxəllüsü ilə şeirlər  yazmaq, Azərbaycan tarixinin atası adını qazanmaq, polkovnik rütbəsinəcən yüksəlmək...

    Kazım Ağa Salik onun tərifini gözəl verib:


            ...Qüdsi ləqəb Abbasqulu bəy 

            Diyari-nəzmü şe'rə padşahdır.


    (“Mavi qanlı” ifadəsini sözgəlişi işlətmədim. İnsan və heyvanların qanı qırmızıdır və elmi məlumatlara görə, bu, qanda dəmirin miqdarı ilə əlaqədardır. Lakin bəzi hipotezalara görə, seçilmiş insanlar var ki, onlarda dəmirin yerinə misin miqdarı qanda üstünlük təşkil edir və bunların qanı daha çox maviyə, yaxud bənövşəyiyə çalır. Bu rəngə bəzən böyük yunan filosofu Platonun - şərqlilərin dili ilə desək, Əflatunun – adına hörmət əlaməti olaraq Əflatunu rəng də deyirlər. Əflatunu, yəni soyluluq, yetkili rəmzi daşımaq, mənsub olduğu nəslə layiq olmaq  anlamındadır...

            O insanların qanı daha tez laxtalanır və ən ağır yara aldıqda belə, onlar ölmürlər, tezliklə müalicə olunur, sağalırlar. “Qaçaq Fərzalı” kitabıma düşməyən bir əhvalat var, yeri gəlib, burada yazıram. Sağlıq olsun, “Qaçaq Fərzalı” kitabımın növbəti çapında bunu da ora daxil edərəm...

    Babam danışırdı ki, dayım – Qaçaq Fərzalı ana babamın dayısı olub – döyüşlərin birində ağır yaralanır. Elə yerdə imiş ki, qənşərə çıxsa, mütləq yeni gülləyə tuş gələcəkmiş. Yanında isə təbabətdən başı çıxan bir qaçaq varış.  Yaraya baxıb, deyir ki, Fəzi, qorxma, bu yaradan sənə ölüm yoxdur. 

    Fərzalı deyir, həkim, axı çox ağrıdır, nəfəs almaqda çətinlik çəkirəm?

            Təbrizdə dava vaxtı bir çox adamı ölümdən qurtaran bu qaçaq həkim bildirir ki, mən yarana məlhəm sürtdüm, ağrı tezliklə azalacaq, amma iş orasındadır ki, sənin qanın tez laxtalandı, bədən özü özünü qorudu. Qorxma, qanaxma dayandı...

    Fərzalı həkimə qəzəblənir:”Nə qorxması, ədə! Mən ölümnənmi qorxacam?! Düşmən gülləsinnən ölmək istəmirəm, vəssalam... O ki qaldı qanımın laxtalanmağına, bu, bir dəfə də olmuşdu. Lap yeniyetməlik vaxtımda yaylaqda kərənti ilə ot biçirdik. Qəfil qardaşım Hüseynalının əlindən kərənti surçub ayağımın şah damarını kəsdi. Qan fışqırdı. Qardaşım özünü yeyib-tökür, qışqırır, ağlayır, adamları köməyə çağırırdı. Yoldan ötən tanımadığımız bir kişi bizə yaxınlaşdı, yayın istisindən qorunmaq üçün başına bağladığı ağ çalmanı açıb artıq qanı quruyan yarama bağlayıb dedi:”Qorxmayın, a bala. Damar tam kəsilməyib. Qan öz-özünə qurudu – bu, allahın möcüzəsidi...” 

    Deməyim odu ki, məndə belə şeylər olur. Allah qoruyur məni...”

            O heyni yoldan ötən heç kimin tanımadığı qəribə adam kim idi, çalmasını niyə yarama bağlamışdı, mənim qanım niyə öz-özünə qurumuşdu, bax, bu hələ də mənimçün qaranlıqdı... Bildiyim odu ki, bir əl var arxamda, bir cüt göz var üstümdə, qoruyur məni... Nə vaxtacan bu olacaq, bir allah bilir...

    Danışmışam sizə deyəsən, məni güllə ilə vurmaq istəyən bəy çaxmağı çəkir, güllə açılmır, hirslənir, tutur yanındakı nökərinin üstünə, çəkir, güllə açılır, nökər ölür...

    Mən belə möcüzələri çox görmüşəm...

    Allahın cəlalına şükürlər olsun...” )


    Acıların adamı ilə burada – Bakıxanovun heykəlinin önündə görüşməliyik. Deyəsən, bir az tez gəlmişəm. Hər dəfə buradan keçəndə vaxt tapıb,  heykələ yaxınlaşır, onunla bir az söhbətləşirəm. Bu dəfə də belə oldu. (Sizə qəribə gəldi, eləmi? Bu boyda düzü-dünyada bir insan övladı olmadımı söhbətləşməyə, daşla salam-kalam edirəm?.. Hə, qardaşım, hərənin əlində bir telefon var, başını əyib ora, sənə baxan kimdir? İki sevgili yan-yana əyləşib, hərəsi öz telefonuyla oynayır... Belə zəmanədə məni kim dinləyəcək? O ki qaldı o daşa, o daş deyil. Dedim axı, o heç ölü də deyil. Onun ruhu kitablarına köçüb. O daş qədər əbədidir o adam. Bir də ki, mavi qanlılar ölməzdirlər. Əfsanəyə görə, onlar haçansa bu dünyaya bir də gəlirlər...Görün necə söhbətim tutur onunla.)

    “Salam, böyük adam? Hər dəfə istəyirəm soruşam, yadımdan çıxır: sən o vaxt torpaqlarımızın parçalanması mərasimində ruslar tərəfdən iştirak edən yeganə azərbaycanlı – türk idin axı... Buna qəlbin necə dözdü?”

    Heykəl gərnəşir, daşın içindən daşlaşmış sözlər tökülür:

    “Mən Rus padşahının əsgəri idim. Artıq-əskik bir şey edə bilməzdim. Nə lazımsa, “Gülüstani-İrəm”də var...”

    “Var ol, böyük adam. Sənin əsərlərin, həyatın bizimçün bir məktəbdir... Amma torpaq dərdi bir qələm adamı kimi həmişə məni üzüb. Ona görə o sorunu sordum... Ruhunu incitdimsə, bağışla...”

    Və “Gülüstani-İrəm”i xatırlamağa çalışıram...

    “...Mötəsim xəlifə İshaq ibni-Müsəəbi çoxlu qoşunla İraqi-Əcəm hüduduna göndərdi, İshaq onlardan 60000 nəfər qırdısa da yenə bir nəticə əldə edilmədi. Axırda, hicri 221-ci (=836) ildə, Mavəraünnəhr əyanlarından Aqşın ləqəbli Heydər ibni-Kavus, saysız bir qoşunla Babəki dəf etməyə təyin edildi. Müharibə iki il davam etdi. Babək məğlub olub, bir neçə nəfərlə Ərmənistana, Səhəl Sunbat oğlunun yanına qaçdı. Aqşın etimad etdiyi bir nəfəri 4000 qoşunla Babəki tələb etmək üçün göndərdi. Səhəl Babəki qolu bağlı Aqşının yanına gətirdi. Səhəl təltif edildi. Babək də Bağdada göndərilib orada böyük bir əziyyətlə öldürüldü. Ehtimala görə, Azərbaycan sözü “Azər-Babəkan” sözünün ərəbcələşdirilmiş şəklidir.”

    Burada Ərmənistan, əslində yerin adıdır ki, ora Ərməniyyə deyilirdi və əhalisi alban türkləri idi. Və o da maraqlıdır ki, Babəkin qoşunu Ərməniyyəyə gələndə özləri ilə rəhbərləri Cavidanın məzarının qalıqlarını da çıxardıb gətirmiş, indiki Qafanla Qacaran arasında yerləşən Pirdavdan adlı kənddə dəfn etmişdilər. Son vaxtlaracan məzarın üstündə tikilmiş türbə qalmaqda idi və Pirdavdan (Pircavidan – Pirdavidan) adlanırdı... Nə yazıq ki, erməni vandalları həmin türbəni sonralar dağıtmışdılar.

    Səhl-Sumbatın xəyanəti nəticəsində Babək ərəblərə təhvil veriləndən sonra onun qoşunundan qalan insanlar Pirdavdan, Sobu, Top, Şamlı və digər kəndləri salmış və o ərazidə məskunlaşmışdılar. Əsərimizin qəhrəmanının ata yurdu Sobu kəndinin kişiləri uzun bığ saxlayar, daim deyib-gülər, yeyib-içər və şən həyat sürərdilər. Buranın dəmirçiləri, ustaları,  musiqiçiləri Zəngəzurda adnan çağrılardı. Musiqiçilər Minbaşı, Ağalar kişi və başqaları bizim çayparanın toylarında başda olar, dəmirçilər  Qurban kişi, Xalıqverdi insanlarımızın qolundan qapardılar. 

    Beynimdə bu fikirlər yaxınlıqdakı çayxanaya yönəlirəm.


    İKİNCİ BEHCƏT


    Həyatın mənası gözümdən düşən çağlar idi. Gül qorxunc pandemiyadan vəfat etmiş, əlim hər yerdən üzülmüş, dünya, yaşamaq mənasını itirmişdi. Yanacaqsız, yelkənsiz və kapitansız gəmi kimi su qzündə qalmışdım. Amansız dalğalar hər an məni azğın sularda qərq edə bilərdi. Övladım, nəvələrim belə mənim sönmüş ruhuma əlac edə bilmirdilər. 

    Demək olar, hər axşam Gül yuxuma gəlir, mənimlə dərdləşirdi...

    Yox, yuxuma gəlir nədi?! Lap aşkarda olduğu kimi...

    Bir axşam isə elə gəlmişdi ki, elə bildim, birdəfəlik gəlib...


    GÜLÜN SİLUETİ


            Behcət, yadındadı, bir qəribə quş növü ilə bağlı filmə baxmışdıq? Filmdə deyilirdi ki,  albatros adlanan bu quşun qanadlarının uzunluğu dörd metrə çatır. Aylarla yerə enmədən okean üzərində yaşayırlar. Yatmaq və dincəlmək zamanı, sadəcə suyun üzərinə qanadlarını gərib qalırlar. Bala vermək zamanı gələndə quruya çıxırlar və tək yumurta qoyurlar. O yumurtanın üzərində 80 gün kürt yatırlar... Bax ha, səksən gün!.. Hələ ardına bax! Bala çıxdıqdan sonra 8-9 ay müddətinə ana balasını ağzından tökdüyü qusuntu ilə qidalandırır... Bir ildən artıq müddətdə onlar tək balası ilə ilgilənirlər...

           Bu quşlar həm də sədaqət rəmzi kimi tanınır. Belə ki, erkəkləri ömrü boyu dişisinə sadiq qalır.

Və bu quşlara xilaskar kimi də baxırlar dənizlərdə, okeanlarda. Guya bu albatroslar tufana düşmüş gəmilərin önündə gedərək onlara bələdçilik edir, sağ-salamat sahilə çıxardırlar...

    Bax sən, sədaqət rəmzi və xilaskar! Behcət, biz səninlə ömrümüz boyu bu ideallar üçün yaşamadıqmı?

            Kədərlisi bilirsən nədir? Albatroslar çox vaxt balıqçı torlarına ilişib məhv olurlar. Buna görə də nəsli kəsilmək üzrə olan quşlardan sayılır...

           Behcət, biz səninlə nəsli kəsilənlərdənik... 

           Bilirəm ki, mən öləndən sonra da mənə sadiq qalmısan.

           Mənim xilaskarım, mənim qəhrəmanım...

           Özünə yaxşı bax, balalarımızı qoru, mənim albatrosum... 


    İKİNCİ BEHCƏT


           Belə günlərdə o yazıçı ilə daha yaxından tanış oldum, dostlaşdım hətta. O dərəcədə ki, haqqımda qeyri-adi bir yazı yazdı və sanki o yazı məni həyata təzədən bağladı. Bax, elə həmin günlərdə yazıçı dostumla Bakıxanov qəsəbəsində (keçmiş Razin) Bakıxanovun heykəlinin yanında görüşmək üçün vədələşdik. Düzünü deyim ki, görüşə gecikməmək kimi əski bir alışqanlığım var. Hətta o dərəcədə ki, şəhərin tıxacının, səndən asılı olmayan min cür probleminin ucubatından qabaqlar bir neçə dəfə görüşə yubandığımdan həmişə azı yarım saat tez gələrdim lazimi yerə. Avtobusdan enəndə baxdım ki, yenə yarım saat tez gəlmişəm. Bakıxanovun heykəlinin yanında bir xeyli dayandım və birdən heykəl diqqətimi cəlb etdi. Oturmuş vəziyyətdə təsvir olunan heykəl sanki canlı kimi gəldi mənə. Bir zamanlar əsərlərini sevə-sevə oxuduğum bu insanın daşa dönmüş obrazı ilə sanki söhbətə girdim. (Bunu da ondan öyrənmişdim. Bir dəfə demişdi ki, mən hər dəfə burdan keçəndə o kişinin heykəli ilə dərdləşirəm.) Qəribədir ki, birinci o başladı:


    “Niyə kədərlisən? Ruhunu harada qoyub gəlmisən? Ruhsuz bədən sənə ağır gəlmirmi?”

    “Böyük insan, bilirsiniz, sizin əsərlərinizi çox sevirəm. “İnsan təbiətinin başlıca mənəvi tələbi eşqdir” deyən siz deyilmisiniz? Mən də ilk və son eşqimi, həyatımın siftəsini itirmişəm. Ruhumu da o alıb özüylə aparıb. Ona görə kədərliyəm.”

    “Dostu çox olan adamlar xoşbəxtdir” – bunu da mən demişəm. Eşqini itirə bilərsən, o eşqdən əlavə övladların, dostların ki var! Ümidsiz olma...”

    Telefonuma zəng gəlir. Odur, yazıçı dostum.

    “Bəli, müəllim.”

    “Mən yaxınlıqdakı çayxanadayam. Heykəlin arxa tərəfində...”

    Heykəllə göz-gözə vidalaşıram və gedirəm.


                                               ***


    Qəribədir. Bu adamla dostluğumuz təsadüfi deyilmiş. Məlum oldu ki, o da Bakıxanovun heykəli ilə söhbətləşirmiş. İnanmazsınız. Bir ruh yüksəkliyi vardı ki, adamı tanımadım.

    “Var olun, müəllim. Sizinlə hər görüş məndə yeni hisslər oyadır. Yadınızdadır, bir dəfə demişdiniz ki, buradan keçəndə Bakıxanovun heykəli ilə dərdləşirsiniz?.. İnanın, bu gün mən də özümü sınadım. Dedim, görüm kişi mənimlə danışacaqmı? Danışdı, müəllim! Hətta köhnə dostlar kimi!..”


                

            (Davamı olacaq)





Ctrl
Enter
ohv tapdınız?
Ctrl+Enter sıxıb bizə bildirin
Müzakirə (0)