Rasim Əlizadə - Zamanın qayıdışı

Məktəbi təzəcə bitirmiş, məzun olmuşduq. Artıq yeni həyata qədəm qoyurduq. Üstümüzdə həm məktəbi qurtmarmağın kədəri, həm də universitetə qəbul imtahanının həyəcanı vardı. Mən polis, Səid kompüter mühəndisi, Əhməd isə həkim olmaq istəyirdi. Gözəl xəyallar qurur, uğurlu mütəxəssis olub vətənə xidmət etmək istəyirdik. Səidin məqsədi ali təhsili Türkiyədə almaq olsa da, mənlə Əhməd Azərbaycanda oxumaq istəyirdik.
Havalar isti keçirdi deyə dərs oxumaq çətin gəlirdi, bu səbəbdən mövzu oxumaq yerinə daha çox test işləyirdik. Mən daha çox həyəcanlanırdım. Son günlər, demək olar, gecələr yata bilmirdim, yuxusuzluq imtahana hazırlaşmağıma imkan vermirdi, ən asan tənlik sualını belə dəqiqələrlə fikirləşirdim. Amma bunu nə valideynlərimlə, nə də dostlarımla bölüşə bilirdim. Birtəhər günləri yola verirdim. Evlərimiz yaxın olsa da, imtahan vaxtına az qaldığına görə daha az-az görüşürdük. Sonuncu görüşümüz cümə günü məsciddə namaz qılandan sonra olmuşdu, duamızı edib, Allahdan zehin açıqlığı, müvəffəq olmağı istəmişdik.
Artıq imtahan vaxtı çatmışdı. Atamla anam dayanmadan motivasiya verir: "Narahat olma, Mehdi, bacaracaqsan, yaxşı olacaq, qəti özünü itirmə" deyirdilər. Halbuki günlərin yuxusuzluğunu gizlədən biri olaraq onların sözlərinə reaksiya verməyə taqətim belə yox idi.
Pilləkanları çətinliklə qalxıb imtahan zalına daxil oldum, nəzarətçi yerimi göstərdi. Oturan kimi nədənsə pəncərədən çölə baxmaq ehtiyacı hiss etdim. Yuxarı mərtəbə olduğundan mənzərə tam görünürdü. Tərslikdən baxdığım ərazidə böyük bir məzarlıq vardı. Çox qəribə hisslər yaşadım, daha çox qorxu hissi. Valideynlərimin, ətrafımdakı insanların məndən gözlədiyi nəticəni yığa bilməyəcəyimin verdiyi hiss çox kədərli, ağır idi. Dəli şeytan deyirdi, at özünü yuxarıdan aşağıya, amma niyəsə içimdə qəribə bir ümid hissi var idi və bu hiss məni bir az özümə gətirirdi. Yanımda çox sakit təbiətli bir qız oturmuşdu. Fikirləşdim ki, ən pis ehtimalda ondan kömək istəyərəm.
İmtahan başladı. Beynim o qədər yorulmuşdu ki, sualı oxuyub anlamada çətinlik çəkirdim. Vaxt sürətlə gedirdi. Vaxt artıq yarılanmışdı, mənsə çox az sual yazmışdım. Birdən yanımdakı qız hiss etdim ki, kitabçadan sual göstərir. Qəribə formada təbəssüm edərək cavabı bilmədiyimi üz ifadələrimlə bildirdim. Özümdəki bəxti də qınadım ki, belə bir məqamda mən ondan kömək umarkən o məndən kömək istəyir. Deyəsən, o məndən də pis vəziyyətdə idi. Özü ilə də şüşə qabda böyük həcmli qazlı sual gətirmişdi. Çox sonralar düşünmüşdüm ki, nə ehtiyac vardı bu həcmdə qazlı su gətirməyə, qazsız olsa dərd yarı. Və beləcə imtahan bitdi.
Nəticə mənim gözlədiyim, amma insanların gözləmədiyi kimi oldu. Tam bir uğursuzluq - polis akademiyasına qəbul ola bilmədim. Xatırlayıram, televizorda cavablar deyilərkən çox utancaq şəkildə yoxlayırdım cavabları. Çölə çıxıb səssiz şəkildə ağlamışdım.
Səidlə Əhməd isə uğur qazanmışdı. Onlarla görüşmədim. O qədər ruhdan düşmüşdüm ki, ən yaxın dostlarımı təbrik etməyi belə mənasız hesab edirdim. Hətta ixtisas seçimimi belə necə gəldi yazmışdım, düşünmədən, analiz etmədən. Cavablar çıxanda məlum oldu ki, heç xəyalımda olmayan bir universitetin xarici dil müəllimliyinə daxil olmuşam.
Tətil bitirdi artıq. Hələ də Səid və Əhmədlə görüşməmişdim. Onlar üçün çox darıxırdım - söhbətlərimiz, deyib-güldüyümüz zarafatlar, birlikdə məsciddə namaz qıldığımız günlər üçün. Artıq universitet başlayırdı. Xəbər tutdum ki, Səid İstanbulda, Əhməd Bakıdadır.
Həvəssiz şəkildə dərslərə gedir, demək olar, heç kimlə ünsiyyət qurmurdum.
Semestr sonundakı imtahanların birindən kəsildim, amma o qədər də mənim üçün əhəmiyyətli olmadı.
Özümü çox böyük boşluqda hiss edir, dərin bir depresiya yaşayırdım. Namazlara əvvəlki kimi həssas yanaşmırdım, əvvəl-əvvəl qəzalar edir, günlər keçdikcə isə ümumiyyətlə qılmırdım. Əslində depresiyanın çarəsinin Allahda, ibadətdə olduğunun fərqində idim, amma nədənsə içimdən gəlmirdi. Yaşadığım uğursuzluq məni Allahdan uzaqlaşdırmış, küsdürmüşdü.
Beləcə günlər keçirdi. Siqaret çəkməyə başlamışdım, ara-sıra pivə də içirdim. Halbuki əvvəllər içkiyə nifrət edir, siqaret tüstüsündən iyrənirdim. Zaman keçdikcə isə naməhrəm münasibətlərə başladım. Haram əməllərin içində boğulub bataqlığa düşdüm. Əvvəlki saf uşağı itirdim. Valideynlərimlə, dostlarımla münasibət də zədələndi. Ən böyük zədə isə Allah ilə olan rabitəmə dəydi - ondan küsmüş, inanmamağa başlamışdım.
Universitetin birinci ili bitmiş, yay tətili başlamışdı. Bir gün telefonuma tanımadığım nömrədən zəng gəldi, açan kimi “Mehdi abi, nasılsın?" deyən oğlanın Səid olduğunu bildim. "Abi, hazırlaş, gəlib səni götürəcəyəm, Əhməd də qoşulacaq", dedi. Fikirləşmədən razılaşdım, çünki bir ildən çox idi ki, ən yaxın dostlarımı görmürdüm. Hazırlaşdım. Siqaret qutusunu götürüb-götürməmək də tərəddüd etdim. Götürdüm. Bir az keçmişdi, Səidgil gəldi. Maşından düşdülər. Çox həyəcanlı və sevincli şəkildə görüşüb qucaqlaşandan sonra yola düşdük. Yol boyu bu qədər vaxt nə etdiyimi, niyə ünsiyyət saxlamadığımı soruşdular. Gedəcəyimiz yerə məsafə vardı deyə qısaca baş verənləri danışdım. Bu qədər mənfi hala düşdüyüm üçün çox kədərləndilər. Məndən bu dəyişimi gözləmirdilər. Nəhayət, oturacağımız kafeyə çatdıq. Dəniz mənzərəli yer seçib əyləşdik. Ofisiant yaxınlaşıb nə sifariş verəcəyimizi soruşanda Səid çay, Əhməd sərin içki, mən isə pivə sifariş verdim. Uşaqların baxışlarından hiss etdim ki, bu vəziyyət onlara qəribə və narahatedici gəlir. Sifarişlər gələnə kimi siqaret çəkmək qərarına gəldim. Sürətli şəkildə siqareti yandırdım, tələsik çəkirdim ki, tez qurtarım, çox narahat olmasınlar.
Sifarişlər gəldi.
Səid təəccüblü formada:
- Həə, Mehdi, danış. İndi deyirsən ki, imtahandan kəsildim deyə depresiyaya düşüb hər şeydən, hər kəsdən, hətta Allahdan belə uzaqlaşdım? Çox təəssüf edirəm sənin adına, - məni məzəmmət etdi.
Əhməd onun sözünə qüvvət verdi:
- Halbuki bizi sən namaza, dinə, həvəsləndirmişdin. İnsan hər çətinliyə görə Allahdan da vaz keçər? Sadəcə Allah səni imtahan edib ki, görsün, necə çıxacaqsan imtahandan və görünən mənzərə budur ki, kəsildin imtahandan.
Əsəbi şəkildə:
- Hə, hə, hansı ki qəbul imtahanından kəsildim, - deyə etiraz etdim.
Səid sakit tərzdə cavab verdi:
- O imtahan ayrı, bu imtahan ayrı. Həm də iki saatlıq imtahan sənin həyatını, gələcəyini müəyyən etmək gücündə deyil. Həyatda qəbul imtahanından da əhəmiyyətli şeylər var. Onsuz da ali təhsili olmayıb, amma uğurlu, zəngin, xoşbəxt olan minlərlə insan var. Bu uğursuzluğa fokuslanıb depresiyaya düşməyinin adı yoxdur, həyatda hər cür çətinlik olur, bu qədər zəif olma.
Səidin "Bu qədər zəif olma" sözü sanki şillə kimi dəydi üzümə.
- Mən zəif deyiləm, günahlarıma görə də narahat deyiləm. Əsas odur, ürəyim təmizdir. Bilirsiz, necədir, hər kəsin ürəyini Allah bilir. Bəzən həyatda gördüyünüz ən zəif, yoxsul, kimsəsiz və ya ən günahkar insan belə Allah qatında dəyərli ola bilər, çünki ola bilər ki, həyatında elə yaxşı bir əməl edər ki, yüzlərlə insanı vurub keçə bilər. Allah qatında, özünüz də bilirsiniz ki, göylərdə haqq-hesab başqa cür ölçülür. Mən nə qədər günahkar olsam da, Allaha inamım zəifləsə də, o dünyanın olduğuna inanıram. Məncə, həyat bu dünya ilə məhdudlaşa bilməz, bu qədər sıxıntı, problem, müharibələr, ədalətsizliklər, bu boyda həngamə məhdud, fani dünya üçün nizamlana bilməz. Mənim inandığım Allah bu qədər qəddar ola bilməz ki, dünyanı, insanları yaratsın və onları zülmlə, sıxıntıyla imtahana çəksin və axırda da ölüb getsinlər. Ən azı, hər insan öz əməllərinə görə cavab verməlidir.
Səid ilə Əhməd bu sözləri diqqətlə dinlədilər.
Əhməd:
- Bəs, Mehdi, bu qədər hər şeyin fərqində ola-ola niyə günah etməkdə israr edirsən, nəfsinə qalib gələ bilmirsən? - deyə maraqla soruşdu.
Laqeyd şəkildə:
- Özümü belə daha rahat və azad hiss edirəm, - dedim.
Səid etiraz etdi:
- Əksinə, belə daha da özünü kölə halına salırsan. Azad və rahat olmaq istəyirsənsə, nəfsinə qalib gəlib onu öldürməlisən. Ya nəfsini quluna çevirəcəksən, ya da sən onun quluna çevriləcəksən. Allahdan qorxmayan hər şeydən, hər kəsdən qorxur, nəfsinə qalib gələn isə təkcə Allahdan.
Siqaret yandırıb, yanakı oturub:
- Bilirsiz, necədir, məni qınayırsınız, amma mənim yerimdə olmamısız, yaşadıqlarımı yaşamamısız, mən boğulduğum dənizdə üzməmisiz deyə indi rahat şəkildə danışırsınız, - deyib pivədən qurtumladım, - Bir az empatiya qurun, oxumuş adamlarsınız.
Hava artıq qaralmağa başlayırdı. Səidə və Əhmədə valideynləri yığıb nə vaxt gələcəklərini soruşurdular. Amma mənə zəng gəlmirdi, bu da məni kədərləndirirdi.. "Heç kimə lazım deyilsən" hissi yaxamı buraxmırdı.
Səid:
- Yavaş-yavaş qalxaq, - dedi, - tələsirəm.
Pivədən bir qurtum da içib qalxdım.
Yola düşdük. Səid sürətlə sürürdü ki, evə tez çatsın, Əhməd mahnı axtarırdı qoşmağa, mən də pərt şəkildə arxada susaraq oturmuşdum. Əhməd mahnı ilə bağlı nəsə soruşarkən Səidin fikri yayındı, yenidən yola baxarkən qarşıdan gələn maşının üstümüzə gəldiyini görüb qaçırmağa çalışarkən maşın çox böyük bir dirəyə çırpıldı...
Hadisədən bir ay keçmişdi. Mən xəstəxanada yavaş-yavaş özümə gəlirdim. Atamla anam baş ucumda dayanmışdılar. Üzlərində həm sevinc, həm də böyük kədər vardı. Onlardan Səidlə Əhmədi soruşanda məlum oldu ki, hər ikisi qəzada vəfat edib. Donub qaldım, heç nə deyə bilmədim. Sadəcə tək qalmaq istədiyimi onlara bildirdim.
Bir neçə ay keçdi.
Faciəni qəbullana və unuda bilmirdim, çox içir, siqaret çəkirdim. Gecələrin birində yenə çox çökmüş vəziyyətdə idim. Səidi, Əhmədi xatırlayıb ağlayır, sonuncu görüşdəki söhbətləri xatırlayırdım. Ürəyim çox sıxılırdı, küçəyə çıxıb gəzmək istədim. Səhərin açılmağına az qalmışdı. Yolda gəzə-gəzə gəlib namaz qıldığımız məscidin yanına çatdım. Fikirləşdim, məscid məni bir az rahatladar. İçəri girmək istəyərkən içkili olduğum yadıma düşdü, utandım, amma məscid ab-havasında olmağı çox istəyirdim. Düşündüm, onsuz da bu vaxt məsciddə heç kim olmaz. Çəkinə-çəkinə xırda addımlarla məscidin həyətinə daxil oldum. Bir az irəliləyəndən sonra gördüm ki, həyətdəki oturacaqda ağsaqqal bir kişi oturub. Yanına yaxlaşıb salam verdim, başını qaldırıb:
- Hardasan? Neçə vaxtdır səni gözləyirdik, - dedi.
- Başa düşmədim, tanışıq? - təəccüblə soruşdum.
- Narahat olma, sənin pis vəziyyətdə olduğunu bilirik.
Belə danışdığını görüb:
- Aha, çox pisəm, günah bataqlığında boğuluram, ən sevdiyim dostlarımı itirmişəm, çox yorulmuşam, yaşamağa gücüm çatmır, artıq tövbə etmək istəyirəm, - deyə ağlamsındım.
Ağsaqqal başı ilə məscidin qapısını göstərib:
- Dərdinə çarə ordadır, - dedi.
- Axı içkiliyəm, olmaz.
- Sən keç, səni gözləyən biri var.
Məscidin qapısına qədər gəldik. Qapını açıb girdim. Ağsaqqal çöldə qaldı və qapı möhkəm bağlandı. Qorxub çölə çıxmaq istədim, qapını nə qədər açmağa çalışsam da, açılmadı. Arxadan kimsə səsləndi:
- Mehdi, buradayam.
Geri dönüb baxdıqda səccadədə oturan, üzü işıq kimi parıldayan nurani bir cavan oğlan gördüm. Arxası mənə tərəf idi. Yaxınlaşdıqca ürəyim həyəcandan əsirdi.
- Mən tövbə etməyə gəlmişəm.
- Bilirəm, Mehdi, sənə iki kitab verəcəyəm, hər zaman onları oxu, ibadətləri davam etdir. Allaha və insanlara qarşı biganə olma. Bunları hər kəsə məsləhət gör, bunlara əməl etsəniz, bir gün sizi tamamilə bütün sıxıntılardan qurtaramağa gələcəyəm.
Üzünü hələ də görə bilmirdim. Yaxınlaşıb:
- Adınız nədir? - soruşdum.
- Mənim adım Mehdidir.
Dönüb mənə baxdıqda onda eynilə öz simamı gördüm, qorxudan yerə yıxıldım.
Getdikcə uzaqlaşırdı, sadəcə bunları eşidirdim:
- Hamınızı görürəm, hamınız üçün dua edirəm, hamınızı çox istəyirəm, dediklərimi edin, bir gün gələcəyəm.
Huşumu itirdim.
Bir az vaxt keçmişdi.
Sonra eşitdim ki, kimsə çağırır:
- A bala, dur, nolub sənə, ay bala?
Özümə gələndə ağsaqqal bir dayı gördüm:
- Ay dayı, gecə məni niyə tək qoyub getdin? "Tövbə etmək istəyirəm", dedim sənə, qapını arxadan kilidlədin. O insan kim idi? Dedin, səni gözləyən var, çarən içəridədir.
Kişi təəccüblə dedi:
- Ay bala, nə danışırsan? Mən bir az olar, gəlmişəm, məscidin gözətçisiyəm, qapını açıq görüb girdim. Gecələr burada heç kim olmur.
Təəccüblü şəkildə:
- Başa düşdüm, - dedim, - Bəs yaxşı burada iki kitab olmalıdır, bilmirsən haradadır?
- Bala, onsuz da burada həmişə iki kitab olub. Kənd camaatı kasıbdır deyə kitabla təmin edə bilmirlər, amma deyiblər zəngin bir şəxs təmin edəcək. Gəl göstərim sənə - biri Qurani-Kərimdir, biri Nəhcül-Bəlağə. İstəyirsənsə, apar evində oxu, amma mütləq gətir.
- Maraqlıdır, əhali yoxsuldursa, bu kitabları kim alıb?
- İllər əvvəl məscidə gəlib-gedən üç imanlı cavan vardı. Onlar hədiyyə etmişdi. Onların həyatında bədbəxt hadisə baş verdi, avtomobil qəzası törətdilər. İkisi vəfat etdi, biri sağ qaldı. Sağ qalan sarsınıtya dözmədi, köçüb getdi buralardan. Mehdi, Mehdi... Dostlarını çox sevirdi. Nəysə, bala, sən namazını qıl, Allah qəbul etsin. Mən gedim, görüləsi işlərim var. Kitablar yaddan çıxmasın, oxuyandan sonra gətirərsən...