Edebiyyat.az » Proza » İki gözəl xanım: Viktoriya və Ruf

İki gözəl xanım: Viktoriya və Ruf

İki gözəl xanım: Viktoriya və Ruf
Proza
nemət
Müəllif:
11:48, 06 may 2019
1 946
0
İki gözəl xanım: Viktoriya və Ruf



 Siz hərdən sarayın yanında gəzişirsiniz, elə deyilmi? O zaman mən sizə baxaram, sizinlə salamlaşaram, mən  bundan artığını istəmirəm. Əgər mən sizinçün azca da olsa, dəyər kəsb edirəmsə, ürəyinizi bulandırmıramsa, mənə deyin... Mənə bu sevinci bəxş edin... Bilirsiniz, belə bir palma ağacı var, yelpik palması, bu ağac bütün həyatı boyu bir dəfə çiçək açır, ancaq yetmiş il yaşayır.

K.Hamsun – Viktoriya


 K.Hamsun “Viktoriya” romanında sevgini ali hiss kimi göstərməyə çalışır. Kapitalizm sevgiyə qalib gəlməsin deyə Viktoriyanı “öldürür”. Kasıb dəyirmançı oğlu Yohannes şahzadə Viktoriyanı sevsə də və   bu sevgi qarşılıqlı olsa da, xoşbəxt sonluqla bitməyəcəkdi. Bitməyə imkan verməzdilər. Kapitalizmə tabe olan ölkələrdə pulu çox olan insan ağadır. Kasıb isə quldur. Şah qulla necə evlənə bilər? 

 Yohannesin ürəyi təmizdir, o ağaclarla, quşlarla, güllərlə danışır. Dost olur. Təhsil almaq üçün şəhərə gedir. Çoxlu kitab oxuyur. Güclənir. Artıq mübarizə apara biləcək gücə malik olur. Həmyaşıdlarından çox kitab oxumasını Knut Hamsun xüsusi vurğulayır. Çünki göstərmək istəyir ki, ədalətsiz rejim ağıla qalib gəlir. Nə qədər ağıllı, yaraşıqlı, təmkinli olsan da varlı ailənin qızı sənin olmayacaq. 

 Bu əsəri Cek Londonun “Martin İden” romanı ilə eyni olduğunu deyirlər. Bu, səhv fikirdir. “Viktoriya” romanında Kapitalizm gəncləri və onların sevgisini məhv edir. “Martin İden” əsərində isə Ruf yaraşıqlı, ağıllı, düşüncəli sevgilisinə qovuşur. Lakin, Martin bunların iyrənc olduğunu görür. Əvvəllər onu yaxın buraxmayan ailə, indi onunla fəxr edir. Pulun, gücün hisslərə hakim kəsilməsi onu əsəbləşdirir. Martin anlayır ki, zirvə saydığı dağlar əslində çökəklikdir, dərədir. Buradan qurtulmaq mümkün deyil. Ona görə də intihar edir. Bu iki əsəri birləşdirib demək olar ki, sevənlər ədalətsiz rejimlərdə qovuşa bilmir, lap belə qovuşsa da, daxildə gedən proseslər düşüncəli insanı iyrəndirir. 

 İndiki zamana baxanda eyni prosesləri görürük. Lakin sevgilərin ucuzlaşdığı sezilir. Oğlan iki gün qızı bahalı restorana aparırsa, artıq qızın ürəyi yumşalır. Oğlanda xarakter, güc, ağıl, yaraşıq olmasa belə evililiyə razı olurlar. Və ya əksini götürək. Eyni nöqtəyə gəlib çıxırıq. İşləməyən insana yer üzündə yer yoxdur. Əslində belə olmalıdırmı? İşləyən insan özünə heç vaxt vaxt ayıra bilmir. Özünə dedikdə, təkcə xaric deyil, daxili aləmi də nəzərdə tuturam. Müdrikləşmir, böyümür, aliləşmir. Hər yerə tələsir, əsəbi olur, qışqırır və s. 

  Knut Hamsun bilərəkdən Viktoriya ilə Yohannesi ilk dəfə uşaq yaşlarında tanış edir. Yəni, göstərmək istəyir ki, o vaxt onların düşüncəsində pul, varlanmaq, kasıb və s. fikirlər ola bilməzdi. Sevgi olduğu kimi, təmənnasız verilən nemət kimi göstərilir. Müəllif romantizmin dibinə belə enir. Lakin, yenə də sonluq faciəli bitir...

 Cek London isə göstərməyə çalışır ki, Martin oxusa da, çalışsa da, enerji sərf edib aclığa qalib gəlmək üçün min bir əziyyət çəksə də heç bir xeyri olmur. “Oxuyun, yaxşı oxuyun” , “oxuyun, bəhrəsini görün” tipli tövsiyələri çox eşitmişik. Məndən olsa, məktəbdə bir çox dərsləri ləğvv edərdim və bir çoxunu yığcamlaşdırardım. On kiloqram çanta ilə dərsə gedən şagird əlbəttə ki, məktəbə nifrət edəcək.

  Dövr dəyişsə də mövzular aktual qalıb. Məsələn, Ruf indiki dövrdə yaşasaydı, mahiyyət eyni qalacaqdı. Dəyişən əşyalar və adlar olacaqdı. Vəssalam. Həmçinin Viktoriya da bu günləri görsəydi, bahalı restoranlara gedəcəkdi, son model İphone işlədəcəkdi. Martin isə həmin restoranların birində ofisiant olacaqdı. Sonra təhsil almaq üçün pul toplayacaqdı və gecələr kirayə qaldığı evdə kitablar oxuyub, şeirlər yazacaqdı...

 Dəyərli dostlar, heç bir rejimə tabe olmayın. Hisslərinizin izinə düşərək həmdəm axtarın. Sizi pula, statusa görə sevməyən, əksinə ağlınıza, dilinizə, ürəyinizə görə sevən bir kəsi tapın. 





Ctrl
Enter
ohv tapdınız?
Ctrl+Enter sıxıb bizə bildirin
Müzakirə (0)