Edebiyyat.az » Proza » Azər Qismət - VƏZİFƏ GÖZLƏNTİSİ

Azər Qismət - VƏZİFƏ GÖZLƏNTİSİ

Azər Qismət - VƏZİFƏ GÖZLƏNTİSİ
Proza
Necef Esgerzade
Müəllif:
16:39, 20 may 2019
1 598
0
Hava qaralırdı. O isə tank böyüklüyündəki av­to­mo­bili ilə tıxaca düşdüyündən salonda əsəbi hərəkətlər edir, bəzən sakit, bəzən gur səslə deyinirdi. O birilər kimi ba­şını pəncərədən çıxarıb tıxacın han­sı avtomobil sü­rücü­sü­nün günahı ucbatından yaran­dığını öyrənməyə çalış­mır­dı. Bəlkə böyür-başında ona vəzifə söz verənlərdən kimsə ge­dir? Qışqırar, həmin adam səbr­sizliyini və mə­dəniyy­ət­siz­­liyini “yuxarılara” çat­dırar­dı.
Yaşadığı binaya çatıb maşından endi. Ağır-ağır ala­qa­­pıya tərəf irəlilədi. Həyat yoldaşının qonşu qadınla söh­bət­ləşdiyini görəndə gözünü ağartdı ki, evə girsin:
  • Axı, sənə əlli dəfə demişəm ki, qonşularla söhbət etmə. Qadındır, bəlkə səndən mənlə bağlı söz almaq istə­yir? Bəlkə, elə onu kimsə bizə qonşu etdirib ki, görsün mə­nimlə ailəm necə adamıq? Buna vəzifə vermək olar, ya yox? Özün də görürsən ki, təzə qonşudur. Fərli-başlı adam ol­saydı gedib başqası ilə söhbət edərdi də, daha bit kimi yaxana niyə yapışırdı ki?
Oğlunun onu dəhlizdə qarşılamaması evin sahibini lap şübhələndirdi. Qalstukunu açmadan onun otağına girib qulağına pıçıldadı:
– Məni qarşılamağa niyə çıxmırsan? Yoxsa atanın düşmənləri səni də yoldan çıxarıblar?
– O müavinin oğlu var e… Zaur… onunla dalaş­mı­şam.
– Necə, necə?
– Günah məndə olmadı. Birdən-birə üstümə hücum çəkdi ki, dərsdə lövhənin qarşısında duranda niyə Malayziyanın paytaxtını ona pıçıldamamışam.
– Birinci sırada səndən başqa kimsə oturur?
– Hə. Köməkçinin oğlu.
– Amma o ancaq sənə hücum etdi. Payını verdin?
-Yox, özün demisən ki, kimsə vursa cavabını vermə. O da başıma 2-3 qapaz vurdu.
Arvadı onu şam yeməyinə çağırsa da, iştahası küs­dü. Lap dilxor olmuşdu. Masanın arxasında oturub qara çörəyi ağzına yaxınlaşdıra bilmədi, hirsindən siqaret od­layıb eyvana çıxdı. Hərgünkü düşüncələr serialı başlandı: “Əgər müavinin oğlu mənim oğluma Malayziyanın qotur pay­taxtına görə hücum çəkirsə, burda nəsə var. Bununla da məktəbə gedib o uşağa qulaqburması verib-ver­mə­yə­cə­yi­mi sınamaq istəyirlər. Görək bir uşağa görə o biri vali­deyni haqq-hesaba çağıracaq, ya yox? Yox, mən elə də asan sınan qoz deyiləm”. Həyətdə nərd oynayan kişilərdən bi­rinin başını qaldırıb onu eyvanda görməsi ilə ucadan “qon­­şu, düş nərd ataq” çağırması eyni vaxta düşdü.
  • Çox sağ olun… çox yorğunam e… oyunçu aparsın…
“Aşağı təbəqənin adamları ilə nərd atmağım yerinə düş­məz. Sonra yuxarılara xəbər çatdırarlar ki, nərd oy­na­yan­lara qoşulub. Bəlkə qonşu bloklarda da öz adamlarını yer­ləşdiriblər? Ola bilər”.
Zivədən asılan brend köynəklərini və zərli-qotazlı pərdə­ləri görəndə arvadına cinləndi. Mətbəxə keçib qula­ğı­na pıçıltı ilə qışqırdı. “Pıçıltılı qışqırığı” ancaq o edə bilər­di. Və son 8 ildə belə qışqırığa evdəkilər öyrəşmişdi.
  • Çöldə bahalı paltarlar asma. Allah bilir kamera ilə çək­­dilər. Sənə əlli dəfə demişəm ki, indi peykdən də istənilən ada­mı, eyvanıını çəkə bilirlər. Bu avamlığın məni öldürəcək də…
Yadına düşdü ki, dinləmə qurğuları ilə evin içindəki söhbətləri 500 metr, yaxud bir kilometrlik məsafədən eşitmək mümkündür. Hətta işdəki texniklərin birindən təsadüfən eşitmişdi ki, “indi xaricdə televizorların arxasına xüsusi çiplər yerləşdirib evdə baş verənləri izləyirlər”. Məhz bu səbəbdən televizorun qarşısında divanda ayaq­la­rı­nın hərəsini bir tərəfə atıb uzanmazdı. Xəbərlərə ağ köy­nək və qalstukla baxardı. Özü də kürsüdə oturaq halda. Ümumiy­­yətlə, soyuq qış günlərində qalın idman kostyu­mun­da, yayda şortidə televizor yerləşən otağa keçməzdi. Sev­diyi filmləri, tamaşaları yuxularında görərdi. Yalnız çarpayısına girəndə gecə paltarı geyinərdi, səhər açılanda isə ildırım sürətilə əynini dəyişərdi ki, bəlkə otağa quraş­dırıl­mış kamera varsa, bunu çəkməyə macal tapmasın. İndi mət­bəxdə arvadına qışqıranda bütün bunlar yadına düş­dü­yün­dən, dəftərdən bir vərəq cırıb aşağıdakı sözləri yazdı: “Əlli dəfə demişəm ki, zivədən bahalı paltarlar asma. Son”. Arvadı da ona kağıza yazmaqla cavab verdi: “Bəs, har­dan asım? Gözümə soxum? Son”. Kişi yenidən cavab yazdı: “Dilin uzanıb a… O gün dedim ki, mətbəxdən ip çək or­dan as. Son”. Arvadı da ərinin uzatdığı vərəqə yarpaq dol­masının yağına batan əlini önlüyünə silə-silə son cümləni yazdı: “Mətbəxdən assam, paltarların suyu buranı gölməçəyə çevirəcək. Qayıq alarsan üzərik. Son”.
O, səkkiz ildə yediyi qayğanağa istiot tökməzdi ki, bo­ğazı qıcıqlanıb öskürər, sonra xəstəliyini bəhanə edib vəzifəyə aparmazlar. Soyuq pivə içməzdi ki, ayaqyoluna tez-tez gedər, “böyrəkləri xəstədir” deyib vəzifəyə yaxın buraxmazlar. İt-pişik saxlamazdı ki, deyərlər üstündə bit gəzdirir. Bahalı kostyumlarını dolabdan asıb ən nim­daş­larını geyinər, rəhmətlik atasından qalmış qalstukları ta­xardı ki, “vəzifəyə gətirilsə el malına xor baxmaz” dü­şünsün­lər. Dibçək güllərini pəncərə ağzına yığmazdı, hava qaral­mamış çöldə qalmazdı, səkkiz ildə nərdin, do­mi­no­nun dadını-tamını unutmuşdu, hətta birinci mərtəbədə ya­şa­yan sərxoşun atmacalarına dözməyə məcbur idi. Bəlkə əsəb­lərinin hansı həddə olmasını yoxlayırlar?!
  • Salam alə. Taxtabaş, sənünlə döyləm?
İndi yox. Vəzifəyə təyin olunan günün səhərisi bu sə­r­xoşun ağzının üstünə tərs şapalaq çəkəcəyinə and iç­miş­di. Oğlunun başına qapaz salanın atasının başına qapaz sa­la­cağına da söz vermişdi. O andlar və vədlər siyahısında zivə­­dən bahalı paltarlar asacağı, həyətə düşüb nərd çırpacağı, üs­tə­lik televizorun qarşısına matador paltarında uzanacağı da vardı.
Hətta mobil telefonuna gələn tanımadığı zənglərə də cavab verməzdi. Nəfəsini içinə salıb “1-2-3” deyər və hə­lim səslə:
  • Həsənzadə eşidir… Xanım, nə buyurursuz? Yox, bura hamam deyil… Ola bilsin ki, nömrəni səhv yığmısız.
Yaxud, hərdən danışıq belə də olurdu:
  • Mənə deyirsiz balqabaq?.. Oğlum, nömrəni səhv yığmısız… Necə? Gecə zəng edib mənə “ütülənmiş çöl ör­dəyi” deyəcəksiz?.. Nəzakət qaydalarına əməl etmək la­zım­­dır… Mənəm uzunqulaq? Hörmətinizə görə təşəkkür edirəm.
Əlbəttə, ona gecə zəng edib ağızlarından çıxanı de­yən­lə­rə, uğunub gülüşənlərə vəzifə gözləyən kişi səbrlə ya­naşır­dı:­ “Bunlar hamısı vəzifəyə yeni təyinatımdan əvvəlki sı­naq testləridir”.
Müavinin dəhliz boyu qaçaraq özünü onun ka­bine­tinə salıb loo xəbəri çatdırması rəisi təəccübləndirdi:
  • İşdən çıxarıblar? Nə vaxt?.. Bu gün?.. Nə yaxşı.
“Bəlkə, elə onun yerinə təyin edəcəklər? Onda ka­bi­net­də oturmağım gərəkdir”, – deyə düşündü.
O, kabinetdə üç gün oturub saatlarla gözlədi. Müa­vi­ni yemək alıb verir, o da üç dəqiqəyə yeyirdi ki, birdən yu­xarıdan zəng gəlsə udqunmasın, gəyirməsin, bunu ədəb­siz­lik hesab edib hirslənməsinlər. Hər gələn zəngə dik­sin­mək­dən kreslosu ox atan kirpiyə dönmüşdü, böyrünü de­şirdi.
– Bəli, buyurun eşidirəm… Yox, siz başqa şöbəyə zəng etməlisiz.
– Həsənzadə eşidir… Evə çörək alım? Oldu, həyat yol­da­şım… Əlbəttə, bir ailə sahibi olaraq çörək almaq mə­nim bor­cum­dur. Və sizin ac-yalavac qalmamağınız üçün bu­nu et­mə­li­yəm.
Arvadı ilə dişlərini sıxaraq mədəni danışmağa məc­bur idi. Telefonuna qulaq asıldığını zənn etdiyindən ona ya “eşqim”, ya “uşaqlarımın anası”, ya da “mənim sev­gim” deyirdi. Qoy görsünlər ki, ailə dəyərini bilən şəxs və­zi­fə dəyərini də biləcək.
Üç gündən sonra həmin vəzifəyə başqa adamın tə­yi­na­tın­dan sonra adi qaydada otağından çıxıb şöbələri gəzdi, tap­şırıqları telefonla yox, üzbəüz verdi, naharı bufetdə et­di, daha evə gecə getmədi.
Düz səkkiz il idi ki, otağından çıxanda işıqları yanılı qo­yardı ki, bayırdan keçənlər hələ də işlədiyini güman et­sinlər, “bu kişinin gecəsi-gündüzü yoxdur” desinlər. Bu il­lər ərzində facebookda da şəxsi fikirlərini yazmaqdan, lə­tifə­lər paylaşmaqdan, sevinc və kədərini bölüşməkdən məh­rum olmuşdu. Birgə qonaqlıqlara, pikniklərə gedən, otaq­da tort kəsən, bir-birilə zarafatlaşan əməkdaşlarına hə­səd aparar, qaxıldığı kabinetində az qalardı ürəyi partlasın. Heç olmasa metroya minib sadə vətəndaş kimi o kəskin qo­xuları ciyərinə çəksəydi, bir “qol” sevinci ilə stadionda qış­qırıb günəbaxan tumu çırtlasaydı, əlini oğlunun kü­rə­yi­nə qoyub təbiətin qoynuna çıxsaydı, həyat yoldaşına nü­ma­yişkaranə şəkildə bahalı ətirlər alıb, qoluna qızıl saat tax­saydı, satıcı qızlarla zarafatlaşıb hələ də gənclik ru­hun­da olduğunu göstərib lovğalansaydı, dəniz sahilində şortla gəzi­şib özünü quma basdırsaydı, paraşütlə tullanıb içini sil­kələtsəydi – o, bütün bunlardan məhrum idi. Daha doğ­ru­su, özünü bütün bunlardan məhrum etmişdi. Sosial şə­bəkə­də yalnız klassik musiqilər paylaşar, profilindəki cid­di görkəmli şəklini dəyişməz, yazılan rəylərə fikir bildirməzdi. Hesab edərdi ki, onun ciddi şəxs olduğunu tam yəqinləşdirib vəzifə təyinatında bir qərara gələcəklər. Şö­bəyə yenicə işə düzələn qəşəng qıza da gözlərinin ucu ilə baxmazdı. Qızdan ötəri əriyib getsə də, düşünərdi ki, gö­zəl­çəni təlimatlandırıb bura qəsdən göndəriblər.
– Sizin otağa tez-tez gələndə narahat olmursuz ki? Sa­­­dəcə, işə yenicə girmişəm, tanış olmadığım məsələlər var.
– Xanım, hər hansı məsələ ilə bağlı istənilən sualı ünvanlaya bilərsiz.
Saçını daim vurdurar, boynunun ardında bir santi­metr də tükün bitməsinə imkan verməzdi. Üzünü təraş edən­­dən sonra yanağına azacıq pudra sürtərdi ki, turp kimi qır­mızılığı gözə girməsin. Deyərlər ki, “darı yeyib cən­nət­dən çıxan siçanlara bənzəyir”. Uzun illərdən sonra tələbə yol­daşının zəngi onu fikirlərdən ayıltdı:
– Ay sənin səsini eşidək…
– Alo, kimdir danışan?
– Bəhramdır, tələbə yoldaşın… Əə, zırrama, səsimi ta­nı­madın? Deməli belə. Sabah “Çarli” barında diskoteka ola­caq. Sənə də yer tutmuşuq, gələrsən dərdləşərik. Neçə il­dən son­ra sifətini də görərəm.
– Bağışlayın, mən elə yerlərə getmirəm. Bara getmək əqidəmlə uyğun gəlmir.
– A kişi, sən kimlə danışırsan? Bambılılıq eləmə, Bəh­ramdır e sənlə danışan. Hərdən başına qapazlayan Bəh­ram.
– Üzr istəyirəm, məncə siz nə ailədə, nə də orta mək­təb­də nəzakət qaydalarını tam mənimsəməmisiniz. Nə vaxt bunları öyrənsəz, onda da zəng edərsiz.
-Yaxşı da… mırt tutma. Gör neçə ildir ki, səni gör­mü­rəm. Moskvadan təzə gəlmişəm. Bir həftəyə gedirəm. Gəl, bar­­da görüşək, Ənvər, Vaqif, Əhliman, Mirzəmməd, Araz və Salman da orda olacaqlar. Krevetkayla pivə içərik. Axır­da da cavanlara qoşulub rəqs edərik. Maraqlı olacaq e.
– Bəhram müəllim, mən işləməliyəm. İşin gedişatını şəxsi əyləncəyə qurban vermək olmaz. Anlayırsız?
Dəstəyin o biri başından ağır fısıltı eşidildi. Gərgin sü­kut bu sözlərlə tamamlandı:
  • Ətin tökülsün, – deyə tələbə yoldaşı telefonu qapadı.
“Görəsən, bu otaqda gizli kamera quraşdırmayıblar?”. Kres­losundan qalxıb otağın bütün künclərinə nəzər saldı. Bir ay əvvəl xadimənin adəti üzrə otağı 15 dəqiqəyə deyil, yarım saata təmizləməsini indi anladı. Düşündü ki, xadimə təlimata uyğun qaydada kameranı haradasa quraşdırıb. Eynəyini az qala gözünün ağına soxmaqla güldanın içinə-çölünə dəfələrlə baxdı. Ayağının altına kürsü qoyub barmaqlarını divara vurulan geniş ölçülü televizorun ekranına sürtdü, boylanıb arxa hissəsinə gözlərini zillədi. Çöməlib masanın altına nəzər saldı. Hətta pərdələrin uclarını da yellətdi ki, kamera yerə düşsün. “Görünür, o kamera gözəgörün­məz­dir” düşünərək yenidən kreslosuna əyləşib əlini çənəsinə da­yadı. Səkkiz il ərzində xeyir işlərə gedib sağlıq de­mək­dən, yas məclisində “salavat” çevirməkdən imtina etmişdi. Və­zifə gözləntisinə dözəcəkdi, əzabla, dişi-dırnağı ilə çı­xa­caqdı o hündür divara, qalxacaqdı o hündür nərdivanı…
…“Çarli” barı rəngbərəng işıqlardan az qalırdı od tutub alovlansın. Gənclərin əcnəbi musiqilərə dəli kimi oynamaları barın sağ tərəfindəki masada əyləşən yeddi nəfərin eyninə də de­yildi. Həmin yeddi nəfər qışqıra-qışqıra danışır, estrada mu­si­­qisinin gur səsindən bir-birinin qulağına bağırır, parçlardakı pivələrə duz tökür, kimi köpükləri üfürür, kimi başına çəkib yaxınlıqdakı ofisiant oğlanın köynəyindən dartır­­dı ki, birini də gətirsin. İstilənənlər tərlərini silir, qəh­qəhə çək­mək­dən ağızlar qulaqlara tərəf uzanır, tələ­bəlik illərinin xatirə­ləri qurtarmaq bilmirdi ki, bilmirdi. Bir­dən musiqi kəsildi, mikro­fondan səs eşidildi:
  • Mənim tələbə yoldaşım, neçə illər üzünü gör­mə­diyim Bəh­ramın şərəfinə bir “Qoçəli” rəqsi.
Yeddi nəfər səs gələn tərəfə qanrıldı. Və gənclərin sağa-sola çəkilərək yaratdıqları dəhlizi gördülər. O, dəhliz­dən Həsənzadə gəlirdi, özü də süzə-süzə. Qoluyla Bəhramı və o biri uşaqları mərkəzə – oynamağa dəvət edirdi.
Bir neçə dəqiqədən sonra tələbə yoldaşları mərkəzdə əməlli-başlı həngamə çıxardılar. Nisbətən yaşlı kişilərin ca­van­la­rın əhatəsndə oynaması qəribə görünsə də, bu mən­zərə bar­da­kı müştəriləri güldürmür, əksinə sevindirirdi ki, onlar müa­sirdirlər. Gənclər də qoşulub milli rəqsləri oy­na­mağa girişdilər.
Həsənzadə gah oynaya-oynaya fırlanır, gah da dizini ye­rə qoyub əl çalır, gah da qollarının ilanvari hərəkətləri ilə rəq­sin incəliklərinə dərindən yiyələndiyini sübut etməyə ça­lışırdı. Bəhram ucadan qışqırdı:
– Səndən küsmüşəm. Oynamağımıza baxma, daha sən­lə danışmayacam.
– Dünən telefondakı danışığıma görə? Əşi, fikir vermə.
– Doğrudan, o nə məsələ idi?
– Düz 8 il əvvəl mənə dedilər ki, yüksək vəzifəyə təyin edilə­cəm, vaxtımı gözləyim. Mən də düz 8 il gözlədim. Dü­nən hər şeydən bezdim, getdim həmin adamın yanına. De­dim “axı, səkkiz ildir ki, gözləyirəm”. Gözlərini təəc­cüb­lə döyüb dedi ki, “bəs bilmirsiz?”. Soruşdum “nəyi?” De­di ki, “və­zi­fəyə təyin olunacağınızla bağlı sizə etdiyim zəng­dən üç gün sonra belə məsləhət görüldü ki, “vəzifə sizə yox, başqasına veril­sin”. Bu barədə qərarı sizə çat­dır­ma­ğı kömək­çi­mə tap­şırmış­dım. Vay, vay… İndi bura gəl­mə­yinizdən an­la­dım ki, köməkçim məsuliyyətsizlik edib. Bu illər ərzində siz də ümidlə gözləmisiz. Nə pis oldu”. O ada­mın otağından çıxanda qalstukumu çıxarıb hara gəldi to­lazladım, küçənin o biri başındakı kafeyə girib duzlu xi­yar­la 200 qramı elə ayaqüstü aşırdım. Sonra tələsik bura qaç­dım.
  
Ctrl
Enter
ohv tapdınız?
Ctrl+Enter sıxıb bizə bildirin
Müzakirə (0)