Ülviyyə Tahir - Mətnin zamansızlığı və ya ədəbiyyatın missiyası
Proza
Ülviyyə Tahir - Mətnin zamansızlığı və ya ədəbiyyatın missiyası
Yaponiyalı filosof Suzuki sözlərin bizim daxili çırpıntılarımızı ifadə etməkdə acizliyini vurğulayıb. Suzuki ilə razılaşmaya bilmirəm. Sözlər bu baxımdan onlara həvalə olunmuşdan daha çoxunu çatdırmaqda məsuliyyət daşıyırlar. Bunu oxucu necə anlayır, necə tutur? Bu artıq sözlərə və oxucuya qalmış məsələdir. Biz yazıçılar dediklərimizdən daha çox demədiklərimizdə gizliyik. Bu zaman ədəbi mətnçiliyə yozum gəlir ki, bu da bəzən heç də ədəbiyyat adamları üçün yaxşı nəticələnməyib. Repressiya illərini buna nümunə göstərmək olar. Amma mövzumuz bu olmadığına görə üzərində çox dayanmayacam.
Sözlər və onlardan hörülmüş cümlələr. Çümlələrin can verdiyi mətnlər. Mətnlərin canlı varlıq kimi vahidləşdiyi ədəbi mətnlər. Bu ədəbi mətnlər haradan qaynaqlanır? İnsan onları yaratmağa niyə ehtiyac duyur? Xüsusilə, yazıçılar niyə iz itirirlər? Zamanı niyə aydın ifadə etmək istəmirlər?
Arada oxucularla görüşəndə özümü tənha bir adada butulkaya məktub qoyub dənizə atmış və xilas olunmağı gözləyən dənizçi kimi hiss edirəm. Məktub ünvana çatıb və adam (oxucu) adaya gəlib. Dənizçiyə (mənə) ilk sualı bu adada nə gəzirəm olmur. Bura necə düşmüşəm və məktubu nə zaman yazmışam da olmur. Məktubda vaqiə olan hadisənin ardınca gəlib. Bu anda mətn öz zamansızlığında qərq olur. Eyni ilə İtalo Kalvinonun[1] dediyi kimi: “Bir kral xəstələnmişdi. Həkimlər krala bildirirlər ki, onun dərdinə dərman qulyabanı tüküdür. Kral çox adama soraq salır. Heç kim qorxulu qulyabanı ilə qarşılaşmaq istəmir. Nəhayət krala sadiq xidmətçilərdən biri ora getməyə razılıq verir. Ona yolu göstərirlər: “Bir dağın təpəsində yeddi çuxur var. Yeddi çüxurun birində qulyabanı yaşayır” Bu zaman söhbətin hansı kraldan getdiyi, qulyabanın yerinin necə müəyyən olunduğu açıqlanmır”.
Ya da Qreqor Samsanın[2] böcəyə çevrildiyini görən oxucu normal həyatda onun öncəki gün nə yediyi ilə maraqlanardı. Amma Kafka bunu yazmamışdı. Bizim üçün hadisə Samsanın çevrilməsindən ibarətdir.
Mətnçiliyin bir başqa yönü uşaq nağıllarıdır. Bu barədə bizə Amerikalı nəzəriyyəçi Rocer Şank qəribə bir təcrübə aparıb. O, 3 yaşlı uşaq bir mətni oxuduqdan sonra ona suallar verir. Mətn təxminən belədir: “Con Marini sevir, amma Mari onunla evlənmək istəmir. Bir gün bir əjdaha Marini qaladan qaçırdır. Con da atına minib əjdahanı öldürür və onu xilas edir. Mari də onunla evlənməyi qəbul edir. Sonra xöşbəxt ömür sürürlər”.
Rocer uşağa bu əhvalatla bağlı suallar verir:
-Con əjdahanı niyə öldürdü?
-Çünki pis idi.
-Niyə pis idi?
-Conu yaralamışdı
-Onu necə yaralamışdı.
-Bəlkə də onun üzərinə alov püskürtmüşdü.
-Niyə Mari ona ərə getməyi qəbul edir?
-Mari onu çox sevirdi, Con da onunla evlənməyi çox istəyirdi.
-Bəs niyə Mari əvvəlcədən onunla evənmək istəmədi. Gərək onu əjdaha qaçırdaydı, ondan sonra?
-Bu çox çətin sualdır”.
Bəli, uşaq haqlıdır. Bu çətin sualdır. Çünki uşağın bildiyi anlayışların arasında əjdahanın ağzından alov püskürtməsi var, amma insanların minnətdarlıq və ya heyranlıq duyğusu ilə evlənə bilmə məvfumu yoxdur. Eyni ilə bunu oxucunun üzərinə sinxronizasiya etsək onların da lügətində Samsanın hansı zaman çevrilməsi, nə yediyi və ya zəhərləndiyi an yoxdur. Ondan sonra hislər və həyəcanlar var.
Son illərdə film sektorunda da zamanın itməsi daha qabarıqdır. Xüsusilə Çin kinomatoqrafiyasında bu özünü büruzə verir. Bizə yaxın misal versək “Stalker” buna əla nümunədir. Andrey Tarkovskinin şah əsərlərindən hesab olunan bu filmdə təsvir olan zonada zaman azaddır. Oradakı zaman idarə olunan deyil. Uzlaşmasi yoxdur. Rejissor bu zamanı təslim etməyin yeganə yolunu (arzulara çatmaq kimi ifadə olunur orada) ruhun kövrəkliyini irəli sürür. Bunu da filmin sonunda qadınların və uşaqların ruhi qüvvəsinə işarə vuraraq çatdırır. İlahi mətnlərə də baxsaq bizə zamanın verilmədiyini görərik. O mətnlərdə zamandan xalidir. Tanrı bizə qissə danışır, amma zaman vermir. Əsas sterotip burada hadisənin özüdür və verdiyi mesajdır. O anlamda hansısa mətni yozumçuluğa məruz qoysaq və zamanını aramağa cəhd etsək onda əlimizdə heç nə qalmır.
Eyni nüansı son illərin İran ədəbiyyatından oxuduğum iki yazıçıda da müşahidə etdim. Mustafa Məstur və Fəriba Vəfi. Bütün roman boyunca insanı sürükləyən ali insanı problemlər və suallar. Orada qətiyyən filan ayın tarixi və ya maşınıma götürdüyüm əxlaqsız qadın mənə “Tanrının ay üzündən öp”[3] dediyi deyilmir. Ya da filanıncı gün sərxoş mənə ölümün əslində bir qorxuluq olduğunu söylədi. Mən o anda sərçə[4] olmadığımı dərk etdim. Bu an bizə dərk çatdırılır. Eyni intihara gedən insana gilas dadının xatırladılması[5] ya da Əhmədin[6] dəftəri-əmanəti sinif yoldaşına çatdırmaqdan ötrü etdiyi cəhdlər bizə gözəlliyin təqdimidir. Onun hans zamanda baş verməsi maraqlı deyil. Bu halda ədəbi mətnçiliyin bizə deyə bilmədiyi sözlər daha çoxdur. Eyni ilə musiqi və şeir kimi…
Burada oxucu haqlı olaraq bunun haradan qaynaqlandığını sual edə bilər. Ümumiyyətlə zaman anlayışı necə meydana çıxır və insan onu necə hiss edir? Bizim üçün zaman anlayışı elə ədəbiyyatda olduğu kimidir. Biz hadisələrin hansı zamanda cərəyan etməsindən daha çox bizim üçün təsirindən danışarıq. Bizim üçün xatirələr, dəqiq zaman və məkanlardan önəmlidir. Bu zaman insan zamansızlığa-xatirələrin cənginə özünü təslim edir. Ədəbiyyat məhz bu xatirələrin insan ruhu və düşüncəsi ilə sintezidir. Biz orda həm Əhməd[7], həm Cahandar ağa[8], həm Sakit Don[9], həm də şaxtada soyuqdan inildəyən və bir tikə kolbasaya aldanıb gedən Şarikik[10]
[1] İtaliyalı yazar və ədəbiyyatşünas
[2] Kafka “Çevrilmə”
[3] Mustafa Məstur “Tanrının Ay Üzündən Öp”
[4] Mustafa Məstur “Mən Sərçə Deyiləm”
[5] “Gilas Dadı” film.
[6] “Dostun Evi Hardadır?” film
[7] “Dostun Evi Hardadır?”
[8] İsmayıl Şıxlı “Dəli Kür”
[9] Şoloxov “Sakit Don”
[10] M. Bulqakov “ İt Ürəyi”
Mövzuya uyğun linklər:
Həmçinin oxuyun:
Yusif Səmədoğlu - Güllər
Vladimir Nabokov Dostoyevski haqqında
Mario Varqas Lyosa - Ədəbiyyatsız Dünya
Maral Yaqubova - Bədii ədəbiyyatda məkan anlayışı (interdisiplinar yanaşma)
GÜLNAR ƏHMƏD - TANRININ MÜHAKİMƏSİ
Azad Qaradərəli - ERMƏNİ DOKTORUN GÜNDƏLİYİ VƏ QARABAĞIN QARA HEKAYƏTLƏRİ (romandan parça)