Edebiyyat.az » Proza » A. Düma Şamaxı haqqında yazır...

A. Düma Şamaxı haqqında yazır...

A. Düma Şamaxı haqqında yazır...
Proza
nemət
Müəllif:
18:29, 12 fevral 2019
1 873
0
A. Düma Şamaxı haqqında yazır...






Şəhər iki hissəyə – yuxarı və aşağı tərəfə ayrılır.
Çox az şəhər Şamaxı qədər fəlakətə məruz qalır. Şəhərin aşağı hissəsində ilin üç ayı qızdırma xəstəliyi baş alıb gedir, camaat qızdırmadan qırılır. Yuxarıya, dağa tərəf qalxdıqca xəstəlik azalır. Ancaq burada da əhali zəlzələlərdən yaxasını qurtara bilmir. Şamaxı hər gün sabahından nagüman oyanır. Qızdırma ilə zəlzələ arasındakı fərq ondan ibarətdir ki, qızdırma hərdənbir ara verir, zəlzələnin isə demək olar ki, ardı-arası kəsilmir. Şamaxının əsas düşməni yalnız qızdırma və zəlzələ deyil, burada bu iki bəladan da qorxulu adamlar vardır. Vaxtilə Şamaxı zəngin Şirvan xanlığının paytaxtı olub. Bu xanlıq hər il milyonlarla gəlir gətirirmiş. Hazırda şəhərin əhalisi on min nəfərdir, əvvəllər isə
burada yüz minə qədər əhali yaşayırdı.

   Əlcəzair şəhəri ətrafında məskunlaşmış tayfalar arasında hamının alim, bilici kimi tanıdığı Əl-Mokranidən bir gün xəbər aldım:

– Qranitdən və tuncdan tikilmiş qədim, məşhur şəhərlər olan Suz, Perse-
polis, Babil, Memfis, Balbek və Palmir haqda heç eşitmisənmi?

– Çadırımı dartıb saxlayan bu ip, adi kəndirdən başqa bir şey deyildir, – o
mənə cavab verdi, – amma bu ip o dediyin şəhərlərdən daha uzunömürlüdür;
mənim onlar haqda bildiyim bundan ibarətdir.
 Mənim sualıma bundan yaxşı cavab vermək qeyri-mümkündür; bu, at üstündə keçən köçəri həyatının dili ilə oturaq həyatın təsviri idi.


   Volter özünün “Böyük Pyotrun tarixi” əsərində ortabab bir tarixçinin məlumatlarına əsaslanaraq iddia edir ki, Şamaxı Midiyanın qədim paytaxtı,
midiyalılara qalib gəlib İranı müstəqilliyə çıxaran Kirin – Mandana ilə Kambizin oğlunun iqamətgahı olmuşdur. Kir midiyalıları məcbur etmişdir ki, onu şah elan etsinlər; Kimbredə Krezin qoşununu darmadağın etmiş, Sardı və bütün Kiçik Asiyanı ələ keçirmiş, Fərata qayıdarkən Babili işğal etmişdir və doğma dayısı Kiaksarın varisi elan olunduqdan sonra elə qüdrətli olmuşdur ki, əshabələri onu “şahənşah” adlandırdılar. Məhz həmin vaxtlar o, Babili, Suriyanı, Midiyanı, Kiçik Asiyanı və İranı öz imperiyasına tabe etmişdi. Bəs bu fatehin aqibəti necə öldü? Bu nəhəng necə qeybə çəkildi?
   Ksenofont deyir ki, o lap ahıl yaşlarında öz övladlarının qollarında dünyasını dəyişdi. Herodotsa bunun əksini deyir; tarixin atası, təmsilin banisi deyir ki, Kir massagetlərin kraliçası Tomrisin torpaqlarına hücum edib onun oğlunu öldürür və onun tabeliyində olan dövlətləri zəbt etmək üçün yürüşə başlayır; lakin bu vaxt o, Tomrisə əsir düşür və nəticədə, oğlunu itirmiş ananın qəzəbinə düçar olur – Tomris antik əfsanələrdəki Nemezida kimi, Kirin başını kəsdirib qanla dolu bir ləyənə ataraq deyir:

– Ömrün boyu axıtdığın qandan istədiyin qədər iç, qoy gözün doysun!
Əgər qədim tarixçilərin adını Kür çayına verdikləri Kir haqqında həqiqət
doğrudan da budursa, onda bu tarixi fakt Volterin əsərinin xeyrinədir.

   “Fəlsəfə lüğəti”nin müəllifindən daha çox alim kimi şöhrət qazanan Danvil məsələyə Herodotdan daha subyektiv yanaşaraq qeyd edir ki, yerləşdiyi coğrafi əraziyə görə və yerli azərbaycanlıların tələffüzündə Şamaxı kimi səslənən yeri Şumakan kimi qəbul etsək, bura elə Ptolomeyin qədim Mamaşiya adlandırdığı yerdir. Oleari 1645-ci ildə məşhur Holşteyn səfirliyinin nümayəndəsi kimi burada olmuşdur; həmin bu səfirliyin katibi bütün gecəni çaqqalların qorxusundan bir ağacın üstündə keçirdiyindən dəli olmuşdu. O vaxtlar Şamaxı çiçəklənmə dövrünü yaşayırdı. Ticarət yollarının kəsişdiyi bu şəhər şərqi, qərbi, cənubu birləşdirən bir nöqtə idi. Ancaq əfsus ki, günlərin birində toqquşma zamanı şamaxılılar rus tacirlərini qətlə yetirirlər. Bu isə Rusiya ilə İran arasında müharibə üçün bir bəhanə olur; Böyük Pyotr Şamaxıya hücum edib ələ keçirir, şəhəri və onun ətrafını xarabazara çevirir.

Sonra çəkişmələr davam edir və buna İran özü bais olur. Vətəndaş
müharibələri, taun xəstəliyi, süquta uğrayan imperiya vətəndaşlarının dağıdılmış şəhərlərdə öz hüquqları uğrunda apardığı mübarizələr nəticəsində 1815-1816-cı illərdə bu çiçəklənən və qədim diyarda təxminən iyirmi beş-otuz min əhali qalmışdı.

Tez-tez baş verən zəlzələlərdən, amansız xəstəlikdən əhalinin sürət-
lə azaldığını görən sonuncu Şamaxı xanı şəhərin yerdə qalan iyirmi beş-otuz min əhalisini yaşadığı xarabalıqları tərk etməyə və onunla birlikdə Fit qalasına köçməyə məcbur etdi; xanın fikrincə, qartal yuvasına bənzəyən bu qalada artıq heç bir xəstəlik, ya da yuxarıda qeyd etdiyimiz düşmənlər onlara zərər yetirə bilməz. Şəhər tamamilə boşaldı, küçələrdə həyatdan əsər-əlamət qalmadı. 1817-ci
ildə cəngavər Qamba bura gələndə Böyük Pyotrun hücumuna şahid olan yüz min nəfər şəhər əhlindən biri də qalmamışdı: bütün camaatın boş, kimsəsiz qalmış ev-eşiyində çaqqallar ulaşırdı. Qamba burada dörd franka bir qoç alıb kəsib yemişdi; bu qoçu da şəhərdən səkkiz verst məsafədə bir kənddən birtəhər tapıb gətirmişdilər. Ancaq Şamaxı xanı hətta Fit qalasına çəkildikdən sonra da Rusiyanı narahat etdiyindən, 1819-cu ilin sonlarında Rusiyaya qarşı gizli ittifaqda günahlandırılır və general Yermolov tərəfindən Tiflisə çağırılır. Bunun xan adına hörmətsizlik
kimi qiymətləndirdiyindənmi, yaxud həqiqətən vicdanının o qədər də təmiz olmadığını bildiyindənmi, Şamaxı xanı xanlığı, qalasını və təbəələrini ruslara qoyaraq İrana mühacirət edir. General Yermolov qalan otuz-otuz beş min nəfər Şamaxı əhalisinin kimsəsiz şəhərdə yenidən məskunlaşmasına icazə verir. Köçkün karvanı yenidən öz doğma yurd-yuvasına geri dönür. Salamat qalmış evlər yenidən sakinlər tərəfindən tutulur. Dağılmış evlər isə elə olduğu kimi də qalır.
Ctrl
Enter
ohv tapdınız?
Ctrl+Enter sıxıb bizə bildirin
Müzakirə (0)