Edebiyyat.az » Proza » Elxanın monoloqu

Elxanın monoloqu

Elxanın monoloqu
Proza
Necef Esgerzade
Müəllif:
13:09, 29 sentyabr 2019
1 700
0
Aqşin. Elxan, əziz qardaşım, təslim ol! Sizin üzərinizə yanlız Ərəbistan ərəbləri deyil, başlıca olaraq, ana Türküstanın göy monqolları yürüyürlər.

Bütün silahdaşların təslim oldu.

Sənin qüvvətindən istifadə ilə baş qaldırmış Şirvan şəhriyarlığı da, artıq xəlifənin hakimiyyətini təsdiq edib boyun əydi. Bax, iyirmi ildən bəri dinsizlik yuvası olan üsyan mərkəzi Xürrəm amansız odların bağrında quru çubuqlar kimi yanır.

Sənin ayaqlar altında tapdanmış, qırılmış bayrağın, budur, mənim əlimdədir. Artıq hər şey bitmişdir. Yetər, qardaşım, əl çək dinsizlikdən.
 
Dünyanı qanunsuzluqla idarə etmək olmaz. Gəl ,bir olan Allahın doğru yoluna, deyinən La ilahə illəllah! Sən amandasan. Əmirəlmöminin xəlifə sənə böyük lütflər və mənsəblər vəd edir.

Elxan. Aqşin, mən güclülər mərhəmətinə tapınan, hakimlər tapdağında sürünən qarışqalardan deyiləm.

Mən, qan soran allahlara, sümük gəmirən tanrılara baş əymirəm. Bu sözləri sən mənim cənazəmə deyə bilərsən. Mən sağ ikən təslim olmaram. Mən hələ ölməməmişəm, mən hələ çarpışacağam.

Aqşin. Qoy bütün dünya bilsin ki, mən bir olan Allahın yolunda, böyük islam dini uğrunda, öz qardaşıma qarşı silah qaldırıb onu öz əlimlə həlak edəcəyəm.

Elxan. Qoy bütün tarix, qoy bütün gələcək azad bəşəriyyət bilsin ki, öz böyük əməlim uğrunda, öz doğma qardaşıma qarşı, mən də silahsız deyiləm.

Əsgərlər və Aqşin Elxanın üzərinə atılırlar.

Elxan. Solmaz. Artıq tale səni məndən həmişəlik ayırır.

 Solmaz.
Yox, mən səndən ayrılmaram.

Elxan. Solmaz, sönən həyatımın batan günəşi! Acınma, həyat çox bilinməzdir. Qılınc və zəncir dünyası çox yaşaya bilməz. Sən sabah başqası üçün doğa bilərsən. Lakin mən əbədilik gedirəm.

Aqşin. Yetər, yetər, artıq ayrılın!

Solmaz. Yox, yox, mən sağ ikən ondan ayrılmaram.

Aqşin. Əmirəlmöminin xəlifəsinin iradəsinə qarşı bir zihəyat dura bilməz. Ayrılın!

Rəbi. İnsan gücə tabedir. Ayrılın!

Qılıncını çəkib ikisinin ortasında çalır. Elxan əllərilə qılıncı tutmaq istərkən, Aqşin Elxanı, Rəbi də Solmazı tutub ayırırlar.

Solmaz. Ayrılmaram, ayrılmaram, buraxın, mən onsuz yaşamaq istəmirəm. (Çırpınır).

Elxan. Bəli, mızraq- səadət dünyasının bayquşudur. Olsun, olsun!

Aqşin. Elxan, zavallı qardaşım, sən igidsən, bu halın məni acıdır. Heç olmazsa, mənə, mənə acı. Mən gəlirkən qılıncımı Əmirəlmöminin xəlifənin ayaqlarına sərib, səninçün aman dilədim. O, səni bağışlayır. Yalnız, gəl, qardaşım, doğru yola. Deyinən La ilahə illəllah!  

Elxan. Aqşin, Aqşin, unutma ki, mən unudula biləcək bir kərtənkələ deyiləm. Aqşin, bilsən mən indi səni nə qədər sevirəm. Üzündəki hər bir bürüşük bütün çoçuqluğumu xatırladır.

İndi də mən səni qucmaq, öpmək, bütün dərdlərimi sənə söyləmək istərdim. Lakin, heyhat, nifrət aramızdakı qara uçuruma! Dünyada ən çox sevdiyim, axtardığım iki adamım var idi: biri o, biri sən! Lakin hər ikisi əlimdən alındı! Səni Məhəmməd aldı, onu da sən!

Aqşin. Elxan!

Elxan. Aqşin, mən mənəm, son nəfəsimdə də mən olacağam. Mən bütün dinləri ancaq lailahəyədək qəbul edirəm.

Aqşin. Elxan, artıq Əmirəlmöminin xəlifənin son təklifidir, sənə deyirəm. Solmaz, al. (Quranı Solmaza verir, sonra Qorxmazın əlindəki ipi açıb Rəbiyə verir.) Al, ipi at. (Rəbi ipi alıb,yaxındakı yaşıl ağacın budağından atır. Aqşin Elxanın bayrağını ipin üzərinə sancır).

Sən Solmazı çox sevirdin. Onu da sənə qaytarıram. Qarşında iki yol var: ya əli Quranlı Solmaz, yaxud bayrağının altından görünən ölüm, uçurum, dar ağacı! İntixab et!

Elxan. Mənim bütün bəşəriyyəti səadət günəşini qucmuş əməlim, sevgilərin geniş fəzalarında uçan fikrim, bütün kainatın gözəlliklərini öpən istəklərim, bu qulluq fərmanının əski dar cildinə sığışdırıla bilməz.

Mənim üçün bu bayazı qucmuş Solmaz, yarpaqlarına qan çilənmiş bir çiçəkdən başqa bir şey deyildir. Mənim gözlərimdə artıq azad bəşəriyyət və azad diləkli yeni bir aləm rəqs edir. Bu geniş, azad sevgilər dünyasının yolu isə, ancaq bu qırıq bayrağım altındakı açıqlıqdan keçir. Mən ona intixab edirəm.

Solmaz. Mən də səninçün onu intixab edirəm.

Əlindəki Quranı dar ağacının altına atır. Ta uzaqlardan gecə azanı eşidilir. Elxan azan səsləri altında dar ağacına yaxınlaşır.

Aqşin. Zavallı, barı Allah divanına gedirkən,son nəfəsində deyinən La ilahə illəllah!

Elxan. La ilahə illəllah! Bax o deyir La ilahə illəllah. Bu minlərcə insanları xanimansız buraxan acıqlı odlar deyir, La ilahə illəllah.

Bu qara torpaqları boyayan günahsız qanlar deyir, la ilahə illəllah! Adəmdən-xatəmə kimi bütün həyat və səadət bayquşlarının yaratdığı bu dar ağacları da deyir, la ilahə illəllah!

Bütün həbsxanalar, bütün bu qılınclar, bu mızraqlar, bu qara iplər, zəncirlər deyir la ilahə illəllah! Bu qarışqalar kimi ayaq altına tökülən insan cəsədləri, bu əllər, bu ayaqlar, bu kəllələr, bu sümüklər, bunlar, bunlar deyir La ilahə illəllah!

Yalnız mən demirəm. Yanlız mən, bir günəşin telləri, bir vicdanın çarpması, bir mənanın görsənişləri olan bəşəriyyətin bu qardaşlıq və azadlıq bayrağı altında tək qalıb son nəfəsimdə də La ilahə illəllah deməyib, sizə və bütün insan qəssablarına qarşı ucadan deyirəm: yoxdur Allah, yoxdur Allah!

Yalnız mən son nəfəsimdə də insan qanı içən hökümətlərə, insan sümükləri gəmirən ordulara qarşı tək durub deyirəm: yoxdur Allah, yoxdur Allah!

Yalnız mən son nəfəsimdə də insan həyatını zəhərləyən, insan diləyini zorlayan süni qanunlara, təriqətlərə, dinlərə müxtəlif biçimli uydurma allahlara, yüz iyirmi dörd min Allah tacirinin, yüz iyirmi dörd min vicdan bayquşunun yaratdığı süni, yaramaz, əski qullar dünyasına qarşı üz-üzə durub ucadan deyirəm: yoxdur Allah, yoxdur Allah!

Mənəm Allah! Mənəm yer üzündəki həyat və səadətin yaradıcısı! Mənəm göylərin dərinliyində, varlığın gözəlliyində gülümsəyən mövcüdatı təcəssüm etdirən, mənəm Allah! Allah mənim özümdədir! (İpi boğazına atıb asılır)

Bir tərəfdə Solmaz,o birində Aqşin, qarşıda Qorxmaz və Gülgün Elxanın ayaqlarında dərin bir sükutla dar ağacına dayanmış, bütün səhnə tərpənməz bir görkəmlə durmuşkən, ta uzaqlardan eşidilən “La ilahə illəllah!” və Xürrəm şəhərindən qalxan qızıl qırpıq yanğın işıqları altında pərdə enirkən.

Aqşin. Doğrudan da, Allah vardırmı?

Cəfər Cabbarlı «Od gəlini» pyesindən 
Ctrl
Enter
ohv tapdınız?
Ctrl+Enter sıxıb bizə bildirin
Müzakirə (0)