Edebiyyat.az » Proza » Əli Şirin Şükürlü - Bədbəxtlik və xoşbəxtlik haqqında

Əli Şirin Şükürlü - Bədbəxtlik və xoşbəxtlik haqqında

Əli Şirin Şükürlü - Bədbəxtlik və xoşbəxtlik haqqında
Proza
nemət
Müəllif:
17:44, 22 oktyabr 2019
1 600
0
Əli Şirin Şükürlü - Bədbəxtlik və xoşbəxtlik haqqında ("Dünyaya yeni baxış" fəlsəfi essedən)



  Xoşbəxtlik barədə əvvəlki mövzularda söz açmışdıq. Riyazi düsturun koməyi ilə və riyazi məntiqlə (4) fəlsəfi baxış ortaya qoyaraq xoşbəxtliyin əsas göstəricisi istəklərin məhdudluğu olduğunu qeyd etmişdik. Yəni istəklər çox olduqca onların həyata keçməsi ehtimalı kiçilir və bu səbəbdən insan tez-tez məyusluğa düçar olur. Bu mövzuya bədbəxtlik anlayışını aydınlaşdırmaq məqsədi ilə bir daha qayıtmağı vacib hesab edirik.


T-nin (ilkin olan –substansiya) hissəsi olaraq insanda məskunlaşan t-dən doğulanların düşüncə vasitəsilə istəyə çevrilməsi prosesində insanın qarşılaşdığı maneələrə nəzər salaq. İstəklər selinin qarşısında daima bir sədd dayanır: bədən. t-dən daima yaxşılıqlar, gözəlliklər doğur və bu mənada, istək şəklində proyeksiyalanan bu yaxşılıq və gözəllikləri tərtəmiz çay suyuna bənzətmək olar. Su axınının qarşısında dayanan bəndin köməyi ilə bu axını səmərəli işlərə yönəltmək mümkündür. Lakin bu bəndlə toqquşan axın daşqın şəklində fəlakətlərə də yol aça bilir. t-dən doğulan istəklər selinin qarşısında da daim bədən şəklində bənd dayanır ki, yaxşılıqlar və gözəlliklərin bu maneə ilə əbədi mübarizəsi gedir. Bu gözəlliklər gah səmərəli surətdə, gah da fəlakətlər şəklində obyektivləşir. Bu mübarizənin nəticəsindən asılı olaraq insan gah sevinir, gah məyus olur, gah xoşbəxtdir, gah da bədbəxt. Sevinə bilməyəndə məyusdur, xoşbəxt ola bilməyəndə bədbəxt. Ya da özünü nə xöşbəxt hiss edir, nə də bədbəxt. Fikrimizcə, ən düzgün seçim budur: özünü xöşbəxtlik və bədbəxtlik kimi hislərin quluna çevirməyəsən. Çünki bu iki hiss arasında sonsuz vəziyyətlər mövcuddur. Nə mütləq mənada xoşbəxtlik var, nə də bədbəxtlik. Hər şey özündə əksini saxladığı kimi, bu iki hiss də bir-birindən ayrılıqda mövcud deyil. Əslində, bədbəxtlik xoşbəxtliyin astar üzüdür. Bədbəxtlik insanın xoşbəxt ola bilmədiyi anlardır. İnsanlar daim xoşbəxtliyə can atdığından tez-tez bədbəxtliklə üzləşirlər. Çünki tez-tez xoşbəxt olmaq mümkün olmadığından daha çox özlərini bədbəxt hiss edirlər. Səbəb isə insanın xoşbəxt olmaq üçün yaşamasıdır. Hər halda düşüncəyə daha çox bu fikir hakim kəsilib. Bəlkə də elə bədbəxtliyin də əsas səbəbi bu düşüncədən qaynaqlanır.      Bədən adlı sədd daim zövq almağa, həzz yaşamağa can atır. Əslində, bədən elə zövq almağı və həzz yaşamağı həyata keçirən bir funksiyadır. Lakin həzzi hər canatmada yaşaya bilməyən insanın məyusluğu sevincini üstələyir. Elə buna görə də insan həyatdan narazı olur, özünü bədbəxt hiss edir. Deməli, həyatda xoşbəxtlik barədə düşünüb ondan asılılıq yaratmaq yox, həyatı, sadəcə, yaşamaq lazımdır. Çünki həyat - xoşbəxtlik adlı duyğuya adda-budda rast gəlmək üçün qurulmuş yoldur.  Qeyd: Fərz edək, N – istəklərin ümumi sayı, R – istəklərdən həyata keçənlərin sayıdır. P – xoşbəxtlik ehtimalıdır.    Ehtimal nəzəriyyəsinin düsturundan (Ehtimalın klassik tərifi) istifadə etsək aşağıdakı “Xoşbəxtlik ehtimalı” düsturunu alarıq:  

                                           P = R / N                                    

       (4)      Düsturdan göründüyü kimi, N – istəklər artdıqca, P – xoşbəxtlik ehtimalı kiçilir, N azaldıqca artır. Riyazi qanunauyğunluğun köməyi ilə verilmiş bu münasibət həyat həqiqətlərinə adekvat olduğundan, onu qısaca, bir qədər də poetik şəkildə belə ifadə etmək olar: daha çox xoşbəxt olmaq üçün daha az istəmək gərəkdir.
Ctrl
Enter
ohv tapdınız?
Ctrl+Enter sıxıb bizə bildirin
Müzakirə (0)