Edebiyyat.az » Proza » Mədəniyyət Naziri Əbülfəz Qarayevə xalq yazıçısı Sabir Əhmədli ilə bağlı müraciət

Mədəniyyət Naziri Əbülfəz Qarayevə xalq yazıçısı Sabir Əhmədli ilə bağlı müraciət

Mədəniyyət Naziri Əbülfəz Qarayevə xalq yazıçısı Sabir Əhmədli ilə bağlı müraciət
Proza
Nicat Heşimzade
Müəllif:
02:19, 02 mart 2019
2 610
0
Məd əniyyət Naziri Əbülfəz Qarayevə xalq yazıçısı Sabir Əhmədli ilə bağlı müraciət
Azərbaycan Respublikasının Mədəniyyət Naziri Əbülfəz Qarayevə xalq yazıçısı Sabir Əhmədli ilə bağlı müraciət
Hörmətli  cənab Əbülfəz Qarayev

Azərbaycanın xalq yazıçısı, Əməkdar İncəsənət xadimi, publisist  Sabir Əhmədli XX əsr Azərbaycan ədəbiyyatı tarixində özünəməxsus xidmətləri olan ədəbi şəxsiyyətlərdən biridir. 

Sabir Əhmədli 1930-cu il iyulun 10-da Cəbrayıl rayonunda anadan olub. Azərbaycan Dövlət Universitetinin (indiki BDU) filologiya fakültəsini bitirib. "Ədəbiyyat və incəsənət” qəzeti redaksiyasında 40 ilə yaxın fəaliyyət göstərib.

1955-ci ildən AYB-nın üzvü olan yazıçı "Aran”, "Dünyanın arşını”, "Yaşıl teatr”, "Toğana”, "Yasamal gölündə qayıqlar üzür”, "Yamacda nişanə”, "Qanköçürmə stansiyası”, "Azığa doğru”, "Gedənlərin qayıtmağı”, "Yasaq edilmiş oyun”, "Mavi günbəz”, "Kütlə”, "Axirət sevdası”, "Kef”, "Ömür urası”, "Şəhid ruhu”, "Yazılmayan yazı” "Yanvar hekayələri” və başqa bu kimi böyük oxucu auditoriyasının maraqla oxuduğu əsərlərin müəllifidir.

Sabir Əhmədli 1960-cı illər Azərbaycan nəsrində fərqli, yeni və dünya ədəbiyyatına çıxa biləcək modern estetikalı, zamanın ictimai-siyasi, sosial hadisələrini həssaslıqla izləyən əsərləri ilə fəaliyyət göstərdi. Bir zamanlar onun hekayə, povest və romanları ədəbi tənqid tərəfindən daima məqsədli şəkildə tənqid olunur və həmin əsərlərin kitab şəklində çap olunmasına əngəllər törədilirdi. Bu cür tendensiyalı təzyiqlər  sovetlər zamanında təbii ki, təkcə S.Əhmədliyə deyil, hər bir milli ruhlu, cəsarətli müəllifə aid edilə bilən senzuralı yanaşma hesab edilirdi.

S.Əhmədli 1950-ci illərdən yazmağa başladığı ilk hekayəsindən tutmuş vəfat etdiyi günədək qələmindən çıxan son kəlməyə kimi bütün yaradıcılığı boyu həqiqətə, ədəbiyyata sadiq qalan söz adamı oldu. Onun yaradıcılıq potensialı təksüjetli və monoton olmamışdır. Daima zamanın hərəkətini izləyən, prosesləri doğru analiz edən, vaxtında ictimai-siyasi, sosial görünməzliklərin üstünü açıb, onu bədiiləşdirən, cəmiyyət hadisələrinin, xalq həyatının və sosial təfəkkürünün bədii portretini romanlaşdıra bilən müəllif kimi on illiklər boyunca sıravi oxucudan tutmuş ali kateqoriyalı auditoriyalarda hər kəsin maraqla izlədiyi nasir kimi ədəbiyyat tariximizdə yer aldı.

SSRİ zamanında kolxoz və fabriklərdə, zavodlarda, sovet müəssisələrində şəxsiyyəti sındırılan, mənəvi təzyiqlərə məruz qalan azərbaycanlı obrazı onun ədəbiyyatının baş qəhrəmanı oldu. İnsanın sosial formasını deyil, mənəvi məzmununu açıb, onu bir fərd kimi yaşadığı cəmiyyətin eybəcərliklərinə qarşı qoydu. Sovet hakimiyyətinin əsil mahiyyətini, anti-humanist tendensiyasını, puçluğunu ifşa edən istedadlı, mükəmməl qələmli ədiblərimizdən biri kimi yaşadığı cəmiyyəti də öz bədii və publisistik fəaliyyəti ilə daima maarifləndirdi. O "Ədəbiyyat qəzeti”ndəki 39 illik səmərəli  fəaliyyəti ilə mədəniyyətimiz, ədəbiyyatşünaslıq elmimiz üçün də dəyərli xidmətlərini nümayiş etdirdi.

S.Əhmədli üçün milli-mənəvi mahiyyətin, Azərbaycan insanının şəxsiyyətinin və ümumən bəşəri dəyərlərin mühafizəsi, qorunması ali missiya idi. 

Onun ədəbiyyatı kabinet divarları arasında yazılmırdı. Xalqın içində gəzərək müşahidələr aparan müəllif kəndlilərin məişət həyatı qaynarlığında isti hisslərlə yazıya aldığı həyat lövhələrini tarixləşdirdi. Daha sonralar 20 Yanvar faciəsi günlərində Bakının qanlı küçələrini gəzə-gəzə "20 Yanvar hekayələri”ni qələmə aldı.

Qarabağ faciəsi başlayan gündən isə onun səngərlərdə əsgərlərlə görüşləri, döyüş ərazilərini böyük ağrı və sarsıntı ilə gəzintisi yeni roman mövzusuna çevrildi. Qarabağ faciəsini bütün tərəfləri ilə aça bilən ən yaxşı Azərbaycan romanlarını S.Əhmədli yazdı. İstər forma-məzmun, istərsə də sənətkarlıq baxımından mükəmməl olan bu romanlarda Qarabağ münaqişəsinin ictimai-siyasi, hərbi və psixoloji problemləri bədii mətn kontekstində bütün tərəfləri ilə ifadəsini tapdı. Həmin illərdə ön və arxa cəbhə dramatizmi də onun analitik təhlil erudisiyası əsasında öz real tərəfləri ilə ədəbiyat faktı kimi yazıya alındı.  Müstəqillik Sabir Əhmədlinin ən böyük arzusu idi. 1990-cı illərdən etibarən dağıdılan və yenidın qurulan sistemin, cəmiyyət həyatının keçid dövrü ağrılarının romanlarını da daha çox o yazdı. "Kütlə”, "Axirət sevdası”, "Kef”, "Ömür urası” və s.

Yazıçının ədəbiyyatımıza və ümumən mədəniyyətimizə  xidmətlərini bununla yekunlaşdırmaq olmaz. O həm də kristal, ləyaqəti ilə etalona çevrilmiş bir yazıçı kimi gələcək nəsillərə nümunə ola biləcək azərbaycanlıdır. Beləliklə, bu qısa xülasə göstərir ki, Azərbaycanın xalq yazıçıısı S.Əhmədli böyük ədəbiyyat faktı kimi təbliğ olunmağa layiq bir dəyərdir!

Fəqət, reallıq başqa söz deyir! Sovet rejiminin ən sərt illərində S.Əhmədlinin əsərləri çap olundu. "Aran” ("Uşaq Gəncnəşr”,1962) iki hissəli romanı, "Pillələr” ("Azərnəşr”, 1964), "Yamacda nişanə” ("Gənclik”, 1973), "Toğana” ("Yazıçı” 1981), "Mavi günbəz” ("Gənclik”, 1984, povestlər), "Yasamal gölündə qayıqlar üzürdü” ("Yazıçı”, 1984), "Yasaq edilmiş oyun, Gülmalı kişinin axırı” ("Yazıçı”, 1988) və s. 1989-cu ildə isə müəllifin  "Azərnəşr”də  iki cildlik əsərləri çap edildi.

Bütün bu nəşrlər sovet dövründə Sovet dövlətinin nəşriyyatlarında çap edilmişdi.

Müstəqillik zamanında S.Əhmədlinin bəzi romanları "Azərbaycan” jürnalında çap olunsa da, ümumən onun yaradıcılığı lazımi qiymətini almadı. İki-üç kitabı dostları və ailə üzvləri tərəfindən az tirajla çap olundu. Dövlət səviyyəsində digər xalq yazıçılarının yaradıcılığına olan diqqət onun əsərlərindən yan keçdi. Məsələn, Azərbaycan Respublikası prezidentinin "Azərbaycan dilində latin qrafikasi ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqinda” 12 yanvar 2004-cü il Sərəncamı ilə bağlı icracata diqqət edək! 

Azərbaycan Respublikasının Prezidenti İcra Aparatına tapşırmışdı ki, Azərbaycan Respublikasının Təhsil Nazirliyi, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi, Azərbaycan Yazıçılar Birliyi və Azərbaycan Milli Elmlər Akademiyası ilə birlikdə 2005-2008-ci illərdə latın qrafikası ilə yenidən çapı nəzərdə tutulan əsərlərin siyahısını bir ay müddətində hazırlayıb təsdiq olunmaq üçün Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin. Və Azərbaycan Respublikasının Nazirlər Kabineti və respublikanın maliyyə qurumları ilə birlikdə müvafiq plan-qrafik tərtib edib latın qrafikası ilə yenidən nəşr olunması nəzərdə tutulan kitabların çapını təmin etsin, Azərbaycan Respublikasının aidiyyatı qurumları ilə birlikdə yenidən çapı nəzərdə tutulan kitabların mətnlərinin elektron daşıyıcıları və internet vasitələrilə yayılmasını, latın qrafikasında "Azərbaycan ədəbiyyatının virtual kitabxanası”nın yaradılmasını təmin etsin.

Siyahı tərtib olunub təqdim ediləndə məlum olur ki, xalq yazıçıları S.Əhmədli, H.Abbaszadə və Q.İlkinin adları o siyahıda yoxdur. Ərizə ilə müraciət olunur, sonda digər iki yazıçının adı siyahıya əlavə edilir, S.Əhmədli isə istisna kimi kənarda qalır. 

Səbəb bəlli deyil. S.Əhmədli öz siyasi kimliyi və yaradıcılığı ilə Azərbaycan dövlətinə və xalqına, müstəqilliyinə sədaqətli bir şəxs olduğu halda  bu münasibət nəyin ifadəsidir?!

S.Əhmədlinin gələn il 90 illiyi qeyd olunmalıdır. "Seçilmiş əsərlər” çoxcildliyi ortada yoxdur. Əsərlərinin başqa dillərə tərcüməsi, təbliği, tədrisi sahəsində işlər getmir. Biz dünya icrtimaiyyətinə Qarabağ faciəsinin mahiyyətini  çatdırmaq üçün onun bu mövzuda yazdığı romanlarını başqa dillərə də tərcümə etdirməliyik. S.Əhmədli ciddi ədəbiyyat faktıdır! Onun təvazökarlığı və ləyaqəti, qürur hissindən doğan yaradıcılığının təbliğinə etinasızlığı  onun öz zamanında lazımınca çap olunmasına mane oldu. Yəni, öz fəaliyyətini gözə soxmaq, əlində olan fürsətlərdən yararlanaraq özünü ölkədə və ölkədən kənarda tanıtmaq işinə heç vaxt baş qoşmadı. 

Bəs bu işləri bu gün kim etməlidir? Azərbaycan ədəbiyyatının oxunan, sevilən nasirinin, ali məktəblərdə əsərləri axtarılan bu yazıçının kitablarını kim, hansı qurum çap etdiirib ölkə kitabxanalarına təqdim etməli, onu başqa dillərdə də dünya oxucusuna göndərməlidir?

AMEA-nın Ədəbiyyat İnstitutu, Azərbaycan Yazıçılar Birliyi, Tərcümə Mərkəzi və başqa aidiyyatı qurumlar bu sahədə öz üzərinə düşən işi elə bu günlərdəcə icra etməyə başlasa, bir il müddətində o boşluğu aradan qaldırmaq olar. O zaman S.Əhmədlinin 90 illiyi qeyd olunan gündə (əgər olunsa!) onun ruhu qarşısında günahkar dayanmarıq...

Hörmətlə: İradə Musayeva, Filologiya üzrə fəlsəfə doktoru, tənqidçi
16.02.2019 
Ctrl
Enter
ohv tapdınız?
Ctrl+Enter sıxıb bizə bildirin
Müzakirə (0)