Edebiyyat.az » Proza » Vüsal Oğuz - İyirmi birinci gün

Vüsal Oğuz - İyirmi birinci gün

Vüsal Oğuz - İyirmi birinci gün
Proza
nemət
Müəllif:
12:26, 12 fevral 2020
2 542
0
Vüsal Oğuz - İyirmi birinci gün

                                                             

 

                  


       Gənc şair Məlik Cahanın vaxtsız ölümünə..

                Yuxudan ayılanda axşamkı vurçatlasının təsirindən başım bərk ağrayırdı. Soyuducudan pivə tapanda uşaq kimi sevindim. Baş ağrısını ötürər deyə bir nəfəsə  çəkdim başıma. Pivənin faydası olmasa da, soyuq duşdan sonra bir qədər özümə  gəldim. İki fincan  qaynar çaydan sonra əməlli-başlı düzəldiyimdən kefim yerinə qayıtmağa başladı. Axşamkı məclisi xatırlamağa çalışdım. Həmişəki kimi 3-4 nəfər yaxın dostla kafedə başlayan məclis, sonra şair dostumuzun bağ evində davam etdi. Get-gedə   böyüyən məslis gecəyə doğru əndazədən çıxdı. Xüxusilə də, araqdan, viskidən bir balaca  vuran şair dostların bir-birinə aman vermədən danışması, mübahisə etməsi, məclisdəki qadın qonaqların yanında çıxardılan hoqqabazlıqlar məclisin zayını  çıxardırdı. Son zamanlar bu tip məclislər məni əməlli-başlı yorurdu. Nədənsə illər ötdükcə bu cür məclislərin dadı-duzu qaçmağa başlayıb. Təklik, uzaqbaşı bir-iki   şair dostumla ədəbiyyat söhbətləri son vaxtlar daha çəkici idi mənim üçün. Hər dəfə  belə məclislərdən sonra özümə söz versəm də, alınmırdı. Daha doğrusu, özümlə  bacarmırdım. Gecə məni evə kimin gətirdiyini  yadıma sala   bilmirdim. Telefonumun qəfil zənginə diksindim. Ekranda  yazılan “RƏİS” adını oxuyanda duruxdum bir balaca. Səhər tezdən "xeyir ola" – deyə düşündüm.

                – Salam. Necəsən?

                – Salam, rəis. Əla. Sən necəsən?

                – Yaxşı olasan. Dünən gecə zəng vurdum götürmədin. Deyəsən, yenə o söz...

– Hə, rəis. Uşaqlarla toplaşmışdıq bağa. Bir balaca dilxoşluq elədik. Telefon   maşında qalıbmış.

                – Həmişə məclislərdə şair. İndi neynirsən? Bəlkə, günortadan sonra görüşək? Bu  havada yaxşı gürcü çaxırının yeri var, məncə.

– Rəis, axşam uşaqlarla o qədər vurmuşam ki, hələ də özümə gələ bilmirəm. Başım indi-indi ayılır.

– Ay şair, bilsən ki, sənə nə verə bilərəm, qaça-qaça  gələrsən .

– Sən zarafat elə. (Səsindən zarafat edənə oxşamırdı.)

– Doğru sözümdür. Əsl sənə lazım olan bir şeydir.

– Sən canı nədir, Rəis? (Maraq məni öldürürdü o anda.)  Nə kitabıdır? (Adətən,  mənə əla, bahalı kitablar hədiyyə edir.) Yoxsa içkidir?

                – Kitab deyil, onun kimi bir şeydir.

                Yox, bu söhbəti daha çox da uzatmağa dəyməzdi.

                – Saat neçədə?

                – Adamı yolundan belə çıxardarlar ha, şair. Saat üçdə görüşək.

                – Həmişəki yerdə, Rəis?

                – Həmişəki  yerdə.

                Əslində, məkanı soruşmağa lüzüm yox idi. İllərdir onunla ancaq bu kafedə  oturardıq. Burada hamı bizi tanıyır, yaxşı qulluq edirlər. Qiymətləri də münasibdir. Dostuma Rəis deməyimə baxmayın. Rəis-filan deyildi. Adi bir müstəndiq idi. Amma işini bilən, bacarıqlı biridir. İlk dəfə onunla mənim kitab təqdimatımda   görüşmüşdük. Sosial şəbəkədən başlayan şair-oxucu münasibətləri sonradan  dostluğa çevrildi. Əsl ədəbiyyat adamı idi. Saatlarla söhbət edərsən, amma yorulmazsan. Yaşının otuzu keçməsinə baxmayaraq, hələ də ailə qurmayıb. Səbəbi   mənə də məlum deyil. Bir sözlə, bizimki tuturdu. Çətin günlərimdə, pulsuz  vaxtlarımda ona zəng edərdim.

                Dediyim vaxtda kafenin giriş qarşısından zəng etdim. Məlum oldu ki, dostum  artıq içəridədir. Görüşüb oturanda artıq sifariş də verdiyi də məlum oldu.

                – Nə var, nə yox şair? Yenə başın açılmır içkidən, qadınlardan.

                – Şükür salamatıq hələ. Neynim e, Rəis? Dostların üzündən keçmək olur ki?  Sonra da günlərlə başım ayılmır. Səndə necədir vəziyyət?

                – Məndə də köhnə hamam, köhnə tas. İşdə rəisin tapşırıqları, evdə də mamanın  töhməti. Hər gün “nə vaxt evlənirsən”  sualına day bilmirəm nə cavab verim.

                – Yazıq arvad düz deyir də, Rəis.

                – Sən kimə deyirsən, şair. Sən niyə evlənmirsən?

                Bir-birimizə baxıb gülüşdük.

                – Sən məndən bir yaş böyüksən axı. Əlimdə bir romanım var. Onu bitirib mütləq bu barədə düşünəcəm.

                – Aha. Roman demişkən, indi sənə verəcəyim material elə bir romanlıq  mövzudur.

                Keçmə də, bu sistem işçilərinin taktiki gedişlərindən. Adam məni rəsmən öldürəcək  maraqdan. Səbirsizləndiyimi görüb qoltuq cibindən qalın bir dəftər çıxardı. 

                – Bu nədir, Rəis?

                – Sahibi üçün gündəlik. Bizdən ötrüsə cinayət işini açmaq üçün tutarlı dəlil. Sənin üçün isə, bəlkə də, yeni bir roman mövzusu.

                – Kimindir?  

                – Bu yaxınlarda intihar edən gənc şair   vardı ha, özünü dənizə atmışdı. Ona   məxsusdur.

                – Hə.Yadıma düşdü. 

                – Tanıyırdın?

                – Yox. Adını eşitmişdim. Bir-iki dəfə də tədbirlərdə görmüşdüm.

                – Allah rəhmət eləsin. İstetdadlı gəncmiş. Mərhumun cinayət işini mənə  tapşırmışdılar. Bu dəftəri də axtarış zamanı kirayədə qaldığı evdən tapmışdıq. Əslində, başqa tutarlı dəlil-filan yox idi. Elə bu dəftər bəs etdi ki, hadisənin   intihar olduğunu sübuta yetirək və işi bağlayaq. Amma şair, dəftəri sənə  oxuyub qaytarmaq üçün verirəm ha. Özüm işi aparmaq üçün diqqətlə oxumuşam. Gəncin yazdıqları ürəyimi ağrıtdı. Oxu, qaytar. Bəlkə də, nəsə yaza  bilərsən deyə, sənə verirəm. 

                – Aha. Anladım, Rəis. Narahat olma. Dəftəri verdiyin kimi də təhvil alacaqsan.

                Süfrəyə yeməyin gəlməsi ilə söhbət istiqamətini dəyişdi. Əla gürcü çaxırı dəftəri  unutdurdu...

                ***

                Evə çatanda sərxoşluğum keçmişdi. Təmiz hava tamam ayıltmışdı məni. Amma  dünənki yorğunluq hələ də qalırdı. Evə çatan kimi adətim  üzrə çaydanı qazın üstünə  qoyub duş almaq üçün hamama keçdim. 

                Əməlli-başlı yorulduğumu divana uzananda hiss etdim. Bir-iki fincan çaydan sonra yarımçıq qalmış kitabımı oxumaq fikrinə düşdüm. Dağınıq kitab şakafımda kitabımı axtarırdım ki, yenidən dəftər yadıma düşdü. Qırxvərəqli dəftərdə yazılanları, deyəsən, birnəfəsə oxudum və əməlli-başlı təsirləndim. Oxuduqlarımın təsirindən çıxa bilmirdim. Balkona çıxıb siqaret yandırdım. Fikrim dəftərdə yazılanların yanında idi. Bəlkə, dədəftərin sahibini az-çox tanımasaydım, ya da intihar etməsəydi, bir o qədər mənə təsir etməz, oxuduqlarımı   bir şairin qələminin məhsulu hesab edərdim. Amma oxuduğum cümlələr intihar etmiş gəncin həyatının son günlərinin xronologiyası idi. Beləsini nə görmüş, nə də oxumuşdum. Bu əsl insan faciəsi idi. Bəlkə də, bu dəftər ələ keçməsəydi, heç kimin  xəbəri belə olmayacaqdı o gəncin son bir ayda yaşadıqlarından. Mərhumu yadıma   salmağa çalışırdım. Yadıma düşdü ki, dostum Cəlil Cavanşırın kitab təqdimatında şəkil çəkilərkən yan-yana durmuşduq. Arıq, çəlimsiz bir gənc idi. Düzü son vaxtlar yetişən gənc şairlərin çoxu ilə elə də əlaqəm yox idi. Bu gənci də, deyəsən,  elə onda gördüm – birinci və sonuncu dəfə. Sonra feysbukdan  mənə dostluq yollamışdı. Çox guman ki, qəbul etmədim. Amma ölümündən sonra saytlarda bir-iki şeirini oxudum. Şeirlərində maraqlı fikirlərə rast  gəldim. Sonrada bütün intihar edənlər kimi unuduldu. Tək mənim üçün yox, elə hamı üçün. Bu   şəhərdə hərənin dərdi özünə bir dəvədir axı. Kimləri unutmadılar ki?

                Mərhumun yazdıqlarından həssas bir gənc olduğu duyulurdu. Həm də maddi  sıxıntılar, deyəsən, zaman-zaman onda psixoloji  gərginlik yaradıbmış.

                Ertəsi gün dəftərdə yazılanları yenidən oxudum. Mənə elə gəldi ki, axşam rast  gəlmədiyim cümlələrə indi rastlaşdım. Dəftəri ən qısa müddətdə Rəisə qaytarmalı  idim. Onu bir də oxumaq lazım gələcəkdi. Elə bu səbəbdən də sürətini çıxardaraq  işimi asanlaşdırdım. İndi dəftəri geri qaytara bilərdim.

                Ertəsi gün bütün günü evdən çıxmadım. Son vaxtlar kirəyədə qaldığım bu kiçik  mənzilə yaman bağlanmışam nədənsə. Əslində, elə bir vacib işim də yox idi bayırda. Elə ona görə də oturub romanımdan daha bir neçə fəsli yazdım. Günün  ikinci yarısı redaksiyadan götürdüyüm redaktə işini də   tamamladım. Məndə  belədir də. Pul lazım olan kimi götürdüyüm işləri tez başa çatdırıram. Yoxsa qal ki, qalasan.

                Axşama doğru yenidən dəftəri əlimə aldım. Yenidən oxumaq, gələcəkdə ondan  necə istifadə etmək barədə düşünərkən ağlıma qəribə fikir gəldi.  Bəlkə, elə bu dəftərdə olan qeydləri olduğu kimi saxlayım? Elə olduğu kimi. Bir  balaca redaktə- filan edərəm. Kimə məxsus olduğunu da sonunda göstərərəm. Əvvəldən bir az giriş verərəm. Lap elə Rəislə də məsləhətləşərəm. Elə edərəm ki,  bu işdə ona da söz gəlməsin. 

                Bütün gecəni bu fikirlərlə çarpışdım. Lənətə gələsən səni, Rəis, o dəftəri mənə  verdiyin yerdə. Səhəri dirigözlü açdım. Mənə bu lazımdı məgər? Cəhənnəm ol get öz   romanını bitir də. Səhər son qərarımı verdim. Düşündüm ki, dəftərdəki qeydləri olduğu  kimi  saxlasam yaxşıdır. Yalnız bəzi yerlərini redaktə etmək lazım gələcəkdi.

       Elə belə də etdim. Bu iş bir həftədən çox vaxtımı aldı. Amma qurtarandan sonra  içimdə bir yüngüllük hiss etdim. Əslində, bu nə hekayədir, nə də roman. Oxuyub qurtarandan sonra oxucu başa düşəcək ki, bu intihar etmiş bir gəncin sonuncu bir ay ərzində gündəlik apardığı qeydləridir. Yazdıqlarından başa düşmək olur ki, mərhumun bundan əvvəl də yazıb doldurduğu bir-iki dəftəri olub. Amma o dəftərləri   ya yandırıb, ya da it-bata düşüb. Mərhumun qeydlərini azacıq redaktə ilə  çapa hazırlaya bildim. İlk günlər məni çox düşündürən məsələdən biri də, kitaba müəllif olaraq kimi yazmaq oldu. Axı bu kitabı öz adıma çıxa bilməzdim. Müəllifi olmayan kitabı necə çap etdirəcəkdim? Çox düşündükdən sonra qərara  gəldim ki, hər şeyi oxucunun ixtiyarına verim. 

                Oxucu necə istəyir elə də düşünsün.

                ***

                4 yanvar

                Nə yaxşı ki, kitablar  var həyatda. Yoxsa lap  dəli   olaram. Necə də yaltaq, ikiüzlü insanlar   var  bu  şəhərdə.   Şəxsiyyətin, kişiliyin  nə  olduğunu  bilməyənlər   adamı  yaşamaqdan  diksindirir. Məktəbdə  oxuyanda necə   arzulayardım  Bakını. Necə də əlçatmaz  idi mənə. Kaş   elə  əlçatmaz da  qalaydı. Kaş   mən də qonşu Xalid  kimi dərslərimi oxumayaydım. Girməzdim ali  məktəbə. Gəlməzdim  bu   xarabaya. Kaş  indi  anamın   yanında  olardım. Görəsən,  neynir   indi?  Kənddə  olsaydım,   yəqin,  indi  odun   peçinin  yanında mürəbbəli  çay   içirdim. Ya da ən  azından buradakı  kimi soyuq otaqda  donmurdum. Heyif  deyil   kənd  həyatı...

                5   yanvar

                 Bu gün   semestrin ilk  imtahanı  idi. Yaxşı   hazırlaşmışdım. Qiymət ala   bildim. Amma   axırda  qanım   it  qanına  döndü. Qrupun ən sevimli  oğlanı   Namiq  kəsildi. Düzü, zəif  hazırlaşmışdı. Amma müəllim istəsəydi, qiymət yaza bilərdi. Nəsə  müəllimlərin  sözü   üzə  deyən  bu  ləzgi  balası   ilə  araları  yoxdu. Məlum   məslədir... Namiqin heç  vecinə  də   olmur  imtahandan  kəsiləndə. Hərdən  söz   düşəndə  “Qovsaydılar  bu   xarabadan,  gedib vaxtında Vətənə xidmətimi  edərdim” –  deyir. Məzəli oğlandır, vallah.

                7 yanvar

                Bu gün  nəsə   mənimki gətirmir. Gecə  səhərə  qədər yata   bilmədim.  Daha  doğrusu,   gözümü  yuman  kimi   anamı  gördüm. Görəsən,  nə   olub?  Nə  xəbər var?   Konturum  olmadığı üçün zəng də edə  bilmirəm. Uşaqlardan  telefon   istəməyə  də  utandım. Eh, mənim  burda   nə  itim  azıb   axı. Yaşlı qadını tək-tənha   damın  altında  qoyub   gəlmişəm bura. Bu qış sərt gəlib   kəndə.  Heç  bilmədim   odun ala  bildimi,  ya   yox?  Əcəb oğulam mən də...

                8  yanvar

                Bu gün  çox yorğunam.  Əslində,   yorğun  olmağımın  səbəbini   bilirəm. Universitetə  piyada  gedib-gəlmişəm.  Hardasa 10 km-dən artıq  yoldur.

                Səbəbi  özümə   məlumdur. Azaldıqca puluma qənaət etmək istəyirəm. Ayın  bir   həftəsi  gedən kimi   pul  qurtarır. Hələ keçən  ayın kirayə   pulunu  da  verməmişəm. Hər  dəfə  zəng  gələndə   elə  bilirəm  ev sahibidir. Əslində, yaxşı insandır.  Heç   vaxt  məni pula  görə   narahat  etmir.  Amma   onun  da  dərdi-səri   var  axı. Necə  olacaq   bundan  sonra? Ayın axırına  hələ   3  həftə  var. Yazıq   arvad  pensiyanı  alan   kimi  mənə yollayır. Evə də  elə  gəlirəm ki,  guya   evdə  yeməyə  nəsə   var. Deyəsən,  dünən  günortadan   sonra  düz-əməlli  heç nə   yeməmişəm. Durum görüm nə tapıram.

                9 yanvar

                Vəziyyət çox ağırdır. Yanvar ayı heç yarı olmayıb, amma anamın göndərdiyi puldan qəpik-quruş qalıb. Ərzaq  torbasını  bir həftəyə viranə  qoymuşam. Ən pisi odur ki, keçən ayın da, bu ayın da  kirayə  pulunu xərcləmişəm. Əslində,  anamın   göndərdiyi  təqaüd pulu mənim adi  cib xərcliyim də eləmir. Amma  yazıq   arvadın  bundan  başqa   gəlir  yeri də yoxdur axı. Hərdən gecələr  fikirləşirəm ki, anam bütün təqaüdü  mənə   göndərib  özü  nə  ilə  dolanır? Hər dəfə kənddə olanda  soruşmaq   istəmişəm. Di gəl ki, bir  oğul kimi  cəsarətim  çatmayıb. Anamın böyüklüyünə heyran  qalıram. İlahi, bu 3  ildə bir dəfə   də olsun mənim yanımda   dolanışığından şikayət  etməyib. Deməyə, yazmağa söz  tapmıram. Analar  ayrı dünyadır. Dəfələrlə  anama   şeir  yazmaq  istəmişəm. Bacarmamışam. Qorxuram ki, anama  layİq olan şeiri  yaza   bilməyim. Səni çox  sevirəm,  ana. Kaş yanında olaydım indi...

                10 yanvar 

                Bu gün Namiqdən 5 manat  borc  istədim. Tərəddüd etmədən verdi. Amma hiss etdim ki, özünə də bir şey qalmadı. Qaytarmaq   istədim, “varımdır” deyə israr etdi.   Evə  dönərkən  “bazarlıq”   etdim. Küçənin tinindəki   dükanda  hərdən  seçilmiş   kiçik kartofları bir  qədər  aşağı   qiymətə  satışa  qoyurlar. Bu gün də  bəxtimdən eləsini  tapdım. Satıcı  çəkidən artıq olanları da  götürmədi. Bilmədim mənə  hörmət   etdi, yoxsa  satılmayan  maldan canını qurtarırdı. Hər  iki halda   işimə  yaradı. Yerdə  qalan   pula  yumurta,  çörək   aldım. Cib  xərcliyimin də qalması sevindirdi  məni. Əslində,  son   vaxtlar   pulum olmadığından  ərzaqdan başqa heç nəyə pul  xərcləmirəm. Dərsə piyada  gedib-gəlirəm. Düzdür, yoruluram, amma  başqa  əlac  yoxdur. Evə   çatan  kimi soyutma  kartof və   yumurta hazırladım. Doyunca yedim. Bunları yazarkən  belə etdiyim bazarlığı düşünürəm: görəsən, çox  xərcləmədim ki? 

                11 yanvar

                Bu gün imtahandan yaxşı çıxdığıma  sevinirəm. İmtahandan sonra hamı  yaxşı yazdığı  üçün,   deyəsən,  yığışıb bulvara  getmək istəyirdilər. Vaxtında  əkildim.   Günayın  mənim  getmədiyimi   biləndə üzümə  zillənən  baxışlarını hiss  etməmək   üçün  gərək ya  kor   olaydın,  ya da qanmazın biri. Baxışlarında “Bəs  mən neynim? Gedim?” Fikirlərini  dərhal oxudum. Özümü  etinasız   göstərməyə  çalışırdım. Amma  alınmadı,   deyəsən. Günay  yaxşı qızdır. İmkanlı  ailədən olmasına  baxmayaraq,   özünü  sadə  aparır. Ürəyi təmizdir. Amma  o  mənim  vəziyyətimi bilmir. Sonuncu dəfə sentyabr  ayında onu gəzməyə dəvət etmişdim. Onda  kənddən  tezə  gəldiyimdən cib  xərcliyim azdan-çoxdan  vardı. İndi   aylardı  bunu edə bilmirəm. Bu gedişlə heç edə bilməyəcəm, deyəsən. Günay mənim xətrimi  çox   istəyir. Bilirəm ki, mənimlə gəzməyə çıxmağı xoşlayır. Mənim  şeirlərimin   ilk  oxucusu,  adətən   o olur. Amma mən kafedə,  ya  bulvarda   ona  şeir  yedizdirə   bilmərəm axı. Onu çox  sevirəm. O  da   bunu  bilir. Hətta  qrup yoldaşlarımız da.

                12 yanvar

                Bütün günü   şəhərdə  piyada   gəzdiyimdən  bu  cümlələri   də  böyük  yorğunluq   içində  yazıram. İmtahan olmadığından   iş  tapmaq   üçün  bütün  günü şəhəri altını-üstünə  çevirdim. Tərslikdən səhər yağış  yağırdı və qaldığım  küçənin   tilninə   çatmamış  ayaqlarım tamam islandı. Mənim  kimi  altı deşik  ayaqqabıların  ümidinə   qalanlar  üçün  yağış çox böyük  bəladır   bu şəhərdə... Geri  qayıtmadım. Onsuz da  dəyişmək üçün başqa  ayaqqabım   yox  idi. Köhnəlmiş  nimdaş   ayaqqabının  içində islaq ayaqlarımın büzüşdüyünü hiss edirdim. Az qalırdı  büdrəyib   yıxılam. Hər  addımımı  atanda   da  içindəki  su  və  hava  əl-ələ verib  qəribə fışıltı  çıxardırdı. And  içərəm   ki,  bu  səsi   heç  bir  musiqi   alətində  alındırmaq olmaz. Yanımdan   qızlar  keçəndə ayağımı  ehmalıca   basırdım  ki, səsi  eşitməsinlər. Keçmə də  bu  kənd  uşaqlarının kompleksindən... Bu qədər  əziyyətdən sonra  iş   tapa bilməməyim tamam kefimi   pozdu. Tərslikdən yuxum da  gəlmirdi. Hər axşam  bu dəftərə  nəsə   cızma-qara  etməyi adət eləmişəm də özümə...

                13  yanvar

                İki gündür heç nə yemirəm. İştah məsələsi   deyil. Sadəcə, yeməyə heç nə yoxdur. Dünən səhər sonuncu bir-iki  kiçik kartofu da  suda   qaynadaraq  yedim. Yemək  az   olanda  tez  qurtarırmış. Bunu da dünən  müşahidə elədim. Bu gün  çayla aclığımı dəf  etməyə   çalışıram.  Alınmır.  Ürəyim   bulanır. Bilirəm ki, aclıqdandır. Borc   almağa   kimsə  yoxdur   bu  böyük şəhərdə. Şair, yazar  dostlarımın da  vəziyyəti elə mənim  kimidir. Olsa da istəməyə  üzüm   yoxdur. Çünki heç vaxt  özüm  onlara   əl  tuta  bilməmişəm. Bəlkə də, mənim vəziyyətimi bildiklərindən  özləri  mənə söz deməyiblər. Haradasa  oxumuşdum insan  orqanizmi yeni  rejimə fərqli vəziyyətədə 21  gün  ərzində  alışır. Deyəsən,  indi  mən mədəmi və  orqanizmimi   aclıqla imtahan  etməyə   məcbur olacam. 10  günə  yaxındır ki,   mədəm  yeni rejimlə çalışır.  Hindistanda   rahiblərin  aylarla  ac qalmasına   həsəd  apardım. Kaş o rahiblər kimi  ola   biləydim. 21  gün...  Qarşıda   hələ  11  günüm   qalıb.  Amma hiss  edirəm   ki, ac qalmaq əsəblərimi   pozur  yavaş-yavaş...

                14 yanvar

                Bu gün səhər  qonşuların səsinə oyandım. Divar qonşumun atası rəhmətə   getmişdi.Yazığın  canı  qurtardı, bəlkə də. Yaşı 90-na  yaxın   olardı. Qonşularım Qərbi Azərbaycandan 88-ci ildə  gələn qaçqınlardandır. Yazıq  kişi   illərdi  yataq  xəstəsi   idi. Gecələr  bəzən  təkqat divarın  o   biri  tayından  onun öskürəyinin səsindən  yata   bilməzdim. Hərdən   boş  vaxtlarımda gedib  söhbət   edərdim  əvvəllər. Bədəni  iflic   olsa da,  beyni və  yaddaşı   əla idi.  Hər  dəfə   onunla  söhbət  edəndə “bir   gün  hamı  öz yurduna    qayıdacaq”  deyiridi. Bəlkə də,  bu   inam  yaşadırdı  onu. Bu gecə   ölmüşdüsə, deməli,  artıq  o   inamını  itirmişdi...

                Dərs və imtahan  olmadığından  bütün   günü  yas  çadırında   oldum. Qonşu  kimi  borcumdan   çıxmağa çalışdım. Bu cümlələri kimsə oxusa,  haçansa   məni  qınaya  bilər. Amma   ehtiraf edim ki, ilk dəfə  idi ki, yas  mərasimi məni sevindirmişdi. Başa  düşməyənlər  qoy   heç düşməsinlər də. Son günlərdə ilk dəfə  idi   qarnımı  doyura bildim. Təbii ki,  gözüm  doymadı... Heç  kimin görməyəcəyinə  əmin olsaydım,  bəlkə,   bir az çörək, şirniyyat götürüb evə də gətirərdim. Özümü  üçgünlüyə   saxladım...

                17  yanvar

                İş elanlarına baxa-baxa,  az  qala  şəhərin yarısını  gəzdim desəm, yalan olmaz. Axşama  doğru  çörək sexində bir iş  tapdım. Gecə   növbəsində.  Axşamdan səhərə  kimi 7   manata. Maaşın az  olduğunu  deyəcəyimi   guman  edən orta  yaşlı   dayı  “Gedəndə 2 çörək  aparmağa   icazə  verilir” deyəndə əməlli-başlı sevindim. Dayı  hardan  bilsin ki, mən  buradan   evə kimi  piyada  getməyə   məcburam. Cibimdəki sonuncu  qəpikləri də  avtobusa  verməyəcəkdim ki... Çörək  məsələsinə   gələndə  isə,  az qala “bəlkə, birini  elə indidən   verəsiniz?” – demək istədim.

                Sevincimdən,  az   qala  uçacaqdım ki, dayı  “hələlik boş yerimiz yoxdur. Ayın  axırı   bir  fəhləmiz xidmətə  gedəcək. Onun yerinə  götürərik səni” deməsi  ilə içimdə   cücərməyə  başlayan  sonuncu   ümidlərin  üstündən tapdaladı. Üzümdəki  təəssüf  hissini   görən  dayı “Nömrəni qoy zəng edərik ayın axırında” deməklə,  sankı təsəlli  vermək   istədi.

                Əslində, dilxor  olduğumdan  o anda   dayının  nə deyəcəyi vecimə də  deyildi.

Evə qədər piyada gəldiyimdən   ayaqlarımı zorla sürüyürdüm. Əlimi cibimə  salıb cibimdəki  50 qəpiyi tapanda  elə sevindim ki, sankı  illər   sonra  əsirlikdə olan əzizimi  tapmışdım. Küçənin tinindəki dükanda bir  qədər   boyat  çörəkləri 20 qəpiyə  satırlar. Başqa  əlacım yox idi. Yaxşı ki, boyat çörək qalmışdı.  İndi  bunları   yazarkən  fkirləşdim ki,  gərək   bayaq çörəyin  hamısını yeməyəydim. Heç olmasa yarısını  səhərə  saxlayaydım. Bacarmadım,  düzü...

                19 yanvar

                Aclıq  və  çətinliyə  rəğmən,   bu  gün  əhvalım   pis deyildi. Axşam  aldığım  çörəkdən bu günə  saxlaya   bilməsəm də, dünənki iş  yerində verilən ümiddən  saxlaya bilmişdim. Son iki ayda  ilk dəfə  idi ki, şeir   yazmaq üçün  əlimə qələm aldım. Hiss  etdim ki,  ruhum ölüb. Yaza  bilmirəm son vaxtlar. Günayın axşama  doğru etdiyi zəng  olmasaydı, bəlkə də,  günü   bu  əhval-ruhiyyə  ilə   başa  vuracaqdım. Telefonun ekranı elə  bir gündədir ki,  zəng edənin   kimliyini  görə  bilmirdim. Bilsəydim ki, Günaydı, bəlkə də, açmazddım.

                İlk  andaca   səsimdəki soyuqluğu  hiss etdiyindən dili dolaşdı. Nə  deyəcəyini  bir anlıq   özü də unutdu  yazıq  qız. Sonunda   “Sabah  Şəhidlər xiyabanına  gedəcəksənmi?” deyəndə,   yadıma   düşdü ki,  sabah  Şəhidlərin anım  günüdür.

                Təbii ki, gedə  bilməyəcəkdim. Günay evdə  darıxdığını deyir. Eh Günay sən haradan biləsən ki, mənim darıxmaq  hissim  ölüb.   İki həftədən artıqdır ki, mənim üçün   axşamın düşməsi,  səhərin açılmasının heç bir mənası yoxdur. Gecələr bir təhər “yatızdıra bildiyim” problemlərin səhər  məndən   tez  oyanır  yuxudan. Ağlı olan  bu  qədər çətinliklə  bu  şəhərdə   bir  gündə  baş   saxlamaz. Çıxar  gedər elinə, obasına. Mən isə atama   söz verdiyim ali təhsil ucbatından  bu  şəhərdə   hər  gün  bir  az da  kiçilirəm,  bir az   da  sarsılıram. İndi  bunları   yazanda  Günaya  necə   yox  dediyimi  də   xatırlamıram. Deyəsən,   incitdim  onu.  Bəlkə də, belə lazımdır. Qoy  vaxtında   uzaqlaşsın  məndən. Həyatını  mənim   quru şairliyimə  həsr  etməyəcək ki? Mən indi  özümə də, yazdığım şeirlərə də  yükəm.

 

                 20 yanvar

                Bütün günü evdə oldum. Daha  doğrusu, bayıra  çıxmağa  səbəb yoxdur. Yaxşı ki, evdən bayıra  çıxmamışam. Qonşu ehsanlıq aş  gətirmişdi. Bu gün rəhmətliyin yeddisi  imiş. Doyunca   yedim. Gözlərimə  işıq  gəlməmiş   mədəmdə  sancılar  başladı. Təbii  idi.   Günlərdir  boş  qalan   mədə  indi də yeməyə dözə  bilmirdi. Yeməkdən sonra  dəmlədiyim   çay  əhvalımı  xeyli   düzəltdi. Günaya  zəng  etmək   istədim. Məlum oldu   telefonum  borca  görə   bağlıdır. Bəlkə də,  belə  yaxşıdır   deyə düşündüm yenə. Bütün günü   evi səliqəyə  saldım. Kitablarımı  yığışdırdım. Evi  silib-süpürdüm. Kitabları səliqəyə  salanda   ağlıma  yeni  fikir   gəldi: bəlkə,  oxduğum kitabları  aşağı qiymətə də olsa  satım?   Onsuzda  imtahandan  sonra evə gedə  bilməyəcəkdim. Qalıb  işləmək   istəyirdim. Amma  ayın  axırına kimi   hansı  yolla  olursa-olsun    dolanmalı  idim. Yavan  çörəklə olsa da. Ürəksiz-ürəksiz  satmaq   üçün  kitab  seçməyə   başladım.  İlahi  bu  mənim üçün  necə də  çətin   idi. Hər  kitab  mənim üçün   əziz  idi. Günayın  bağışladığı   kitablardan  başqa  digərlərinin arasından yaxşı  vəziyyətdə   qalanlardan 6-7-sini seçdim. Bunlar   axtarılan  kitablardan idi,  deyə   ümidim  vardı  ki,   ən  aşağı   qiymətə  də olsa  götürəcəklər.

                21 yanvar

                Səhər  açılan   kimi istəməsəm də  kitabları  qoltuğuma vuraraq həmişə  kitab aldığım yerə – metronun çıxışındakı  mağazaya  yollandım. Heç  vaxt   ağlıma  gəlməzdi ki,  bir gün mənim üçün  qiymətli   kitablarımdan  belə “könüllü” ayrılacam. Məcbur idim. Son günlər  hiss edirdim ki, tükənirəm.  Aclıq  və   maddi sıxıntı  bütün  varlığıma hakim kəsilib. Satıcı  oğlan   kitablara  diqqətlə  baxdı. Ağlı, deyəsən,  bir   şey  kəsməmişdi. Üzümə  diqqətlə   baxdıqdan sonra  “Tələbəsən?”  deyə   soruşanda  başımı  tərpətməklə   cavab  verdim. “Qoy  bura   satılarsa,   pulunu  gəlib   apararsan”  deyəndə  içimdə   nəsə “gupp” elədi. Yəqin,   ümidin  ölməsi  belə   olurmuş. Əslində,  satıcı  oğlan bilsəydi ki,  qarşındakı   bu  qədər  kitabı   indi  bir  “beşliy”ə də   verməyə  razıdır bəlkə də fikrini  dəyişməzdi. Nə fikirləşdisə, kitabların arxasındakı qiymətlərə   baxaraq,  “Nağd istədiyin üçün bunlara ancaq  15 manat verə bilərəm”. Səhər 15 manatı alanda sevindiyimdən  bilmirdim nə  edim. Cibində 20 qəpiyi olmayan biri  üçün 15 manat əsl sərvət idi. Son  15 gündə ilk dəfə  idi evə avtobusla  gəldim. Avtobusda  olanda bir neçə dəfə  əlimi cibimə   salıb  pulun  cibimdə   olduğunu  yoxladım.  İlk dəfə    hiss etdim  varlıların  pula olan sevgisini...

 

 

                22  yanvar 

                Bu yazdıqlarıma, bəlkə də, kimsə   inanmayacaq. Ola  bilsin  bir   gün özüm də  oxuyub  güləcəm. Amma   bunlar   bir  şairin, tələbənin  yaşadıqlarıdır,  vallah.   Məktəbdə  oxuyanda  kimsə   mənə  desəydi ki, bu  gözəl şəhərdə   belə  çətinliklərlə  yaşayan   adamlar var, inanmazdım. İnanmazdım ki,   bu  cür varlı  şəhərdə,   milyonlarla sərvəti olan insanların yaşadığı zəngin şəhərdə  kimsə   çörək  almağa  pul   tapa  bilmir  və   bir  gün  onlardan biri   də mən  olacam. Heç cür anlaya  bilmirəm ki, insanlar  niyə   bu qədər  soyuq və laqeyiddir. Deyilənə görə,  əvəllər  insanlar   belə  olmayıb, Qayğıkeş,  rəhimli və   ədalətli  yaşayıblar. Eh  kaş   atam  sağ  olaydı... Mənim  tələbə   olduğumu  görəydi. Atam sağ  olsaydı,  mən  belə  şeylər   yazmaq  məcburiyyətində  qalmazdım,   yəqin.  Eh  ata..   Çox  tez  tərk etdin bizi. Sən  heç   bimirsən ki, dünənki  kitabların pulu  olmasaydı,  mən, bəlkə də,  acından   yıxıla  bilərdim. Heç özüm də bilmirəm bu qədər  dözüm  hardadır   mənim  bu cılız  bədənimdə.   Yəqin,  öyrəşirəm  yavaş-yavaş.   Deyəsən,  21  gün söhbəti   düz imiş...

23 yanvar

Bu gün səhər çox  böyük ümüdlə   çıxdım evdən. Cibimdə az da olsa   pulumun  olması  məni   ruhlandırıdı. İlk işim çörək sexinə baş   çəkmək oldu. Elə bilirdim məni görən   kimi   tanıyacaqlar. Zalım  oğlu   üz- gözünü  elə  turşutdu ki, elə  bil heç   məni  yadına  da   sala bilmir. Nömrə verdiyimi  deyəndə isə “Rəhmətliyin nəvəsi  burda  gündə   neçəsi nömrə  qoyur. Sən də  kefsən   vallah.” Deyib əlini yellədi.   Tezliklə  məlum oldu ki,  lazım olan   işçini  iki  gün  əvəl  götürüblər.   Məni  oturub  gözləməyəcəkdilər ki... İçəridə daha durmağımın  artıq olduğunu  görüb özümü sexdən bayıra atdım. Ağlamaq  məni   necə  boğurdusa  o anda   ancaq təklik  istəyirdim. Küçədən keçənlər olmasaydı  bəlkə də əsbimdən hönkür-hönkür ağlayardım. Günlərdir buradan cavab gözləyirdim.  Elə bilirdim ki, bu gecə  işləsəm   səhər  iki  çörək və7 manatla evə  qayıda   biləcəm. Hətta  razı  olsaydılar   gündüz də  işləyərdim. Ehh.. oradakı  dayı   hardan bilsin ki,  mənim  7 manatla   bağlı  necə planlarım  vardı... İşə başlayan kimi anama zəng edib  kəndə gələ bilməyəcəyimi deyəcəkdim. Alınmadı...

                24 yanvar

                Bu gün  ilk   işim  cibimdə  qalan   3  manatdan   birini   verib  kontur  almaq   oldu.  Anama  zəng etdim.   Səsini  eşidəndə  necə   kövrəldimsə,   danışığı  yarıda   saxladım ki,  anam  səsimdəki   qəhəri  duymasın. Yenidən  zəng etdim. Şükür  hər   şey  yaxşıdır  dedim. İmtahanları    yaxşı verdiyimi  deyəndə,   çox  sevindi  anam.   Çox  qorxur ki, kəsiləm və universitetdən qovulam. Əslində,   çox  istəyirəm birdəfəlik  çıxıb   gedəm kəndə. Bu  şəhər  məni   çox  yorur. Hərdənbir  düşünürəm ki, bəlkə də,  otaq   yoldaşım olsa,  belə  darıxmazdım. Amma  məndən   başqa  kim  qalar   bu  it  damında? Havasız, rütubətli  kişik   bir  otaq.  Ayaqqabını   belə  içəridə  çıxardıram.   Güclü  yağış  yağanda   küçənin suyu  otağıma  dolur. Çünki   qapım  bir  başa küçəyə   açılır.  Əvvəllər  anbar   kimi  istifadə  edilən    bu  otağın   kiçik   bir  pəncərədən  başqa   işıq  düşəcək, hava  gələcək   yeri  yoxdur. Anama  tezliklə   görüşəcəyimi  desəm də,  bildim ki, kəndə  gedə   bilməyəcəm. İş  tapsam da,  tapmasam da... Anamla danışdıqdan sonra  ruhum   büsbütün  boşaldı... Yaxşı ki,  bu dəftərə  yazıb   içimi  boşalda  bilirəm. Çox   heyif, əvvəllər  yazdığım  dəftəri   yandırdım. Eh  orada  Gunayla   bağlı   çox  xatirələrim   vardı... Əvvəllər nə  vaxtsa Günayla  birlikdə oxuyub  birgə   güləcəyimizi  xəyal   edərdim. İndi  bilirəm ki,   bu  mümkün deyil. Olmayacaq    o   gün...Yatmaq  lazımdır.  Səhər   sonuncu  imtahandır. Gunayla  heç   qarşılaşmaq  istəmirəm.

                25 yanvar

                Bu gün imtahadan uğurla  çıxdım. Sevinirdim.  Günayın  gözünə   görünməmək  üçün  aradan   çıxmaq  istəyirdim ki, məni dekanlığa  çağırdılar. Məlum  məsələdir, təhsil  haqqımın   600  manatını ödəyə  bilməmişdim. İlin  əvvəlindən söz  versəm də,   heç  cür  alınmadı.   Əslində,  bilirdim  ödəyə   bilməyəcəyimi. Çünki  əvvəllər  təhsil   haqqıma dayım  kömək  edərdi. Keçən   il  həyat  yoldaşı    xərçəngə  tutuldu. Dayım  hər şeyini   satdı. Borca  girdi.  Kredit   aldı. Ölkələr gəzdirdi   yoldaşını.  Mümkün  olmadı.   İndi dayım  çox  çətin   vəziyyətdədir, bilirəm. İşləmək üçün   Rusiyaya  getsə də  hələlik    ordada  işləri  yaxşı   getmir. Borc  sahiblərinin də  biri gedir,   biri  gəlir. Bütün  ailə  nənəmin  təqaüdünə   baxir  indi. Dekan  pis   adam  deyil. İmtahlardan  əvvəl   mənimlə  söhbət  etdikdən   sonra  göstəriş  verdi ki,   məni  imtahalara  buraxsınlar. İndi  isə   hiss  edirəm ki, onun üçün də  çətindir. Sonuncu dəfə mart ayına qədər vaxt verildi. Heç nə demədən  çıxdım. Söz  vermədim.   Bilirdim ki, mümkün  deyil o pulu  tapmağım... İndi  otaqda   bütün  divarlar  üstümə   gəlir. Soyuq  qış  ayında   kiçik  pəncərəni açıq  qoysam da,     hiss edirəm ki, nəfəsim çatmır, boğuluram. Hər  şey üstümə   gəlir. Əvvəllər  yatağımda uzanaraq  kiçik  pəncərədən   qarşıdakı  evlərin  görünən   işıqlarına  baxmaq  mənə   hiss  edə bilməyəcəyim   zövq   verirdi. İndi  isə    əlimdəki   qələmi  necə  bərk   sıxmışamsa,    barmaqlarımın  sızıltısı   beynimə  vurur.  İlahi   mənə   kömək  ol!

                26 yanvar

                Əslində, bu  gün   rayona  getməli  idim. Getmədim. Daha  doğrusu, gedə bilmədim. Yolpulu  belə   yoxumdur.  Satılası  sonuncu   kitabları da  aparıb satıcıya  təklif   etdim. 

                “Burada qalsın. Satılarsa,  pulunu  götürərsən” – satıcı yenə dedi. Kitabları   satıcıya  verdim.   Bilirdim ki, gec  satılacaq.  Amma   bu kitablar  bundan  belə  mənə  də   lazım  olmayacağını  hiss   edirəm. Cəhənnəm   olsun, hər  şey. Dostlar, tanışlar, qrup  yoldaşlarım “şair” deyə  müraciət   edəndə  diksinirəm. Nəyimə lazımdır   o şeirlər? Bütün şeirlərimi yol puluna satardım məmuniyyətlə. Kəndə gedib çıxa bilsəm, bir də bura  qayıtmayacağam. Rədd olsun, ali təhsil! Hər  şey   uçuruma  doğru  gedir. Beynimin içində nəsə  qəribə   uğultu  var. Son  iki   gecədir  gözlərimi  yuman   kimi atamı  görürəm.  Elə qəribə   baxır ki, mənə... Əvvələr   heç  belə  tez-tez   görməzdim  onu. İndi  atam da   bir  yandan  qənim   kəsilib  yuxularıma. Dünən gecə  yuxuma   sonuncu  dəfə  gördüyüm   kimi gəlmişdi. Əynində   balıqçı  paltarı.  Qoltuğunda   dəstələdiyi  böyük  tor. O gecə indidə  yadımdadır. Nədənsə  evdən çıxarkən mənə “həyət-bacadan  muğayat   ol” demişdi.  Ürəyinə  dammışdı   qayıtmayacağı.  Atam və  dostları   bir  daha  qayıtmadılar. Daha  doğrusu,   iki  dostunun   meyitini günlər sonra ləpələr  kəndin aşağısındakı qayaların  dibinə atmışdı. Atamın  meyitini   isə  gördüm deyən  olmadı.   Hər dəfə  dənizı görəndə anam gözünün  yaşını  saxlaya   bilmir. Atamdan sonra dəniz   sözünü  qəbir, külək sözü əzrayıl kimi qəbul edirəm. Uşaq  vaxtı  atam   kimi  balıqçı  olmaq   istəmişdim. Amma  indi bulvara  gedəndə  üzü  dənizə  doğru   dayana  bilmirəm. Hərdən  mənə elə gəlir ki, dənizdən atamın  səsini   eşidirəm: “həyət-bacadan muğayat ol...”

                27 yanvar

                Bu gün  uşaqlarla   üniversitetə   toplaşmalıydıq. Günay zəng etmişdi. Həmişəki kimi  fakültələr   arası “Xəmsə”  yarışına  hazırlıq   gedirdi. Komandamızın   yaxşı  oyunçusu   kimi məni də gözləyəcəkdilər. Amma   getməyəcəyəm. İstəmirəm. Heç nəyə marağım  qalmayıb.   Onsuzda  yolpulu  tapan   kimi  çıxıb gedəcəm  kəndə. Bir   daha  bura  qayıtmayacağam. Hətta bir  gün varlı   olsam da,   bu  şəhərdə   yaşamaq  istəmərəm. Mən  bu  şəhərdə yaşamadım. Mən bu  şəhərdə əzildim, məhv oldum. Bu gün  son  statusumu   yazaraq  feysbuk səhifəmi də bağlayacam. Qəribədir. Bu   yaxınlarda  öyrənmişəm ki,  başına   bir  iş  gəlsə,   feysbuk  səhifəni  kiməsə   həvalə  edərsən. O gün  isitədim bunu Günaya  deyəm. Səhifəmi  ona  həvalə  edim. Fürsət tapmadım. Son günlər  yazdıqlarımı   oxuyanda  özüm özümü  tanımıram. Çox  dəyişilmişəm. Güzgüyə  baxmaq   istəmirəm. Bilirəm əvvəlki  deyiləm. Bayaq divardakı  təqvimə  gözüm sataşanda bu gün 21-ci gün olduğunu  gördüm. Yox  dedikləri kimi deyilmiş. 21  gün   keçdi. Amma  mən  alışa   bilmədim  bu  hala. Heç nə dəyişmədi  mənim   üçün. Heç nə... İlk dəfədir ki, gündüz   əlimə alıram bu dəftəri. Son vaxtlar   sirdaşım  yalnız   bu dəftərdir.  Cəmi   bir  vərəq  qalıb dəftərin dolmasına. Bu da  dolandan   sonra heç nə yazmayacağam. O gün   yazdıqlarımı  oxuyuram. Son  20 gündür ki,   ancaq  problemlərdən və aclıqdan  yazırammış. Əvvəl  ən çox Günayla  söhbətləşərdim qiyabi... İndi  isə   problemlərimdən  başqa  heç nə   yaza bilmirəm. Sonuncu dəfə  nə  vaxt şeir   yazdığım belə yadıma  gəlmir. Bəlkə də,  yazmayacağam indən belə. Yolpulu  tapa  biləydim kaş...

                Səhərə yaxın  atamı gördüm yuxuda. “Kəndə  niyə getmirsən?” deyə  məzəmmət   edirdi. Dilim  tutuldu, heç nə deyə  bilmədim. Deyə  bilmədim yol   pulumun  olmadığını. Deyəsən,  anlamışdı. Heç nə  demədi. Çevrilib  dənizə   baxdı. Geriyə doğru  addımladı. Qışqırığıma  yuxudan  ayıldım. Boğulurdum,  az   qala. Atamı  ilk dəfə  idi   belə  görürdüm. Nə deyirdi  mənə,   görəsən?  Bəlkə də,  anamın başında  bir   iş  var? İlk dəfə  idi hönkürüb   ağladım.  Yatağımın  içindən dura   bilmədim.

                Atam məndən  narazı  idi... Yox   bu  gün kəndə  getməliyəm. Başqa  yol yoxdur.   Bəlkə, dənizlə  gedim?  Bizim   kənd Xəzərin  lap  sahilindədir axı. Görəsən,  burdan   bizim kəndə  dənizlə  neçə    saatlıq  yol  olar? Kaş   üzməyi bacaraydım. Özümü  Xəzərin  sularına   atardım. Bəlkə,  elə atamı da  tapdım?!

                Yox.  Mən   anamı gözüyolda  qoya  bilmərəm. İndi çıxıram. Buradan  bulvara   piyada  20 dəqiqəlik  yol var.   Getməliyəm.  Gözlə,  anacan... Gəlirəm...

Ctrl
Enter
ohv tapdınız?
Ctrl+Enter sıxıb bizə bildirin
Müzakirə (0)