Edebiyyat.az » Proza » Nemət Mətin - Soyuq səngər

Nemət Mətin - Soyuq səngər

Nemət Mətin - Soyuq səngər
Proza
nemət
Müəllif:
17:14, 09 yanvar 2020
1 646
0
Nemət Mətin - Soyuq səngər

 

                                                         

 

 Zəhrimar temperatur “- 30” dərəcəni keçib. Soyuqdan donmamaq üçün oturub qalxıram. Bronjiletin, avtomatın və kaskanın ağırlığını nəzərə aldıqda bu, heç də asan deyil. Gündüzlər postu qorumaq çətinlik yaratmır. Göz gözü görür. Gecə isə yuxu bir yandan, qaranlıq o biri yandan mane olur.

 Vəliyevin atası “pasılka” ilə oğlunun xahişini yerə salmayaraq kitab da göndərib. “Qara volqa”, “Dilənçi qadının sirri” və “Таинственный остров”. Sonra kitabsızlıqdan hamısını oxusam da, ilk olaraq rus dilində olan kitabı seçdim. “Sirli ada”... Hər dəfə kimsəsiz adaya düşmək möcüzə idi. Az-az oxuyurdum və hər oxuyanda fasilə verib düşünürdüm:

- Jül Vern öz işinin ustasıdır. İnsanlar çətinliyə düşəndə birləşib şəhər yaradırlar. Ən xoşuma gələn epizod isə alovun əldə edilməsi olur. İlk dəfə od əldə etmiş canlı inqilab edib. Kitabda da obrazlar inqilab edir. Qutuda qalmış sonuncu kibritin yandırılması anı həyəcanvericidir. O kibrit yanmaya da bilərdi.

 Həyat əslində gözəldir. Onu insanlar pis günə qoyub. O tayda da düşmən əsgəri evə sağ-salamat getməyini düşünür, bu tayda da biz, əsgərlər. Lakin yazılmamış qanunlara görə iki tayfamı deyim, xalqmı deyim, dövlətin nümayəndələrimi deyim əlinə avtomat alıb dayanıb. Gör mənim qızıldan dəyərli saniyələrim hansı sövdələşmənin qurbanıdır.

 Biz postda kiçik ailə kimiyik. Hər kəs bir tərəfdən gəlib. Ucqar dağda yaşamış əsgər Aslanov bizim bəyənmədiyimiz postu cənnət hesab edir. Meşə əlinin altındadır. Bir gün quş ovlayır, bir gün dovşan, o biri gün ağac doğrayıb gətirir. Həyatsevər gəncdi. Aylar beləcə ötüb keçir. Məzuniyyətə gedib qayıtdım. Məzuniyyətdən sonra əsgər daha çox darıxır.

 Səhərə yaxın posta çıxanlardan başqa hamı yatıb. Bəzən yuxu candan şirin olur. Səhər açılar açılmaz digər əsgər Fəndiyev oğlunun dünyaya göz açması xəbərini öyrənir. Sevincindən ağlayır. Ürək dirək verirəm. Eh, ata olmaq görəsən necə hisdir?

 Axşamüstü tağım komandiri posta gəlir. Nə üçün üzümüzü qırxmadığımızı soruşur. Suyun olmadığını deyirik. Heç nə demir. Birdən dərin yuxudan ayılıbmış kimi gözlərini bərəldir:

- Əsgər Alışov, get mənə üzqırxan gətir.

 Əsgər əmrə tabe olur. Komandir əyilib otun üstünə muncuq kimi düzülmüş şeh dənəciklərinə əlini sürtür. Sonra yenicə çıxmağa hazırlaşan saqqalına sürtür və üzünü qırxır. Biz şokdayıq. İlk dəfədir üstümüzə qışqırmadan dərs aldıq. Komandir sakitcə məğrur yerişi ilə postu tərk edir.

Səhəri gün xoşuma getməyən xəbər eşidirəm. Bir həftəlik başqa posta göndərirlər, yardım etməyə. Bu post bizim postdan daha irəlidə yerləşir. Düşmən ağzımızın içindədir. Burada hamı məndən yaşca kiçikdir. Lakin Elçin adında əsgərə baxanda təqribən 30 yaş vermək olar. Gözləri yol çəkən, düşünən bir gənc.

Əsl döyüşçü ruhunda bir insan.

İki dəfə onunla posta bir yerdə çıxmaq nəsib olur. Həyat eşqi onun silahıdır. Bütün gələcək planlarını danışır. Rayonlarında oxuyan, təhsilli adam azdı. İlk hədəfi texnikumda təhsil almaq, sonra iş tapmaq və evlənməkdi.

Getmək vaxtıdır. 7 günlük səfər məndə xoş təəssürat yaratdı. Üzülsəm də geri dönürəm. Postumuzda məni sevinclə qarşılayırlar. Darıxdıqlarını deyirlər. Əsgər Elçin haqqında da məlumat verirəm. Onun necə dəqiq, vicdanlı olması barəsində dil-dil ötürəm. Paxıllığını çəkirlər.

Səhərə yaxın postda durmuşam. İyunun 5-dir. Quşların səsinə qulaq asıram. Qəflətəngözəl səsi kobud, uydurucu güllə səsi kəsir. Güllələr yağış kimi göyən yağır. Amma üfüqi istiqamətdə. Düşmənin bir snayper atəşi ilə Elçinin gözləri əbədi yumulur. Postu dəyişməyə gedərkən qarşısındakı əsgərin puşlatından güllə keçib Elçinə dəyir. Postu dəyişəndən sonra aldığım məlumatlar belə olur. Snayper gülləsi bədənə daxil olarkən balaca dəlik görünür. Lakin digər tərəfdən çıxanda insan başı boyda dəlik açır...

 Atın belində çaparaq posta tələsən komandirin gözündən yaş sel kimi axırdı. Əsgərinin ölümünə dözə bilmirdi. Həmin gecə yatmadı. Snayperlə pusquda gözlədi... Bir düşmən əsgəri öldürməsəydi sakitləşməzdi. Elə də oldu. Sonda yenə də insan insanı öldürdü...

 Bir dəfə mayor posta baş çəkdi. Tank minasına düşən əsgər haqqında danışırdı:

"Əsgərlər tank əleyhinə istifadə olunan minaya düşmüş əsgərin təkcə formasının ovuc boyda hissəsi qalmışdı. Onu mən necə şəhidin valideynlərinə təhvil verə bilərdim? Bu dəhşətdi... O dövrdə mənə şəhidlərin ölüm xəbərini valideynlərinə çatdırmaq tapşırılmışdı. Bir qapıdan məni bel sapı ilə döyüb qovaladılar..."

Sərin meh üzümə oxşayır. Səngərdəyəm. Yaxşıdı, bir tərəfdə şəhər görünür. Əks halda düşmən ərazisində boz torpağı izləməkdən bezmişdim. Şəhərdə kim isə fişəng atır. Yəqin ad günüdür... Özümü kimsəsiz uşaq kimi hiss edirəm... Ancaq mən onları qorumalıyam.

 

Ctrl
Enter
ohv tapdınız?
Ctrl+Enter sıxıb bizə bildirin
Müzakirə (0)