Edebiyyat.az » Söhbət » Roman yazmağın mənə görə, hazır bir formulu yoxdur... Pərviz Cəbrayılın Türkiyənin Şehir dərgisinə müsahibəsindən

Roman yazmağın mənə görə, hazır bir formulu yoxdur... Pərviz Cəbrayılın Türkiyənin Şehir dərgisinə müsahibəsindən

Roman yazmağın mənə görə, hazır bir formulu yoxdur... Pərviz Cəbrayılın Türkiyənin Şehir dərgisinə müsahibəsindən
Söhbət
nemət
Müəllif:
20:51, 02 may 2020
1 619
0
Roman yazmağın mənə görə, hazır bir formulu yoxdur... Pərviz Cəbrayılın Türkiyənin Şehir dərgisinə müsahibəsindən

 






- Pərviz müəllim, yeni romanınız “Məryəm surəsi” çapdan çıxandan dilə-ağıza düşüb. Oxucular fikirlərini sosial şəbəkələrdə bölüşürlər. Roman haqqında yazılar da yazılır. 

 

- Azərbaycan yazıçısının ədəbiyyatdan tək qazancı elə oxucunun sözüdür. Kitaba görə qonorar yox, yüksək satış yox, bütövlükdə toplumun vecinə deyilsən. Bu ölkədə, bu toplumda kitab hətta ən sonuncu zəruri tələbat malı belə deyil. Bəs yazıçı nəylə yaşamalıdır? Onu nə yaşada bilər? Əlbəttə ki, oxucunun sözüylə. O da olmasa, bilmirəm, adam gələcək nəsillər oxuyar deyib təsəlli tapa, yenə yaza bilərmi? Mən bu mövzuda o qədər umudsuz olmuşam ki, hətta yeni romanımı özümçün bir-iki nüsxə çap edib kitab rəfimə qoymağı düşünürəm. Hərçənd bildiyiniz kimi, bu ölkədə nəşriyyat hesabına çap olunan, kitabı satılıb qurtaran 3-4 yazıçı varsa da, biri mənəm. Ancaq kitabın tirajına baxanda mənzərə çox kədərlidir. Qısaca desəm, bu dünyada mənim oxucumdan başqa heç kimim yoxdur. Mən oxucumu kitablarımın həmmüəlifi hesab edirəm. Bu sözüm mübaliğə deyil. Qətiyyən. Aldığım məlumatlar belədir ki, məni hər adam oxuya bilmir. Ancaq oxuya bilənlər var. Bax onları özümlə birgə kitabın müəllifi hesab edirəm. Kitabın 50 faizini mən yazıram, 50-sini isə onlar anlayaraq tamamlayırlar. Hər kitab hər oxucuda yenidən yazılır və tamamlanır. 

Kitab bazarının, kitab sənayesinin bərbad olduğu bir ölkədə ləyaqətli roman yazan yazıçı da, onu oxuyan oxucu da bir qəhrəmandır. Çünki nə oxucunun, nə yazıçının buradan bir çıxarı var. Biri həyatın bütün maddiliklərindən imtina edib min əzab-əziyyətlə olsa da, kitab yazır, biri də son çörək quruşunu ayırıb kitab alır. Bəlkə dünyanın heç bir ölkəsində belə yazıçı və oxucular yoxdur.   

 

- Romanın Türkiyədə çap olunmasını istəyirsinizmi? Sizcə, oradakı oxucular romanı necə qarşılayacaq?


- Türkiyə kitab işində bizdən çox-çox öndədir. Ancaq dünya ilə müqayisədə qardaş ölkədə də durum qətiyyən yaxşı deyil. Bir yazıçının da məsələn, ABŞ-da, Almaniyada, Fransada çap edilməyi ona daha çox şöhrət gətirər, nəinki Trükiyədə. Ancaq nə məsələdirsə, biz ilk növbədə məhz Türkiyədə çap olunmağımızı istəyirik. Cibinin parasıyla Türkiyədə çap olunanlarımız çox olub. Ancaq mən bu sistemə ikrahla baxıram, o tip kitabları heç kim almır, bu, sadəcə görüntüdür, şöhrət mərəzidir, “baxın, mən xaricdə nəşr olundum” eqo tətminidir. Mənim özümü aldatmaq fikrim yoxdu. Bu, hansısa təbii yolla, türk naşirlərin bizim kitabı görüb çap etməsiylə baş verməlidir.

İranda üç kitabım çap olunub. Güneyli qardaşlarımız edib. Güney Azərbaycan xaric deyil, ona görə də hesab edirəm ki, hələ xaricdə çap edilməmişəm.

Ancaq “Məryəm surəsi”nin Türkiyədə çap edilməsini çox istərdim. Nəzərə alanda ki, roman “birinci və ikinci kitab” olaraq iki hissəlidir və ikinci kitabdakı olaylar məhz İstanbulda baş verir, məncə, bu kitab Türk oxucusu üçün maraqlı olmaya bilməz. Qədim İstanbul, əski adıyla Konistantinopol şəhərinin bildiyiniz kimi qoruyucusu bakirə Məryəm ana hesab edilib. Bu kitabda isə Məryəm özünü qorumaq üçün İstanbula gedir. Bəli, son Umud axtarışında o İstanbulu, Türkiyəni seçir. İstanbul seçimlər şəhəridir. O seçimin adını ölüm-qalım da, Şərq-Qərb də, Avropa-Asiya da qoya bilərsiniz. Əsas odur ki, bura seçim şəhəridir. Məryəm Azərbaycanın simgəsi olaraq bu şəhərə üz tutur, umudunu axtaran Azərbaycan və onun insanı, qadını... Nə bilim, bəlkə də türk oxucusu üçün maraqlı ola bilər.    

 

- Türkiyə kitab industriyasının inkişafında görə Azərbaycandan nə qədər öndədir? Problemlər haradan qaynaqlanır?


- Bu haqda bir az əvvəl danışdıq. Heç şübhəsiz ki, Türkiyə böyük bir inkişaf prosesi yaşayıb və artıq önəmli bir mərhələyə qədəm qoyub, dünya kitab sənayesi ilə inteqrasiya yüksək səviyyədədir. Azərbaycanın bu səviyyəyə çatmasına bu gedişlə hələ azı 200 il var. Siyasi zəmində Türkiyə artıq dünyanın aparıcı oyunçularından biridir, Azərbaycana da bu sahədə dəstək olur. Ancaq təkcə siyasətlə irəli getmək olmaz. Mədəniyyət axsadımı, o siyasət çox şey ifadə etmir və bir gün çox asanlıqla çökəcək. Türkiyə ən azı ədəbiyyat, kitab işində də Azərbaycana dəstək olmalı, siyasi həyatdakı birliyimiz ədəbi həyatda da baş tutmalıdır. Bir dövlətin ordusunu düşünün. Ordunun tərkibi bir alaydan ibarət olmur ki? Bunun topçu, piyada, öncül, dəniz, hava hissələri var. Bunların tək biriylə savaşa bilməzsiniz. Demək, hər sahə paralel olaraq inkişaf etməlidir. Lakin Türkiyəni bu sahədə zərrəcə Azərbaycanın yanında görmürəm. Türk oxucusu da, yazarı da özünə zəhmət verib Azərbaycan ədəbiyyatını oxumaq istəmir. Nəymiş? Dili anlamırmışlar. Bəs biz necə anlayırıq? Tərcüməsiz də necə oxuyuruq türk ədəbiyyatını? Filmlərini, musiqisini və s. Səbəb sevginin, ilginin azlığıdır. Ancaq Türkiyə bilməlidir ki, onun Azərbaycandan başqa ikinci belə dostu yoxdur. Küsdürmək lazım deyil. Bu iki qardaş ölkənin ədəbiyyatı o qədər bir-biriylə qaynaşmalıdır ki, məsələn, Türkiyədə Azərbaycan mətnini türkcəyə uyğunlaşdırmağa, nəşr etməyə gərək olmadan bizim özümüzdə çap edilən kitabları alıb orijinaldan oxuya bilsin. Necə ki biz elə edirik. 

 

 

- Gürcüstanda, Türkiyədə və digər ölkələrdə gənc yazıçılar xaricdə asanlıqla çap olunurlar. Bunun yaxşı tərəfləri əbəttə çoxdur. Gənc yaşda dünyaya çıxmaq tez deyilmi?

 

- Gürcüstan həmişə dünyaya bizdən on addım yaxın olub. Gürcüstan ruhuna görə əzəldən Qərbdir. “Əli və Nino” romanında da Şərq-Qərb dilemmasında Gürcüstan Qərbin simvolu kimi qoyulub. Üstəlik Saakaşvili o ölkənin ruhunu elə dəyişdi ki, daha heç nə bu proqresin qarşısını ala bilməz. Bizdə isə ədəbiyyat hələ də siyasətin monoployiasındadı. O şey ki, azadlığın rəmzidir, bizdə o rəmzin özü daim dövlətin ətəyindən yapışır, gözünü onun cüzdanına dikir və könüllü şəkildə azadlığından imtina edir. Halbuki dövlətin ədəbiyyata dəstəyi para ilə deyil, onu sərbəst buraxmasıyla, yollarını açmasıyla, ən azı yollarını kəsməməsiylə mümkün ola bilər. 

Gənclik məsələsinə qalanda isə, ədəbiyyatın yaşı olmur, müəllif gənc ola bilər, sözün yaşısa sonsuzdur. Eynən Bibliyada deyildiyi kimi: Öncə söz vardı və söz Allah idi. Dünyaya çıxa bilmək proqress üçün impulsdur.

 

- Nə üçün xarici müəlliflərə maraq daha çox olur?

 

- Bunu çox sadə şəkildə izah etmək olar. Əvvəla xarici müəlliflərə yox, möhürü vurulmuş xarici müəlliflərə deyək. Dostoyevski, Tolstoy, Kafka, Hesse, Markes, Heminquey, Selincer və s. Yəni o şəxslər ki, biz onun yaxşı olub-olmadığını düşünmədən, hazır qiymətlər əsasında oxuyuruq. Ancaq deyək ki, Pərvizi oxudun. Axı bunun dünya möhürü vurulmayıb. Sənin kimi bir oxucu əladı deyir, bir oxucu isə pis. Qalırsan belə. Bəyənsən də, bəyənməsən də açıq deyə bilmirsən. Deyək ki, “Mersedes” firmasının avtomobilini almaq, bu gün bazara yeni girən bir şirkətin avtosunu almaqdan daha qolaydı. Elə bundandı ki, Coysun “Uliss”ini guya çox asanlıqla oxuyan biri deyir ki, Pərviz, sən çox mürəkkəb yazıbsan, oxuya bilmədim. Daha nəticəni özünüz çıxarın... 

 

- “Məryəm surəsi” romanınızı “Yad dildə” romanınızın davamı hesab etmək olarmı?

 

- Bütün əsərlər həmin o “ən başda olan söz”ün davamıdır. “Yad dildə” “Öləngi”nin, “Məryəm surəsi” “Yad dildə”nin, bir sonrakı da “Məryəm surəsi”nin davamı olacaq. Daha doğrusu, onların hər biri mənim davamımıdır. Onlar mənim genlərimi daşıyır özündə.  

 

- Roman yazmağın bir qaydası və ya üsulu varmı?

 

- Roman yazmağın mənə görə, hazır bir formulu yoxdur. Ancaq baza qaydalar var. Şəxsən mən elə bir formul bilmirəm. 

 

- Sonda sizə təşəkkürümüzü bildiririk. Biz-klub adından uğurlar arzu edirik. Sonda nə demək istərdiniz?

 

- Sözün gündəlik zəruri tələbat malına çevrildiyi bir ölkədə sağlam yaşamaq arzulayıram hər birimizə. Cümləmizə uğurlar!




Ctrl
Enter
ohv tapdınız?
Ctrl+Enter sıxıb bizə bildirin
Müzakirə (0)