Edebiyyat.az » Söhbət » Xanım Anela - ...Azərbaycan xanımı üçün bu o qədər də asan deyil...

Xanım Anela - ...Azərbaycan xanımı üçün bu o qədər də asan deyil...

Xanım Anela - ...Azərbaycan xanımı üçün bu o qədər də asan deyil...
Söhbət
admin
Müəllif:
20:50, 12 avqust 2020
2 104
0
Xanım Anela - ...Azərbaycan xanımı üçün bu o qədər də asan deyil...






- Xoş gördük, Xanım Anela. Anelanın mənası nədir?

- Hər vaxtınız xeyir. Doğrusu, bu sualın birinci olacağını təxmin etmişdim. Əslində təxəllüsümlə bağlı sualdan həmişə qaçmışam. Amma bu gün bir az aydınlıq gətirəcəm, az da olsa. Mən “işıqlı” insanların varlığına inanıram, yaşım artıq nağıllara inanan uşaq yaşını ötsə də... “İşıqlı” deyəndə yer mələklərini nəzərdə tuturam. Bu mövzuya hekayələrimdə tez-tez toxunuram. Bu barədə “Yer mələyi” adlı essem də var. İkinci kitabımın adı da bildiyiniz kimi “Anela”dır. Uşaqlığımdan bəri inandığım və məni ən çox narahat edən sual və ya mövzu niyə də təxəllüsüm olmasın?! “Anela” – bu, nə istədiyini bilən, bəlli amalları olan, işıqlı bir “Mələk”dir.

- Kitablarında oxucuya demək istədiyini deyə bilmisən?

- Belə qəbul edək, sadəcə bir qismini oxucularıma çatdırmışam. Deyib bitirmiş olsam, çox güman daha yazmazdım, yaza bilməzdim. Yaradıcılığımda mənim üçün cəlbedici olan, əlimi-qolumu sallayıb rahat işləyə biləcəyim, çətinlik çəkmədən motivlərini düşünə bildiyim janr daha çox elmi-fantastikaya uyğundur. Niyə həm də elmi? Çünki istəyirəm ki, oxucum əsərlərimlə tanış olanda maraqlı süjetlə yanaşı nəsə yeni bir şey də öyrənsin. Məsələn, ilk romanımı – “Amarna günahkarları”nı yazanda süni mayalanma və klonlaşdırma mövzularını bir neçə ay araşdırmışdım. Kitabda bu mövzuların fərqini oxucular üçün izah etmişəm.

- Azərbaycanda qadın yazıçı olmaq nə qədər çətindir?

- Çox çətindir. Səbəbi də çoxdur. Bununla bağlı uzun-uzadı danışardım, hətta bəlkə bir gün bu mövzuya aid nəsə yazaram. Bəlkə başqa yazıçı xanımlar mənim kimi düşünmür, bunu bilmirəm, amma səbəblərdən ən üzdə olanını deyim sizə. Yazıçısansa, kitabla bağlı bir çox tədbirlərdə iştirak etməlisən. Azərbaycan xanımı üçün bu o qədər də asan deyil, hələ ailəli və anasansa heç asan deyil.

- Şərab içmək, kitab oxumaq, yoxsa, yazı yazmaq?

- Yazmaq. Kitab oxumaq onsuz da işimdir, çünki mən nəşriyyat işçisiyəm. Yazmaqsa məni sakitləşdirən, bütün mənfi enerjidən azad edən yeganə məşğuliyyətdir.

- Ən qısa hekayəndə hansı mesajı ötürmək istəmisən?

“Məsafə... Önəmli olan onun yaşamasıdır, onun xoşbəxt olmasıdır, səndən uzaq olsa belə...” Nə olursa olsun, əsla həyatdan, yaşamaqdan vaz keçməmək. 

-Yaradıcılığını genişləndirməyi düşünürsənmi?

Əlbəttə. Nə qədər ki, nəfəs alıram yazmağa davam edəcəm, Tanrının izni ilə. Və bir gün yazdığım romana, möhtəşəm bir film çəkiləcək, buna əminəm.

-Azərbaycan ədəbiyyatı dünya ədəbiyyatı ilə ayaqlaşa bilirmi?

Bildiyiniz kimi “Mücrü” nəşriyyatında tərcüməçi-redaktoram. Hər həftə onlarla yerli ədəbiyyat nümunəsi ilə tanış olmaq imkanım var. Bizim yaxşı, sözün həqiqi mənasında tutarlı imzalarımız var. Tərcümələr etdiyimə görə müqayisələr aparmaq mən üçün asandır. Mən bügünkü Azərbaycan ədəbiyyatının dünya ədəbiyyatından geri qaldığını düşünmürəm.

-Yazmağa həvəsi nədən alırsan?

Həyat, yaşamaq, keçirdiyim xoş anlar məni həvəsləndirməyə yetir. Paradoksal bir vəziyyəti də deyim sizə: ovqatım yerində olmayanda, üzümdə təbəssüm azalanda hiss edirəm ki, yazmağın havası gəlib.

-Təşəkkür edirik. Yaradıcılığında uğurlar arzulayırıq.

Buyurun, zəhmət çəkdiyiniz üçün mən də sizə  təşəkkür edirəm.

Ctrl
Enter
ohv tapdınız?
Ctrl+Enter sıxıb bizə bildirin
Müzakirə (0)