Edebiyyat.az » Söhbət » "Bildiyim bir şey var ki, ağlımı tamamilə itirməsəm.." - Cəlil Cavanşirlə müsahibə

"Bildiyim bir şey var ki, ağlımı tamamilə itirməsəm.." - Cəlil Cavanşirlə müsahibə

"Bildiyim bir şey var ki, ağlımı tamamilə itirməsəm.." - Cəlil Cavanşirlə müsahibə
Söhbət
Necef Esgerzade
Müəllif:
20:09, 10 fevral 2020
2 168
0

–    Şair, şeirin daha üstün çalarlara, daha təsiredici keyfiyyətlərə malik olduğu cəmiyyətlərdə – bu cəmiyyətləri konkret olaraq "şair təfəkkürlü cəmiyyətlər" anladırsaq, belə cəmiyyətlərdə şeir elmə meylliliyə, inkişafa mane olan ünsür ola bilərmi?
 

–    Şeir heç nəyə mane olmur. Əksinə yüz illər öncə elmin, irfanın, siyasətin də yolu şeirdən keçirdi. Böyük alimlərin, təbiblərin, filosofların, kaşiflərin, səyyahların, din xadimlərinin, hökmdarların əksəriyyəti həm də şair olub. Şeir onlara mane olmurdusa, müasir insana da mane ola bilməz. Amma şeirə çox aludə olmaq, kütləvi şəkildə şeirə meyl salmaq cəmiyyətin rasionallığını sual altında qoyur. Baxın, bizim cəmiyyətdə hər on nəfərdə üçü ya şeir yazır, ya da nə vaxtsa şeir yazıb. Amma təhsilin, elmin səviyyəsi çox aşağıdır. Amma bunu şeirin boynuna yıxmaq olmaz. Bu artıq başqa problemdir. Zəhmət olmasa sosioloqlar, siyasətçilər, elm adamları bu problemin kökünü araşdırıb tapsın, ciddi konseptsiyalar hazırlasın. Mən 22 ildir şeir yazıram. Amma şeir mənim kvant fizikasını, insan psixalogiyasını araşdırmağıma, xarici dil öyrənməyimə mane olmur. Yəni, şeirlə baş qatmaq üçün yox, şeiri sənətin ən möhtəşəm növlərindən biri kimi gündəmdə saxlamaq üçün sevmək lazımdır. Son vaxtlar sosial şəbəkələr mənasız-məzmunsuz nəzmlərin yayılmasına şərait yaradıb. Ciddi sənət nümunələri diqqətdən kənarda qalıb. Səsinin xırıltılı olduğunu hiss edən cavan oğlanlar, pafosuna güvənən gənc qızlar qiraətçiliyə girişib. Bəzən çox səviyyəsiz bir söz yığınını elə pafosla təqdim edirlər ki, diksinirəm. Bu yanaşmalar şeirə baş ucalığı gətirmir. Bütün bunlara baxmayaraq min illərin sınağından keçən şeir qalibdir.

–    Azərbaycan xalqını "şair təfəkkürlü xalq" adlandırmaq olar? 

–    Olmaz. Şair təfəkkürlü xalq bu qədər cəhalət girdabında boğulmalı deyil. Xalqımız ritm, diringi, ahəng təfəkkürlü xalqdır.  

–    Ədəbiyyatımızda sərbəst şeir üslubu xalqın gözündə yüksək nüfuza malik, qafiyəyə hesablanmış klassik şeirlərimizin yanında özünə yer edə bilib? 

  –    Bundan tam əmin deyiləm. Yuxarıda qeyd etdiyim kimi xalq ritmi, ahəngi sevir. Bu xalqın şairi onu məmnun etmək üçün qoşma, gəraylı, heca şeiri yazmalıdır. Sərbəst şeir bizim ədəbiyyatımız üçün yenidir. Sərbəst şeiri sevdirmək üçün, onun imkanlarından geniş istifadə etmək, onun heca şeiri ilə, əruzla sintezini yaratmaq lazımdır. Müstəqil halda sərbəst şeir xalq tərəfindən çox da sevilmir. Burada bir incə məqam var: şeir xalq sevgisi qazanmaq üçün yazılmalıdırmı? Şəxsən mən şeirlərimdə bu məqamı düşünmürəm. Ruhumdan yük atıram. Daxili rahatlıq tapmaq üçün yazıram. Və yazarkən hansı vəzndə yazacağımı planlaşdırmıram. Kütləviləşmək isə məni qorxudur, narahat edir. Düşünürəm ki, şair də nasir kimi ekperimentlər aparmalı, yeni forma, fərqli məzmun axtarışında olmalıdır. Məmnun etmək üçün şeir yazmaq, fiaskodur.

–    Bəzi ədəbiyyatçılar şeiri nəsrə bir növ hazırlıq kimi qələmə verirlər, siz bu haqda necə düşünürsünüz? 

–    Müasir ədəbiyyatda janrlar arasındakı sərhəd getdikcə itir. Ona görə də hansısa janrın, digərinə hazırlıq mərhələsi olduğunu düşünmək yanlışdır. Mənim üçün şeir daha doğmadır. Daha çox nəsr kitablarım çap olunsa da, mən şair kimi tanınmışam. Hərdən mənə elə gəlir ki, romanlarımı da şeirlərimi reklam etmək üçün yazmışam. Şairlik çox çox yüksək məqamdır.  

–    Müasir ədəbiyyatımız haqqında nə deyə bilərsiniz, Azərbaycan ədəbiyyatında postmodern nümunələr hansı səviyyədədir?

–    Müasir ədəbiyyatımız haqqında pozitiv düşünürəm. Hesab edirəm ki, Azərbaycan ədəbiyyatı son yüz ildə xeyli inkişaf edib, dünya ədəbiyyatı ilə ayaqlaşa bilir. Geri qaldığımız çox məqamlar var. Bu ədəbiyyatşünaslıq elminin, ədəbi tənqidin təhlil etməli nüanslardır. Mən ümumi mənzərədən narahat deyiləm. Proses pozitivdir. Həm yazılan əsərlər, həm müasir qələm adamları bunu deməyə əsas verir. Ədəbiyyatımız maraqlı dövrünü yaşayır. Problem kitab bazarında, nəşriyyat sənayesində, qonarar siyasətindədir. Əgər ədəbiyyatımıza ciddi qayğı göstərilsə, tezliklə ən önəmli mükafatları bu ölkəyə gətirmək mümkündür. Ümumi mənada isə xalqın, cəmiyyətin səviyyəsi necədirsə, ədəbiyyatımız da o səviyyədədir.

–    Nəsrimiz nəzmimizdən niyə görə bir addım arxada qalmış kimi görünür, səbəb nəsrimizin güclü olmamasında yoxsa təbliğatın az olmasındadır?

–    Mənim müşahidələrim tamamilə əksini deyir. Düşünürəm ki, müasir Azərbaycan nəsri, Azərbaycan poeziyasından öndədir. Həm kəmiyyət, həm də keyfiyyə baxımından nəsr daha çox gündəmdədir.

–    Yaradıcılıq iradə hadisəsidir, yoxsa insanın öz pessimist ruhundan qaçmaq istəyi?

–    Yaradıcılıq haqqında dəqiq tərif vermək asan deyil. Sadəcə onu deyə bilərəm ki, yazmaq, yaradıcı insan olmaq, ədəbiyyat yaratmaq izaholunmaz prosesdir. “Niyə yazıram?” sualını özümə çox vermişəm. Bu sualın cavabını tapmağa yaxınlaşdığımı düşünəndə, tapıntımı yazmaq istəmişəm. Təsəvvür edin ki, yazmaqdan imtina edəndə belə, beynim məni yazmağa təhrik edib. Bu suala məntiqli cavabım yoxdur. Bildiyim bir şey var ki, ağlımı tamamilə itirməsəm, yazmaqdan vaz keçə bilmərəm.

–    Şair, arxamızca baxan varsa ən yaxşısı getməməkdir?

–    İstənilən halda getmək, tərk etmək ən yaxşısı deyil. Qalmaq, savaşmaq, qazanmaq lazımdır. Hələ arxamızca baxan varsa, getmək ən yanlış seçimdir…

Söhbətləşdi: Rauf Qədim









Ctrl
Enter
ohv tapdınız?
Ctrl+Enter sıxıb bizə bildirin
Müzakirə (0)