Edebiyyat.az » Təqdimat » Namiq Hüseynli - Anna Axmatovanın bir şeirinin maqiyası

Namiq Hüseynli - Anna Axmatovanın bir şeirinin maqiyası

Namiq Hüseynli - Anna Axmatovanın bir şeirinin maqiyası
Təqdimat
admin
Müəllif:
17:22, 23 avqust 2020
1 576
0
Namiq Hüseynli - Anna Axmatovanın bir şeirinin maqiyası

 


 

 Anna Axmatovanın şeirləri adətən sadəliyi, həzinliyi, əks olunan hisslərinin səmimiliyi ilə diqqəti çəkir. Uşaqca, safca hisslərdən yazır. Bir tərəfdən də şeirlərindəki qadın nisgili, qadın küskünlüyü, qadın qürürü, qadın həsrəti alovlu-alovlu yanaraq özünü insana göstərir. Onun sevgi lirikası janrında yazdığı “Elə sanırdın ki, mən də o cürəm”(“А ты думал — я тоже такая”) 1921-ci ildə dünyaya gəlib. Bu şeir Axmatovanın həyatının ən böyük eşqi, əksər şeirlərini həsr etdiyi Nikolay Qumilyevə həsr olunub. Onun Qumilyevə qarşı incikliyi uzun müddət toplaşıb və axırda onun tənhalıq məqamlarından birində axaraq kağıza tökülüb.

 Şeirin sırf Anna ilə Nikolayın aralarındakı problemlərə həsr olunduğunu sübut edən nəsə bioqrafik məlumat yoxdur, amma bu iddianın yanından da eləcə keçə bilmərik. Məsələ ordadır ki, şeir Nikolay Qumilyevin arzusu ilə Anna Axmatovadan boşanmasından bir üç il sonra yazılıb. Anna Axmatova tanışlığının ilk illərində heç Qumilyevi elə də möhkəm sevmirdi, heç evlilikdən sonra da münasibətləri həmişə sevgi və harmoniya ilə dolu olmayıb. Daim ya Afrikaya, Avropada səyahətlərdə vaxt keçirən, ya cəbhədə vuruşan Qumilyev bohemiya həyatına düşkün idi, 35 illik qısa həyatında çoxlu eşq macəraları da yaşamağa vaxt tapmışdı. Anna Axmatova isə ərinə hər zaman sadiq olub, di gəl ki, onu möhkəm-möhkəm də qısqanırmış. Kim olsa qısqanmaz, ucaboy, ağıllı, yaraşıqlı, şair təbitətli, zarafatcıl hələ bir qadınların da sevimlisi. Di gəl ki, nə Axmatova, nə də Qumilyev taleyin onlara nə hazırladığını bilmirdi. Bilmirdilər ki, Axmatova nə vaxtsa boşanacağı və az sonra da öldürülmək xəbərini eşidəcəyi ərini bütün ömür boyu unuda bilməyəcək, əbədi bir eşq əhvalatı Axmatovanın şeirlərində beləcə davam edib gedəcək. Və təbii ki, heç Qumilyev də bilmirdi ki, nə vaxtsa onun sıradan bir evlilik kimi yaşadığı, sönüb gedən eşq və ehtirası onun gənc yaşda ölümü ilə dillər əzbəri olacaq, rus sevgi nəzminin bir dövrünü bəzəyəcək.

Beləliklə, haqqında bəhs etdiyim şeirin məhz Axmatov tərəfindən Qumilyevə danlaq kimi yazıldığını deyə bilərəm. Amma bu danlağın nə qədər, zərif, nə qədər incə, gözəl, poetik olmasına vurulmamaq mümkün deyil.

Qumilyevlə Axmatova 1907-ci ildə tanışmış hər ikisinin “Sirius” nəşriyyatında kitabları çap olunmuş və üç illik götür-qoydan sonra onlar evlənməyə qərar vermişdilər. Evlənəndə artıq Anna Axmatova məşhur şairə idi. Nikolay isə xanımını şairə yox, evdar qadın kimi görürdü, ondan şairlik istedadını ailə yolunda qurban verməyi tələb edirdi. Lakin, dikbaş qadın olan Anna, həyatının bir hissəini ailədə, bir hissəsini isə şeiriyyatda yaşayırdı. Onlar arasında evliliyin ilk dönəmində yaranmış bu didişmə düz səkkiz ildən sonra cütlüyün ayrılması ilə bitib. Qumilyev həm də acığa düşərək öz aristokrat, şair ruhuna yaraşmayan şəkildə Annanı körpə uşaq qucağında qoyaraq tərk edib.

Şeirin bütün ruhu “Elə sanırdın ki, mən də o cürəm” cümləsində gizlənib. Bu cümlə ilə Anna Axmatova keçmiş ərinə bir növ qışqırır ki, mən sənin gözlədiyin kimi biri deyiləm. Qumilyev Annanın onun getməməsi üçün ayaqlarına düşəcəyini gözləyirmiş, ancaq Anna heç vaxt bu addımı atmadı! Hər iki şairin bioqraflarının araşdırmalarına görə cütlüyün ayrılmasının əsas səbəbi Qumilyevin  ənənəvi təfəkkürlü olması, ailə baxışlarına görə arvadını şairə kimi görmək istəməməsi və onun üzərində tam kişi hökmranlığı qurmaq istəməsi idi, Anna isə bərabərhüquqluluq və yaradıcılıq azadlığına görə bu evliliyi bitirmək istəyirdi. Bu səbəbdən onların münasibətində çatlar əmələ gəlmiş və sonra Nikolayın arvadına xəyanəti ilə nəticələnmişdi. 

Axmatova ərinin təkcə eqoist yox, həm də xəyanətkar olduğunu yəqinləşdirdiyi üçün, şeirdə deyirdi ki, bu halda niyə peşman olum, niyə qarşında diz çöküm, niyə səni geriyə qaytarmaq üçün cadugarlara baş vurum.

 

Или стану просить у знахарок

В наговорной воде корешок

(Ya da cadugarlardan

Oxunmuş bitki kökü istəyəcəm)

 

Rus ədəbiyyatının bu iki böyük şairinin ailə olaraq birgə yaşayışının onlar üçün ülgücə çevrildi və münasibətlərini doğrayıb zərər vurdu. Elə bu ayrılıqdan doğan bütün ağrı şeirin son misrasında ortaya çıxır, şeirin sonunda Axmatova Qumilyevi hərəkətlərinə görə lənətləyir:

 

Будь же проклят.

(Lənətə gələsən)

 

Anna bütün müqəddəslərə and içir, həyatda təmiz qalmış bütün övliyalara and içir ki, heç zaman əri ilə barışıb ona geri dönməyəcək. Müəllif möcüzəvi ikonların, mələklər bağının, gecəni işıqlandıran nurun alovu qarşısında söz verir ki, heç bir geridönmə mümkün deyil. Artıq üzr istəmək, bağışlanmağa çalışmağın heç bir önəmi yoxdur, Anna ürəyində balta ilə ikiyə kəsilmiş kimi sevgisini kəsib atmağa qərar verib!

 

Я к тебе никогда не вернусь.

(Mən sənə heç zaman qayıtmayacağam)

 

Əlbəttə ki, ayrılıq haqda belə sərt yazmağı ancaq sevən və sevgisinin tapdalanıb şərəfinin alçaldığına əmin olan birisi yaza bilər. Anna Axmatova şeirin sonunda bütün enerjisini, bütün təkrarolunmazlığını, kəskin qərarını ortaya qoyur. O nümunə göstərir ki, ancaq ölümcül incikliyi olanlar belə vidalaşır.

Bu şeir həm də ona görə dəhşət yaradır ki, Qumliyevin hökümət tərəfindən həbs olunub güllələnməsindən tam bir ay əvvəl yazılıb. Əlbəttə, Anna Axmatovanın bu güllələnməylə hər hansı bir əlaqəsi yox idi, hətta o keçmiş ərinin edamını böyük ağrı ilə qarşılamışdı, ancaq həqiqəti dəyişmək mümkün deyil, bu şeir Qumilyev üçün bir lənət oldu və onun sonunu gətirdi.

 

Şeir

 

А ты думал — я тоже такая,

Что можно забыть меня,

И что брошусь, моля и рыдая,

Под копыта гнедого коня.

 

Или стану просить у знахарок

В наговорной воде корешок

И пришлю тебе странный подарок —

Мой заветный душистый платок.

 

Будь же проклят. Ни стоном, ни взглядом

Окаянной души не коснусь,

Но клянусь тебе ангельским садом,

Чудотворной иконой клянусь,

И ночей наших пламенным чадом —

Я к тебе никогда не вернусь.

 

 

 


Ctrl
Enter
ohv tapdınız?
Ctrl+Enter sıxıb bizə bildirin
Müzakirə (0)