Edebiyyat.az » Təqdimat » VAQiF OSMANOV - "ƏN ÇOX ÖZÜ ÖZÜNƏ SUALLAR VERƏN" MİRİ RƏSULZADƏ

VAQiF OSMANOV - "ƏN ÇOX ÖZÜ ÖZÜNƏ SUALLAR VERƏN" MİRİ RƏSULZADƏ

VAQiF OSMANOV - "ƏN ÇOX ÖZÜ ÖZÜNƏ SUALLAR VERƏN" MİRİ RƏSULZADƏ
Təqdimat
admin
Müəllif:
12:02, 01 may 2021
1 425
0
VAQiF OSMANOV - "ƏN ÇOX ÖZÜ ÖZÜNƏ SUALLAR VERƏN" MİRİ RƏSULZADƏ

 

Kitab müəllifin daha dolğun pasportudur. Kitab həm də yazarın dünyagörüşünü, düşüncələrini əks etdirən sənəddir. Miri Rəsulzadə də özünü adı "QəbirStandUp", ancaq amacı həyat eşqi, yaşamaq, yaratmaq olan, bəşəri və milli duyğuların vəhdətindən yoğrulmuş fikirlərlə dolu kitabı ilə təqdim edir. Sadə həyat həqiqətlərindən başlayıb bəşəri xilas etmək missiyasına yol gələn publisistik yazıların, hekayələrin, deyimlərin, esselərin içindən bir suala cavab axtardım: Miri Rəsulzadə kimdir?

Özünün dediyinə görə: "bir az komfortlu yaşamaq üçün "gözüni "qreen kart"a dikməyən, Avropaya köçməyi özünə hədəf qoymayan, klassik yaşayışa və anti-modernizmə ev sahibliyi edən həvəskar araşdırmaçı". Bir sözə, köhnə kişi.

Artur Şopenhauerin qənaətinə görə həyat gənclərin gözündə sonsuz gələcək, qocaların gözündə qısa keçmişdir. Miri gəncdir, sonsuz gələcəyə doğru yoldadır. Tanrı ona könlündəkiləri kitaba köçürmək xoşbəxtliyi nəsib edib. Miri gənc "qocaman"dır, "neo-təsəvvüf"lərinin qayəsi "İlahi, bizdən muğayat ol"dur, "Allaha kömək edək"dir. O, yazdıqlarının məsuliyyətini anlayır, sözün "kələfinin ucu"nu itirmir. Düzdür, "ürəyində söz saxlayan adam deyil", ancaq sözün cilovunu da əlində möhkəm saxlamağı bacarır. Yazır ki:

"Bu StandUp-da məqsədim kiməsə ağıl vermək, kiməsə özümü ağıllı göstərmək deyil, sadəcə oxuduqlarımı, eşitdiklərimi və gördüklərimi (Manaf Süleymanovsayağı) sizinlə paylaşmaqdır".

Miri xəbərdalıq edir: "dünya final səhnəsinə yaxınlaşır". Ona görə də Mirinin yazdıqlarına öz ampluamdan yanaşıb düşündüklərimi sizə çatdırmaq istədim. Nə bilmək olar? Birdən ömür vəfa etməz. Bu gündən sabaha ümid yoxdu. Bir tərəfdən də koronavius adlı cəllad bizi gözüqıpıq edib. Qapımızın kandarında marıqdadır...

Miri Rəsulzadə yarı zarafat, yarı ciddi özünü təqdim edir: "qeyri-adi yaşayışı, cəsarətli, fərqli reaksiyaları, sərt münasibəti, satılmamış qələmiylə atdığı hər addımda hələ ki, səs gətirməyib. Çox da pis yazmır". Səsi də çıxacaq, Miri. Qəlbin diqtə etdiklərini yaz. Qiyməti söz aşiqləri verəcək...

A tövbə, mən günahsız deyiləm. Belə iddada bulunmaq üçün eqo lazımdır. O da məndə yoxdur deyir dostlarım. Mən dostlarıma inananam. Miri kitabının üz qabığının axırıncı səhifəsində bir şərt qoyur: "ilk şərhi aranızda günahsız olan yazsın". Görəsən, ilk şərhi mənmi yazdım? Elədirsə, müəllifin şərti pozuldumu? Bəlkə də mən günahsızam. Yox, heç inanmıram.

Miri Rəsulzadə "Qərbə inteqrasiya" sektorunu yerlə - yeksan edən kitab yazıb, özü isə "Qərbə inteqrasiya" olunan müsəlmandır, istəyir ki, bizim də öz BMT-miz, NATO-muz, Hollivudumuz olsun.

Onun "QəbirStandUp"u hamınındır, ona görə də "spontan", "klişe", "meşşan", "industriya", "kodeks" kimi "ağır" terminlərdən istifafdə etmir ki, yazdıqlarını biz - "Tarixi-Nadir"i yarsına kimi oxuyanlar da anlasınlar...

Miri öz-özünə "sarı kart" göstərə bilir, xəbərdarlıq edir: "incə iş qoy ortaya, sözlə ehtiyatlı davran". Yəni, sözlə alver eləmə, qələmini satma...

Miri bizi "qəlb rahatlığına" aparır. Miriyə görə, "insanlar vaxtında susub yerində danışmağı öyrəndiyi gün bəşərin təlatümlərindən, çərçivələrindən uzaq olacaq"...

O, özü özünə ağıllı məsləhət də verə bilir: "ürəyinin qapısını özün döy, ruhuna baş çək, gör nəyə ehtiyacı var". Təəssüf ki, çoxumuzun ürəyi belə qapı döyülməsinə həsrətdir...

Miri, biz 44 il əvvəl on gün Leninqradda (indiki Sankt-Peterburq) təcrübədə olan vaxt tələbə yoldaşlarımın əksəriyyəti mağazaları gəzəndə mən az qala məşhur Ermitajda gecələyirdim, imkan versəydilər orada rahat yatardım da. Deyəsən bu cəhətdən ruhumuz əkizdir.

Miri dünyanı, həyatı "düzgün dekorasiya" etmək iddialı yazardı. Böyük missiyadı. Çoxumuz Allahdan kömək, imdad umduğumuz zamanda o, "dünyanı qurmaqda Allaha kömək etmək" istəyindədi. Bu "xörəkdə onun da duzu olsa" rahatlıq tapardı...

Miri çağdaş olduğu qədər də klassik fikir yürüdə  bilir: 

"İrfan nədir? İrfan duadır. Bildiyimiz duadan yox ha... Biz tarix boyu duadan maddi nəticələr gözləmişik və ondan ən yaxşı halda sakitləşdirici sirop və valerian dərmanı düzəltmişik. İrfan əslində sahib olduğun ilahi əxlaqın xarakteriylə həmahəng olmaqdır".

 Tanrını 2-3 gedişlə dərk etməsi üçün insanda irfan gözü olmalıdır. Biz hələlik 2-3 gedişə mat olanlardanıq...

Miri bu günlə dünəni bir zaman içində birləşdirir. Dünənindən qopanların sabahın qaranlığında yox olacağı öncəgörməsini tarixi detallarla - Əli bəy Hüseynzadənin, Məmməd Əmin Rəsulzadənin "ürək yanğısı" ilə yazdıqları ilə əsaslandırır.

Miri, insan kamilliyə doğru bir addım atan kimi özünü yaxşı tanıyır və anlayır ki, özündən razıların  müəllimi eqodur. Sən də eqo ağacını susuz qoyub yavaş-yavaş qurutmağa çalışanlardansan. 

Mirinin "Şallı nənəm", "Gözəl qızıma", "Sənsizliyin 15 yaşı (Atama)" "Oğlumun bir yaşına" xatirə-hekayətləri barədə yazmağı bacarmadım. Duyğulandım. Xüsusilə "Gözəl qızıma" yazısı ürəyimi göynətdi. Mirinin Ata ürəyinin kövrəkliyi məni də kövrəltdi...

Miri, istedadı ilə şəxsiyyəti üst-üstə düşənlər dahilərdir. Hər birimiz dahi olmaq iddiasında deyiliksə, bütövləşməyəcəyik. Sən Günəşin, müqəddəs odun, ocağın övladısan. Yaradan bizi Günəşə tapşırıb, ürəyimizin istiliyinin, işığının mənbəyi irfan Günəşidir.

Mirinin "QəbirStadUp"unda irfan Günəşinin zərrələrini gördüm... 

29. 04. 2021.
Ctrl
Enter
ohv tapdınız?
Ctrl+Enter sıxıb bizə bildirin
Müzakirə (0)